Məhkəmə qərarları › İş №e-2-2(113)-7174/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7174/2025

16.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7174/2025 16.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xidmət müqaviləsi üzrə pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, öhdəliyin icrası) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xidmət müqaviləsi üzrə pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı "X3" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli № 153 saylı texniki qiymətləndirmə müqaviləsi üzrə ƏDV daxil olmaqla 5848,08 manat borcun və iddiaçı tərəfindən ödənilmiş 78,49 manat dövlət rüsumu olmaqla, ümumilikdə 5926,57 manat məbləğində borcun Cavabdeh MMC-dən tutularaq onun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (Şirkət) ilə Cavabdeh MMC (Kənar Tikinti Şirkəti) arasında Bakı ş., H.Əliyev pr. 515 ünvanında yerləşən “Bakı Ekspo Mərkəzi”-də quraşdırılmış sərgi pavlyonlarında stendlərin quraşdırılması və sökülməsi üzrə işlərin uyğunluğunun yoxlanılması məqsədilə xx.xx.2024-cü il tarixli № 153 saylı texniki qiymətləndirmə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən idarəetməsində olan “Bakı Ekspo Mərkəzi”-də quraşdırılmış stendin inşaatçısı qismində cavabdehə texniki qiymətləndirmə üzrə xidməti təqdim edir və daxili intizam qaydalarına uyğun olaraq montaj və demontaj işlərinin aparılması və iddiaçıya təqdim olunan xidmətlər üzrə müqaviləyə əsasən müəyyən olunmuş xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli № 153 saylı texniki qiymətləndirmə müqaviləsinin aşağıdakı bəndlərinə əsasən: 1.1 İddiaçı MMC şirkəti nəzdində fəaliyyət göstərən “Bakı Ekspo Mərkəzi" Kənartikinti şirkətinə "Bakı Ekspo Mərkəzi"ndə qeyri-standart və eksklüziv stendin inşaatçısı qismində texniki qiymətləndirmə üzrə xidməti təqdim edir, kənar tikinti şirkəti isə texniki tələblərə və daxili intizam qaydalarına uyğun olaraq montaj və demontaj işlərinin aparılması üzrə öhdəlikləri öz üzərinə götürür. Texniki qiymətləndirmə 1 (bir) sərgi üçün etibarlıdır. 1.2. Kənar tikinti şirkəti "Bakı Ekspo Mərkəzi"nin xidmətlərini qüvvədə olan tariflərə əsasən ödəyir. 2.1.1. Şirkət Kənar tikinti şirkəti tərəfindən təqdim edilmiş texniki sənədləri nəzərdən keçirməyi öhdəsinə götürür. 2.1.2. Şirkət Təşkilatçıların və Kənar tikinti şirkətlərinin bəyan etdikləri quraşdırma planlarının real tikintiyə uyğunluğunu yoxlamağı öhdəsinə götürür. 2.3.6. Kənar Tikinti Şirkəti hazırkı Müqavilənin şərtlərinə uyğun olaraq ödənişi həyata keçirməyi öhdəsinə götürür. 3.2. Kənar tikinti şirkəti texniki qiymətləndirmə üzrə hesablanmış dəyəri quraşdırma işləri başlanana qədər pul vəsaitlərini "X3" MMC-nin hesablaşma hesabına köçürmək yolu ilə ödəyir. 3.4. Kənar tikinti şirkəti sənədləri tam həcmdə təqdim etmədikdə və ya sənədləri hazırkı Müqavilənin 2.3.1-ci bəndinə uyğun olaraq müəyyən edilmiş müddətdən sonra təqdim etdikdə, texniki qiymətləndirmənin dəyəri əsas tarif dərəcəsinin 20%-i qədər artırılır. xx.xx.2024-cü il tarixli № 153 saylı texniki qiymətləndirmə müqaviləsinin 3.1-ci bəndinə əsasən işlərin dəyərinin hesablanma qaydası 51 kv.m.-dək 14 AZN, 51 kv.m.100 kv.m-dək 12 AZN və 101 kv.m-dən yuxarı 10 AZN (qiymətlərə ƏDV daxil deyil) olmaqla müəyyən edilmişdir. Həmçinin, həmin bəndə əsasən hər asma nöqtəsi üçün 35 AZN (ƏDV xaric) haqq müəyyən olunmuşdur. Belə ki, cavabdeh “X1” sərgi həftəsində quraşdırlmış 72 kv.m. stendin qurulması üçün hər kvadratı 12 AZN olmaqla 864 AZN və 6 asma nöqtəsi üzrə hər asma nöqtəsi üçün 35 AZN olmaqla 210 AZN, ümumilikdə həmin sərgi dövrü üçün 1074 AZN (ƏDV xaric) borcu yaranmışdır. Həmçinin, cavabdehin “Caspian Oil and Gas” sərgi həftəsində quraşdırılmış 108 kv.m., 81 kv.m., 30 kv.m. stendlər və 18 asma nöqtəsi üçün ümumilikdə 3102 AZN (ƏDV xaric) (108 m2x10AZN+81m2x12AZN+30x14AZN+18x35AZN=1080AZN+972AZN+420AZN+630AZN =3102AZN) borcu yaranmışdır. Həmçinin, cavabdehin “Caspian Agro/X4” sərgi həftəsində quraşdırılmış 20 kv.m. stendin hər kvadrat metri üçün 14 AZN olmaqla və müqavilənin 3.1ci bəndinə əsasən illik 500 AZN ödəniş olmaqla, ümumilikdə 780 AZN (20x14+500=780AZN)(ƏDV xaric) borcu yaranmışdır. Qeyd edilmiş sahələrin ölçüləri qoşmaya əlavə olunmuş sərgilərin ümumi planı ilə təsdiq olunur. Beləliklə, 3 sərgi dövrü üçün cavabdehin ümumilikdə 4956 AZN (1074 AZN+3102AZN+780 AZN) (ƏDV xaric) və ƏDV daxil olmaqla 5848.08 AZN iddiaçıya ödənilməli borcu vardır. Cavabdehə borcun ödənilməsi üzrə xx.xx.2025-ci il tarixli elektron kargüzarlıq vasitəsilə peretenziya bildirişi göndərilsə də geri dönüş edilməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2,385.1, 421.1, 425.1, 425.2, 442, 443.1-ci maddələrinə istinad olunmuşdur. İddiaçı tərəf məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, lakin məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar: İş materiallarında olan: "X3" MMC ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli № 153 saylı Texniki Qiymətləndirmə xidmətlərinin göstərilməsinə dair müqavilənin 1.1-ci bəndinə əsasən "X3" MMC şirkəti nəzdində fəaliyyət göstərən "Bakı Ekspo Mərkəzi" Kənar tikinti şirkətinə "Bakı Ekspo Markəzi"ndə qeyri-standart və eksklüziv stendin inşaatçısı qismində texniki qiymətləndirmə üzrə xidməti təqdim edir, kənar tikinti şirkəti isə texniki tələblərə ve daxili intizam qaydalarına uyğun olaraq montaj və demontaj işlərinin aparılması üzrə öhdəlikləri öz üzərinə götürür. 1.2-ci bəndinə əsasən texniki qiymətləndirmə 1 (bir) sərgi üçün etibarlıdır. 3.l-ci bəndinə əsasən "X3" MMC-nin xidmətlərinin dəyəri Kənar tikinti şirkəti tərəfindən tikilən sərgi sahəsinin ölçüsündən asılıdır. (bu qiymətlərə ƏDV daxil deyil): 50 kv. metrə qədər 14 manat, 51 kv. metrden 100 kv. Metrə qədər 12 manat, 101 kv. metrdən yuxarı 10 manat, Pavilyonun qarşısındakı küçə, İ kv. Metr üçün 5 manat, hər bir asqı nöqtəsi üçün ödəniş haqqı 35 manat, ölçüsü 15 kv.m, çəkisi 5 kq-dək olan reklam bannerinin asılması ödənişsiz, bir sığorta nöqtəsinin asılması ödənişsiz, illik ödəniş 500 manat. 2.1.1-ci bəndə əsasən şirkət Kənar tikinti şirkəti tərəfindən təqdim edilmiş texniki sənədləri nəzərdən keçirməyi öhdəsinə götürür. 2.1.2-ci bəndə əsasən şirkət Təşkilatçıların və Kənar tikinti şirkətlərinin bəyan etdikləri quraşdırma planlarının real tikintiyə uyğunluğunu yoxlamağı öhdəsinə götürür. 3.2-ci bəndə əsasən kənar tikinti şirkəti texniki qiymətləndirmə üzrə hesablanmış dəyəri quraşdırma işləri başlanana qədər pul vəsaitlərini "X3" MMC-nin hesablaşma hesabına köçürmək yolu ilə ödəyir. 3.4-cü bəndə əsasən Kənar tikinti şirkəti sənədləri tam həcmdə təqdim etmədikdə və ya sənədləri hazırkı Müqavilənin 2.3.1-ci bəndinə uyğun olaraq müəyyən edilmiş müddətdən sonra təqdim etdikdə, texniki qiymətləndirmənin dəyəri əsas tarif dərəcəsinin 20%-i qədər artırılır. 3.6-cı bəndə əsasən yekun hesablaşma ölçmə aktına əsasən faktiki tikilmiş sərgi sahələri nəzərə alınmaqla, tərəflər arasında təqdim edilmiş xidmətlərə dair aktın imzalandığı gündən sonra 5 iş günü ərzində həyata keçirilir. 3.7-ci bəndə əsasən Kənar Tikinti şirkəti aldığı aktı 05 iş günü ərzində imzalamadığı və aktı qəbul etməkdən əsaslandırılmış imtinanı “Bakı Ekspo Mərkəzi”nin ünvanına göndərmədiyi halda xidmətlər qəbul edilmiş hesab edilir və onun dəyəri tam həcmdə ödənilməlidir. 7.1-ci bəndə əsasən müqavilə hər iki tərəfin imzaladığı andan qüvvəyə minir və 31.12.24-cü il tarixinədək qüvvədə qalır. Qarşılıqlı hesablaşmalar baxımından müqavilə onlar tam ödənilədək qüvvədə olur. 18.10.24-cü il tarixli, 24100726 nömrəli, dəyəri 1,267.32 manat, 15.05.24-cü il tarixli, 24050378 nömrəli, dəyəri 920.40 manat, 30.05.24-cü il tarixli, 24051160 nömrəli, dəyəri 3,660.36 manat satış fakturaları göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi üçün "X3" MMC tərəfindən "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC-nin direktoru "X2" MMC-nin Baş Kommersiya İnzibatçısı Riad Salayevə ünvanladığı məktubda xx.xx.2024-cü il tarixli 153 saylı xidmət müqaviləsi üzrə ƏDV daxil olmaqla 5848,08 AZN borc məbləğinin olduğunu qəbul edərək borcun icrası üçün möhlət verilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli, **********29 nömrəli qəbzə əsasən iddiaçı tərəfindən 78,49 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xidmət müqaviləsi üzrə öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, Mülki Məcəllədə xidmət müqaviləsi nəzərdə tutulmasa da, tərəflər arasında olan hazırkı xidmət müqaviləsi Mülki Məcəlləyə zidd olmadığından tərəflər həmin müqaviləni bağlaya bilər və məzmununu müəyyənləşdirə bilərlər. Tərəflər arasında bütün mühüm şərtləri razılaşdırılaraq bağlanmış xx.xx.2024-cü il tarixli № 153 saylı texniki qiymətləndirmə müqaviləsinə əsasən iddiaçı idarəetməsində olan “Bakı Ekspo Mərkəzi”-də quraşdırılmış stendin inşaatçısı qismində cavabdehə texniki qiymətləndirmə üzrə xidməti təqdim etməyi və daxili intizam qaydalarına uyğun olaraq montaj və demontaj işlərinin aparılmasını, cavabdeh isə iddiaçıya təqdim olunan xidmətlər üzrə müqaviləyə əsasən müəyyən olunmuş xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, müqavilədə nəzərdə tutulmuş xidmətlər iddiaçı tərəfindən göstərilsə də, cavabdeh tərəfindən xidmət haqqı iddiaçıya tam ödənilməmişdir. Bununla da, cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəliyi yerinə yetirməmiş, qarşı tərəfin göstərdiyi xidməti qəbul etsə də, şərtləşdirilmiş 5848,08 manat xidmət haqqını ödəməmişdir. Bu fakt iş materiallarındakı sübutlarla (müqavilə, satış fakturaları, borcun olması barədə ərizə) öz təsdiqini tapmışdır. Buna görə də, iddiaçının Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən cavabdehdən xidmət müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin icrasını, görülmüş xidmətin haqqının ödənilməsini tələb etmək hüququ vardır və onun tələbi haqlıdır. Məhkəmə, qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil alınan xidmətlərə görə xidmət haqqı ödəmədiyini, iddiaçının göstərilən xidmətin dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu, cavabdehin borcun etirafı barədə ərizəsini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 5848,08 manat məbləğində əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 78,49 manat pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 5848 (beş min səkkiz yüz qırx səkkiz) manat 08 (səkkiz) qəpik məbləğində borc və ödənilmiş 78 (yetmiş səkkiz) manat 49 (qırx doqquz) qəpik dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar