Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7249/2022 21.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 Saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə (açar sözlər: ölkədən getmək hüququnun məhdudlaşdırılması) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, Maraqlı şəxs vəkili Vəkil iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 Saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 Saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" MMC-nin (VÖEN **********) dövlət büdcəsinə olan ümumilikdə 11356,22 manat vergi borcunun ödənilməsini təmin etmək üçün onun rəhbəri Maraqlı şəxs barəsində (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, Seriya və nömrəsi –AZE ********, xx xxxxx 1979-cu il təvəllüdlü) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" MMC (VÖEN **********) vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə xx.xx.2022-ci il tarixə vergilər üzrə 9.588,89 manat və faizlər üzrə 1.767,33 manat olmaqla, ümumilikdə 11.356,22 manat məbləğində vergi borcu yaranmışdır. Yaranmış borc məbləğlərinin 5 (beş) gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən müvafiq tarixli və nömrəli vergi borcunun ödənilməsinə dair borc bildirişi göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən ərizəçinin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə iclasinda Maraqlı şəxs vəkili Vəkil izahat verərək, ərizənin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
III. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.
7. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir Maddə 93. 93.1. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: - 355-5. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. - Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. - 355-7. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. - Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. - İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir.
IV. Məhkəmənin mövqeyi:
9. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən rədd edilməlidir.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli sorğusu əsasında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilən hesablamanın əsası barədə məlumatda qeyd olunur ki, “Ərizədə qeyd olunan borc məbləği 11.356,22 manat təşkil edir. Borc dövrünün əsası 2021-ci il (dövr ili əhatə edir) üzrə analoji qaydada hesablanmış mənfəət vergisindən və həmin borca hesablanmış faiz borcundan ibarətdir. Hesablamanın əsasına gəldikdə isə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 1989-2014-cü maliyyə illəri üzrə yaranmış və xx.xx.2021-ci il tarixə mövcud olan 57630486,38 manat dəyərində ümidsiz debitor borcları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 649s nömrəli sərəncamına əsasən silinmişdir. Eyni zamanda qeyd edilmişdir ki, “Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********727700 nömrəli xidməti məktububnun icrası ilə əlaqədar vergi ödəyicisi "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli, **********175900 nömrəli uyğunsuzluq məktubu göndərilmişdir. "xxxx" QSC-nin xx.xx.2021ci il tarixə mövcud olan ümidsiz debitor borcların silindiyi, kameral vergi yoxlaması ilə silinmiş debitor borcun satışdankənar gəlir hesab edilməklə aparıldığı, vergi ödəyicisinin uyğunsuzluğun aradan qaldırılması ilə bağlı təsdiqedici sənədlər və 2021-ci ilin mənfəət vergi bəyannaməsi təqdim edilməmişdir. Eyni zamanda "xxxx" MMC-nin "xxxx" QSC-yə olan 192333,9 manat kreditor borcunun silinməsini nəzərə alaraq yuxarı vergi orqanına təsdiq üçün xx.xx.2022-ci il tarixdə, ********* nömrəli risklə müraciət olunmuşdur. Yuxarı vergi orqanına göndərilmiş risk təsdiq edildikdən sonra kameral vergi yoxlaması ilə 0.06.2022-ci il tarixdə **********168500 nömrəli “Analoji hesablama barədə” Qərar qəbul edilmişdir”.
11. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin vəkili Vəkil maraqlı şəxsin icra orqanının rəhbəri olduğu "xxxx" MMC ilə "xxxx" QSC arasında heç bir icra olunmamış öhdəliyin olmadığını, artıq 10 ildən çoxdur sonuncu ilə hər hansı müqavilə bağlamadığını, iş və xidmətlər göstərmədiyini bildirmişdir.
12. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 1989-2014-cü maliyyə illəri üzrə yaranmış və xx.xx.2021-ci il tarixə mövcud olan 57630486,38 manat dəyərində ümidsiz debitor borcları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 649s nömrəli sərəncamına əsasən silinmişdir. Hazırda da, ərizəçi "xxxx" MMC-nin "xxxx" QSC-yə olan 192333,9 manat kreditor borcunun silinməsinə və silinmiş debitor borcun satışdankənar gəlir hesab edilməklə aparıldığına istinad edərək ərizənin təmin edilməsini xahiş edir.
13. Bununla bağlı məhkəmə qeyd edir ki, ərizəçinin ərizəsində qeyd etdiyi və hazırda da, Şəki İnzibati Məhkəməsində mübahisələndirilən borc məbləği "xxxx" QSC ilə "xxxx" MMC arasında mövcud olmuş münasibətlər əsasında hesablanmış və qeyd edilən münasibətlər də, məhz 1989-2014-cü illəri əhatə etmişdir. Vergilər Məcəlləsinin 85.4, 93.1.1 və 93.1.3-cü maddələrinin tələblərinə görə 5 il müddətin keçdiyini də, nəzərə alaraq, məhkəmə hesab edir ki, 13 Saylı Ərazi Vergilər İdarəsi "xxxx" MMC-dən tələb edilən 11.356,22 manat məbləğində vergi borcu “ümidsiz borc” kateqoriyasına aiddir. Buna görə də, həmin borc görə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbirinin tətbiqi, o cümlədən hüquqi şəxsin rəhbərinin ölkədən çıxış hüququnun məhdudlaşdırılması yolverilməzdir.
14. Beləliklə, ərizəçinin irəli sürdüyü faktiki hallar onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi ərizəçinin tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
15. Bundan başqa məhkəmə qeyd edir ki, Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
16. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X2 (X3) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 26 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqelərə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır... Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə işə baxarkən hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.
17. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məsələn, Battista İtaliyaya qarşı, № 43978/09, 2014-cü il 2 dekabr tarixli qərarı; Xlyustov Rusiyaya qarşı, № 28975/05, 2013-cü il 11 iyul tarixli qərarı)
18. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olubolmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır.
19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı iş” üzrə qərarında göstərilmişdir ki, nə vergi orqanları, nə də ölkədaxili məhkəmələr ərizəçiyə səfər qadağası tətbiq etmədən öncə sözügedən vergi borcunu almağa cəhd etmiş, xüsusilə də iddia edilən vergi borcunun ərizəçilərin bank hesablarında olan puldan tutulmasını və ya ərizəçinin məhkəmə prosesində açıq-aydın tələb etməsinə baxmayaraq ona məxsus hər hansı digər aktivlərə həbs qoyulmasını düşünmüşlər. Hökumət ərizəçinin 7,385 manat pulun bank hesablarında olmasına dair məlumatına etiraz etməmişdir.
20. Bu baxımdan məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. V. Nəticə:
21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrinİ rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 Saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş ərizə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Kənan Hüseynov