Məhkəmə qərarları › İş №e-2-2(113)-715/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-715/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-715/2021 18.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 72 manat 50 qəpik abunə və xidmət haqqı və 20 manat dövlət rüsumu, cəmi 92 manat 50 qəpik vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslanmışdır ki, Cavabdeh MMC İddiaçı MMC ilə bağladığı cədvəldə göstərilən müqavilələr üzrə iddiaçının rabitə xidmətlərindən istifadə etmiş və nəticədə onun 72 manat 50 qəpik məbləğində abunə və xidmət haqqı borcu yaranmışdır. xx.xx.2018 tarixli müqavilə üzrə ********* telefon nömrəsinin borcu 34 manat , son ödəmə tarixi xx.xx.2019-cu il olmuş, xx.xx.2018 tarixli müqavilə üzrə ********* telefon nömrəsinin borcu 38,50 manat , son ödəmə tarixi xx.xx.2019-cu il olmuşdur. Abunə Müqaviləsinin 4.1ci bəndinə əsasən, Abunəçi xidmət haqqını, Müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesabfakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, hesab-fakturada göstərilən ödəniş müddətləri Abunəçi tərəfindən pozularsa, “Azercell” Abunəçiyə faktura kəsildiyi tarixdən 45 (qırx beş) təqvim günü sonra növbəti təqvim günündən başlayaraq gecikmə faizi tətbiq edir ki, bu da ödənişin gecikdirildiyi hər təqvim günü üçün həmin günə olan borc məbləğinə 0,1% miqdarında hesablanır. Gecikmə faizinin hesablanması, gecikmə faizi borc məbləğinin 20%-dən artıq olmamaq şərti ilə, borc(lar) tam ödənilənə qədər “Azercell” tərəfindən davam etdirilir. Cavabdeh öz borcunu ödəməsinin son tarixi xx.xx.2019-cu il müəyyən olunsa da o, müqavilənin qeyd olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməmişdir. İddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və cavabdeh gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, iddiaçı onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə tərəflərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Mülki işdə olan iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli mobil rabitə xidmətlərinin göstərilməsinə dair Müqavilələrdən görünür ki, Abunə Müqaviləsinin 4.2-ci bəndinə əsasən, hesab-fakturada göstərilən ödəniş müddətləri Abunəçi tərəfindən pozularsa, “Azercell” Abunəçiyə faktura kəsildiyi tarixdən 45 (qırx beş) təqvim günü sonra növbəti təqvim günündən başlayaraq gecikmə faizi tətbiq edir ki, bu da ödənişin gecikdirildiyi hər təqvim günü üçün həmin günə olan borc məbləğinə 0,1% miqdarında hesablanır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli cari hesab arayışlarından görünür ki, cavabdehin ********* telefon nömrəsi üzrə 34 manat, 502551571telefon nömrəsi üzrə 38,50 manat ödənilməmiş faktura borcları var. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə uyğun olaraq, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, həmin Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən, əgər həmin Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.6-cı maddəsinə əsasən əgər ödənişin aparılmalı olduğu yerdə və ya ölkədə kreditorun pul köçürülməsi üçün nəzərdə tutulan bank hesabı varsa, borclu öz pul öhdəliyini, kreditorun etiraz etdiyi hallardan başqa, həmin hesaba köçürmə yolu ilə yerinə yetirə bilər. Qeyd olunan Məcəllənin 441.4-cü maddəsinə uyğun olaraq, əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə də işdə olan materiallardan və işin faktiki hallarından görünür ki, abunə müqavilələri ilə tərəflərin hər ikisinin öhdəlikləri olduğu halda, iddiaçı tərəfindən öhdəliklərin tam icra edilmiş, lakin cavabdeh tərəfindən öz üzərinə düşən öhdəliklərinin tam icra edilməmiş, habelə tam icra edilmədiyi təqdirdə, onların yerinə yetirilməməsinn hər hansı bir üzrlü səbəbləri göstərilməmişdir. Eyni zamanda ərizəyə əlavə olunmuş sənədlərlə iddiaçının tələbin aşkar olması, yəni tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı İddiaçı göstərilmiş abunə və xidmət haqqı üzrə borcun cavabdehdən tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, cavabdehdən 72 manat 50 qəpik abunə və xidmət haqqı, həmçinin 20 manat dövlət rüsumu, cəmi 92,50 manat vəsaitin İddiaçı xeyrinə məcburi tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehndən 72 manat 50 qəpik abunə və xidmət haqqı borcu və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 (iyirmi) manat, cəmi 92 (doxsan iki) manat 50 (əlli) qəpik məbləğində pul vəsaiti “Azercell” məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar