Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7245/2025 09.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “Holcim (Azərbaycan)” ASC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, mal göndərmə müqaviləsi, dəbbə pulu) X3 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “Holcim (Azərbaycan)” ASC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı “Holcim (Azərbaycan)” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən aldığı məhsullarına görə 18254,6 manat pulun, borcun gecikdirilməsinə görə 2830,7 manat məbləğinin, dövlət rüsumu qismində ödənilmiş 154 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə Holcim (Azərbaycan) ASC arasında bağlanmış bağlanmış O000860187 saylı, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə müqavilədə qeyd edilmiş məhsulları təchiz etməyi, cavabdeh isə bu məhsul və xidmətləri həmin müqavilədə və onun əlavələrində göstərilən qiymət və şərtlərlə qəbul edərək dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehlə iddiaçı arasında bağlanmış Beton təchizatına dair O001827889 saylı, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə müqavilədə qeyd edilmiş məhsulları təchiz etməyi, cavabdeh isə bu məhsul və xidmətləri həmin müqavilədə və onun əlavələrində göstərilən qiymət və şərtlərlə qəbul edərək dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilmiş müqavilələrə əsasən cavabdeh malın dəyərini 30 (otuz) gün müddətində iddiaçıya ödəməlidir. Cavabdeh Müqavilə 1 üzrə borcunun 283,20 manat hissəsini ödəməmişdir. Cavabdeh Müqavilə 2 üzrə borcunun 17971,40 manat hissəsini ödəməmişdir. Cavabdehə göndərilmiş malların satılması barədə elektron qaimələr təsdiq edilmişdir. Tərəflər arasında imzalanmış 28 iyul 2025-ci il tarixli üzləşmə aktında cavabdehin iddiaçıya ümumi borcunun 18 254,6 manat təşkil etməsi göstərilmişdir. Cavabdehə dəfələrlə edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq cavabdeh təhvil aldığı məhsulların dəyərini ödəməmişdir. Müqavilə 1-in 9.2-ci maddəsinə görə ödənişin gecikdirildiyi hər günə görə əsas borcdan 0.1% cərimə hesablanır. Həmin müqavilə üzrə hesablanmış cərimə məbləği 422,3 manat təşkil edir. Müqavilə 2-nin 9.1-ci bəndində ödənişi gecikdirildiyi hər günə görə əsas borcdan 0.1% qədər cərimənin ödənilməsi qeyd olunur. Həmin bəndə əsasən hazırkı tarixədək cavabdehə hesablanan cərimənin məbləği 2408,4 manat təşkil edir. Hər iki müqavilə üzrə cavabdehə hesablanmış ümumi cərimə məbləği 2830,7 manat təşkil edir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 385.1, 442, 443.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş, məhkəmənin suallarına cavab olaraq borcun əsas 2 e-qaimə üzrə yarandığını, artıq betonları qaytarmadığını, beton təchizatına dair müqavilənin 2025-ci il tarixdə bağlandığını bildirmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: “Alıcı” Cavabdeh MMC ilə “Satıcı” “Holcim (Azərbaycan)” ASC arasında bağlanmış ********** saylı, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən Satıcı 3-cü maddədə göstərilən və gələcəkdən Mal adlandırılacaq sement növünü Alıcıya satır, Alıcı isə Malı alır dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, Malın qəbul məntəqəsi müqaviləyə edilən əlavələrdə və ya yük nəqliyyat qaimələrində göstərilir. Müqavilənin 3.3-cü bəndinə əsasən, Müqavilə dövründə alınacaq arzu olunan miqdarı: Sement kisə 1000 ton təşkil edir. Müqavilənin 4.1-ci bəndinə əsasən, ödəniş şərtləri alıcı tərəfindən alınacaq hər Malın dəyərini vergilər daxil olmaqla əvvəlcədən Satıcının bank hesabına ödəmə yolu ilə həyata keçirilir. Müqavilənin 7.1-ci bəndinə əsasən, müqavilə xx.xx.2020-ci il tarixdə qüvvəyə minir xx.xx.2021-ci il tarixədək qüvvədədir. Müqavilənin 9.2-ci bəndinə əsasən, Alıcı müqavilənin şərtlərinə uyğun olaraq malı vaxtında qəbul etməli və dəyərini ödəməlidir. Alıcı bu müqavilədə göstərilən müddətdən hər gecikdirildiyi günə əsas borcdan 0,1% qədər cərimə ödəməlidir. Mal taxta altlıqlarla təchiz olunarsa, aldığı hər bir taxta altlığı işlək vəziyyətdə geri qaytarılmalı, əks halda geri qaytarılmayan hər bir taxta altlığa görə “Qiymət” əlavəsində qeyd olunan məbləğdə pul vəsaitini Satıcı tərəfindən təqdim edilmiş qaimə əsasında 5 gün ərzində Satıcıya ödəməlidir. xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə Əlavə №1 – dən görünür ki, tərəflər “Qaradağ Optimal kisə” ƏDV daxil tonu 124,96 manata, “Qaradağ Spesial kisə” ƏDV daxil tonu 139,95 manata, “Altlıqlar” ƏDV daxil 28,32 manata razılaşmışlar. “Alıcı” Cavabdeh MMC ilə “Satıcı” “Holcim (Azərbaycan)” ASC arasında bağlanmış ********** saylı, xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən təchizatçı sifarişçinin sifariş etdiyi məhsul və xidmətləri satmağı, sifarişçi isə bu məhsul və xidmətləri bu müqavilədə və onun əlavələrində göstərilən qiymət və şərtlərlə qəbul edərək dəyərini ödəməyi öz üzərinə götürür. 1.2-ci bəndə əsasən müqavilə üzrə əlavə razılaşmalarda və ya əlavə edilmiş qiymət siyahısında göstərildiyi kimi bu müqavilə və müqavilə üzrə əlavələrdə məhsullar anlayışına beton, qoruyucu beton və ya əhəng məhlulu daxildir. Xidmətlərə isə məhsulların daşınması, beton nasosuyla betonun verilməsi və digər xidmətlər daxildir. 2.1-ci bəndə əsasən müqavilə 14 mart 2025-ci il tarixdən qüvvəyə minir və bu sənədin müddəaları nəticəsində xitam verilməzsə 14 mart 2026-cı il tarixinə qədər qüvvədə qalır. 3.2-ci bəndə əsasən qiymətə ƏDV daxil deyil, ƏDV kvotaya və elektron qaimə verildiyi vaxt qüvvədə olan qanunvericiliyə uyğun fakturalaşdırılır və ödənilir. 5.1-ci bəndə əsasən məhsul və xidmətlər üzrə elektron qaimə məhsul və xidmətlərin satın alındığı təqvim ayının son gününü keçməmək şərtilə gündəlik əsasda verilir. 9.1-ci bəndə əsasən əgər sifarişçi elektron qaimənin dəyərini ödəniş tarixinin sonuna qədər ödəməzsə, təchizatçı öz mülahizəsinə uyğun olaraq ödənilməli ümumi məbləğə tətbiq olunmaqla, son tarixdən ödəniş anına qədər hesablanmaqla hər gecikmiş təqvim gününə görə 0,1% dəbbə pulu tətbiq edə bilər. Dəbbə pulu məbləği məhdudlaşdırıla bilməz. ********** saylı, xx.xx.2025-ci il tarixli müqaviləyə 1 nömrəli Əlavəyə əsasən 1.avto pompa (32 -56 m) 50 m3 qədər 350 manat, 50 m3-dan yuxarı qiymətə daxildir. 2.Yer pompası 100 kub metr qədər 700 manat (ədv xaric), 100 kub metr-dan yuxarı hər 6m/kub metr. 3. 10 kub metr-dən az olan həcmlər üçün daşınma tarifi 1 reys (tam maşın həcmi 10 kub metr) kimi hesablanacaq. 1 reys 60 manat (ədv xaric). 4. Əgər boşaltma ərazisində boşaltma sürəti ilə əlaqədar beton qarışdırıcılarının dayanma vaxtı 30 dəqiqədən artıq olarsa, hər gecikdirilən saata 30 manat (ədv xaric) elektron qaimə təqdim olunacaq. 5. Su keçirimsizlik xüsusiyyətini təmin etmək üçün 4 azn/kub metr beton qiymətlərinə əlavə ediləcək. 6. Ödəniş müddəti: elektron qaimənin təqdim edildiyi tarixdən 30 gün ərzində elektron qaimənin məbləği ödənilməlidir. 7. Kredit limiti 50 000 AZN məbləği keçəmək şərti ilə təchizatçı sifarişçiyə mal verə bilər. Göndərilən qaimələrin siyahısından görünür ki, iddiaçı tərəfindən cavabdehə ödənişlər edilməsi üçün EBBE seriyalı, 157689 nömrəli, xx-xx-2021-ci il tarixli, 10 ədəd altlıqların dəyəri ƏDV daxil 283,2 manat, MT2503 seriyalı, 11734524 nömrəli, xx-xx-2025ci il tarixli, 132 kub metr beton B25 adlı malın dəyəri ƏDV daxil 17971,4 manat olan elektron qaimə-fakturalar göndərilmişdir. “Holcim (Azərbaycan)” ASC-nin baş mühasibi Əliabbas Salahov, Cavabdeh MMCnin direktoru Nümayəndə2 tərəfindən imzalanmış 28 iyul 2025-ci il tarixli üzləşmə aktına əsasən Cavabdeh MMC-nin “Holcim (Azərbaycan)” ASC-yə 28 iyul 2025-ci il tarixinə olan ümumi borc məbləği 18254,60 manat (ƏDV daxil) təşkil edir. xx.xx.2025-ci il tarixli, **********04 nömrəli qəbzə əsasən iddiaçı tərəfindən 145 manat məbləğində dövlət rüsumu ödənmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 593.1-ci bəndə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, satıcı alıcıya əşyanı tarada və (və ya) qabda verməlidir, amma xarakterinə görə taralaşdırılması və (və ya) qablaşdırılması tələb olunmayan əşya istisna təşkil edir. 593.2-ci bəndə əsasən əgər alğı-satqı müqaviləsində taraya və qaba aid tələblər müəyyənləşdirilməyibsə, əşya belə mal üçün adi üsulla, belə üsul olmadıqda isə bu cür əşyaların adi şəraitdə salamatlığını təmin edən üsulla taralaşdırılmalı və (və ya) qablaşdırılmalıdır. 593.3-cü bəndə əsasən əgər qanunla müəyyənləşdirilmiş qaydada taraya və (və ya) qaba aid məcburi tələblər nəzərdə tutulmuşdursa, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya əşyanı həmin məcburi tələblərə uyğun gələn tarada və (və ya) qabda verməlidir. 595.1-ci bəndə əsasən alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 632.3-cü maddəsinə əsasən əgər göndərmə müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı göndərilməsi gecikdirilmiş malların qəbulundan mal göndərənə bildiriş verməklə imtina edə bilər. Alıcı mal göndərənin bildirişi aldığı vaxtadək göndərdiyi malları qəbul etməyə və ödəməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilə. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqavilələrə uyğun olaraq razılaşdırılmış dəyərdə beton məhsulunu və malın təchiz olunduğu taxta altlıqları təhvil vermiş, lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini tam yerinə yetirməyərək təhvil verilmiş malların və taxta altlıqların dəyərini müəyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (qaimələr, üzləşmə aktı) tapmışdır. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı sementin dəyərini, həmçinin müqavilə şərtinə əsasən verdiyi taxta altlıqların dəyərini tələb etmək hüququ yaranmışdır. Məhkəmə qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etməyərək təhvil aldığı beton məhsulların dəyərindən 17971,40 manat və altlıqların dəyərindən 283,20 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını, beton məhsulunun və altlıqların dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasını, tərəflər arasındakı üzləşmə aktını nəzərə alaraq hesab edir ki, beton məhsullarına və altlıqlara görə cəmi 18254,6 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, iddiaçı cavabdehdən hər iki müqavilə üzrə 2830,7 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələrdə (9.1, 9.2-ci bəndlər) ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 900 manat müəyyən olunmalıdır. Həmçinin iddia qismən təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 145 manat dövlət rüsumunun 147,46 manatının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 18254,6 manat əsas borc, 900 manat cərimə olmaqla, ümumilikdə 19154 (on doqquz min yüz əli dörd) manat 60 (altmış) qəpik pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 147 (yüz qırx yeddi) manat 46 (qırx altı) qəpiyin əvəzi tutularaq iddiaçı “Holcim (Azərbaycan)” ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-7245/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7245/2025
09.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver