Məhkəmə qərarları › İş №e-2-2(113)-7224/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-7224/2022

09.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7224/2022 09.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Qasımov Fərrux Hüseynağa oğlu İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 13,8 kv.m sahənin əvəzi olaraq bazar qiyməti 2000 manat hesablanmaqla 27600 manat pul vəsaitinin, özgəsinin əmlakından qanunsuz istifadəyə və şəxsi mülkiyyətindən məhrumetmə faktına görə 27000 manat, əldən çıxmış faydanın məhrum edilən bütün dövr üçün hər aya 213 manat olmaqla 19 ay üçün 4047 manat, habelə, mənəvi ziyan olaraq 27000 manat, həmçinin, 1350 manat dəbbə pulunun və gecikdirilmiş vaxt üçün illik 5%, yəni 1350 manat məbləğinin, məhkəmə üçün ödənilmiş rüsumun və vəkil üçün ödənilmiş 410 manat məbləğinin Cavabdeh MMCdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçı tərəfindən iddia ərizəsinə onun fərdi sahibkar statusunun, yəni, vergi ödəyicisi kimi qeydə alınmasını təsdiq edən hər hansı bir sübut əlavə olunmamışdır. Həmçinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat” bölməsində İddiaçı aid VÖEN müəyyən edilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) həmin Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarının 11-ci bəndində qeyd olunmuşdur ki, ... MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin qərarın 13-cü bəndində qeyd olunur ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İddia ərizəsi üzrə cavabdehdən pul vəsaitinin tutulması xahiş olunsa da, iş materiallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə 07 aprel 2021-ci il tarixli müqavilə üzrə cavabdehin öhdəliklərinin icra olunmaması və nəticədə iddiaçıya ziyan vurulması ilə əsaslandırılmışdır. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 07 aprel 2021-ci il tarixli müqavilə istehlak üçün nəzərdə tutulmuş mənzillə bağlıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. 13.1 və 13.1.2-ci maddələrinə əsasən yaşayış sahələrinə mənzil, mənzilin hissəsi aiddir. Mənzilin alqı-satqısı ilə bağlı tərəflər arasında 07 aprel 2021-ci il tarixdə bağlanmış müqavilədən irəli gələn münasibətlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə kimi qiymətləndirilə bilməz. İddiaçı aidiyyatla bağlı məsələni onunla əsaslandırmışdır ki, “tərəflər arasında bağlanmış müqavilənin 6.2-ci bəndinə əsasən mübahisənin həlli qaydası ilə bağlı tərəflər məhkəməyə qədərki prosedurların uğursuz olduğu halda işin məhkəməyə həlli üçün 1 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsini seçiblər. Buna görə də mübahisə barədə pretenziya və mübahisənin həlli qaydasına əməl edildikdən sonra hazırda Bakı Kommersiya Məhkəməsinə müraciət edilir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində ərazi aidiyyatının dəyişdirilməsi ilə bağlı tərəflərə hüquq verilsə də (40.2-ci maddə – tərəflər öz aralarındakı saziş ilə işi ərazi aidiyətini dəyşdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır.), məhkəmə aidiyyatı ilə bağlı münasibətləri tənzimləyən 3-cü fəsildə belə bir norma nəzərdə tutulmamışdır. Əksinə, “Aidiyyat qaydalarının dəyşdirilməsinə yol verilməməsi” adlanan 31ci maddədə qeyd olunmuşdur ki, aidiyyat qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1 və 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, eyni məzmunlu ərizə ilə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar