Məhkəmə qərarları › İş №e-2-2(113)-713/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-713/2020

04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-713/2020 04.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədzadə Sevinc Bağman qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabadeh Burak Köleman Musa Zeki oğlunun və onun nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı Burak Köleman Musa Zeki oğlunun Cavabdehnə qarşı cavabdehdən ödənilməmiş 163925 manat məbləğin, ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Burak Köleman Musa Zeki oğluna qarşı iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01 saylı Partnyorluq müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehdən əsassız iddia verdiyinə görə 1000 manat, həmin əsassız iddiadan müdafiə olunmaq üçün iddiaçının çəkdiyi xərclərin əvəzində 32000 manat, cəmi 33000 manat və ödənilmiş dövlət rüsumunun əvəzində 30 manat məbləğinin alınıb iddiaçıya verilməsi barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İlkin iddia üzrə iddiaçı Burak Köleman Musa Zeki oğlu Cavabdehnə qarşı cavabdehdən ödənilməmiş 163925 manat məbləğin, ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Burak Köleman Musa Zeki oğluna qarşı iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01 saylı Partnyorluq müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehdən əsassız iddia verdiyinə görə 1000 manat, həmin əsassız iddiadan müdafiə olunmaq üçün iddiaçının çəkdiyi xərclərin əvəzində 32000 manat, cəmi 33000 manat və ödənilmiş dövlət rüsumunun əvəzində 30 manat məbləğinin alınıb iddiaçıya verilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Burak Köleman Musa Zeki oğlu ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli Partnyorluq haqqında 01 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə Burak Köleman Musa Zeki oğlu kommersiya sahəsində ölkədaxili və ölkəxarici əlaqələri, nüfuzu və sair göstəriciləri sayəsində Cavabdehnə sahibkarlıq fəaliyyətinin, maliyyə dövriyyəsinin və maliyyə imkanlarının genişlənməsini təmin etmək məqsədi ilə sonuncuya digər şəxslərlə biznes əməkdaşlığının (distryubüterlik, nümayəndəlik, alqı-satqı və sair üzrə) yaradılmasında kömək etməyi, Cavabdeh əməkdaşlıq etdiyi tərəfdaşlarla münasibətləri inkişaf etdirməyi və bu istiqamətdə tövsiyyələr verməyi, ona Azərbaycan Respublikası ərazisində satış-idarəetmə sahəsində kommersiya metodlarından və bu sahədə müvafiq yeniliklərdən istifadə etməklə dəstək vermək öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh isə həmin müqavilənin şərtlərinə əsasən Burak Köleman Musa Zeki oğlunun fəaliyyəti, vasitəçiliyi, köməyi sayəsində əldə etdiyi mənfəətin 33% hissəsini vaxtında və tam şəkildə iddiaçıya ödəməyi, müqavilə ilə nəzərdə tutulmuş şərtlərin qeyd-şərtsiz yerinə yetirilməsi və s. öhdəlikləri üzərinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə görə bu müqavilənin 1-ci bəndində göstərilın mənfəətdən Burak Köleman Musa Zeki oğlunun əldə edəcəyi qazanc (gəlir) mənfəətin 33% həcmini təşkil etməlidir. Həmin müqavilənin 2.2-ci bəndinə görə mənfəətin 33% qazanc hissəsi “ikinci tərəfin” bu müqavilənin bağlanan tarixdən bu müqavilə qüvvədə olduğu müddətdə satdığı mallara, şirkətlərə xidmət və servis işlərinə görə hesablanır. Həmin müqavilənin 2.3-cü bəndinə görə hesablaşma hər cari ayın sonu növbəti ayın 5-dək nağdsız qaydada həyata keçirilir. Həmin müqavilənin 3-cü bəndinə görə Burak Köleman Musa Zeki oğlu, Cavabdeh əməkdaşlıq etdiyi tərəfdaşlarla münasibətləri inkişaf etdirmək, bu istiqamətdə tövsiyyələr verməyi, ona Azərbaycan Respublikası ərazisində satışidarəetmə sahəsində kommersiya metodlarından və bu sahədə müvafiq yeniliklərdən istifadə etməklə dəstək vermək öhdəliyini üzərinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə görə isə bu müqavilənin şərtlərinə əsasən “ikinci tərəf” əldə etdiyi mənfəətin 33% hissəsini “birinci tərəfin” gəlirini (qazancını) vaxtında və tam şəkildə birinci tərəfə ödəməyi, bu müqavilənin qüvvədə olduğu müddətdə birinci tərəfin əldə edəcəyi 33% qazanc (gəlir) bu müqavilədə adı göstərilməyən başqa bir əmtəə nişanı adı altında malların satın alınaraq həmin mallardan əldə etdiyi mənfəətə də şamil edilir. Həmin müqavilənin 3.2.3-cü bəndi ilə Cavabdeh üzərinə bu müqavilənin 2-ci bəndində göstərilən şərtlərin qeyd şərtsiz yerinə yetirilməsi və bu hissədə şəffaflığı təmin etməyi öhdəlik olaraq götürmüşdür. Məhz həmin müqavilə üzrə Burak Köleman Musa Zeki oğlunun fəaliyyəti nəticəsində xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək cavabdeh 509468 manat məbləğində qazanc əldə etmişdir. Belə ki, xx.xx.2019-cu il tarixli Partnyorluq haqqında 01 saylı müqavilə bağlandıqdan sonra bilavasitə Burak Köleman Musa Zeki oğlunun fəaliyyəti nəticəsində Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək şirkətlərə etdiyi satışlardan, göstərdiyi xidmətlərdən 509468 manat gəlir əldə etmişdir. Qeyd olunan şirkətlərlə əlaqələrin qurulması, qurulmuş əlaqələrin inkişaf etdirilməsi, yaxşılaşdırılması, satışın artırılıması bilavasitə Burak Köleman Musa Zeki oğlunun vasitəsi ilə və zəhməti, əməyi hesabına olmuşdur. xx.xx.2019-cu il tarixli Partnyorluq haqqında 01 saylı müqavilənin şərtlərinə görə Cavabdeh əldə etdiyi mənfəətin 509468 manatın 33%-ni, yəni 168125 manat məbləği Burak Köleman Musa Zeki oğluna ödənilməli idi. Lakin Cavabdeh həmin qazancdan Burak Köleman Musa Zeki oğluna yalnız 4200 manat məbləğdə vəsait ödəmişdir. Göründüyü kimi Burak Köleman Musa Zeki oğlu tərəfindən müqavilənin şərtləri tam və layiqincə yerinə yetirildiyi halda Cavabdeh tərəfindən müqavilə ilə üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməmiş, müqavilənin şərtləri kobud şəkildə pozulmuşdur. Burak Köleman Musa Zeki oğlunun dəfələrlə etdiyi müracitələrə baxmayaraq Cavabdeh müqavilə ilə nəzərdə tutulmuş məbləğin ödənilməsindən imtna etmişdir. Eyni zamanda, məhz Burak Köleman Musa Zeki oğlunun fəaliyyətinin nəticəsi olaraq Cavabdeh bu günədək müxtəlif şirkətlərdən qazanc əldə etməkdədir. Həmçinin, qeyd olunan müştərilərlə bağlanmış müqavilələr Cavabdehndə saxlanılır və Burak Köleman Musa Zeki oğlu həmin müqavilələri məhkəməyə təqdim edə bilmir. xx.xx.2019-cu il tarixli Partnyorluq haqqında 01 saylı müqavilənin 5.1-ci bəndinə görə bu müqavilədə nəzərdə tutulmuş şərtləri tərəflərdən hər hansı biri yerinə yetirmədikdə yaxud qismən yerinə yetirdikdə bunun nəticəsində digər tərəfə dəymiş zərərin əvəzini ödəməlidir. İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabadehin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında ilkin iddia ərizəsini müdafiə edərək və qarşılıqlı iddiaya etiraz edərək, ilkin iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, qarşılıqlı iddia ərizəsində göstərilən Cavabdeh rəhbəri ilə Burak Köleman Musa Zeki oğlunun tanışlığının xx.xx.2019-cu ildən başlanması tamamilə əsassızdır. Belə ki, Burak Köleman X12 Yerlikayalarla hələ 2007-ci ildən tanış olmuş, bir şirkətdə çalışmışlar. Bu məhkəmə prosesində ifadə verən şahidlərin, üstəlik də qarşı tərəfin özünün dəvət etdiyi şahidlərin izahatları, Bulent Yerlikayaların xx.xx.2019-cu il whatsapp yazışmasında Burak Köleman Musa Zeki oğlu barəsində “hə tanıdım” sözü ilə təsdiq olunur. X5 Köleman Musa Zeki oğlunu tanıdığını inkar etməsi başa düşülən deyildir. Müqavilənin tarixinin xx.xx.2019-cu il göstərilməsi isə Cavabdeh, daha dəqiq şirkətin mühasibinin istəyi ilə olmuş, Burak Köleman Musa Zeki oğlunu isə inandırmışlar ki, sadəcə texniki səhvdir, heç bir problem olası deyildir. Cavabdeh mövqeyi ümumiyyətlə ziddiyətlidir. Belə ki, Cavabdeh özü qarşılıqlı iddia ərizəsində qeyd edir ki, “Belə ki, əvvəla Burak Köleman Musa Zeki oğlu Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə həmin müqavilə bağlanmamışdır. Bağlanması mümkün deyildi. Belə ki, Burak Köleman Musa Zeki oğlu ilə Cavabdeh təsisçisi və direktoru Bülent Yerlikayaların şəxsində yalnız xx.xx.2019-cu il tarixdə tanış olmuşdur. Həmin tanışlıqdan 1 gün əvvəl Burak Köleman Musa Zeki oğlunun xahişi ilə SV-si “PİMAK PEŞƏKAR MƏTBƏX” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyən Gülnur xanım tərəfindən Bülent Yerlikayalara təqdim edilmiş, bundan sonra X7 Köleman Musa Zeki oğlunu qəbul etmiş, onunla söhbət etdikdən sonra Bülent Yerlikayalar belə qərara gəlmişdir ki, onunla əməkdaşlıq etmək olar. Belə ki, Burak Köleman Musa Zeki oğlu Bakı şəhərində bir çox şirkətlərlə əlaqəsinin olduğunu, həmin şirkətlərlə Cavabdeh arasında vasitəçilik xidmətləri göstərə biləcəyini, nəticədə həmin şirkətlərdən sərfəli təkliflər alınmasında yardımçı ola biləcəyini bildirmişdir. Onun təklifi qəbul edilmiş və onunla əməkdaşlıq edilməyə başlanılmışdır. Razılaşmaya görə Burak Kolemen müştərilər gətirməli, Bülent Yerlikayalar da qarşlığında ona göstərdiyi vasitəşilik xidmətinin haqqını ödəməli idi. Beləliklə Partnyorluq müqaviləsi bağlanmış müqavilə bağlandıqdan sonra birinci iki ay ərzində bu hər ay 2100 manat xidmət haqqı verilmiş, bundan əlavə Bülent Yerlikayalardan müştəri gətirəcəyi adı ilə 3000 manat əlavə xidmət haqqı və 200 dollar da borc almışdır”. Burak Köleman Musa Zeki oğlunun Bülent Yerlikayaların tanışlıqlarının xx.xx.2019-cu ildən əvvələ təsadüf etdiyi şahid ifadələri ilə təsdiqini tapır və ərizədən də göründüyü kimi tərəf özü etiraf edir ki, Razılaşmaya görə Burak Köleman Musa Zeki oğlu müştərilər gətirməli Bülent Yerlikayalar da qarşılığında Burak Köleman Musa Zeki oğluna göstərdiyi vasitəşilik xidmətinin haqqını ödəməli idi. Göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı özü etiraf edir ki, Burak Köleman Musa Zeki oğlu ilə hər hansı bir müqaviləni deyil, məhz vasitəçilik xidmətləri göstərilməsi haqda, əməkdaşlıq haqqında müqavilə bağlamışdır. Amma məhkəmə prosesində dindirilmiş şirkətin mühasibi bildirmişdir ki, guya şirkətlə Burak Köleman Musa Zeki oğlu arasında işçi-şirkət münasibətləri olmuş, yəni Burak Köleman Musa Zeki oğlu hər hansı bir müqavilə əsasında deyil, işçi kimi işə götürülmüşdür. Lakin bunu təsdiq edən hər hansı sübut əlavə olunmamışdır. Bundan başqa tərəf ərizəsində bildirir ki, guya 1-2 aydan sonra Burak Köleman Musa Zeki oğlunu tapmaq olmamış, telefonlara cavab verməmişdir. Bunu əksini sübut edəcək cavabdehin mənafeyi naminə əməkdaşlıq etdiyi şirkətlərlə 10-larla elektron yazışmalar var ki, birbaşa Burak Köleman Musa Zeki oğluna ünvanlanmış, Burak Köleman Musa Zeki oğlunun vasitəsi ilə cavablandırılmış, Burak Köleman Musa Zeki oğlunun rəyi, hər hansı bir xidmətə görə cavabdehliyi, şirkətlərə xidmət təklifi, müqavilələr üzrə ödənişləri tələb etməsi və s. Əgər Burak Köleman Musa Zeki oğlu tərəfin dediyi kimi 1-2 ay qabaq yoxa çıxmış olsa idi, telefonlara da cavab vermirdisə o zaman Bülent Yerlikayalar xx xxxxxx 2019-cu il tarixdə Burak Köleman Musa Zeki oğluna şirkətə gələn işgüzar təklifi araşdırmasını, ona münasibət bildirməsini, cavablandırmasını həvalə etməzdi. Tərəfin guya müqavilənin saxtalaşdırılması, müqavilənin 1-və 2-ci səhifələrində möhürün rənginin fərqli olmasının isə Burak Köleman Musa Zeki oğlunun fəaliyyətinə heç bir aidiyyəti yoxdur. 2019-cu ilin noyabr-dekabr aylarında Cavabdeh əməkdaşlıq etdiyi bir çox şirkətlərdən Cavabdeh ilə həmin şirkətlər arasında bağlanmış müqavilələrin yarımçıq, səhv bağlandığı, müqavilələrdə Cavabdeh direktorunun imzası, bəzilərində möhürü olmadığı və bu səbəbdən də qəti olaraq Cavabdehnə görülmüş xidmətlərin müqabilində haqq ödənilməyəcəyi bildirilmişdir. Cavabdeh Burak Köleman Musa Zeki oğlunun haqqını ödəməmiş, mühasibdən şirkətlərdən gələn gəlirləri göstərməsini bildirdikdə isə bundan imtina etmişdir. Burak Köleman Musa Zeki oğlu gələcəkdə onun Cavabdeh arasında bağlanmış müqavilədə də hər hansı bir problemin yarana biləcəyindən ehtiyat edərək Bülent Yerlikayalardan aralarında bağlanmış müqavilənin hər səhifəsinə möhür vurub imza etməsini xahiş etmişdir. Bülent Yerlikayalar müqaviləyə möhür vursa da, imza etməmişdir. Burak Köleman Musa Zeki oğlu buna görə aralarında mübahisə yaranmasını istəməmişdir. Çünki onsuz da Burak Köleman Musa Zeki oğlunun qazancını verməkdən hər dəfə bir bəhanə gətirməklə yayınmışlar, əlavə israr edib vəziyyəti gərginləşdirmək istəməmişdir. Müqaviləyə möhür Bülent Yerlikayaların özü tərəfindən vurulmuşdur. Belə olduqda müqavilənin etibarsız hesab olunması tələbi tamamilə əsassızdır. Hesab edir ki, Cavabdeh ilə Burak Köleman Musa Zeki oğlu arasında bağlanmış müqavlə qanunverciliyin bütün tələbləri gözlənilməklə bağlanmış, müqavilə səhifələrində şirkətin möhürünün fərqli rəngdə olması isə müqavilənin etibarsızğılına səbəb ola bilməz. Müqavilənin saxta olubolmadığını sübut etmək isə onu iddia edən tərəfin hazırkı halda Cavabdeh vəzifəsidir. Qarşılıqlı iddia ərizəsində göstərilən guya AZƏRBAYCAN SUPERMARKET MMC (BRAVO MARKET) ilə Burak Köleman Musa Zeki oğlunun müqavilə bağladığı dəlilinə münasibətdə bildirir ki, Burak Köleman Musa Zeki oğlu həmin MMC ilə Burak Köleman Musa Zeki oğlu sayəsində müqavilə bağlanmışdır deyə bir iddia irəli sürməmişdir, lakin Burak Köleman Musa Zeki oğlu ilə əməkdaşlığa başladıqdan sonra AZƏRBAYCAN SUPERMARKET MMC (BRAVO MARKET) birbaşa Burak Köleman Musa Zeki oğlu ilə əlaqə saxlamış, işlərin inkişaf etdirilməsi, əlaqələrin davam etdirilməsi Burak Köleman Musa Zeki oğlunun zəhməti ilə olmuşdur ki, bu da Partnyorluq müqaviləsinin şərtindən irəli gəlmişdir. Qarşılıqlı iddia ərizəsində göstərilənlərlə məhkəmə iclasına Cavabdeh tərəfindən dəvət edilən şahidlərin ifadələri bir-birini təkzib etməklə ziddiyyətlidir və heç bir mötəbər sübuta əsaslanmır. Belə ki, qeyd etdiyi kimi qarşılıqlı iddia ərizəsində Burak Köleman Musa Zeki oğlu şirkətə vasitəçilik xidməti göstərməsi, digər şirkətləri əməkdaşlığa cəlb etməsi, yəni fəaliyyətinin əsasını vasitəçilik, yeni şirkətlər cəlb etmək, mövcud şirkətlərlə əlaqələri inkişaf etdirmək və s. olduğu bildirilsə də, nədənsə şirkətin aparıcı işçilərindən olan şirkətin mühasibi, servis xidmətinin rəhbəri Burak Köleman Musa Zeki oğlunu işçi kimi işə götürüldüyünü bildirmişdirlər. Eyni zamanda Bakı şəhəri, Nizami rayonu 23-cü polis bölməsində Bülent Yerlikayaların Baş X1 idarəsinə göndərilmiş məktubu əsasında aparılan təhqiqatın, eləcə də Burak Köleman Musa Zeki oğlunun Bülent Yerlikayalara qarşı şikayətinin nəticəsi olaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında Bülent Yerlikayaların özünün izahatı var, həmin qərarda göstərilən Bülent Yerlikayaların Baş X1 idarəsinə göndərilmiş məktubunda Bülent Yerlikayalar bildirmişdir ki, 2019-cu ilin avqust ayında sahibkarlıq fəaliyyətinin məhsuldarlığını inkişaf etdirmək üçün müqavilə əsasında nümayəndəlik və vasitəşilik əsasında Burak Kolemeni işlə təmin etmişdir. Göründüyü kimi Burak Köleman Musa Zeki oğlu həqiqətən də uCavabdeh” MMC ilə Partnyorluq haqda müqavilə bağlayaraq ona şirkətlərin cəlb olunması, vasitəçilik, nümayəndəlik, xidmətin satışı və s. fəlaiyyətinin yaradılmasında və artıq Burak Köleman Musa Zeki oğluna qədər mövcud olan şirkətlərlə əlaqələrin inkişaf etdirilməsində xidmət göstərmişdir. Hal-hazırda həmin müqavilə qüvvədədir. Bu müqavilə üzrə isə Burak Köleman Musa Zeki oğluna cəmi 4200 manat pul ödənilmişdir ki, bunu tərəf özü də etiraf edir. Eyni zamanda, Cavabdeh MMC ilə cəlb etdiyi və əməkdaşlığını inkişaf etdirdiyi şirkətlərin müqaviləsi cavabdehdə olduğu üçün Burak Köleman Musa Zeki oğlu həmin müqavilələri təqdim edə bilmir. Cavabdeh MMC-yə bu məqsədlə sorğu göndərilsə də, cavab verilməmişdir. Bu səbəbdən də yalnız vasitəçiliyi və zəhməti hesabına cəlb edilmiş, 032/19 saylı, xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilə əsasında Dad House şirkəti tərəfindən ödənilən 92632,35 manata dair ödəniş qəbzinin surətini təqdim edir və bildirir ki, aralarında bağlanmış Partnyorluq haqqında müqavilənin şərtlərinə uyğun olaraq həmin məbləğin 33 faizi Cavabdeh MMC-dən alınaraq Burak Köleman Musa Zeki oğluna ödənilməlidir. Adı çəkilən şirkətlə əlaqə qurulması, bütün danışıqlar, müqavilə şərtlərinin razılaşdırılması Burak Köleman Musa Zeki oğlu tərəfindən aparılmışdır. Cavabdeh hüquqi xidmətlərə görə ödənilmiş xidmət haqqına münasibətdə isə qeyd edir ki, həmin məbləğ inandırıcı olmamaqla onu ödəmək Burak Köleman Musa Zeki oğlunun öhdəliyi olmamalıdır. Çünki Burak Köleman Musa Zeki oğlunun iddiası əsaslıdır, Cavabdeh MMC ilə Burak Köleman Musa Zeki oğlu arasında bağlanmış müqavilə mövcuddur və Cavabdeh MMC həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Cavabdehnə borcunun ödənilməsi barədə pretenziya göndərilmişdir. Əgər həqiqətən müqavilə saxta olsaydı, Cavabdeh ən azından o zaman buna etirazını bildirərdi. Göründüyü kimi Cavabdeh ilə Burak Köleman Musa Zeki oğlu arasında etibarlı müqavilə münasibəti olmuşdur. Cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən yayınmaq üçün həmin Müqavilənin saxta olmasını bildirsə də, bu halı təsdiq edəcək heç bir sübut təqdim etməmiş, bununla bağlı yalnız müqavilədəki səhifələrdə möhürün rənginin fərqli olmasını göstərmişdir. Sonda ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabadeh ilkin iddia ərizəsini müdafiə edərək və qarşılıqlı iddiaya etiraz edərək, ilkin iddia ərizəsinə uyğun izahat verdi, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Qarşılıqlı iddia ərizəsində göstərilmişdir ki, ilk iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, guya onunla Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə 01 saylı Partnyorluq müqaviləsi bağlanmışdır, həmin müqaviləyə görə o, kommersiya sahəsində ölkədaxili və ölkəxarici əlaqələri, nüfuzu və sair göstəriciləri sayəsində Cavabdeh MMC-nin sahibkarlıq fəaliyyətinin maliyyə dövriyyəsinin və maliyyə imkanlarının genişlənməsini təmin etmək məqsədilə sonuncuya digər şəxslərlə biznes əməkdaşlığının (distribyuterlik, nümayəndəlik, alqı-satqı və sair üzrə) yaradılmasında xidmət etməyi, Cavabdeh MMC-nin əməkdaşlıq etdiyi tərəfdaşlarla münasibətləri inkişaf etdlirməyi və bu istiqamətdə töfsiyyələr verməyi, ona Azərbaycan Respublikası ərazisində satış-idarəetmə sahəsində kommersiya metodlarından və bu sahədə müvafiq yeniliklərdən istifadə etməklə dəstək vermək öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh MMC isə həmin müqavilənin şərtlərinə əsasən onun fəaliyyəti, vasitəçiliyi, köməyi sayəsində əldə etdiyi mənfəətin 33 %-ni vaxtında və tam şəkildə ona ödəməyi, müqavilə ilə nəzərdə tutulmuş şərtlərin qeydşərtsiz yerinə yetirilməsi və sair öhdəlikləri üzərinə götürmüşdür, həmin müqavilə üzrə onun fəaliyyəti nəticəsində xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək Cavabdeh MMC 509468 manat məbləğində qazanc əldə etmişdir. Sözügedən müqavilə bağlandıqdan sonra bilavasitə onun fəaliyyəti nəticəsində Cavabdeh MMC xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək ilk iddia ərizəsində adları qeyd edilən şirkətlərə etdiyi satışlardan, göstərdiyi xidmətlərdən 509468 manat gəlir əldə etdiyindən həmin məbləğin 33%-i, yəni 163925 manat Cavabdeh MMC-dən alınaraq ona ödənilməlidir. Aşağıdakılar təsdiq edir ki, ilk iddia tələbi tamamilə əsassızdır. Belə ki, əvvəla Burak Köleman Musa Zeki oğlu ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə hər hansı müqavilə bağlanmamışdır, bağlanması mümkün də deyildi. Belə ki, Burak Köleman Musa Zeki oğlu Cavabdeh MMC ilə, sonuncunun təsisçisi və direktoru olan Bülent Yerlikayaların şəxsində yalnız xx.xx.2019-cu il tarixdə tanış olmuşdur. Həmin tanışlıqdan bir gün əvvəl Burak Köleman Musa Zeki oğlunun xahişi ilə onun SV-si Cavabdeh MMC-də mühasib vəzifəsində işləyən Gülnur xanım tərəfindən Bülent Yerlikayalara təqdim edilmiş, bundan sonra X7 Köleman Musa Zeki oğlunu qəbul etmiş, onunla söhbət etdikdən sonra Bülent Yerlikayalar belə qərara gəlmişdir ki, onunla əməkdaşlıq etmək olar. Belə ki, Burak Köleman Musa Zeki oğlu Bakı şəhərində bir çox şirkətlərlə əlaqəsinin olduğunu, həmin şirkətlərlə Cavabdeh MMC arasında vasitəçilik xidmətləri göstərə biləcəyini, nəticədə həmin şirkətlərdən sərfəli təkliflər alınmasında yardımçı ola biləcəyini bildirmişdir. Onun təklifi qəbul edilmiş və onunla əməkdaşlıq edilməyə başlanılmışdır. Razılaşmaya görə Burak Köleman Musa Zeki oğlu müştərilər gətirməli, Bülent Yerlikayalar da qarşılığında onun göstərdiyi vasitəçilik xidmətinin haqqını ödəməli idi. Beləliklə, Partnyorluq müqaviləsi bağlanmış, müqavilə bağlandıqdan sonra birinci iki ay ərzində Burak Köleman Musa Zeki oğluna hər ay 2100 manat xidmət haqqı verilmiş, bundan əlavə o, Bülent Yerlikayalardan müştəri gətirəcəyi adı ilə 3000 manat əlavə xidmət haqqı və 200 dollar da borc almışdır. Lakin onun heç bir müştəri gətirmədiyini və ümumiyyətlə, bununla bağlı hər hansı fəaliyyət göstərmədiyini görüb, Bülent Yerlikayalar ona daha pul verməmişdir. Bundan sonra isə Burak Köleman Musa Zeki oğlu bir müddət yoxa çıxmışdır. Bülent Yerlikayalar xx.xx.2019cu il tarixdə onun telefonuna bir neçə dəfə zəng vurmuş, lakin o cavab verməmişdir. xx.xx.2020-ci ildə isə Burak Köleman Musa Zeki oğlu Cavabdeh MMC-nin mühasibinin telefonuna zəng vurub onun vasitəsilə Bülent Yerlikayalardan 50.000 manat pul tələb etmişdir. Həmin telefon danışığı zamanı Burak Köleman Musa Zeki oğlu mühasibə demişdir ki, əgər tələb etdiyi pulu ona verməsələr, Bülent Yerlikayalardan vergi orqanına şikayət edərək Bülent Yerlikayaların vergidən yayındığını deyəcəkdir. Bundan sonra isə Bülent Yerlikayalar Baş X2 İdarəsinə teleqram vurub Burak Köleman Musa Zeki oğlunun hərəkətlərindən şikayət etmiş, həmin şikayət ərazi aidiyyəti üzrə araşdırılması üçün Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-nə göndərilmişdir. Sonradan ofisdə müqavilələrin qoyulduğu fayıldan Burak Köleman Musa Zeki oğlu ilə bağlanmış müqaviləni çıxarıb nəzər salarkən Bülent Yerlikayalara məlum olmuşdur ki, həmin müqavilənin 1-ci və 2-ci səhifələrində dəyişkilik edilmişdir. Belə ki, müqavilənin birinci və ikinci səhifələrindən görünür ki, həmin səhifələrdə Bülent Yerlikayalar imza etmədiyi halda, həmin səhifələrdə Burak Köleman Musa Zeki oğlu tərəfindən imzalar edilmişdir, həm də həmin imzalar müqavilənin son səhifəsindəki imzaların icra edilməsində istifadə edilmiş qələmdən fərqli qələmlə icra edilmişdir. Həmçinin, məlum olmuşdur ki, müqavilənin birinci və ikinci səhifələrinə vurulmuş möhür yaşıl rəngdə, son səhifəsinə vurulmuş möhür isə göy rəngdədir. Burak Köleman Musa Zeki oğlu ilə bağlanmış müqaviləni imzalayan zaman hər iki tərəf müqavilənin bütün səhifələrini eyni qələmlə imzalamış və həmin vaxt müqavilənin bütün səhifələri göy rəngdə olan möhürlə təsdiq edilmişdi. Həmin möhürün mürəkkəbi yaşıl rəngə xx xxxxxx 2019-cu il tarixdə, yəni müqavilə bağlandıqdan və təsdiq edildikdən sonra, möhürün mürəkkəbi qurtarmış olduğundan mühasib Gülnur xanımın yanında dəyişilmişdi. Yuxarıda da qeyd edildiyi kimi Cavabdeh MMC-nin ofisi bir otaqdan ibarətdir, həmin otaqda bütün işçilər birlikdə oturur. Burak Köleman Musa Zeki oğlu da həmin otaqda otururdu. Şirkətin bütün sənədləri də həmin otaqda olurdu, möhür isə Bülent Yerlikayaların stolunda olurdu. Buna görə otaqda olan hər kəs kimi Burak Köleman Musa Zeki oğlu da möhürün və sənədlərin harda saxlanıldığını yaxşı bilirdi. Bu səbəbdən hesab edirik Burak Köleman Musa Zeki oğlu işçilər otaqda olmayanda müqavilənin nüsxələrinin birinci və ikinci səhifələrini özünə sərf edən qaydada, yəni əvvəla müqavilənin bağlandığı tarixi dəyişərək həmin tarixi xx.xx.2019-cu il, müqavilənin 2.1, 2.2, 3.2.1, 3.2.2-ci bəndlərini dəyişdirərək, həmin bəndlərdə onun qazancının guya 33 % olmasını göstərmiş, bundan sonra müqavilənin həmin səhifələrini öz imzası və Cavabdeh MMC-nin möhürü ilə təsdiq etmiş, lakin bu zaman möhürün yaşıl rəngdə olmasına ya fikir verməmiş, ya da əhəmiyyət verməmişdir. Müqavilənin son səhifələrini isə orada Bülent Yerlikayaların imzasını yalnız saxtalaşdırmaqla dəyişdirə biləcəyini başa düşdüyündən, son səhifəni dəyişərsə, Bülent Yerlikayaların imzasını da saxtalaşdırmalı olacağından çəkinərək, dəyişməmişdir. Müqavilənin birinci və ikinci səhifələrinin dəyişdirilməsinin başqa izahını düşünə bilmirik. Burak Köleman Musa Zeki oğlundan başqa bunu edə biləcək başqa biri də yoxdur. İlk iddiaçı həm də iddiasını onunla əsaslandırmışdır ki, guya Cavabdeh MMC «xxxx» MMC («Bravo-market») ilə onun vasitəsilə tanış olmuşdur və müqavilə bağlamışdır. Halbuki, «xxxx» MMC ilə Cavabdeh MMC arasındakı müqavilə xx xxxxxx 2017-ci il tarixdə bağlanmışdır, xx xxxxxx 2019-cu il tarixdə isə yenilənmişdir. Göründüyü kimi ilk iddia tələbləri tamamilə əsassızdır, ona görə də təmin edilməməlidir. İlk iddiaçının məhkəməyə təqdim etdiyi və əsasında ilk iddia tələbini irəli sürdüyü guya onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01 saylı Partnyorluq müqaviləsi ilk iddiaçı tərəfindən 1-ci və 2-ci səhifələri dəyişdirilərək saxtalaşdırıldığından məhkəmə qaydasında etibarsız hesab edilməlidir. Qarşılıqlı iddia ərizəsinə qoşmada məhkəməyə təqdim edilmiş «xxxx» MMC ilə Cavabdeh MMC arasında «Hüquq xidmətlərinin göstərilməsi haqqında» 01/20 saylı xx xxxxxx 2020-ci il tarixli müqavilənin 2.1.4-cü bəndindən görünür ki, «xxxx» MMC Cavabdeh MMC-ni «iddiaçı Burak Köleman Musa Zeki oğlunun Cavabdeh MMC-yə qarşı «müqavilələrdən irəli gələn öhdəliklər üzrə münasibətlər» tələbinə dair Bakı Kommersiya Məhkəməsinin icraatında olan 2-2(013)-236/2020 saylı kommersiya işi üzrə maraqlarını müdafiə etmək üçün məsləhətlər verir və məhkəmə tərəfindən çıxarılacaq yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Cavabdeh MMC-ni vəkil ilə təmin edir. Həmin müqavilənin 4.1-ci bəndindən görünür ki, ödəniş valyutası azərbaycan manatıdır, müqavilədə göstərilən xidmətlərə görə Cavabdeh MMC 32000 manat məbləğində xidmət haqqı ödəyir və həmin məbləğin 5200 manatını ilkin olaraq avans şəklində ödəyir. Cavabdeh MMC ilə «xxxx» MMC arasında «Hüquq xidmətlərinin göstərilməsi haqqında» 01/20 saylı xx xxxxxx 2020-ci il tarixli müqavilə ilk iddiaçı hazırkı iş üzrə ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən və telefonla Cavabdeh MMC-nin mühasibinə hədə-qorxu gəldikdən sonra məhz ilk iddiaçının əsassız iddiasından və qanunsuz hərəkətlərindən müdafiə olunmaq məqsədilə bağlanmışdır. Həmin müqavilə üzrə öənilməli olan 32000 manat məbləğində xidmət haqqı da məhz bu məqsədlə ödənilməlidir. Odur ki, hesab edir ilk iddiaçının əsassız iddiasından və qanunsuz hərəkətlərindən müdafiə olunmaq üçün Cavabdeh MMC tərəfindən çəkilməli olan həmin xərc ilk iddiaçıdan tutularaq Cavabdeh MMC-yə ödənilməlidir. Qarşılıqlı iddia üzrə cavabdehə xx.xx.2020-ci il tarixli Pretenziya ilə müraciət edilərək qarşılıqlı iddia üzrə cavabdehin Bakı Kommersiya Məhkəməsinə təqdim etidyi guya onunla Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 01 saylı Partnyorluq müqaviləsinin etibarsız olduğunu etiraf etmiş, Cavabdeh MMC-yə qarşı verdiyi əsassız iddiaya görə 1000 manat, həmin əsassız iddiadan müdafiə olunmaq üçün Cavabdeh MMC-nin çəkdiyi xərclərin əvəzində 32000 manat, cəmi 33000 manat məbləğinin Cavabdeh MMC-yə ödənilməsini 3 gün müddətində təmin etməsi xahiş edilmiş, lakin Pretenziyanın qarşılıqlı iddia üzrə cavabdehə çatdırılmış olmasına baxmayaraq, qarşılıqlı iddia üzrə cavabdeh Pretenziyada göstərilmiş müddətdə qarşılıqlı iddia üzrə tələbi icra etməmişdir. İlkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında qarşılıqlı iddia ərizəsini müdafiə edərək və ilkin iddiaya etiraz edərək, qarşılıqlı iddia ərizəsinə uyğun izahat verdi və ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid Doğan Dəmirkan ifadəsində bildirdi ki, Bülent Yerlikayalar ilə bir evdə qalmışdır. Burak Köleman Musa Zeki oğlu ilə Bülent Yerlikayaların yanında işləyirdi. Burak Köleman Musa Zeki oğluna onunla işləməyi təklif etmiş, lakin Burak Köleman Musa Zeki oğlu təklifi qəbul etməmişdir. Burak Köleman Musa Zeki oğlu, ona Bülent Yerlikayalar ilə qazancın 33 faizinin ödənilməsi şərti ilə işlədiyini bildirmişdi. Məhkəmə iclasında şahid X13 ifadəsində bildirdi ki, mağazası var. Türkiyədə ortağı var idi. Bu zaman Burak bəy iş axtarırdı. Türkiyədəki ortağı Burak bəyin cv-sini göndərərək Burak bəylə görüşməyini bildirmişdir. xx xxxxxxxx 2019-cu ildə Burak bəylə görüşmüşdür. İşlərinin pis getdiyini demişdir. Burak bəy 4000 maaş istədiyini, 2000 maaş, 2000 prim olduğu halda da razılaşa biləcəyini bildirmişdir. Bülent bəyi Çinar Plazada işləyən vaxtdan tanıyır. Bülent bəylə Hard Rock adlı kafedə rastlaşmış, ona çox yaxşı bir işçi tanıdığını, onu işə götürə bilmədiyini, onun işə götürməsini bildirmişdir. Bundan sonra Burak bəyin Cv-sini Bülent bəyə göndərmişdir. Bülent bəy Burak bəylə özünün əlaqə saxlayacağını bildirmişdir. Burak bəyə 10 sentyabrda mesaj ataraq yeni işini təbrik etmişdir. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirdi ki, Burak təxmini xx xxxxxxxx 2019cu il tarixdə ofisə gəlmişdir. Burakla bağlanmış müqaviləyə şirkət tərəfindən düzəliş edilməmişdir. Şirkətin möhürü göy deyil, yaşıl rəngdə olmuşdur. Möhür əvvəl onun, sonradan Burakın sərəncamında olmuşdur. Buraka müqavilə əsasında iki dəfə, 2019-cu ilin sentyabr və oktyabr ayları üzrə ödəniş olmuşdur. Burakla əmək müqaviləsi bağlanmamışdır. Məhkəmə iclasında şahid X6 ifadəsində bildirdi ki, Cavabdehndə servis menecer işləmişdir. Burak bəy 2019-cu il sentyabrın 5-6-sı işə gəlmişdir. Bülent bəy Burak bəyi onlara rəhbər kimi təqdim etmişdir və koordinasiya rəhbəri kimi işləyirdi. Burak bəyin maaşı 2000 manat idi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Fiziki şəxsin vergi uçotu haqqında Şəhadətnamənin surətindən görünür ki, Burak Köleman Musa Zeki oğlu vergi ödəyicisi kimi uçota alınaraq ona ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilmişdir. Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Cavabdeh xx xxx 2015-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx xxxxxx 2019-cu il tarixli Partnyorluq haqqında müqavilənin surətindən görünür ki, Burak Köleman Musa Zeki oğlu kommersiya sahəsində ölkədaxili və ölkəxarici əlaqələri, nüfuzu və sair göstəriciləri sayəsində Cavabdeh sahibkarlıq fəaliyyətinin, maliyyə dövriyyəsinin və maliyyə imkanlarının genişlənməsini təmin etmək məqsədi ilə sonuncuya digər şəxslərlə biznes əməkdaşlığının (distryubüterlik, nümayəndəlik, alqı-satqı və sair üzrə) yaradılmasında kömək etməyi, Cavabdeh isə vasitəçilikdən əldə etdiyi qazanc mənfəətin 33 faiz həcmini Burak Köleman Musa Zeki oğluna verməyi öhdələrinə götürmüşlər. xx xxxx 2020-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, X3 və Burak Kölemen Musa Zeki oğlunun qarşılıqlı müraciətləri əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş e-mail yazışmalarından görünür ki, iddiaçı müxtəlif vaxtlarda müxtəlif şəxslərlə işlərin görülməsi, yerinə yetirilməsi ilə bağlı yazışmalar aparmışdır. Həmin qərardan müəyyən olunur ki, Cavabdeh ilə Burak Kölemen Musa Zeki oğlu arasında bağlanmış müqavilənin sonradan saxtakarlıq yolu ilə dəyişdirilməsi Məhkəmə Ekspertiza Mərkəzinin 5/341 saylı ekspert rəyinə əsasən təsdiqini tapmamışdır. xx xxxx 2019-cu il tarixli EBAH seriyalı 069865 saylı, xx xxxxxxx 2020-ci il tarixli EBAR seriyalı 442672 saylı və 442739 saylı elektron qaimələrin surətlərindən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdehnə hesabına müvafiq olaraq 6000 manat, 10000 manat və 5200 manat olmaqla, cəmi 21200 manat dəyərində hüquqi xidmət göstərilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, ilkin iddia üzrə iddiaçının, onun nümayəndəsi və vəkilinin, ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını, şahidlərin ifadələrini dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Burak Köleman Musa Zeki oğlu ilə Cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixli Partnyorluq haqqında müqavilə bağlanmış və müqaviləyə əsasən Burak Köleman Musa Zeki oğlu kommersiya sahəsində ölkədaxili və ölkəxarici əlaqələri, nüfuzu və sair göstəricilərini sayəsində Cavabdeh sahibkarlıq fəaliyyətinin, maliyyə dövriyyəsinin və maliyyə imkanlarının genişlənməsini təmin etmək məqsədi ilə sonuncuya digər şəxslərlə biznes əməkdaşlığının (distryubüterlik, nümayəndəlik, alqı-satqı və sair üzrə) yaradılmasında kömək etməyi, Cavabdeh isə vasitəçilikdən əldə etdiyi qazanc mənfəətin 33 faiz həcmini Burak Köleman Musa Zeki oğluna verməyi öhdələrinə götürmüşlər. Məhkəmə ilkin iddiaya münasibətdə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İlkin iddia ərizəsində Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək şirkətlərə etdiyi satışlardan, göstərdiyi xidmətlərdən 509468 manat gəlir əldə etməsi, şirkətlərlə əlaqələrin qurulması, qurulmuş əlaqələrin inkişaf etdirilməsi, yaxşılaşdırılması, satışın artırılıması bilavasitə Burak Köleman Musa Zeki oğlunun vasitəsi ilə və zəhməti, əməyi hesabına olması qeyd edilsə də, bu barədə hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd edilən halların təsdiqi kimi məhkəməyə tədqim edilmiş e-mail və whatsapp yazışmalarında Burak Köleman Musa Zeki oğlu tərəfindən hansı xidmətlərin göstərilməsi, xidmətlərin dəyərinin nə qədər təşkil etməsi, Cavabdeh tərəfindən qazancın məhz Burak Köleman Musa Zeki oğlunun fəaliyyəti nəticəsində əldə etməsi müəyyən olunmadığından həmin sübutlar mötəbər hesab olunmamaqla ilkin iddianın əsaslılığına kifayət etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. İlkin iddia ilə bağlı məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə, ilkin iddia üzrə iddia tələblərinin faktiki əsasları (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından ilkin iddia təmin oluna bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd edir ki, mübahisələndirilən müqavilə bağlanılarkən, müqavilənin şərtləri konkret olaraq müəyyənləşdirilmiş, tərəflər öz iradələrini ifadə edərək, müqaviləni bağlamışlar, müqavilə bağlandıqdan sonra uzun müddət müqavilə şərtləri ilə bağlı heç bir iddia irəli sürülməmişdir. Hazırda mübahisələndirilən müqavilə xx xxxxxx 2019-cu il tarixdə bağlanmış, lakin həmin tarixdən 1 il keçdikdən sonra, yəni xx xxxxxxxx 2020-ci il tarixdə Cavabdeh hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. Qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Yuxarıda qeyd olunduğu kimi, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bu kimi hallarda iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. X11 Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Məhkəmə qeyd edir ki, mülki hüquq anlamında müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır, göstərilən maddədə həm əhəmiyyətsiz, həm də mübahisə edilən əqdlərin etibarsızlıqları ilə bağlı müddətlər müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, əgər mübahisə edilən əqdin etibarlı olubolmamasının mübahisə edilməsi müddəti müəyyən edilmişsə, əhəmiyyətsiz əqdin isə etibarsızlığı nəticəsinin tətbiqi haqqında iddia müddəti müəyyən edilmişdir. Maddədə həm əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqini tələb etmək üçün, həm də mübahisə edilən əqdin mübahisələndirilməsi üçün bir illik müddət müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən iddia, müqavilənin etibarsız hesab edilməsi hissəsində rədd edilməlidir. Qarşılıqlı iddia tələbinin digər hissələrinə münasibətdə məhkəmə qeyd edir ki, qarşılıqlı iddia tələbinin digər hissələri müqavilənin etibarsızlığına əsaslanmaqla ondan asılı olduğundan və həmin tələb üzrə iddia yuxarıda göstərilənlərə əsasən rədd edildiyindən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi digər hissələrdə də əsassız hesab olunmaqla təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ilkin iddia rədd olunmalı, ilkin iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu Burak Köleman Musa Zeki oğluna aid edilməli, qarşılıqlı iddia rədd edilməli və qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdehnə aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia rədd edilsin. İlkin iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu Burak Köleman Musa Zeki oğluna aid edilsin. Qarşılıqlı iddia rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdehnə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar