Məhkəmə qərarları › İş №e-2-2(113)-7136/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7136/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7136/2024 03.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icranın gecikdirilməsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli, 88/22 saylı müqavilə üzrə 570 manat məbləğində əsas borc, 114 manat cərimə-dəbbə pulu, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 57,38 manat pul və 40 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, 88/22 saylı “Evakuasiya xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı İddiaçı MMC Sifarişçi Cavabdeh MMCnin sifarişi əsasında xidmətlər göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib, bunun müqabilində icraçıya bu Müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür. Lakin İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, Cavabdeh MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 570 manat məbləğində borc ödənilməmişdir. Borc məbləği iddia ərizəsinə əlavə edilmiş üzləşmə aktı ilə təsdiq edilir. Bu əsasla iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixində pretenziya məktubu göndərilmiş, mövcud borcun 3 iş günü müddətində ödənilməsi tələb edilmiş, lakin buna baxmayaraq borc şirkətə ödənilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, xx.xx.2022-ci il tarixli, 88/22 saylı müqavilənin 7.2-ci bəndinə əsasən hər gecikdirilən gün üçün ümumi borca 1% əlavə hesablanacaq. Müqavilənin həmin bəndinə əsasən cərimə məbləği 4189,85 manat təşkil etsə də, iddiaçı tərəfindən güzəşt faizi tətbiq edilərək, əsas məbləğin 20%-i həcmində, yəni 114 manat dəbbə pulu tələb edilməkdədir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.7, 448.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icraçı qismində İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti ilə sifarişçi qismində Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, 88/22 nömrəli “Evakuasiya xidmətlərinin gostərilməsi haqqrnda” müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən icraçı sifarişçinin sifarişi əsasında ona məxsus avtomobilləri daşımaqla evakuasiya xidmətləri göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya müqavilənin 4-cü bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.2.1-ci maddəsinə əsasən sifarişçi icraçı tərəfindən göstərilmiş xidmətlərin dəyərinin gecikdirilmədən icraçıya ödənilməsini təmin etmək öhdəliyini öz üzərinə götürür. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən hər bir daşımanın dəyəri daşıma məsafəsindən və daşıma obyektinin ölçülərindən asılı olaraq, müqavilənin tərkib hissəsi olan tərəflər arasında razılaşdırılmış qiymətlərin preyskurantı ilə müəyyən edilir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən tərəflər müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiklərinə və ya lazımınca yerinə yetirmədiklərinə görə mülki-hüquqi məsuliyyət daşıyırlar və bunun nəticəsində digər tərəfə dəymiş zərərin əvəzini ödəməlidirlər. Həmin müqavilənin 7.1-ci maddəsinə əsasən tərəflər arasında yaranmış bütün fikir ayrılıqları və mübahisələr danışıqlar yolu ilə həll ediləcək. Həmin müqavilənin 7.2-ci maddəsinə əsasən sifarişçi tərəfindən ödənişdə gecikmə olarsa, hər gecikən gün üçün ümumi dəyərin 1%-i əlavə hesablanacaq.

8. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixə 570 manat əsas borcu, 4189,85 manat cərimə borcu və gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmış 57,38 manat olmaqla ümumilikdə 4817,23 manat borcu vardır.

9. xx.xx.2022-ci il tarixli, EBCD seriyalı, 985966 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 110 manat təşkil edir.

10. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 420581 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 50 manat təşkil edir.

11. xx.xx.2022-ci il tarixli, EBCH seriyalı, 299416 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 115 manat təşkil edir.

12. xx.xx.2022-ci il tarixli, EBCİ seriyalı, 500287 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 50 manat təşkil edir.

13. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 052426 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 40 manat təşkil edir.

14. xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 986545 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 40 manat təşkil edir.

15. xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 940453 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 30 manat təşkil edir.

16. xx.xx.2023-cü il tarixli, EBDC seriyalı, 839884 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 50 manat təşkil edir.

17. xx.xx.2023-cü il tarixli, EBDC seriyalı, 836779 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 80 manat təşkil edir.

18. xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 807998 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 110 manat təşkil edir.

19. İddiaçı MMC ilə Cavabdeh MMC arasında tərtib edilmiş 1 nömrəli üzləşmə aktından görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 570 manat borcu vardır. Qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

20. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, müqavilə üzrə yaranmış 570 manat borcun 3 (üç) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

23. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 88/22 nömrəli “Evakuasiya xidmətlərinin gostərilməsi haqqrnda” müqavilə bağlanmış və həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.

24. İddia tələbinin bir hissəsini cavabdehdən xx.xx.2022-ci il tarixli, 88/22 nömrəli müqavilə üzrə 570 manat məbləğində qalıq borcun tutulması təşkil edir.

25. Məhkəmə qanunvericilik normalarını, cavabdehin tərflər arasında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının qeyd olunan məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən 570 (beş yüz yetmiş) manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

26. İddia tələbinin digər hissəsini cavabdehdən 114 manat məbləğində cərimənin tutulması təşkil edir.

27. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərin nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 30 (otuz) manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.

28. İddia tələbinin digər hissəsini cavabdehdən Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış 57,38 manat məbləğində pulun cavabdehdən tutulması təşkil edir.

29. İddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyindən iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır, ona görə həmin hissədə də iddia təmin olunmalı və cavabdehdən 57,38 manat (əlli yeddi manat otuz səkkiz qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.

30. Eləcə də, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması xahiş edilmişdir.

31. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 570 (beş yüz yetmiş) manat əsas borc, 30 (otuz) manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 57,38 manat (əlli yeddi manat otuz səkkiz qəpik) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 687,38 manat (altı yüz səksən yeddi manat otuz səkkiz qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar