Məhkəmə qərarları › İş №e-2-2(113)-7222/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-7222/2022

07.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7222/2022 07.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlu İddiaçı X1 Cavabdeh MMC-yə qarşı “pul vəsaitinin, özgəsinin əmlakından qanunsuz istifadəyə görə dəymiş zərərin əvəzinin, əldən çıxmış fayda, dəbbə pulunun və gecikdirilmiş vaxt üçün illik beş faizin tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən məhrum edildiyi 13,8 kv.m sahənin əvəzi olaraq bazar qiyməti 2000 AZNdən hesablanmaqla 27600 manat pul vəsaitinin, özgəsinin əmlakından qanunsuz istifadəyə və şəxsi mülkiyyətdən məhrumetmə faktına görə 27000 manat, əldən çıxmış faydanın ondan məhrum edildiyi bütün dövr üçün hər aya 213 manat olmaqla 19 ay üçün 4047 manat, eləcə də mənəvi ziyan olaraq 27000, həmçinin pozuntuya görə 1350 manat dəbbə pulunun və gecikdirilmiş vaxt üçün illik 5 faizin, yəni 1350 manat, məhkəmə üçün ödənilmiş rüsumun və vəkil üçün ödənilmiş 410 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddia ərizəsi və iş materialları araşdırılarkən məlum oldu, hazırki mübahisəyə məhkəmə aidiyyatı üzrə kommersiya məhkəməsində baxılmalı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 11-ci bəndinə görə isə o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Hüquq münasibətlərinin xarakteri baxımından isə kommersiya mübahisəsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmalıdır. Məhkəmə onu vurğulamağı zəruri hesab edir ki, iddia iki elementdən ibarətdir: predmet və əsas. İddianın predmetini - mübahisəli hüquq münasibətlərindən yaranan iddiaçının cavabdehə konkret maddi hüquq tələbi, əsasını isə həmin tələbi şərtləndirən hüquqi faktlar təşkil edir. Bütün hüquqi faktlar iddianın faktiki əsasını təşkil edir. Müəyyən bir şəxsə yönəlmiş hər bir tələb müəyyən faktiki və hüquqi əsaslara söykənməlidir. Qanun hüquq münasibətinin əmələ gəlməsi,dəyişməsi və ya xitamını hüquqi faktlarla bağlayır. Kommersiya mübahisələri - əmlak məzmunlu olan mübahisələrdir, yəni bir şəxsin digər şəxsə olan əmlak tələbi və ya pozulmuş əmlak hüququnun müdafiəsi barəsində tələbdir. Kommersiya mübahisəsinin ikinci əlaməti onun sahibkarlıq fəaliyyəti ilə əlaqəsi və ya subyekt tərkibidir. Hazırki iş üzrə iddiaçı vergi ödəyicisi kimi dövlət qeydiyyatından keçməklə fərdi sahibkar və cavabdeh hüquqi şəxs olsa da, aralarında yaranmış mübahisənin predmetini “mənzilin alğı-satqısı” barədə 07 aprel 2021-ci il tarixli müqavilə və müqavilə üzrə cavabdehin tərəfindən öhdəliklərin lazımı qaydada icra edilməməsi təşkil edir. Beləliklə də, tərəflər arasında yaranmış mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməmişdir.Odur ki, işə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə geri qaytarılır. Bundan əlavə iş materiallarından məlum olur ki, iddiaçı tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eyni zamanda pretenziya cavabdehə qanunvericiliklə nəzərdə tutulmuş qaydada elektron formada deyil, adi qəbz vasitəsilə çatdırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. AR MPM-in 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir). Həmin Məcəllənin 152.1.4-cü maddəsinin tələbinə görə, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi geri qaytarılır. Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçı tərəfindən hazırki tələblə ümumi məhkəməyə müraciət olunmalıdır. İddia ərizəsi verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı X1 Cavabdeh MMC-yə qarşı “pul vəsaitinin, özgəsinin əmlakından qanunsuz istifadəyə görə dəymiş zərərin əvəzinin, əldən çıxmış fayda, dəbbə pulunun və gecikdirilmiş vaxt üçün illik beş faizin tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar