Məhkəmə qərarları › İş №e-2-2(113)-7185/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-7185/2025

21.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7185/2025 21.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh “X1” MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (alqı-satqı müqaviləsi, elektron qaimə və dəbbə pulu) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Bağırov Ramiz Rauf oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “X1” MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC cavabdeh “X1” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X1” MMC-dən 14415,76 manat məbləğində əsas borc, 2883,15 manat məbləğində dəbbə pulu, 142 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMCnin xeyrinə ödənilməsinə dair qətnamə xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında malların alqı-satqısına dair xx.xx.2021-ci il tarixli № 2729/21M nömrəli müqavilə bağlanmışdır. Mallar qəbul edilərkən alıcı tərəfindən yoxlanılmış, keyfiyyət, miqdar, çeşid fərqi və ya hər hansı bir çatışmazlıq aşkar edilməmişdir. Beləliklə, iddiaçı bağlamış olduğu müqavilənin bütün tələbləri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və malları tam şəkildə alıcıya təhvil vermişdir. Müqavilə şərtləri əsasında mallar alındıqdan sonra Alıcı müqavilə ilə şərtləşdirilmiş şəkildə malların dəyərini ödəməli idi. Elektron qaimələr və “malların təhvilqəbul” aktlarından aydın olur ki, xx.xx.2025-ci il tarixində satıcı tərəfindən 14415,76 manat (ƏDV daxil) məbləğində mallar Alıcıya satılmışdır. Lakin qeyd olunan 14415,76 manat (ƏDV daxil) məbləğində pul vəsaitinin bugünədək Alıcı tərəfindən ödənilməsi həyata keçirilməmişdir. Cavabdehin iddiaçıya olan əsas borcundan əlavə, tərəflər arasında bağlanmış müqavilənin 8.4-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin malın dəyərinin 20%- dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. Beləliklə, ödənilməmiş malların dəyərini 14415,76 manat təşkil edir, həmin məbləğin 20 faizi 2883,15 manat təşkil edir və bu məbləği dəbbə pulu kimi əsas borca hesablasaq, ümumilikdə 17298,91 manat tələb məbləği yaranmışdır.

3. 21 noyabr 2025-ci il tarixdə iddiaçının nümayəndəsi “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə iddia tələbinin azalmasına dair ərizə təqdim edərək, 2883,15 manat məbləğində dəbbə pulunun 5% məbləğində, yəni 720,78 manat məbləğində tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi həmçinin ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirdi.

5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. - 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı MMC (satıcı) ilə “X1” MMC (alıcı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2729/21M saylı alqı-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən, satıcı lıcıya onun sifrişi əsaslnda bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “Qiymətlərin razılaşdırılması protokolunda” göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satır, alıcı isə bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi və malları qəbul etməyi öz öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən, malın adı, miqdarı, ölçü vahidi, qiyməti və digər zəruri xüsusiyyətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Qiymətlərin razılaşdırılması protokolu”nda öz əksini tapmışdır. 2.1-ci bəndinə əsasən, malın qiyməti, təhvil verilməsi müddəti, ödəniş qaydası müddəti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokolu ilə müəyyən edilir. 3.1.1-ci bəndinə əsasən, müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək satıcının hüququdur. 3.4.1-ci bəndinə əsasən, pul məbləğini (malın qiymətini) bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödənildikdən sonra malı qəbul etmək alıcının vəzifəsidir. 5.1-ci bəndinə əsasən alıcı tərəfindən malın dəyərinin ödənilməsi hesab faktura təqdim olunduqdan sonra Azərbaycan Respublikasının milli valyutası olan manatla həyata keçirilir. O cümlədən, satıcı tərəfindən təqdim edilmiş malların dəyərinin ödənilməsi üçün elektron qaimə təqdim ediləcəkdir. Qaiməni alan alıcı tərəfindən təsdiq düyməsi basılıbsa və sonradan lektron vergi sistemində ləğv edilməyibsə bu qaimə üzrə təqdim edilmiş malların alıcı tərəfindən qəbul edilməsi mənasını daşıyacaqdır. 5.4-cü bəndinə əsasən, tərəflərin qarşılıqlı razılaşmasına əsasən, aralarındakı mal dövriyyəsi və borc qalıqları ilə bağlı aylıq, rüblük və illik “qarşılıqlı üzləşmə aktları” tərtib edilə bilər. Üzləşmə aktının olmaması tərəflərin birinin digərinə qarşı olan öhdəliyinin icrasından imtinasına əsas vermir. 8.4-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin malın dəyərinin 20%-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir.

8. İddiaçı MMC tərəfindən “X1” MMC-yə ünvanlanmış MT2504 seriyalı 10184151 nömrəli xx.xx.2025-ci il tarixli elektron qaiməyə əsasən yekun məbləğ 3665,316 manat, MT2504 seriyalı ******* nömrəli xx.xx.2025-ci il tarixli elektron qaiməyə əsasən yekun məbləğ 4339,2612 manat, MT2504 seriyalı 10184149 nömrəli xx.xx.2025-ci il tarixli elektron qaiməyə əsasən yekun məbləğ 3068 manat təşkil edir.

9. Hər iki hüquqi şəxs tərəfindən imzalanmış və iddiaçının möhürü ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli, İ085808 saylı malların təhvil-qəbul aktına əsasən, ƏDV daxil 3422 manat, xx.xx.2025-ci il tarixli, İ085810 saylı malların təhvil-qəbul aktına əsasən ƏDV daxil 3068 manat, xx.xx.2025-ci il tarixli, İ085804 saylı malların təhvil-qəbul aktına əsasən ƏDV daxil 3665,32 manat, xx.xx.2025-ci il tarixli, İ085805 saylı malların təhvil-qəbul aktına əsasən isə 4339,26 manat dəyərində məhsul təhvil alınmışdır.

10. 28.08.2025-ci il tarixli qəbzə əsasən, iddiaçı tərəfindən 142 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

11. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçı qarşısında müqavilə üzrə ona təhvil verilmiş malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir, 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

13. Məhkəmə ilkin olaraq qeyd edir ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Digər tərəfdən qüvvədə olan müki qanunvericilik öhdəliyin icrası ilə bağlı iki prinsip müəyyən etmişdir: lazımı şəkildə icra edilməsi prinsipi və real icra prinsipi. Mülki Məcəllənin 425.1-ci maddəsində öhdəliyin lazımı şəkildə icra edilməsi prinsipi müəyyən edilərək göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yəni, lazımı şəkildə öhdəliyin icrası prinsipi müəyyən edir ki, öhdəlik lazımı subyektlər tərəfindən, lazımı yerdə, lazımı vaxtda, lazımı predmet ilə və lazımı şəkildə icra olunmalıdır.

14. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanan xx.xx.2021-ci il tarixli, 2729/21M saylı alqı-satqı müqaviləsi əsasında iddiaçı üzərinə düşən öhdəliyi lazımı qaydada icra edərək ümumi dəyəri (ƏDV daxil) 14415,76 manat təşkil edən malları cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə öhdəliklərini lazımı qaydada icra etməmiş və təhvil aldığı malların dəyərini ödəməmişdir. Daha sonra iddiaçı tərəfindən cavabdehə MT2504 seriyalı 10184151 nömrəli xx.xx.2025-ci il tarixli, MT2504 seriyalı ******* nömrəli xx.xx.2025-ci il tarixli, MT2504 seriyalı 10184149 nömrəli xx.xx.2025-ci il tarixli elektron qaimələr göndərilərək satılmış malların dəyərinin ödənilməsi tələb olunmuşdur. İddiaçı hazırda müqavilə üzrə ödənilməmiş 14415,76 manat borcun və həmin borca hesablanan cərimənin cavabdehdən tutulması tələbi ilə çıxış edir.

15. "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali MəhkəməsininKommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

16. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında şifahi müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını, nəzərə alaraq hesab edir ki, cavabdehdən cəmi 14415,76 manat məbləğində borc məbləği tutularaq iddiaçıya ödənilməlidir.

17. Bundan əlavə iddiaçı tələbində cavabdehdən 720,78 manat məbləğində cərimə borcunun ödənilməsini irəli sürür.

18. Məhkəmə ilkin olaraq qeyd edir ki, dəbbə pulunun növlərindən biri olan “cərimə” öhdəliyin icra edilmədiyi və ya lazımi qaydada icra edilmədiyi hallarda birdəfəlik sabit pul məbləği, digər növü olan “penya” isə öhdəliyin icra edilməməsinə və ya lazımi qaydada icra edilməməsinə görə pozuntunun davam etdiyi müəyyən vaxt dövrü üçün faiz (və ya sabit məbləğ) formasında müəyyən edilir və pozuntu davam etdikcə penyanın məbləği də artır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləin şərtlərində nəzərdə tutulmuş dəbbə pulu “cərimə” adlandırılsa da, gecikdirmənin hər günü üçün əsas borc məbləğinə faiz kimi müəyyən edildiyindən hesablanma üsuluna görə dəbbə pulunun penya növünə aiddir.

19. Məhkəmə qeyd edir ki, AR Mülki Məcəlləsi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi).

20. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə 720,78 manat məbləğində dəbbə pulu tutulmalıdır.

21. İddiaçı eyni zamanda ödənilmiş 142 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. İddiaçı rüsum ödənişinin həyata keçirilməsi ilə bağlı müvafiq sənədləri məhkəməyə təqdim etdiyindən məhkəmə bu hissədə də tələbi əsaslı hesab edir. V. Nəticə:

24. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh “X1” MMC-dən 14415.76 manat əsas borc, 720.78 manat dəbbə pulu olmaqla, cəmi 15136.54 (on beş min yüz otuz altı manat əlli dörd qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 142 manat pul məbləği tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar