Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7164/2025 15.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, əsas borc, illik 5%) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh X1rşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMCdən 57.766,37 (əlli yeddi min yeddi yüz altmış altı manat, otuz yeddi qəpik) manat əsas, 10.397,95 (on min üç yüz doxsan yeddi manat, doxsan beş qəpik) manat ƏDV borcu olmaqla, cəmi 68.164,32 (altmış səkkiz min yüz altmış dörd üç manat, otuz iki qəpik) manat məbləğində pulun, 6.816,43 (altı min səkkiz yüz on altı manat, qırx üç qəpik) manat gecikdirilmiş icra üçün faiz və ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq "xxxx" MMCyə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2023-cü il tarixli, 01SNCR nömrəli alğı-satqı müqaviləsi bağlanılmış, alğı-satqı müqaviləsinə edilmiş 1 saylı əlavəyə əsasən cavabdehə mişar daşlarının satılması satıcı tərəfindən öhdəlik olaraq götürülmüşdür. 2. Müqavilənin 4-cü bəndinə görə malların dəyəri mallar çatdırıldıqdan 10 gün sonra ödənilməlidir. 3. Qeyd edilən tarixdən cavabdehə 365.250,68 manatlıq (eləcə də 65.745.12 manat ƏDV) mal göndərilmiş, 15 ədəd e-qaimə təsdiq edilmişdir. Həmin malların dəyəri olaraq cavabdeh tərəfindən 307.484,31 manat əsas və ƏDV hesabına pul köçürülmüşdür. Sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə edilmişdir. 4. xx.xx.2025-ci il tarixdə 01 saylı “Qarşılıqlı üzləşmə aktı” tərtib edilmiş və cavabdehin 57.766,37 manat borcunun olması hər iki MMC-nin direktorları tərəfindən təsdiqlənmişdir. 5. Hazırdacavabdehin İddiaçı MMC-yə 57.766,37 manat əsas, 10.397,95 manat ƏDV borcu vardır. 6. Qeyd edilən borc tələb edilsə də, cavabdeh tərəfindən ödənilməmişdir.
3. Daha sonar iddiaçının nümayəndəndəsi iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 39.766,37 (otuz doqquz min yeddi yüz altmış altı manat, otuz yeddi) manat əsas, 7157,95 (yeddi min yüz əlli yeddi manat, doxsan beş qəpik) manat ƏDV borclu olmaqla, cəmi 46.924,32 (qırx altı min doqquz yüz iyirimi dörd manat, otuz iki qəpik) manat məbləğində pulun, 4.684,06 (dörd min alü yüz səksən dörd manat, altı qəpik) manat gecikdirilmiş icra üçün faiz və ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.
6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı MMC ilə Cavabdeh X4 arasında xx.xx.2023-cü il tarixli, 01SNCR nömrəli müqavilə imzalanmışdır.
9. Müqavilənin 2.1-ci maddəsinə əsasən satıcı hazırkı Müqavilənin ayrılmaz hissəsi sayılacaq Əlavə Razılaşmalarda göstərilən malları Alıcıya satır və Alıcı öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən Satıcıya ödəyir.
10. Müqavilənin 3.1-ci maddəsinə əsasən tələb olunan malların xüsusiyyətləri (ölçü, miqdarı və s.) Tərəflər arasında əvvəlcədən razılaşdırılır.
11. Müqavilənin 3.2-ci maddəsinə əsasən satılan mallar Tərəflər arasında imzalanmış tərəzi çeki, təhvil-təslim aktı və ya digər sənədlər əsasında təhvil verilir.
12. Müqavilənin 4.1-ci maddəsinə əsasən alıcı mallara görə Satıcı tərəfindən təqdim edilmiş hesab-fakturalara və/və ya qaimə-fakturalara və Əlavə Razılaşmadakı şərtlərə uyğun olaraq aldığı malların dəyərini mallar çatdırıldığı tarixdən 10 gün ərzində Satıcının hesabına ödəyir.
13. Müqavilənin 4.2-ci maddəsinə əsasən təchiz olunmuş mallarla aparılmış ödənişlər arasında uyğunluğun yoxlanılması məqsədilə Tərəflərin hər birinin tələbi ilə qarşılıqlı hesablaşmaların tutuşdurulması aktı tərtib oluna bilər.
14. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 01SNCR saylı Müqaviləyə 1 saylı Əlavəyə əsasən mişar daşının 1 ədədinin qiymət 1,45 manat məbləğində razılaşdırılmışdır.
15. 14.09.2023-cü il tarixli İşlərin təhvil-təslim aktına əsasən 27817,44 manat məbləğində, xx.xx.2023-cü il tarixli İşlərin təhvil-təslim aktına əsasən 22123,23 manat məbləğində, xx.xx.2024-cü il tarixli İşlərin təhvil-təslim aktına əsasən 31567,95 manat məbləğində mallar İddiaçı MMC tərəfindən Cavabdeh X3 təhvil verilmişdir.
16. İddiaçı tərəfindən cavabdehə satılmış mallara dair xx.xx.2023-xx.xx.2024-cü il tarixlərini əhatə edən dövr ərzində 65745,12 manat məbləğində e-qaimələr göndərilmişdir.
17. xx.xx.2025-ci il tarixli Qarşılıqlı üzləşmə aktına əsasən Cavabdeh X2 İddiaçı MMC-yə olan qalıq borcu ƏDV xaric 57766,37 manat məbləğində müəyyən edilmişdir. Akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
18. Ödəniş qəbzlərinə əsasən Cavabdeh X4 tərəfindən İddiaçı MMC-yə təyinatı eqaimə göstərilməklə 2025-ci il tarixində (üzləşmə aktından sonra) 18000 manat məbləğində ödəniş edilmişdir.
19. Köçürmələrin aparılması barədə bildirişə əsasən Cavabdeh X4 tərəfindən İddiaçı MMC-nin ədv borcu üzrə 2025-ci il tarixlərində 3240 manat məbləğində ödəniş edilmişdir.
20. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
22. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
23. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
24. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
25. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
26. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
27. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
28. İş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 01SNCR nömrəli müqavilənin 2.1-ci maddəsinə əsasən satıcı hazırkı Müqavilənin ayrılmaz hissəsi sayılacaq Əlavə Razılaşmalarda göstərilən malları Alıcıya satır və Alıcı öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən Satıcıya ödəyir. İddiaçı tərəf öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh tərəfindən ödənişlər tamamlanmamışdır.
29. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, müqaviləyə əlavə, təhvil-təslim Aktları, e-qaimələr, üzləşmə aktı və təyinatı bilavasitə e-qaimələr göstərilməklə qismən ödənişlər ilə təsdiq olunduğu üçün ƏDV daxil 46.924,32 manat (ədv daxil üzləşmə aktı ilə təsdiq olunan məbləğ 68164,31 manat – 18000 manat ödəniş – 3240 manat ədv ödənişi = 46924,32 manat) borca dair hissədə iddia tələbi təmin edilməlidir.
30. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya müqavilə üzrə ƏDV daxil 46924,32 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən qeyd olunan pul məbləği tutularaq iddiaçıya ödənilməlidir.
31. İddia tələbinin digər hissəsi olan - əsas borcun gecidilməsinə görə gecikdirmə faizi olaraq hesablanmış 4684,06 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbini də məhkəmə əsaslı hesab edir.
32. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
33. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.
34. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009cu il tarixli Qərarına uyğun olaraq özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ilə hesablanan faiz borcunun cavabdehdən tutulmasını əsaslı hesab edir.
35. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borcun bugünə kimi ödənilmədiyini nəzərə alaraq, borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanmaqla 4684,06 manat məbləğində faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbində iddiaçı haqlı olmuşdur.
36. Beləliklə, bu hissədə də iddia təmin edilərək borcun ödənişinin gecikdirilməsinə görə tələb olunan faiz məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
37. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 315 manat dövlət rüsumu ödənilmişdir.
38. Azərbaycan Respublikası MPM-in:
39. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
40. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
41. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyi üçün, təmin edilmiş iddianın məbləğinə mütənasib olaraq dövlət rüsumu xərcinin əvəzi olaraq 245 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən ƏDV daxil 46924,32 manat əsas borc məbləği, borcun ödənişinin gecikdirilmənə görə 4684,06 manat faiz borcu olmaqla cəmi 51608,38 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 245 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova