Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7201/2024 04.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cəmi 8.589,11 manat əsas borc, 847 manat dəbbə pulu, cəmi 9.436,11 manat pulub və 114,36 manat dövlət rüsumu olmaqla, ümumilikdə 9.550,47 manat məbləğin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında K2023-0021 nömrəli, xx.xx.2023 - ci il tarixli müqavilə bağlanmışdır. Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanan K2023-0021 nömrəli, xx.xx.2023 - ci il tarixli müqavilənin 5.4-cü bəndinə görə “Razılaşdırılmış müddət ərzində mal/malların dəyəri ödənilmədikdə satıcı onun ödənilməsini alıcıdan tələb etmə hüququna malikdir. Alıcı malların satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün Satıcı-ya vaxtında ödəmədiyi məbləğin 0.1%-i (ümumi məbləğin 10%-dən artıq olmamaq şərti ilə) məbləğində dəbbə pulu ödəyir.” Nəticə etibarilə Cavabdeh MMC-in müqavilə üzrə İddiaçı MMC-yə 8.589,11 manat əsas borc, 847 manat dəbbə pulu, cəmi 9.436,11 manat məbləğində borcunun olması müəyyən edilmişdir və həmin məbləğ Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
II. Tərəflərin mövqeləri:
3. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər, lakin iddiaçı tərəf məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, K2023-0021 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.
10. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı İddiaçı MMC hazırki müqavilənin əlavələrində göstərilən materialları alıcı Cavabdeh MMC-nin mülkiyyətinə verməyi, alıcı isə malı qəbul etməyi və onun əvəzində malın satış qiymətini müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür.
11. Müqavilə hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur.
12. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
13. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.
14. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBDR seriyalı, 681396 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 6.564,58 manat və EBDR seriyalı 681542 nömrəli xx.xx.2023-cü il tarixli dəyəri 2.024,53 manat olan elektron qaimələr göndərilmişdir.
15. Yuxarıda sadalanmış elektron qaimələrin sadə riyazi hesablama ilə ümumi məbləği 8.589,11 manat təşkil edir.
16. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli borcların qarşılıqlı üzləşdirilməsi haqqında aktdan görünür ki, Cavabdeh MMC xx.xx.2024-cü il tarixə 8.589,11 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. Akt hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur
17. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndinin şərtləri (Təhvil-təslim icra olunduqdan sonra satıcı tərəfindən alıcıya elektron qaiməfaktura göndərilir.), yəni tərəflərin özlərinin mal mübadiləsinin elektron qaimələr üzərindən həyata keçirilməsi də, nəzərə alındığında elektron qaimələrdə qeyd edilmiş dəyərdə olan mallar iddiaçı tərəfindən cavabdehə verilmişdir.
18. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.
19. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə dəyəri 8.589,11 manat olan mallar verilmiş və alıcının da, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.
20. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddiaya etiraz etməmiş, qeyd edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir.
21. Ona görə də, Məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin olunmalı, 8.589,11 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
22. Məhkəmə 847 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
23. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrin 5.4-cü bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən alıcı malların satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə gecikdirmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0,1 %-i məbləğində dəbbə pulu ödəməlidir.
24. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
25. Hazırkı işin hallarından görünür ki, cavabdehin 8.589,11 manat əsas borcuna münasibətdə 430 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
26. Məhkəmə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 114,36 manat məbləğində pulun tələb olunması ilə bağlı aşağıdakıları qeyd edir.
27. İş materiallarına əlavə olunmuş iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi barədə məlumat” qrafikindən görünür ki, xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 114,36 manat məbləğində pul iddiaçı tərəfindən dövlət büdcəsinə ödənmişdir.
28. Lakin, Məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənməli olan dövlət rüsumunun məbləği 110,09 manat təşkil edir.
29. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
30. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli K2023-0021 saylı müqaviləyə əsasən əsas borc üzrə 8.579 (səkkiz min beş yüz yetmiş doqquz) manat, 11 (on bir) qəpik, cərimə borcu üzrə 430 (dörd yüz otuz) manat olmaqla, cəmi 9.009 (doqquz min doqquz) manat, 11 (on bir) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 110 (yüz on) manat, 09 (doqquz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov