Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-714/2024 06.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Azərbaycan-X1rşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, prosessual maraq, borclunun icranı gecikdirməsi hüquqi faktı, qanuni faiz, dəbbə pulunun hüquqi əsası, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Azərbaycan-X1rşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh "xxxx" Azərbaycan-X1rşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 05 iyun 2017-ci il tarixli müqavilə üzrə 12902,12 manat əsas borc, əsas borca 9% uçot dərəcəsi ilə hesablanmış 1162,2 manat faiz borcu, 1000 manat dəbbə pulunun və 200 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 07 nömrəli müqaviləyə əsasən, oktyabr 2018-ci ildən iyul 2019-ci il tarixinədək cavabdehə müxtəlif mallar satılmışdır. Adıçəkilən müqaviləyə görə cavabdeh aldığı malların ödənişini malın qəbulundan sonrakı 30 gün ərzində iddiaçının bank hesabına ödəməli idi. 2.2. Ödəmələrdə gecikmələr olsa da, iddiaçı bununla bağlı ixtilaf yaratmamışdır. Belə ki, tərəflərin rəhbərlərinin şifahi razılaşmasına görə cavabdehin maliyyə durumuna uyğun olaraq aldığı malların ödənişini hissə-hissə etməli idi. Cavabdeh tərəfindən ödəmələrdə vaxtaşırı gecikmələr olsa da, iddiaçı cavabdehin rəhbərinin vədlərinə uyğun olaraq ödənişin hissə-hissə edilməsinə razı olmuş, daha sonra cavabdehin rəhbəri 2020ci ilin məlum pandemiyasını səbəb göstərərək istehsalı, ümumiyyətlə, dayandırdıqlarını və hər hansı istehsalat-kommersiya fəaliyyəti göstərmədiklərindən aldıqları mal-materiala görə yaranmış borcun ödənilməsinin bir müddət dondurulmasını xahiş etmiş, iddiaçı buna razılaşmışdır. 2.3. Pandemiyanın bitməsi ilə iddiaçı cavabdehdən yaranmış borcun qaytarılmasını xahiş etmiş, lakin cavabdehin rəhbəri yenidən onlara bir müddət də möhlət verilməsini xahiş etmiş, bu müddət ərzində borcun məbləği ilə bağlı araşdırmalar aparılmış, nəhayət 2023-cü ilin may ayında cavabdehin rəhbəri iddiaçıya 12902,12 manat borclu olduqlarını etiraf etmiş və yaxın zamanlarda ödənişi edəcəklərini bidirmişdir. Cavabdeh yenidən vədinə əməl etməmiş, borcun qaytarılması ilə bağlı çoxsaylı müraciətləri nəticəsiz qoymuş, yaranmış borcun məbləğini yenidən mübahisələndirmiş və buna görə qarşılıqlı razılaşma əsasında tərəflər arasında xx.xx.2023-cü il tarixli üzləşmə aktı tərtib edilmiş, bundan sonra cavabdehin rəhbəri söz vermişdir ki, ən geci 1 ay ərzində sözügedən məbləği iddiaçının bank hesabına ödəyəcəkdir. 2.4. Cavabdehə yazılı və onlayn qaydada borc məbləğinin ödənişi ilə bağlı pretenziya göndərilmiş, habelə mediasiya sessiyasında iştirak edilmiş, lakin cavabdeh nə mediasiyaya gəlmiş, nə də pretenziyaya cavab vermişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 449, 598, 600.1-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, 05 iyun 2017-ci il tarixli müqavilə üzrə tərəflər arasında etimad münasibəti formalaşmış, iddiaçı tərəfindən təqdim edilmiş malların dəyəri vaxtlı-vaxtında ödənilmişdir. Lakin sonuncu təqdim edilən malların dəyəri – 12902,12 manat məbləğində pul uzun müddət keçməsinə baxmayaraq, ödənilməmişdir. Həmin mallar elektron qaimələr tərtib edilməklə təqdim edilmiş, dəyəri ödənilməyən malların elektron qaimə-fakturalarından 2-si cavabdeh tərəfindən, 3-ü sistem tərəfindən təsdiqlənmişdir.
6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili göstərdi ki, iddia tələbini təşkil edən 1162,2 manat məbləğində pulun tutulması Mülki Məcəllənin 449.1-ci maddəsində müvafiq olaraq Mərkəzi Bankın 9% uçot dərəcəsinə uyğun hesablanmışdır. Dəbbə pulunun tutulması tələbinin hüquqi əsasını isə Mülki Məcəllənin 462-ci maddəsi təşkil edir.
7. Məhkəmə bildirişləri cavabdehin hüquqi ünvanına çatdırılmaqla, cavabdehin və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilməklə, qanuni təmsilçinin mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İddia ərizəsinə əlavə edilən iddiaçı (İcraçı qismində) ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (hazırkı "xxxx" Azərbaycan-X4; Sifarişçi qismində) arasında bağlanmış xx.xx.2017-ci il tarixli 07 nömrəli müqavilənin şərtlərindən görünür ki, «İcraçı» «Sifariçi»nın müqavilədə qeyd olunmuş ünvanına Əlavə Razılaşmada qeyd olunmuş malların göndərilməsini təmin edir. Tərəflər öz aralarında razılaşırlar ki, göndərilən malların qiyməti və miqdarı malı müşayiət edən sənədlərdə Hesab-Fakturada göstərilir. Malın qablaşdırılması və markalanması «İcraçı» tərəfdən standartlara uyğun olaraq təmin edilir. Malı müşayiət edən sənədlərə Təhvil-Təslim Aktı və Qaimə Faktura əlavə olunur. «Sifariçi» malı yerləşdiyi ünvanda qəbul edir və malın dəyəri köçürmə yolu ilə Hesab- Fakturada göstərilmiş hesaba köçürülür. «Sifariçi» malı yerləşdiyi ünvanda qəbul etdikdən sonra, 30 (otuz) gün müddətində Hesab-Fakturada qeyd edilmiş malın dəyərini «İcraçı»nın bank hesabına ödəyir.
12. Həmin müqaviləyə 19 mart 2018-ci il tarixli 07 nömrəli əlavə razılaşmanın şərtlərindən görünür ki, “İcraçı” “Sifarişçi”nin müqavilədə qeyd olunmuş ünvanına cədvəldə qeyd olunan qiymətlilərin göndərilməsini təmin edir (1-ci bənd). 05 iyun 2017-ci il tarixli 07 nömrəli müqavilənin müddətinin xx.xx.2023-cü il tarixinə kimi artırılması razılaşdırılmışdır (2-ci bənd).
13. Məhkəməyə təqdim edilən elektron qaimələrdən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan görünür ki, xx.xx.2018-ci il tarixli EAAN 026724 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) 1698 manat, xx.xx.2018-ci il tarixli EAAN 540604 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) 2687 manat, xx.xx.2018-ci il tarixli EAAN 640584 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) 1527,5 manat, xx.xx.2018-ci il tarixli EAAO 535285 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) 5115 manat, xx.xx.2018-ci il tarixli EAAO 702119 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) 483 manat, xx.xx.2018-ci il tarixli EAAO 818844 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) 2651 manat, xx.xx.2019-cu il tarixli EAAP 566480 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 415,24 manat, xx.xx.2019-cu il tarixli EAAT 671624 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 236 manat, xx.xx.2019-cu il tarixli EAAT 941540 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 2028,54 manat, xx.xx.2019-cu il tarixli EAAU 904506 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil olmaqla 1004,18 manat, EAAU 905477 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil olmaqla 2731,7 manat, xx.xx.2019-cu il tarixli EAAV 785889 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 9829,4 manat, xx.xx.2019-cu il tarixli EAAW 829874 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 973,5 manat, xx.xx.2019-cu il tarixli EBAD 572400 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil olmaqla 1903,34 manat olmaqla ümumilikdə 33283,4 manat dəyərində malın iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi üçün tərtib edilmişdir.
14. İş materiallarına əlavə edilən iddiaçının "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan bank hesabından çıxarışdan görünür ki, xx.xx.2018-ci il tarixdə EAAN 026724 və EAAN 540604 seriya və nömrəli elektron qaimələr üzrə 2500 manat, xx.xx.2018-ci il tarixdə EAAN 540604, EAAN 640584 və EAAO 535285 seriya və nömrəli elektron qaimələr üzrə 7500 manat, xx.xx.2019-cu il tarixdə EAAO 535285, EAAO 702119, EAAO 818844 seriya və nömrəli elektron qaimələr üzrə 4161,5 manat, EAAP 566480, EAAT 671624 seriya və nömrəli elektron qaimələr üzrə 551,9 manat, EAAT 941540 seriya və nömrəli elektron qaimə üzrə 1719,10 manat, xx.xx.2019-cu il tarixdə EAAV 785889 seriya və nömrəli elektron qaimə üzrə 3000 manat olmaqla ümumilikdə 19432,5 manat ödəniş edilmişdir.
15. İş materiallarında olan “ƏDV sub-hesabı”ndan çıxarışdan görünür ki, xx.xx.2019cü il tarixdə 36 manat və 63,34 manat, xx.xx.2019-cu il tarixdə 309,44 manat, xx.xx.2019cu il tarixdə 540 manat olmaqla ümumilikdə 948,78 manat ƏDV məbləği ödənilmişdir.
16. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 05 iyun 2017-ci il tarixli 07 nömrəli müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdehə müqavilənin əlavəsində göstərilən malları satmağı, cavabdeh isə həmin malı qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı 14 elektron qaimə əsasında xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək ümumilikdə 33283,4 manat dəyərində malı cavabdehə təqdim etmiş, həmin elektron qaimələr üzrə ümumilikdə ƏDV daxil olmaqla 20381,28 (19432,5 əsas borc + 948,78 ƏDV) manat ödənilmişdir.
17. İddiaçı 05 iyun 2017-ci il tarixli 07 nömrəli alqı-satqı müqaviləsi üzrə malların qalıq dəyərini təşkil edən 12902,12 manat məbləğində pulun ödənilməsini tələb edir.
18. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
19. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
21. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
22. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə iddiaçı tərəfindən təqdim edilmiş bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
23. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
24. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
25. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
26. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
27. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
28. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub (müqavilənin 3-cü bəndi ilə malın dəyərinin qəbul edildikdən 30 gün sonra köçürmə yolu ilə aparılmasının şərtləndirildiyi nəzərə alındığında), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
29. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
30. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.
31. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
32. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
33. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
34. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
35. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
36. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, 05 iyun 2017-ci il tarixli 07 nömrəli müqavilə üzrə 12902,12 manat (14 elektron qaimə əsasında verilmiş malların dəyəri: ƏDV daxil olmaqla 33283,4 manat – ödənilmiş: ƏDV daxil olmaqla 20381,28 manat) məbləğində pul cavabdeh "xxxx" Azərbaycan-X2 tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı
37. İddia ərizəsində iddiaçı həmçinin 1000 manat məbləğində pulunun tutulmasını xahiş edir.
38. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
39. Həmin Məcəllənin 463-cü maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur.
40. Həmin Məcəllənin 464.1-ci maddəsinə görə, kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər.
41. Göründüyü kimi, mülki qanunvericilikdə öhdəliklərin icrasının təmin edilməsinin ənənəvi üsulu kimi çıxış edən dəbbə pulu barədə razılaşmanın məhz yazılı qayda bağlanması nəzərdə tutulmuşdur. Həmçinin dəbbə pulunun ödənilməsinin qanunla müəyyənləşdirilməsi imkanı da istisna edilməmişdir. Başqa sözlə, dəbbə pulunun tutulması qismində əsas kimi ya yazılı razılaşma, ya da qanunun müddəası çıxış etməlidir.
42. Məhkəmə qeyd edir ki, tərəflər arasında dəbbə pulu barədə yazılı razılaşma mövcud deyil. İddiaçı dəbbə pulunun tutulması ilə bağlı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 462-ci maddəsinə istinad etsə də, mülki qanunvericilikdə alqı-satqı müqaviləsi üzrə malların dəyərinin ödənilməsinin gecikdirilməsi üçün təsbit edilən hər hansı cərimə məbləği və ya həddi yoxdur.
43. Odur ki məhkəmə hesab edir ki, iddia tələbi dəbbə pulunun tutulması hissəsində əsassız olduğundan təmin olunmamalıdır.
c) Alqı-satqı müqaviləsi üzrə faiz məbləğinin tutulması tələbi ilə bağlı
44. İddiaçı cavabdehin öhdəliyi vaxtında yerinə yetirmədiyinə görə Mərkəzin Bankın uçot dərəcəsinə uyğun (9%) hesablanmış 1162,2 manat pulun cavabdehdən tutulmasını tələb edir.
45. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır.
46. Belə ki, iddiaçı ödənişin gecikdirildiyi müddət üçün bank uçot dərəcəsinə əsasən faiz hesablamışdır. Bu qayda Mülki Məcəllənin 449.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddənin (tərəflər arasında mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olan redaksiyası) tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
47. Lakin həmin maddəyə əsasən iddianın təmin edilməsi üçün iddiaçı sübut etməlidir ki, cavabdeh pul vəsaitini özündə saxlamaqla ondan faydalanmışdır. Bu halı təsdiq edən sübutlar isə təqdim edilməmişdir.
48. Bununla yanaşı, Mülki Məcəllənin 445.7-ci maddəsində (tərəflər arasında mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olan redaksiyası) təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
49. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
50. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə faiz məbləği Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmalıdır. Çünki iddiaçının (kreditor) digər əsaslardan çıxış edərək təmin oluna bilən daha böyük məbləğə dair tələbi yoxdur, cavabdeh (borclu) isə gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur
51. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi borclunun icranı gecikdirməsi nəticəsində yaranan kreditorun tələb hüququdur. Bu mənada həmin normanın tətbiqi bilavasitə borclunun icranı gecikdirməsi hüquqi faktının müəyyən olunmasından asılıdır.
52. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən, borclunun icranı gecikdirməsi üçün (1) öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və (2) icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi kimi hallar (ümumilikdə 2 hal) təsdiqlənməlidir.
53. Göründüyü kimi, mülki qanunvericiliyə əsasən, icranın gecikdirilməsi hüquqi faktının müəyyən olunması üçün öhdəliyin icrası müddəti çatanadək kreditor tərəfindən xəbərdarlıq göndərilməli və həmin xəbərdarlığa rəğmən öhdəlik müəyyənləşdirilmiş müddətdə icra edilməməlidir.
54. Qeyd edilən qaydadan istisnanı isə Mülki Məcəllənin 445.4-cü maddəsi təşkil edir. Belə ki, həmin maddəyə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Başqa sözlə, icra üçün təqvim gününün müəyyənləşdirilməsi zamanı öhdəliyin icrasının gecikdirilməsi hüquqi faktı üçün yalnız öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halının təsdiq edilməsi kifayət edir, digər halın təsdiqinə zərurət olmur.
55. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 07 nömrəli müqavilənin 3-cü bəndinə əsasən, «Sifariçi» malı yerləşdiyi ünvanda qəbul etdikdən sonra, 30 (otuz) gün müddətində Hesab-Fakturada qeyd edilmiş malın dəyərini «İcraçı»nın bank hesabına ödəyir.
56. Müqavilədən aydın olur ki, tərəflərin razılığına görə, mallar qəbul edildikdən sonra 30 gün ərzində onların dəyərinin ödənilməsi şərtləşdirilmişdir. Lakin işgüzar münasibət bu yöndə olmamış, adıçəkilən müqavilənin 3-cü bəndi faktiki olaraq tətbiq edilməmişdir. Belə ki, alqı-satqı müqaviləsi üzrə sonuncu elektron qaimə xx.xx.2019-cu il tarixdə təqdim edilməsinə baxmayaraq, təqdim olunan hesabdan çıxarışdan görünür ki, cavabdeh xx.xx.2019-cu il tarixədək ödənişləri davam etdirmiş, ötən müddət ərzində iddiaçı pulun ödənilməsini tələb etməmiş, əksinə iddia ərizəsində ödənişin edilməsinə bir neçə dəfə möhlət verildiyini göstərmişdir. Bu isə Mülki Məcəllənin 445.4-cü maddəsinin hazırkı işə tətbiqini istisna edir.
57. İddiaçının xx.xx.2023-cü il tarixdə pulun tələb edilməsi barədə pretenziya məktubunu cavabdehə poçt rabitəsi vasitəsilə çatdırmaqla pulu tələb etməsini nəzərə alan məhkəmə qeyd edir ki, borclunun icranı gecikdirməsi anı Mülki Məcəllənin 445.2-ci maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixdən müəyyənləşdirilməli, ödənilməsi gecikdirilmiş borca görə illik 5 faizlə hesablamanın başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmaqla iddia ərizəsi dəqiqləşdirilən xx.xx.2024-cü il tarixə qədər 180 gün üçün həyata keçirilməlidir.
58. Həmin müddət üçün hesablama aparıldıqda isə müəyyən olunur ki, cavabdeh tərəfindən pul öhdəliyinin icrasını gecikdirilməsi nəticəsində əsas borca illik 5% ilə hesablanan məbləğ 318,13 manat (12902,12 manat x 5% / 100 / 365 gün (1 günün faizi) * 180 gün (gecikdirilən gün sayı) təşkil edir.
59. Belə olan halda məhkəmə hesab edir ki, bu hissədə iddia qismən təmin olunmalı, 318,13 manat pul cavabdeh "xxxx" Azərbaycan-X2 tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
d) Məhkəmə xərcləri ilə bağlı
60. İddiaçı həmçinin 200 manat mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş edir.
61. İddia ərizəsinə əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, iddiaçının nümayəndəsi sessiyada iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir.
62. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).
63. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
64. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyası ilə bağlı müraciət olunarkən (2023-cü ilin oktyabr ayı) Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinin tələbinə əsasən ilkin mediasiya sessiyasında iştirak qanunun tələbi olmuşdur. Cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən və iştirak etməsinin səbəbləri və ya mümkünsüzlüyünün üzrlü olması barədə məlumat vermədiyindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə uyğun olaraq bütün mediasiya xərcləri cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.
65. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat pul cavabdeh "xxxx" Azərbaycan-X2 tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
66. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (hazırkı "xxxx" Azərbaycan-X4) arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləsi üzrə 12902 (on iki min doqquz yüz iki) manat 12 (on iki) qəpik əsas borc, əsas borca illik 5% ilə hesablanmaqla 318 (üç yüz on səkkiz) manat 13 (on üç) qəpik məbləğində pul olmaqla ümumilikdə 13220 (on üç min iki yüz iyirmi) manat 25 (iyirmi beş) qəpik məbləğində pul cavabdeh "xxxx" Azərbaycan-X2 tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat pul cavabdeh "xxxx" Azərbaycan-X2 tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova