Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7131/2024 25.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yük daşıma müqaviləsi, dəbbə pulu, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixli 130/21 saylı Müqavilə üzrə12966 (ƏDV daxil) manat məbləğində əsas borcun, 2593 manat məbləğində cərimə-dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablamaqla 666,9 manat pulun və 153 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixində 130/21 saylı “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İcraçı İddiaçı MMC Sifarişçi Cavabdeh MMC-nin sifarişi əsasında xidmətlər göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib bunun müqabilində İcraçıya bu Müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürür. Lakin İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, Cavabdeh MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli Müqavilə üzrə əsas borc - 12930 manat, ƏDV üzrə borc - 36 manat təşkil edir, ümumilikdə isə cavabdeh tərəfindən 12966 manat məbləğində borc ödənilməmişdir və borc məbləği iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli üzləşmə aktı ilə təsdiq edilir. Bu əsasla cavabdehə xx.xx.2024-cü il tarixində 3 iş günü müddətində 14930 manat borc məbləğini tələb edilməsi barədə Pretenziya məktubu göndərilməsinə baxmayaraq bu günədək qeyd edilən pul şirkətə ödənilməmişdir. Əlavə olaraq xx.xx.2021-ci il tarixli, 130/21 saylı Müqavilənin 8.3-ci bəndinə əsasən hər gecikən gün üçün ümumi borcun 0,2% əlavə hesablanacaq. Müqavilənin həmin bəndinə əsasən 9736,78 manat cərimə məbləği təşkil etsə də, güzəşt faizi tətbiq edilərək əsas məbləğin ≈20%-i həcmində, yəni cəmi 2593 manat dəbbə pulu tələb edilməkdədir. Beləliklə, göründüyü kimi cavabdeh ödənişdən yayınmaq üçün müxtəlif üsullara əl atmağı səbəbindən hazırkı mübahisə məhz məhkəmə vasitəsilə həll edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə əsasənBu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Belə ki, Mülki Məcəlləsinin sözügedən maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 666,9 manat pul hesablanmışdır. Həmçinin məhkəmə xərci olaraq dövlət rüsumu (İddia ərizəsi üzrə ödənilməli olan rüsum məbləği 139 AZN + müvəqqəti təminat tədbiri barədə ərizə üzrə ödənilməli olan rüsum məbləği 14 AZN = 153 AZN dövlət rüsumu) 153 manat təşkiledir.
3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh "CASPİAN ROAD” MMC-dən xx.xx.2021-ci il tarixli 130/21 saylı Müqavilə üzrə əsas borc 11780 və ƏDV borc 63 manat, 1178 manat məbləğində cərimədəbbə pulu, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablamaqla 964,52 manat məbləği, ümumi olaraq 13985,52 manat İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdehin nümayəndəsinin etirazı onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsində, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nə qarşı “borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə müraciət olunmuşdur. Belə ki, Cavabdeh MMCdən xx.xx.2021-ci il tarixli 130/21 saylı Müqavilə üzrə 12966 (ƏDV daxil) manat məbləğində əsas borcun, 2593 manat məbləğində cərimə-dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablamaqla 666,9 manat pulun və 153 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildiririk ki, Cavabdeh MMC hal-hazırda işğaldan azad olunmuş bölgələrdə təmirtikinti və quruculuq fəaliyyətində iştirak edir. Bu günədək qeyd olunan işlərin görülməsi ilə bağlı ödəmələr gecikdiyindən şirkət maliyyə sıxıntıları yaşayır. Bu səbəbdəndir ki, Cavabdeh MMC İddiaçı MMC-nə olan borc öhdəliyinı bu günədək yerinə yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxs – iddiaya qarşı etirazını və ya mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə məhkəməyə təqdim etməyə haqlıdır. Odur ki, iddianın “2593 manat məbləğində cərimə-dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablamaqla 666,9 manat pulun” tutulması hissəsində rədd edilməsi xahiş olunur.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi iştirak etməmişdir.
7. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixində 130/21 saylı saylı yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən:
10. 1.Müqavilənin Predmeti
11. İcraçı sifrişçi sifarişi əsasında ona məxsus yükləri (avadanlıqları) daşımaqla yükdaşıma xidmətləri göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilənin 5-ci bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür.
12. 2.Müqavilənin qüvvəyə minməsi, öhdəliklərin icrası müddəti və şərtləri
13. 2.1.Bu müqavilə hər iki tərəfin onu imzaladığı gündən qüvvəyə minir və bir (1) il müddətində qüvvədədir. Müqavilənin müddətinin bitməsinə ən azı on beş gün qalmış ona xitam vermək haqqında hər hansı bir tərəfin yazılı müraciəti olmadıqda, müqavilənin müddəti eyni müddətdə uzadılmış hesab olunur.
14. 2.3.İcraçı daşıdığı yükü sifarişçinin nümayəndəsinə və ya onun göstərdiyi şəxsə təhvil verir. Hər bir və ya bir neçə daşımadan sonra göstərilmiş xidmətin təhvil verilməsi haqqında akt tərtib olunur, sifarişçinin və icraçının nümayəndələri tərəfindən imzalanır və rəhbər şəxsləri tərəfindən təsdiq edilir. Xidmət haqqı yalnız bu aktların əsasında hesablanır. Aktın forması bu müqavilə bağlanarkən təsdiq olunur.
15. 5.Müqavilənin qiyməti və hesablaşma qaydası
16. 5.1.Hər bir daşımanın dəyəri daşıma məsafəsindən və daşıma obyektinin növündən, ölçülərindən asılı olaraq, bu müqavilənin tərkib hissəsi olan tərəflər arasında razılaşdırılmış qiymətlərin preyskurantı ilə (əlavə №1) müəyyən edilir.
17. 6.Tərəflərin məsuliyyəti və onun istisna edən hallar
18. 6.1.Tərəflər müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiklərinə və lazımınca yerinə yetirmədiklərinə görə mülki-hüquqi məsuliyyət daşıyırlar və bunun nəticəsində digər tərəfə dəymiş zərərin əvəzini ödəməlidirlər.
19. 8.3.Sifarişçi tərəfindən ödəmədə gecikmə olarsa, hər gecikən gün üçün ümumi dəyərin 0.2%-i əlavə hesablanacaq.
20. İddiaçı tərəfindən müqavilə üzrə göstərilmiş xidmətlərə dair xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi e-qaimələr tərtib edilmiş və EBEC896553 saylı, EBDZ968168 saylı və EBDX925253 saylı e-qaimələr cavabdeh MMC tərəfindən təsdiqlənmişdir.
21. xx.xx.2021-ci il tarixində 130/21 saylı saylı yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən xx.xx.2023-cü il tarixli 01 saylı üzləşmə aktına əsasən 25 manat məbləğində, 02 saylı akta əsasən 80 manat məbləğində və 03 saylı akta əsasən 27080 manat məbləğində qalıq borc müəyyən edilmiş və katlar hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
22. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinə kimi 130/21 saylı müqavilə üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 60530 manat əsas və 81 manat ƏDV məbləği dəyərində xidmət göstərildiyi, bu müddət ərzində Cavabdeh MMC tərəfindən 47600 manat əsas və 45 manat ƏDV məbləği məbləğində ödəniş edildiyi, Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixinə əsasən borcu 11780 manat, ƏDV üzrə 63 manat, cərimə borcu 14082 manat və gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 964,52 manat təşkil etdiyi qeyd olunmuşdur.
23. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
24. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
25. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
27. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər;
28. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
29. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
30. 850.2-ci maddəsinə əsasən əgər həmin Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir.
31. 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir.
32. 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.
33. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” 130/21 №li Müqaviləyə əsasən icraçı İddiaçı MMC Sifarişçi Cavabdeh MMC-nin sifarişi əsasında xidmətlər göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib bunun müqabilində İcraçıya bu Müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürmüş, lakin İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, Cavabdeh MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən yayınmışdır.
34. Məhkəmə araşdırlması zamanı cavabdeh tərəfindən (iddiaya verilən etirazda) iddia tələbinin əsas borc məbləği hissəsində qəbul edilmişdir (mübahisələndirilməmişdir), iddiaçı tərəfindən hesablanan cərimə və faiz pulunun hesablanmasının əsassız olduğu bildirmişdir.
35. Beləliklə, iddiaçı tərəfindən (ədv daxil) 11843 manat dəyərində xidmətlərin göstərilməsi və buna dair borcun yaranması iki tərəfli təsdiq olunmuş üzləşmə aktları, elektron qaimələr və əlavə olaraq cavabdehin nümayəndəsinin yazılı münasibəti ilə də təsdiq olunduğu üçün məhkəmə tərəfindən işin mübahisə edilməyən halı kimi qiymətləndirilir.
36. Məhkəmə hesab edir ki, iddia üzrə Cavabdeh MMC-dən ədv daxil 11843 manat tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
37. Bundan əlavə, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” 130/21 №li müqaviləsinin 8.3-cü bəndinə əsasən hesablanmış 578 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
38. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
39. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
40. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu müqavilə üzrə 589 manat məbləğində müəyyən edilməlidir.
41. İddia tələbinin digər hissəsini təşkil edən - gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 964,52 manat pulun cavabdehdən tutulması ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir.
42. Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
43. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
44. Belə ki, iddiaçının təqdim etdiyi sənədlərdən görünür ki, xidmətlər 2023-cü ildə göstərilmişdir və bir ildir ki, həmin xidmətlərin haqqı ödənilmir. Məhkəmə hesab edir ki, illik 5% ilə hesablanan faiz məbləği də azaldılaraq 589 manat məbləğində müəyyən edilərək cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
45. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 139 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
46. MPM-in:
47. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
48. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
49. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyi üçün, iddianın təmin edilmiş məbləğinə mütənasib olaraq 130 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutlaraq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixli 130/21 saylı müqavilə üzrə ədv daxil 11843 manat borc məbləği, 589 manat dəbbə pulu, borcun ödənişinin gecikdirilməsinə görə 589 manat faiz borcu və dövlət rüsumunun əvəzi olaraq 130 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia ərizəsi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Namazova