Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7190/2024 05.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, borc, dəbbə pulu və dövlət rüsumu) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, arasında bağlanmış 28 avqust 2023-cü il tarixli, 246-QRTCEC/23 saylı Ehtiyat hissələrinin Satışı müqaviləsinə əsasən yaramış 6.206,57 manat əsas borcun, 1000 manat cərimə məbləğinin, 93 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Satılmıştexnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir. Göstərilən fəaliyyətimizlə əlaqədar Cavabdeh “Qarabag Transport LTD" MMC ilə iddiaçı arasında 28 avqust 2023-cü il tarixli, 246- QRT-CEC/23 saylı Ehtiyat hissələrinin Satışı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə (əlavə 1,əlavə 2 və sair.) göstərilmiş malları “Alıcı”ya satmağı və “Alıcı” isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürür. Sözügedən müqaviləyə və həmin müqavilənin 3 saylı əlavəsinə əsasən Cavabdeh MMC-nin Cəmiyyətimizə bugünki günə 6.206,57 manat məbləğində (ƏDV daxil) borcu mövcuddur. Sözügedən borcun ödənilməsi ilə bağlı qarşı tərəfə 3 saylı əlavə üzrə müvaGiq olaraq xx.xx.2024-cü il tarixli 183342 nömrəli elektron qaimə təqdim edilmişdir. Ehtiyat hissələrinin satışı müqaviləsinin 2.6-cı maddəsinə əsasən “Alıcı” əlavədə göstərilmiş malların dəyərinin 100% hissəsini hesabfaktura təqdim olunduqdan sonra köçürmə yolu ilə 5 (beş) bank günü ərzində “Satıcıya” ödəməlidir. Lakin cavabdeh qeyd olunan 6.206,57 ( altı min iki yüz altı, 57) manat məbləğindəki borcu e-qaimə təqdim edilməsinə baxmayaraq bugünkü günə qədər ödəməmişdir. Beləliklə, cavabdeh “Qarabag,Transport LTD" MMC -nin bu müqavilə üzrə əsas borcu toplamda 6.206,57 manat (ƏDV daxil) təşkil edir. Yekun olaraq qeyd edirik ki, 28 avqust 2023-cü il tarixli, 246-QRT-CEC/23 saylı Ehtiyat hissələrinin Satışı müqaviləsi üzrə “QARABAĞ TRANSPORT LTD" MMC-nin İddiaçı ASC-yə toplam 6.206,57 manat borcu mövcuddur. Bundan əlavə 28 avqust 2023-cü il tarixli müqavilənin 4.1.3-cü maddəsinə əsasən Əgər Alıcıya hesab-faktura təqdim edildikdən sonra mallar üzrə ödəniş ləngiyərsə Alıcı hər ləngimə günü üçün ödəniləcək məbləğin 0.1 %-i həcmində cərimə ödəyəcək. Bu əsas cavabdehin müəssisəmizə əlaqə olaraq 1000 manat cərimə borcu da yaranmışdır. II. Məhkəmə baxışının hədləri:
3. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. - 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
III. Sübutların tədqiqi:
4. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbini irəli sürdüyündən hazırkı iş üzrə sübutetmə predmetinə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmaması, müqavilə predmetini təşkil edən malların satıcı tərəfindən kontragentə təhvil verilib-verilməməsi, alıcının malların dəyərini ödəmək öhdəliyini pozub-pozmamasının müəyyən edilməsi daxildir.
5. İddia ərizəsinə əlavə olunmuş İddiaçı ASC (“satıcı”) ilə Cavabdeh MMC (“alıcı”) arasında bağlanmış xx.xx.2023-cü il tarixində 246-QRT-CEC/23 saylı alqı satqı müqaviləsinə əsasən: Həmin Müqavilənin - 1.1-ci bəndinə “Satıcı”, Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə (Əlavə 1, Əlavə 2 və s.) göstərilmiş bundan sonra “Əlavə”, malları “Alıcı”ya satmağı və “Alıcı” isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürür. - 1.2-ci bəndinə əsasən malların adı, ölçüsü, kəmiyyəti, çatdırılma şərtləri və qiymətləri bu əlavələrdə göstərilib. Malların təhvil verilməsi hər iki tərəfin imzaladığı təhvil-təslim aktına uyğun olaraq həyata keçiriləcək - 2.1-ci bəndinə əsasən “Alıcı” lazımı malları “Satıcı”ya sifariş edir. - 2.2-ci bəndinə əsasən “Satıcı” sifarişi qəbul etdikdən sonra “Alıcı”ya onun istəyindən asılı olaraq bir və ya bir neçə variantda malların ölçüsünü, çatdırılma müddətini və qiymətlərini əks etdirən təkliflərini göndərir. - 2.3-cü bəndinə əsasən Alıcı bu təkliflərdən özünə daha uyğun olanı seçir və malların adını, kəmiyyətini, ölçüsünü və qiymətini yazılı şəkildə təsdiqləyir və tərəflər əlavələri imzalayırlar. - 2.5-ci bəndinə əsasən Müvafiq razılaşma olduğu təqdirdə, “Satıcı” malların “Alıcı”ya çatdırılmasını həyata keçirə bilər. Malların “Alıcı”ya çatdırılması ödəniş tam icra edildikdən sonra həyata keçirilir. - 2.6-cı bəndinə əsasən “Alıcı” sifarişin əlavədə göstərilmiş dəyərinin 100% hissəsini avans olaraq hesab-faktura olunduqdan sonra 5 bank günü ərzində “Satıcı”ya köçürmə yolu ilə ödəməlidir. - 4.1.2-ci bəndinə əsasən alıcı Müqaviləyə əsasən vaxtında ödəniş etməlidir. - 4.1.3-cü bəndinə əsasən əgər “Alıcı”ya hesab-faktura təqdim olunduqdan sonra həmin mallar üzrə ödəniş ləngiyərsə, “Alıcı” hər bir ləngimə günü üçün ödəniləcək məbləğin 0.1 %-i həcmində cərimə ödəyəcək. Müqavilə satıcının və alıcının imzası və möhürü ilə təsdiq edilmişdir.
6. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli qarşılıqlı hesablaşmalar üzrə akt ilə təsdiq edilir ki, xx.xx.2024-cü il tarixinə "xxxx" MMC-nin "X2" ASC-yə kreditor borcunun məbləği 9,725.77 manat təşkil edir.Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
7. 18 sentyabr 2024-cü il tarixli 089/CEC/24 saylı maliyyə arayışından görünür ki, borclu ilə "X2" ASC arasında olan 9 081.14 manat məbləğindəki əsas, 1 634.61 manat məbləğindəki ƏDV məbləği üzrə olan maliyyə dövriyyəsi üzrə borclu tərəfindən, 28 avqust 2023-ci il tarixli, 246- QRT-CEC/23 saylı müqaviləsi üzrə 3 838.98 manat məbləğində əsas, 151.02 manat məbləğində ƏDV ödənişi və 440.00 manat əsas, 79.20 manat malların geri qaytarılması həyata keçirilmişdir.Hazırkı maliyyə arayışının tərtib edildiyi günə isə borclunun ümumi olaraq 4 802.16 manat məbləğində əsas, 1 404.39 manat məbləğində isə ƏDV olmaqla ümumilikdə 6 206.55 manat məbləğində yekun borcu yaranmışdır.
8. İddiaçı tərəfindən cavabdehə EBDZ 183342 nömrəli xx.xx.2024-cü il tarixli 8731,36 manat məbləğində elektron qaimə göndərilmişdir.
9. İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə pretenziya məktubu ilə müraciət edilərək, alqısatqı müqaviləsi üzrə yaranmış 6206,57 manat məbləğində borcun 5 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
8. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
IV. MƏHKƏMƏNİN MÖVQEYİ
11. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
12. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixində 246-QRT-CEC/23 saylı alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək malları cavabdehə təqdim etmişdir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmişdir. Hal-hazırda "xxxx" MMC-nin qeyd edilən müqavilə üzrə İddiaçı ASC-yə olan borcu 6206,57 manat təşkil edir. Qeyd edilən hal iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq ediliş alqı-satqı müqaviləsi, cavabdehin direktoru tərəfindən imzalanmış təhvil-təslim aktları və maliyyə arayışı ilə təsdiq olunur.
13. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 6206,57 manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini və iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 6206,57 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
14. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 1000 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
15. Göründüyü kimi Cavabdeh MMC-nin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.
16. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 300 manat məbləğində müəyyən edilməlidir.
17. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
18. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 93 manat təşkil edir.
19. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 85,06 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh MMC-dən 6206,57 manat əsas borc məbləği, 300 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 85,06 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
X4