Məhkəmə qərarları › İş №e-2-2(113)-725/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-725/2023

27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-725/2023 27.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi Mehdiyeva Hafizə Etibar qızının katibliyi iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə (Cavabdeh MMC VÖEN **********) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən 1394,63 manat xidmət haqqı borcu, 110 manat hüquqi yardıma görə ödəniş, 60 manat mediasiya xərcinin İddiaçı MMCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" Şirkəti ilə "xxxx" MMC arasında sənədlərin və bağlamaların nəql edilməsi və çatdırılması xidmətinə dair 22 yanvar 2010-cü il tarixli müddətsiz xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 4.3-cü bəndinə əsasən şirkət tərəfindən yerinə yetirilən sənədlərin və bağlamaların göndərilməsi və çatdırılması haqqının ödənilməsi hər təqvim ayının sonunda şirkətin təqdim etdiyi müvafiq sənədə əsasən, yəni invoys, hesab faktura təqdim edildikdən sonra 30 (otuz) gün ərzində bank köcürməsi yolu ilə həyata kecirilməli, əks təqdirdə hər kecən gün üçün invoys məbləğinin 0,3% həcmində cərimə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulmuşdur. Lakin müqavilənin qeyd olunan bəndinin tələbləri cavabdeh tərəfindən pozulmuşdur. Belə ki: təqdim edilmiş 06 avqust 2019-cü il tarixli 537\19 saylı hesab-faktura ilə 2019-cu ilin iyul ayında göstərilmiş xidmət üçün cavabdehə verilmiş invoys üzrə 320,39 manat məbləğində xidmət haqqı ödəniş müddəti pozulmaqla bu günə kimi şirkətə ödənilməmişdir. Nəticədə şirkətə xeyli ziyan vurulmuşdur. Müqavilənin 5.2-ci maddəsinə görə cəmiyyət şirkətin xidmət haqqının vaxtında ödənilməsinə görə məsuliyyət daşıyır. Həmçinin xidmət haqqı məbləğləri vaxtında ödəmədiyinizə görə hər keçən gün üçün müqavilə şərtinə uyğun olaraq ödənilməmiş məbləğin 0,3% məbləğində cərimə hesablanır. Yəni: təqdim edilmiş- 06 avqust 2019-cü il tarixli 537\19 saylı invoys üzrə xx.xx.2019-cu ildən xx.xx.2022-ci il tarixədək olan dövr üçün 320,39 x 0,3% =0,96 manat x 1119 günə (3 il 24 gün)= 1.074,24 manat məbləğində xidmət haqqı ödənişini gecikdirməyə görə hesablanmış cərimə faizi ödənilməlidir. Nəticədə şirkətə 1 394,63 manat məbləğində ziyan vurulmuşdur. Bundan 320,39 manat xidmət haqqı borcu və 1 074,24 manat isə xidmət haqqı ödənişini gecikdirməyə görə hesablanmış cərimə faizidir. Bundan başqa, mübahisənin məhkəmədənkənar həlli ilə bağlı mediasiyaya müraciət edilmiş, cavabdeh "xxxx" MMC mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Mediasiyanın keçirilməsi ilə bağlı iddiaçı tərəfindən mediasiya təşkilatının hesabına 60 manat mediasiya xərci, 110 manat hüquqi yardım üçün vəkilə ödənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd etmişdir ki, müqavilə davam edən müqavilədir. Cavabdeh tərəfindən digər müqavilələr üzrə də mütəmadi ödənişlər olmuşdur. Lakin bu müqavilə üzrə ödənişləri gecikdirmişdir. Müqavilə ləğv edilməmiş, həmçinin müqavilə də qüvvədədir. İddia müddətinin tətbiqi üçün əsaslar yoxdur qanunvericiliyə ziddir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı tərəf özü də iddia ərizəsi ilə təsdiq edir ki, müqavilə üzrə ödənilməyən son tarixdən, yəni 2019-cu ilin iyul ayından 3 il 4 aydan sonra, yəni xx.xx.2022-ci il tarixdə onun müqavilə üzrə hüquqlarının pozulması barədə cavabdehə rəsmi mediasiya təklifi göndərmişdir və bununla da iddiaçı öz iddia müddətini hər hansı bir üzürlü səbəb olmadan ötürmüşdür. Halbu ki, AR MM-nə əsasən müqavilə üzrə iddia müddəti 3 ildir. Cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. İş materiallarında olan: “icraçı” İddiaçı MMC “sifarişçi” Cavabdeh MMC olmaqla imzalanmış 22 yanvar 2010cu il tarixli sənədlərin və bağlamaların daşınması üzrə xidmət müqaviləsinə əsasən “icraçı” “sifariçi”yə aşağıda qeyd olunmuş xidmətləri təqdim edir. Dünya üzrə DHL şirkəti şəbəkəsinin əhatə etdiyi ərazilərdə sənədlərin və bağlamaların qəbulu, nəql edilməsi və çatdırılması. Xarici ölkələrdən Azərbaycana göndərilən sənədlərin və bağlamaların Bakıda yerləşən məntəqələrə nəql edilməsi və çatdırılması. 4.3-cü bəndə əsasən “sifarişçi” “icraçı”ya sənədlərin və bağlamaların göndərilməsi və çatdırılması xidmət haqqını, “icraçı” tərəfindən təqdim olunan müvafiq sənədə əsasən (invoys təqdim olunandan sonra 7-yeddi gün ərzində) bank köçürülməsi yolu ilə həyata keçirilməlidir, əks təqdirdə hər keçən gün üçün invoys məbləğinin 0.3% həcmində cərimə sanksiyaları tətbiq olunacaq. 8.1-ci bəndə əsasən təqdim olunan müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 8.3 bəndində göstərilən şərtləri nəzərə almaqla 1 il ərzində qüvvədə qalır və hər hansı bir dəyişilik olmazsa uzadılır. 8.3-cü bəndə əsasən müqaviləyə xətm verilməsi haqqında 30 təqvim günü qabaqcadan yazılı surətdə digər tərəfə xəbər verməlidir. Tərəflərin müqaviləyə xətm verməsi qarşılıqlı öhdəliklərin tam olaraq yerinə yetirməsindən sonra mümkündür. Təqdim olunan müqavilə Azərbaycan Respublikası qanunvericiliyinə əsasən tərtib edilmişdir. TC 537/19 saylı 06 avqust 2019-cu il tarixli hesab-fakturaya əsasən İddiaçı MMC tərəfindən 271,52 manat xidmət haqqı, 48,87 manat ƏDV olmaqla ümumilikdə 320,39 manat Cavabdeh MMC-yə təqdim edilməsi üçün tərtib edilmişdir. EAAY seriyalı 160415 nömrəli xx.xx.2019 tarixli elektron qaiməyə əsasən 320,39 manat poçt xidməti haqqı İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün tərtib edilmişdir. Cavabdeh MMC-yə İddiaçı MMC tərəfindən göndərilmiş pretenziya məktubunda 320,39 manat məbləğində xidmət haqqı, 1.074,24 manat isə xidmət haqqının gecikdirilməsinə görə hesablanmış cərimə faizinin ödənilməsi qeyd edilmiş 10 gün müddətində borcun ödənilməsi tələb edilmişdir. Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2022 tarixli MŞB/16-0238 saylı mediasiya arayışında xx.xx.2022 tarixində mediasiyanın tətbiqi barədə təklifin göndərilməsi qeyd edilmişdir. xx.xx.2022 tarixli 204OPXO223530645 saylı ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən 60 manat mediasiya xərci ödənilmişdir. xx.xx.2022 tarixli 64683 saylı ödəniş tapşırığına əsasən 110 manat vəkil haqqı Bakı şəhəri 2 saylı Vəkil Bürosunun bank hesabına köçürülmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında sənədlərin və bağlamaların nəql edilməsi və çatdırılması xidmətinə dair müqavilə imzalanmış, müqavilə əsasında iddiaçı tərəfindən işlər görülmüş qarşı tərəfə bununla bağlı hesab-fakturalar təqdim edilmişdir. İddia tələbində iddiaçı 1.394,63 manat xidmət haqqı borcunun ödənilməsini tələb etsə də həmin məbləğdən 320,39 manat xidmət haqqı borcu, 1.074,24 manat isə xidmət haqqı ödənişini gecikdirməyə görə hesablanmış cərimə faizidir. Hazırda cavabdeh iş üzrə iddia müddətinin tətbiq edilməsini, iddiaçı isə müqavilənin qüvvədə olmasını, bununla bağlı olaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hesab-faktura, elektron qaimə və eləcə də digər sübutlarla iddia ərizəsinin əsaslı olması öz təsdiqini tapır. Bundan əlavə cavabdeh tərəf iddiaçı tərəfindən xidmətin göstərilməməsini və ya iddia tələbində qeyd edilən məbləğdən daha az dəyərində xidmət göstərildiyini qeyd etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi iş materialları ilə sübuta yetirilir. Bununla belə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyindən ərizəyə münasibət bildirilməsi zəruridir. Belə ki, cavabdeh qeyd olunan ərizədə bildirmişdir ki, iş üzrə 3 illik iddia müddəti tətbiq edilməlidir. AR Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizəni əsas götürərək, hesab edir ki, iş üzrə iddia müddəti tətbiq edilməli və iddia rədd edilməlidir. Digər tərəfdən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia müddətinin tətbiqi barədə ərizəyə etiraz edərək qeyd etmişdir ki, cavabdeh tərəfindən mütəmadi olaraq ödənişlər olmuş, müqavilə münasibətləri davam etmiş, müqavilə hazırda da qüvvədədir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Məhkəmə iddiaçı tərəfindən e-qaimənin göndərilmə tarixinin xx.xx.2019-cu il, müqavilənin 4.3-cü bəndinə əsasən xidmət haqqının müvafiq sənəd təqdim olunduğu gündən 7 gün ərzində sifarişçi tərəfindən ödəniş edilməli olduğunu və iddia ərizəsinin xx.xx.2023-cü ildə verilməsini nəzərə alıb iddia müddətinin axımını xx.xx.2019-cu il tarixdən hesablayaraq hesab edir ki, iddia müddətinin tətbiq edilməsinə dair ərizə əsaslıdır, iddiaçı tələbi üzrə üç illik iddia müddətini ötürmüşdür. Məhkəmə iddiaçının müqavilənin hazırda da qüvvədə olması, müqavilə münasibətlərinin davam etməsi və cavabdeh tərəfindən digər xidmətlər üzrə ödənişlər etməsi bununla da iddia müddətinin ötməməsi ilə bağlı etirazına münasibətdə bildirir ki, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə qanunvericilik iddia müddətinin axımının başlanmasını icra müddətinin bitməsi ilə müəyyən etmişdir. Müqavilənin məzmunundan göründüyü kimi müvafiq sənəd təqdim olunduğu gündən 7 gün ərzində sifarişçi tərəfindən ödəniş edilməli olduğu tərəflər arasında razılaşdırılmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasındakı münasibət icra müddəti müəyyənləşdirilmiş öhdəliklərdən yarandığından iddiaçının iddia müddətinin tətbiq edilməsinə etirazı əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində mediasiya xərci iddiaçının özünə aid edilməlidir. Eyni zamanda iddiaçı ödənilmiş 110 manat hüquqi yardım xərcinin də cavabdehdən tutulmasını tələb etmişdir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qeyd edir ki, iddia rədd edildiyindən vəkilə ödənilmiş 110 manat xərc də iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 60 (altmış manat) manat məbləğində mediasiya xərci və 110 ( yüz on manat) manat ödənilmiş hüquqi yardım xərci özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar