Məhkəmə qərarları › İş №e-2-2(113)-719/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-719/2024

22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-719/2024 22.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, prosessual maraq, tərəflərin qarşılıqlı münasibətlərində yaranan işgüzar praktika, qanuni faiz) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 23 dekabr 2021-ci il tarixli alqısatqı müqaviləsi üzrə 18762 manat borcun, 1641 manat kompensasiyanın və 200 manat mediasiya xərcinin, 750 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında 23 dekabr 2021-ci il tarixli 75-2021 nömrəli malların alqı-satqısı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı nəzərdə tutulan malları müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə göstərilən müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə, qiymətdə və şərtlərlə cavabdehə verməyi, cavabdeh isə malları razılaşdırılmış miqdarda, keyfiyyətdə, çeşiddə, qiymətdə və müvafiq şərtlərlə qəbul etməyi və bunun müqabilində razılaşdırılmış müddətdən gec olmayaraq ödəniş etməyi öhdəsinə götürmüşdür. 2.2. Sözügedən müqavilə əsasında cavabdehə müqavilədə nəzərdə tutulan mallar həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə əks olunan müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə, qiymətdə və müvafiq şərtlərlə təhvil verilmişdir. Belə ki, EBBO 744518 nömrəli elektron qaimə əsasında təhvil verilmiş malların dəyəri tam ödənilsə də, EBBV 140960 nömrəli elektron qaiməyə əsasən, cavabdeh tərəfindən təqdim edilmiş 46138 manat (ƏDV daxil) dəyərində mallar üzrə bu günədək 18762 manat borc ödənməmişdir. 2.3. Bu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəfindən ödəniş həyata keçirilməmişdir. Həmçinin cavabdehdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş məbləğin 5 faizi (illik) olaraq 21 ay üçün 1641 (18672*5/100/12*21) manat kompensasiya tələb edilir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425, 427, 442, 445.7-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi.

6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili qeyd etdi ki, iddiada kompensasiya Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən tələb edilir. Həmçinin borcun tam olaraq ödənilməsi ilə bağlı ilk dəfə mediasiya təklifi göndərilərkən yazılı xəbərdarlıq edilmişdir.

7. Məhkəmə bildirişləri cavabdehin və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində və X1 Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə, hüquqi ünvanına göndərilməklə, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə, telefonoqramlar ötürülməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İddia ərizəsinə əlavə edilən iddiaçı (İcraçı qismində) ilə cavabdeh (Sifarişçi qismində) arasında bağlanmış 23 dekabr 2021-ci il tarixli 75-2021 nömrəli malların alqısatqısı haqqında müqavilənin şərtlərindən görünür ki, «İcraçı» «Sifarişçi»nin tapşırığına əsasən bu müqavilənin ayrılmaz hissəsi olan X3 (və ya Protokollarında) göstərilən malmaterialların markalara, standartlara və digər qeyd olunmuş göstəricilərə uyğun şəkildə Alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür, «Sifarişçi» isə müqavilə ilə nəzərdə tutulan şərtlər əsasında işləri qəbul edib onun qiymətini ödəməyə öhdəsinə götürür (1.1). «İcraçı» malların göndərilməsi üzrə bu müqavilədə nəzərdə tutulan öhdəliklərini yerinə yetirərək və nəqliyyat xərclərini öz üzərinə götürməklə «Sifarişçi»yə malın hazır olan hər bir hissəni elektron qaimə və VHF əsasında təhvil verir (2.1). «Sifarişçi» bu müqavilə üzrə razılaşdırılmış qaydada göndərilmiş malların hazır olan hissəsini təxirəsalınmadan təhviltəslim aktı və ya elektron qaimə faktura əsasında qəbul edir (2.2). Müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) Sifarişçi tərəfindən İcraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 10 (on) bank günündən gec olmamaq şərti ilə aparılır (3.3). Ödənişlər bank köçürmə yolu ilə aşağıda qeyd edilən qaydada mərhələlərlə həyata keçirilir (3.4): bu müqavilə imzalandıqdan sonra «Sifarişçi» «İcraçı»nın hesabına bu müqavilənin ayrılmaz hissəsi olan X3 (və ya Protokollarında) göstərilən ümumi qiymətin 30%-ni avans şəklində ödəyir; Müqavilə qiymətinin qalan 70%-nin ödənişi isə mallar çatdırılmağa hazır olunduqdan, lakin «Sifarişçi»-yə çatdırılmamışdan öncə və ya X2 qeyd olunan digər qaydada hesab-faktura əsasında aparılır (3.5).

12. Məhkəməyə təqdim edilən xx.xx.2021-ci il tarixli EBBO 744518 seriya və nömrəli elektron qaimədən ƏDV daxil olmaqla 15258,57 manat, xx.xx.2022-ci il tarixli EBBV 140960 seriya və nömrəli elektron qaimədən ƏDV daxil olmaqla 46138 manat dəyərində malın cavabdehə təqdim edilməsinin rəsmiləşdirildiyi görünür.

13. İş materiallarında olan ödəniş tapşırıqlarından və icra qeydindən görünür ki, EBBO 744518 seriya və nömrəli elektron qaimə üzrə xx.xx.2022-ci il tarixdə 3000 manat, xx.xx.2022-ci il tarixdə 9000 manat, xx.xx.2022-ci il tarixdə 930,99 manat olmaqla cəmi 12930,99 manat, EBBV 140960 seriya və nömrəli elektron qaimə üzrə xx.xx.2022-ci il tarixdə 5000 manat, xx.xx.2022-ci il tarixdə 5000 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 2500 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 4000 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 1700 manat olmaqla cəmi 23200 manat ödəniş edilmişdir.

14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “ƏDV-nin depozit hesabı” altsistemindən çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 540 manat, xx.xx.2022-ci il tarixdə 1620 manat, xx.xx.2022-ci il tarixdə 167,58 manat, xx.xx.2022-ci il tarixdə 900 manat, xx.xx.2022-ci il tarixdə 360 manat, xx.xx.2023-cü il tarixdə 450 manat, xx.xx.2023-cü il tarixdə 180 manat, xx.xx.2023-cü il tarixdə 720 manat, xx.xx.2023-cü il tarixdə 360 manat, xx.xx.2023-cü il tarixdə 900 manat, xx.xx.2023-cü il tarixdə 306 manat olmaqla ümumilikdə 6503,58 manat ƏDV ödənilmişdir.

15. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 23 dekabr 2021-ci il tarixli 75-2021 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı malın hazır olan hər bir hissəni elektron qaimə və VHF əsasında təhvil verməyi, cavabdeh göndərilmiş malların hazır olan hissəsini təxirəsalınmadan təhvil-təslim aktı və ya elektron qaimə faktura əsasında qəbul edib onun qiymətini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı xx.xx.2021-ci il tarixli EBBO 744518 və xx.xx.2022-ci il tarixli EBBV 140960 seriya və nömrəli elektron qaimələr üzrə ümumilikdə ƏDV daxil olmaqla 61396,57 manat dəyərində malı cavabdehə vermiş, cavabdeh isə həmin malların dəyərindən ƏDV daxil olmaqla cəmi 42634,57 manat ödəniş etmişdir.

16. İddiaçı alqı-satqı müqaviləsinə əsasən verilmiş malların qalıq dəyəri olan 18762 manat pulun ödənilməsini tələb edir.

17. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

18. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

20. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

21. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddiaçı tərəfindən təqdim edilmiş bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

22. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

23. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

24. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

25. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

26. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

27. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub (müqavilənin 3.3-cü bəndi ilə ödəmələrin təqdim edilən sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında ən qısa müddət ərzində, lakin 10 bank günündən gec olmamaq şərti ilə aparılmasının şərtləndirildiyi nəzərə alındığında), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

28. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

29. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir. Digər tərəfdən iddiaçının bir elektron qaimə üzrə ödənişləri tam etməsi, digər elektron qaimə üzrə isə əhəmiyyətli ödənişlər etməsi iddiaçının tələb hüququnun əsaslandığı malların həqiqətən təhvil verildiyini və müqavilə şərtlərinə uyğun olduğunu göstərir.

30. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

31. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

32. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

33. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

34. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

35. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, 23 dekabr 2021-ci il tarixli 75-2021 nömrəli alqı-satqı müqaviləsi üzrə 18762 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Alqı-satqı müqaviləsi üzrə qanuni faizin tutulması tələbi ilə bağlı

36. İddia ərizəsində iddiaçı həmçinin öhdəliyin icrasının gecikdirildiyi vaxt üçün illik 5 faizlə hesablanmaqla 1641 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş edir.

37. Mülki Məcəllənin 427-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər (427.1). Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur (427.2). Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin (427.4).

38. Mülki Məcəllənin 445.2-ci maddəsinə görə, aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi (445.2.1); icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi (445.2.2).

39. Tərəflər arasında imzalanmış 23 dekabr 2021-ci il tarixli 75-2021 nömrəli alqısatqı müqaviləsinin 3.3-cü bəndinə əsasən, müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) Sifarişçi tərəfindən İcraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 10 (on) bank günündən gec olmamaq şərti ilə aparılır.

40. Məhkəmə qeyd edir ki, 23 dekabr 2021-ci il tarixli 75-2021 nömrəli alqı-satqı müqaviləsində malların dəyərinin müvafiq sənədlər təqdim edildikdən sonra 10 gündən gec olmayaraq ödənilməsi şərtləşdirilsə də, tərəflər arasında işgüzar praktika digər qaydada formalaşmış, iddiaçı ödənişlərin hissə-hissə edilməsinə razılıq vermiş, yalnız ödənişlər xx.xx.2023-cü il tarixdən dayandıqdan sonra tədbirlər görmüşdür.

41. Belə olan halda, məhkəmə hesab edir ki, öhdəliyin icrası müddəti kreditorun (iddiaçının) tələbetmə anı əsasında müəyyənləşdirilməlidir.

42. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı müqavilənin qalıq dəyərinin ödənilməsini ilk dəfə cavabdeh xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasının yeri və vaxtı barədə məlumatlandırılarkən tələb etmişdir.

43. Mülki Məcəllənin (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan -xx.xx.2023-cü tarixədək qüvvədə olan redaksiyası) 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

44. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma həmin Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Qərar).

45. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdən iddia tələbinin dəqiqləşdirildiyi xx.xx.2024-cü il tarixədək 134 gün üçün əsas borca (18762 manat) illik 5 faizlə hesablanmaqla 344,40 manat pul (18762*5/100/365*134) Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

46. İddiaçı həmçinin 200 manat mediasiya xərcinin, 750 manat hüquqi yardım xərcinin cavabdehdən tutulmasını xahiş edir.

47. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/MT015/2023-00440-02 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixli sessiyada iştirak etmiş, cavabdeh tərəf iştirak etməmiş və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 200 manat məbləğində pul iddiaçı tərəfindən ödənilmişdir.

48. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, 750 manat məbləğində pulun 825 nömrəli müqavilə üzrə ödənilməsi üçün iddiaçı tərəfindən banka tapşırıq verilmişdir (0352741 nömrəli orderdə istinad edilən 19 oktyabr 2023-cü il tarixli müqavilə)

49. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

50. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

51. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən 4.6-cı maddəsinə əsasən (Məcəllənin iddia ərizəsi məhkəməyə təqdim edilərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

52. Göründüyü kimi, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

53. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

54. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

55. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

56. İş materialları ilə müəyyən olunur ki, malların dəyərinin lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuş, sonrakı razılığa da riayət etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tam olaraq cavabdehdən tutulmalıdır.

57. Digər tərəfdən, məhkəmə kommersiya mübahisələrinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, mediasiya prosesində iştirak, iddia ərizəsi və əlavə olunan sənədlərin çatdırılması) nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq tələb olunan xərc ağlabatandır və cavabdehdən tutulmalıdır.

58. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 750 manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

59. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 23 dekabr 2021-ci il tarixdə bağlanmış 75-2021 saylı alqı-satqı müqaviləsi üzrə 18 762 (on səkkiz min yeddi yüz altmış iki) manat əsas borc, əsas borca illik 5% ilə hesablanmaqla 344 (üç yüz qırx dörd) manat 40 (qırx) qəpik məbləğində pul olmaqla ümumilikdə 19 106 (on doqquz min yüz altı) manat 40 (qırx) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat, hüquqi yardım xərcinin əvəzi olaraq 750 (yeddi yüz əlli) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar