Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7235/2025 29.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: müəyyən edilmiş taarifdən artıq ödəmə, əsassız varlanma Bakı Kommersiya Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN FAKTİKİ HALLARİ
1. İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixdə PMD-27/12/17-856 PMD100/18 saylı daşınmaz əmlakın icarə və idarəetməyə verilməsi haqqında müqavilə imzalanmış, həmin müqavilənin predmetinə əsasən mülkiyyətçi ("xxxx" MMC) siyahısı bu müqavilənin müvafiq Əlavələrində göstərilən obyekt(lər)i idarə edənin (iddiaçının) icarəsinə və idarəetməsinə verir və idarə edəni obyekt(lər)in səlahiyyətli idarəedicisi və icarə agenti kimi təyin edir, idarə edən isə bununla müvafiq təyinat, səlahiyyət, hüquq və öhdəlikləri bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə qəbul edir. Müqaviləyə 1.139 saylı Əlavə ilə icarə və idarəetməyə verilən Obyekt qismində ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 7667,3 kv.m olan çoxmərtəbəli yaşayış binası (“Ambassador Suites”) göstərilmişdir.
2. İddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixli qaz paylayıcısı və sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə imzalanmış, müqavilənin predmetinə əsasən, paylayıcı (cavabdeh) bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını (ərizəçini) keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin: 2.1. 3.1-ci və 3.2-ci bəndlərinə əsasən, Bu müqavilə üzrə qazın qiyməti AR Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 m3 üçün 0,20 manat məbləğində müəyyən edilir. Qazın qiyməti, qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimləndiyindən, bu Müqavilə bağlandıqdan sonra qiymət dəyişikliyi tərəflər arasında mübahisələndirilə bilməz və hər iki tərəf üçün məcburidir.
3. Tərəflər arasında bağlanmış Qarşılıqlı Hesablaşmalar haqqında Üzləşdirmə Aktlarında iddiaçının 30 iyun 2022-ci il tarixə 825 manat, 31 dekabr 2022-ci il tarixə 4581,74 manat, 31 dekabr 2023-cü il tarixə 4820,25 manat məbləğində qalıq borcu mövcuddur.
4. Bundan başqa, cavabdeh tərəfindən iddiaçıya müvafiq olaraq aylar üzrə hesablanmış borcun məbləğinə dair hesab-fakturalar və elektron-qaimələr göndərilmişdir.
5. Cavabdeh tərəfindən iddiaçıya aşağıdakı məzmunda xx.xx.2025-ci il tarixli cavab məktubu göndərilmişdir: “Müraciətiniz əsasında Birliyin Abonentlərin uçotu sistemində ünvan 1 ünvanında yerləşən yaşayı binasının qazanxanasına aid **********00000 abonent kodu üzrə tarif məlumatlarında dəyişiklik aparılmış və 2025-ci ilin yanvar ayından təbii qazın dəyərinin hesablanması, AR Tarif (qiymət) Şurasının 29 dekabr 2024-cü il tarixli 18 nömrəli qərarına əsasən, “Çoxmənzilli yaşayış binalarının mərkəzi isitmə və isti su ilə təchiz edilməsi məqsədilə təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər üçün 16,5 qəpik olmaqla” aparılır. Müraciətinizdə qeyd olunan əvvəlki dövrlər üzrə tarif fərqinə əsasən hesablamaların aparılması məsələsi ilə bağlı qeyd edtmək istəyirik ki, köhnə illərin hesabat dövrü yekunlaşdığı üçün bu əməliyyatın aparılması mümkünsüzdür”.
MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
6. İddiaçı tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2018-ci il tarixli, Asan 5/161 №-li müqaviləyə əsasən, 2021-ci ilin noyabr ayından 2024-cü ilin dekabr ayına qədər ƏDV daxil 22906,52 manat borc məbləği, 5258,96 manat gecikmə faizi, hüquqi yardımın alınmasına görə çəkilmiş 170 manat, vəkil orderinə görə ödənilmiş 300 manat və dövlət rüsumuna görə ödənilmiş 175.91 manat məbləğin, ümumilikdə 28811.39 manat məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında “Daşınmaz əmlakın icarə və idarəetməyə verilməsi haqqında” xx.xx.2017-ci il tarixli, PMD-27/12/17- 856 PMD100/18 saylı müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən,“Mülkiyyətçi siyahısı bu Müqavilənin müvafiq əlavələrində göstərilən Obyekt(lər)i İdarə edənin icarəsinə və idarəetməsinə verir və İdarə edəni Obyekt(lər)in səlahiyyətli idarəedicisi və icarə agenti kimi təyin edir, İdarə edən isə bununla müvafiq təyinat, səlahiyyət, hüquq və öhdəlikləri bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə qəbul edir.” Sözügedən müqaviləyə xx.xx.2021-ci il tarixli, 1.139 saylı Əlavəyə əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 7667.30 kv.m. olan,“Ambassador Suites” adlıçoxmərtəbəli yaşayış binası İddiaçı MMC-yə icarəyə və idarəetməyə verilmişdir. Belə ki, iddiaçı və cavabdeh arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2018-ci il tarixli, Asan 5/161 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci maddəsinə əsasən, “Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.” xx.xx.2018-ci il tarixli müqavilənin 3.1-ci və 3.2-ci maddələrinə əsasən, “Bu Müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 m3 üçün 0.20 manat məbləğində müəyyən edilir. Qazın qiyməti, qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimləndiyindən, bu Müqavilə bağlandıqdan sonra qiymət dəyişikliyi tərəflər arasında mübahisələndirilə bilməz və hər iki tərəf üçünməcburidir.” Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının xx.xx.2021-ci il tarixli, 13 nömrəli qərarına əsasən, Çoxmənzilli yaşayış binalarının mərkəzi isitmə və isti su ilə təchiz edilməsi məqsədilə təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər üçün təbii qazın tarifi 1 m3 üçün ƏDV daxil 0,165 manat müəyyən edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının xx.xx.2024-cü il tarixli, 18 nömrəli qərarına əsasən də, Çoxmənzilli yaşayış binalarının mərkəzi isitmə və isti su ilə təchiz edilməsi məqsədilə təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər üçün təbii qazın 1 m3 üçün ƏDV daxil 0,165 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının yuxarıda qeyd olunan qərarlarından da aydın şəkildə göründüyü kimi, xx.xx.2021-ci il tarixindən etibarən çoxmənzilli yaşayış binaları üçün 1 m3 üçün ƏDV daxil 0,165 manat olmuşdur. ünvan 1 ünvanında yerləşən “Ambassador Suites” də çoxmənzilli yaşayış binası hesab olunmasına baxmayaraq, Cavabdeh tərəfindən həmin çoxmənzilli yaşayış binası üçün qazın qiyməti 1 m3 üçün ƏDV daxil 0,165 manat yox, 0.25 manat hesablanmışdır. Bu isə həm Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının yuxarıda qeyd olunan qərarlarına, həmçinin xx.xx.2018-ci il tarixlimüqavilənin 3.1 və 3.2-cimüddəalarına ziddir. xx.xx.2018-ci il tarixli müqavilənin və AR Tarif (qiymət) Şurasının yuxarıda qeyd olunan qərarlarına əsasən, xx.xx.2021-ci il tarixindən etibarən “Ambassador Suites” yaşayış binası üçün qazın qiyməti 1 m3 üçün ƏDV daxil 0.165 manat hesablanmalı idi. Qeyd edək ki, sözügedən yaşayış binasının qazanxanasında istifadə olunan qazın dəyərinin tarifinin dəyişdirilməsi və əvvəlki dövrlər üzrə tarif fərqinə əsasən hesablanmaqla İddiaçı MMC-nin balansına qaytarılması məqsədilə iddiaçı tərəfindən Cavabdehnə xx.xx.2024-cü il tarixli, FMG-01.24.525 saylı və xx.xx.2024-cü il tarixli, FMG-xx.xx.1043 saylı pretenziya məktubları göndərilmişdir. Cavabdeh tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli, 14-2-2/2-258/2025 saylı cavab məktubunda qeyd edilmişdir ki, 2025-ci ilin yanvar ayından etibarən təbii qazın dəyərinin Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının xx.xx.2024-cü il tarixli, 18 №-li qərarına əsasən, 1 m3 üçün ƏDV daxil 0,165 manat olmaqla hesablanması ilə bağlı dəyişiklik edildiyi qeyd olunmuşdur. Həmçinin, cavab məktubunda cavabdeh köhnə illərin hesabat dövrü yekunlaşdığı üçün əvvəlki dövrlər üzrə tarif fərqinə əsasən hesablamaların aparılmasının və artıq ödənilən məbləğin geri qaytarılmasının mümkünsüz olduğunu bildirilmişdir. Nəticə etibarilə də, cavabdeh tərəfindən əvvəlki dövrlər üçün artıq ödənilmiş məbləğ həm etiraf edilmiş, həm də həmin məbləğin geri qaytarılmasından çox absurd bir bəhanə ilə imtina edilmişdir. 2021-2024-cü il dövrü üçün “Ambassador Suites” tərəfindən cəmi 269488,52 m3 qaz sərf olunmuş və hər 1 m3 qaz üçün qiymət 0.25 manat hesablanmışdır. Nəticədə, iddiaçı tərəfindən cavabdehə 2021-2024-cü il dövrü üçün sərf olunan 269488,52 m qaz üçün ümumilikdə 67372,13 manat ödənilmişdir. Halbuki, yuxarıda qeyd olunan qərarlara əsasən, qazın qiyməti 1 m3 üçün ƏDV daxil 0.165 manat olduğunu nəzərə alsaq, iddiaçı tərəfindən cavabdehə 2021-2024 dövrü üçün ümumilikdə 44465,61 manat ödənilməli idi. Belə olan halda cavabdehin iddiaçıya, ümumilikdə 22906,52 manat əsas borcu yaranmışdır. Bununla əlaqədar cavabdehə növbəti dəfə xx.xx.2025-ci il tarixli, FMG-01.25.054 saylı müraciət ünvanlanaraq əvvəlki dövrlər üzrə tarif fərqinə əsasən hesablamaların və istifadə olunan sərfiyyat ilə əvəzləşdirmənin aparılması xahiş edilmişdir. Lakin, xx.xx.2025-ci il tarixli, №14-2-2/2-1706/2025 saylı cavab məktubunda da, daha öncəki cavab məktublarında da olduğu kimi köhnə illərin hesabat dövrü yekunlaşdığı üçün əvvəlki dövrlər üzrə tarif fərqinə əsasən hesablamaların aparılmasının və artıq ödənilən məbləğin geri qaytarılmasının mümkünsüz olduğu bildirilmiş və əvvəlki dövrlər üçün artıq ödənilən məbləğ qaytarılmaqdan imtina edilmişdir. Bildiririk ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə heyətinin 22 yanvar 2025-ci il tarixli qərarı ilə uçot dərəcəsi 7.25% olaraq müəyyənləşdirilmişdir. Pul məbləğinin ödənilməsinin gecikdirildiyi müddəti (2021-ci ilin noyabr ayından 2024-cü ilin dekabr ayınadək-38 ay) nəzərə aldıqda, cavabdeh 22906,52 manat borc məbləğinin 7.25%-i həcmində, yəni 5258,96 manat gecikmə faizi tətbiq olunmuşdur. Nəticədə, cavabdeh tərəfindən ödənilməli 22906,52 manat əsas borc məbləği, 5258,96 manat gecikmə faizi olmaqla, ümumilikdə 28165.48 manat ümumi borc məbləği yaranmışdır.
b) İddiaya qarşı etirazın dəlilləri
8. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
9. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
10. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
11. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
12. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
13. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
14. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
16. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
17. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
18. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 18.1.1. 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 18.1.2. 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”:
19. 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir.
20. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının xx.xx.2021-ci il tarixli, 13 nömrəli Qərarı:
21. 1-ci və 2-ci bəndlər. Təbii qazın ölkədaxili tarifləri təsdiq edilsin (əlavə olunur). Bu qərarın cədvəl bölməsinin 5-ci, 6-cı və 7-ci sətirləri üzrə tariflərə təbii qazın nəqli ilə bağlı xərclər daxildir.
22. Cədvəlin 6.2.1-ci bəndi. Çoxmənzilli yaşayış binalarının mərkəzi isitmə və isti su ilə təchiz edilməsi məqsədilə təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və sıxılmış təbii qazın (CNG) satışını həyata keçirən qazdoldurma məntəqələri üçün təbii qazın ölkədaxili tarifləri (Tariflər (ƏDV ilə, manat/min m3)) – 165 manat.
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının xx.xx.2024-cü il tarixli, 18 nömrəli Qərarı:
23. 1-ci 2-ci və 3-cü bəndlər. Təbii qazın ölkədaxili tarifləri təsdiq edilsin (əlavə olunur). Bu qərarın cədvəl bölməsinin 3-cü, 4.1.1-4.1.3-cü, 4.2.1-4.2.5-ci və 5-ci sətirləri üzrə təsdiq olunmuş tariflərə təbii qazın nəqli və saxlanması ilə bağlı xərclər (tariflər) daxildir. Bu qərarın cədvəl bölməsinin 4.1.1-ci, 4.1.2-ci və 4.1.3-cü sətirlərində illik istehlak həcmi təbii qazın bir təqvim ili ərzindəki istehlak həcmidir.
24. 6-cı bənd. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 2021-ci il 16 oktyabr tarixli 13 nömrəli Qərarı bu qərar qüvvəyə mindiyi tarixdən ləğv edilsin.
25. Təbii qazın ölkədaxili tarifləri cədvəlinin 4.2.1-ci bəndi. Çoxmənzilli yaşayış binalarının mərkəzi isitmə və isti su ilə təchiz edilməsi məqsədilə təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər və "xxxx" Açıq Səhmdar Cəmiyyəti min m3 – 165 manat (ƏDV ilə). Azərbaycan Rüspublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir
29. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
MƏHKƏMƏNİN MÖVQEYİ
31. Məhkəmə iddiaçının vəkili və nümayəndəsini dinləyərək və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən əsaslıdır.
32. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
33. Qeyd edilən müddəadan da (MM-nin 386.1-ci maddəsi) göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya qanundan əmələ gəlməklə əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır) və ya özgə işlərinin tapşırıqsız aparılması ilə, ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.
34. Tərəflər arasında təbii qazın alqı-satqısına dair öhdəlik hüquq münasibətlərinin yaranması və mövcud olması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.2-ci bəndində də göstərilir ki, istehlakçı - alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxs;.
35. İş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixli qaz paylayıcısı və sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmış və cavabdeh tərəfindən iddiaçıya mübahisələdirilən dövr üzrə (2021-ci ilin noyabr ayından 2024-cü ilin dekbar ayınadək) hər hesab-fakturalar və elektron qaimə-fakturalar göndərilmiş, həmin sənədlərə əsasən iddiaçı tərəfindən ödənişlər edilmişdir.
36. Həmçinin, iş materiallarına əlavə edilmiş hesab-faktura və elektron qaiməfaktura əsasında təqdim edilmiş hesabtlardan görünür ki, mübahiləndirilən dövr üzrə təbii qazın satış dəyəri 1 m3 üçün 0,25 manat əsas götürülərək iddiaçıya təqdim edilmişdir.
37. Halbuki, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının xx.xx.2021-ci il tarixli, 13 nömrəli Qərarı ilə təsdiq edilmiş təbii qazın ölkədaxili tarifləri Cədvəlinin 6.2.1-ci bəndinə əsasən çoxmənzilli yaşayış binalarının mərkəzi isitmə və isti su ilə təchiz edilməsi məqsədilə təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və sıxılmış təbii qazın (CNG) satışını həyata keçirən qazdoldurma məntəqələri üçün ölkədaxili tarifləri (Tariflər (ƏDV ilə, manat/min m3)) – 165 manat, yəni 1 m3-nin qiyməti 0,165 (16,5 qəpik) manat müəyyən edilmişdir.
38. Həmçinin, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının xx.xx.2024-cü il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş təbii qazın ölkədaxili tarifləri cədvəlinin 4.2.1-ci bəndinə əsasən çoxmənzilli yaşayış binalarının mərkəzi isitmə və isti su ilə təchiz edilməsi məqsədilə təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər və "xxxx" Açıq Səhmdar Cəmiyyəti üçün təbii qazın 1 m3-nin qiyməti yenə də 0,165 (16,5 qəpik) manat müəyyən edilmişdir.
39. Eləcə də, iş materiallarında olan Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışla müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 7667,3 kv.m.-dən ibarət daşınmaz əmlakın növü “Çoxmərtəbəli yaşaş binası” kimi müəyyən edilməklə, tam mülkiyyət hüququ ilə "xxxx" MMC-nin adına dövlət qeydiyyatına alınmışdır (iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış PMD-27/12/17-856 PMD100/18 saylı müqaviləyə əsasən iddiaçıya icarə və idarə etmə məqsədilə verilılmişdir).
40. Şərh edilənlərdən də göründüyü kimi, tərəflər arasında təbii qazın alqı-satqısına dair müqavilə üzrə öhdəlik münasibətləri yarandığı və davam etdiyi halda, eləcə də iddiaçı “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2021-ci il tarixli 13 nömrəli Qərarı ilə ilə təsdiq edilmiş “manat təbii qazın ölkədaxili tarifləri Cədvəlinin 6.2.1-ci bəndinə əsasən çoxmənzilli yaşayış binalarının mərkəzi isitmə və isti su ilə təchiz edilməsi məqsədilə təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və sıxılmış təbii qazın (CNG) satışını həyata keçirən qazdoldurma məntəqələri üçün ölkədaxili tarifləri (Tariflər (ƏDV ilə, manat/min m3)) – 165 manat, yəni 1 m3-nin qiyməti 16,5 qəpik müəyyən edildiyi halda, iddiaçı cavabdeh tərəfindən təqdim edilmiş hesab-faktura və elektron qaiməfakturalar əsasında təbii qazın 1 m3 üçün 0,25 manat əsas götürülərək ödəniş etmişdir.
41. Göründüyü kimi, müqavilə üzrə və ölkə üzrə müəyyən edilmiş təbii qazın vahid taarif qiymətinə uyğun olaraq iddiaçının öhdəliyi istifadə etdiyi 1 m3 üçün 0,165 manat həddində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən təqdim edilmiş hesabatlara əsasən xx.xx.2021-ci il tarixdən 2025-ci il dekabr ayınadək itfadə etdiyi təbii qaza görə hər m3 üçün 0,085 manat olmaqla, cəmi 21205,85 manat artıq ödəniş etməsi iddiaçının müqavilə üzrə öhdəliyindən kənar ödəniş hesab edilməlidir. Cavabdeh isə həmin ödənişi iddiaçıdan qəbul etməklə əsassız olaraq varlanmışdır.
42. Məhkəmə qeyd edir ki, təbii qazın satış qiyməti ölkə üzrə tənzimlənən qiymət olduğundan onun dəyərini tərəflər özləri deyil, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müvafiq qərarları ilə müəyyən edilməklə müqavilədə əks olunur. Hər bir istehlakçı qrupu üçün müəyyən edilmiş vahid taarif qiyməti isə həmin istehlakçının aldığı təbii qazın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyinin həddini müəyyən edir. Həmin öhdəlikdən kənar ödəniş isə hquqi əsas olmayan ödəniş olduğundan əsassız varlanma hesab edilməklə iddiaçıya qaytarılmalıdır. Mülki Məcəllənin 439.4-cü maddəsində də göstərilir ki, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
43. Məhkəmə hesab edir ki, iddia tələbi 5258,96 manat hissədə əsassız olduğundan təmin edilmir. İddiaçı həmin pul vəsaitinin MM-nin 449.1-ci maddəsinə əsasən bank uçot dərəcəsinə uyğun olaraq, 2021-ci ilin noyabr ayından 2024-cü ilin dekabr ayınadək olan dövr üzrə tələb edir.
44. Məhkəmə əvvəla qeyd edir ki, iddiaçının iddia ərizəsi ilə tələb etdiyi 22906,52 manat pul 2021-ci ilin noyabr ayından 2024-cü ilin dekabr ayınadək 38 ay üzrə istifadə edilmiş təbii qazın sərfiyyatına uyğun olaraq hissə-hissə ödənildiyi halda, iddiaçı yalnız 2025-ci ilin yanvar ayı üzrə müəyyən edilmiş bank uçot dərəcəsini əsas götürərək faiz qismində pul tələb edir.
45. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarının xx.xx.2009-cu il tarixli qərarında qeyd edili ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.
46. Konstitusiya Məhkəməsinin müəyyən etdiyi hüquqi mövqeyindən də görünür ki, onun pul vəsaitini qanusuz saxlayanılması, qaytarılmasından boyun qaçırılması, habelə ödənilməsinin digər şəkildə gecikdirilməsi nəticəsində bank uçot dərəcəsinə əsasən pul tələb edən iddiaçı həmin pul vəsaitindən cavabdehin gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etməsini sübuta yetirirməlidir. Lakin iddia qeyd edilən məsələ ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Odur ki, iddia həmin hissədə təmin edilməməlidir.
47. Məhkəmə həmçinin hesab edir ki, hüquqi xidmət xərci cavabdehdən tutularaq iddiaçıya qaytarılmalı, ödənilmş dövlət rüsumu isə iddianın təmin edilməsi nisbətində tərəflərə aid edilməlidir.
48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. 2021-ci ilin noyabr ayından 2024-cü ilin dekabr ayına qədər ƏDV daxil 21205,85 manat borc, hüquqi yardımla bağlı ödənilmiş 300 manat vəkil xərci və ödənilmiş dövlət rüsumunun 153,86 manat hissəsi, cəmi 21659,71 manat məbləğində pul Cavabdeh İB-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 21,14 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Pərviz Zamanlı