Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7165/2024 09.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Ateyeva Nərgiz Etibar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 11302,82 manat pulun və 123,91 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış xx.xx.2022-ci il tarixli, 197/2022 saylı “alqı-satqı” müqaviləsinin 1-ci bəndinə əsasən, İddiaçı MMC cavabdehə ümumi dəyəri 11302,82 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə müqaviləyə əsasən, həmin məhsulları qəbul etmiş və malların dəyərini pul şəklində müqavilədə qeyd olunan müddət ərzində ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və iddiaçıya olan borcunun 11302,82 manat hissəsini bu günədək ödəməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında cavabdeh iddia ərizəsinə etiraz edib iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı ilə əvvəllər alqı-satqı müqaviləsi üzrə münasibətləri olmuş, lakin hazırda iddiaçıya ödənilməli olan hər hansı borcu yoxdur. Belə ki, iddiaçının təqdim etdiyi satış fakturalarında göstərilən mağazada əvvəllər fəaliyyət göstərsə də, fakturalarda göstərilən tarixdə artıq o, həmin mağazada fəaliyyət göstərməmiş, göstərilən mallar tərəfindən ümumiyyətlə sifariş verilməmiş, alınmamışdır. Həmin fakturalarda göstərilən malların ona hər hansı aidiyyəti olmadığı üçün dəyəri ondan tələb edilə bilməz.
4. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi R.Allahverdiyev iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehin müqavilə üzrə təqdim edilən malları alması yalnız materiallarda olan təhvil-təslim aktları ilə təsdiq olunur.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.
6. İddiaçının nümayəndəsi tərəfindən təqdim olunmuş ərizədə məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbləri, eləcə də bunu təsdiq edən sübutlar təqdim edilmədiyi üçün sonuncu məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 197/2022 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə istehsal və idxal etdiyi və ya digər hüquqi formada ticarət predmeti olan məhsulu alıcıya satır, alıcı isə məhsulu satıcıdan qəbul edir və müqabilində satıcıya məhsulun qiymət təklifində nəzərdə tutulmuş dəyərini ödəyir.
9. Müqavilənin 3.2-ci bəndinə görə məhsul satıcı tərəfindən sifarişin təsdiq edilməsindən sonra 2 gün ərzində alıcının çatdırılma məntəqəsinə satıcının hesabına çatdırılır.
10. Müqavilənin 3.7-ci bəndinə görə bu müqaviləyə əsasən məhsullar faktura üzrə alıcıya verildiyi andan onun mülkiyyəti hesab olunur və faktura ilə məhsulları alıcı özü və ya rəsmi olaraq səlahiyyət verdiyi şəxs qəbul edir. Bu qaydanın pozulması ilə bağlı məsuliyyəti alıcı tərəf daşıyır.
11. 01.10.2022-ci il tarixli satış fakturasına görə fakturada göstərilən ümumilikdə 3020,40 manat dəyərində olan mallar Sabir Rüstəmov adlı şəxs tərəfindən təhvil alınmışdır.
12. 29.10.2022-ci il tarixli satış fakturasına görə fakturada göstərilən ümumilikdə 9715,20 manat dəyərində olan mallar Sabir Rüstəmov adlı şəxs tərəfindən təhvil alınmışdır.
13. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, İddiaçı MMC-də 2019-cu ilin fevral ayından 2023-cü ilin iyun ayına qədər satış təmsilçisi vəzifəsində işləmişdir. Cavabdehin iddiaçı ilə yazılı alqı-satqı müqaviləsi var idi. Cavabdehin iddiaçıya 2022-ci ildə hər hansı borcu olmamışdır. Daha sonra cavabdehin işlətdiyi mağazanı Əli adlı şəxs işlətməyə başlamış, Əli onun vasitəsi ilə hazırkı satış fakturalarında göstərilmiş malları iddiaçıya sifariş etmiş, mallar da məhz Əliyə təhvil verilmişdir. Sonuncu ilə iddiaçı arasında yazılı müqavilə bağlanmadığı üçün malların dəyəri hazırda cavabdehdən tələb edilir. Halbuki həmin malların cavabdehə hər hansı aidiyyəti yoxdur.
14. Məhkəmə cavabdehin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.
15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
16. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
17. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
18. Materiallardan görünür ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 197/2022 saylı alqı-satqı müqaviləsi imzalanmışdır.
19. İddiaçı hazırda həmin müqavilə üzrə cavabdehdən satın alınmış mallara görə 11302,82 manat pulun tutulmasını xahiş edir.
20. Cavabdeh iddiaya qarşı etiraz edərək iddiaçı tərəfindən ona iddia edilən malların təhvil verilmədiyini, iddiaçıya hər hansı borcunun olmadığını bildirir.
21. Belə ki, iddia ərizəsinə iddiaçının tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutlar qismində yalnız 2 ədəd satış fakturası əlavə edilmiş, həmin sənədlərdə iddiaçı tərəfindən müxtəlif tarixlərdə cavabdehə ümumilikdə 11302,82 manat dəyərində malların təhvil verildiyi göstərilmişdir.
22. Məhkəmə belə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş həmin satış fakturaları mötəbər sübut hesab edilə bilməz.
23. Belə ki, həmin fakturalar cavabdeh tərəfindən imzalanmamış, ümumiyyətlə iddiaçı tərəfindən məhkəməyə cavabdeh tərəfindən iddiaçıya həmin malların sifariş verilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir.
24. Belə ki, sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.
25. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.
26. İşin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçıya ödənilməli olan 11302,82 manat məbləğində borcun tutulması hissəsində iddiaçı tələbini əsaslandıra və bununla bağlı (malların cavabdehə təhvil verilməsini, həmin malların cavabdeh tərəfindən sifariş verilməsini təsdiq edən) hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən iddia təmin edilməməlidir.
27. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Həmin Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 6 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında göstərmişdir ki, MPM-in mülki məhkəmə icraatının həyata keçirilməsinə dair tələblərinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 9.3, 88 və 217-ci maddələri).
30. Konstitusiya Məhkəməsinin Plenumu “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında isə qeyd etmişdir ki, MPMə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz.
31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).
32. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93).
33. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).
34. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 123,91 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 123,91 manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova