Məhkəmə qərarları › İş №e-2-2(113)-7259/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7259/2025

26.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7259/2025 26.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “müqavilə üzrə borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, malları göndərmə müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “müqavilə üzrə borc” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı iddia və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən ƏDV daxil 102.008,64 manat borc və 392.01 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 102.400,65 manat məbləğində pulun tutulması; həmçinin hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 500 manat məbləğində xidmət haqqının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında xx.xx.2024-cü il tarixli, PMZ208010-066 nömrəli “Malların və Xidmətlərin Alqı-Satqı Müqaviləsi” bağlanılmışdır. Cavabdeh yuxarıda qeyd edilən müqavilə üzrə öhdəliklərini pozmuş, satılan malların dəyərini bu günə qədər tam icra etməmiş və nəticədə sonuncunun İddiaçı qarşısında ümumilikdə ƏDV daxil 102.008,64 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin, bu danışıqlar heç bir fayda veməmiş, cavabdehə borcunun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə və həmçinin, borcun qaytarılması məqsədi ilə pretenziya məktubunun “Elektron məhkəmə” informasiya sistemi və Dövlət Vergi Xidmətinin Onlayn Kargüzarlıq elektron sistemi vasitəsi ilə elektron kabinetinə göndərilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə borc məbləğini iddiaçıya qaytarmamış və borcun ödənilməsinə yönəlmiş hər hansı tədbir görməmişdir. Beləliklə, tərəflər arasında bağlanılmış xx.xx.2024cü il tarixli, PMZ208010-066 nömrəli “Malların və Xidmətlərin Alqı-Satqı Müqaviləsi”nin 3.2ci və 5.1.3-cü bəndinə əsasən, üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirilməməsi nəticəsində həmin müqavilənin 4.1.1-ci bəndinə əsasən iddiaçının cavabdehdən borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 445.1, 445.2, 448.1, 567, 598-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianı müdafiə etmiş, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: İddiaçı ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli, PMZ208010-066 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən müqavilə ilə satıcı tam təfsilatı, ölçü vahidi, həcmi, qiyməti, təhvil verilmə qaydası və təhvil verilmə müddəti hər yeni sifarişdən qabaq tərəflərin iştirakı ilə yazılı şəkildə tərtib ediləcək və Müqavilənin ayrılmaz tərkib hissəsi olan Qoşmalar ilə müəyyən olunan mallar və/və ya xidmətlər ilə sifarişçini təchiz etməyi, sifarişçi isə malları və xidmətləri qəbul edib onların müvafiq qoşma ilə razılaşdırılmış dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. 2.3-cü bəndinə əsasən malların və xidmətlərin sifarişçiyə təhvil verilməsi tərəflərin səlahiyyətli nümayəndələrinin imzaladığı, tərəflərin hər birində 1 (bir) nüsxə saxlanılmaqla satıcı tərəfindən 2 (iki) nüsxədə tərtib edilən təhvil-təslim aktı vasitəsilə rəsmiləşdirilir. Təhviltəslim aktı imzalanmasa satıcı malların və xidmətlərin təhvilini müvafiq müddətə saxlaya bilər. 3.2-ci bəndə əsasən qoşmada başqa qayda nəzərdə tutulmayıbsa, sifarişçi mallar və xidmətlərin dəyərini tam olaraq qabaqcadan ödəməlidir. xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən ümumi dəyəri ƏDV daxil 102 008,64 manat olan, M ölçülü, vahidinin dəyəri 1,20 manat olan, HDPE boru DN32 PN16 adlı məhsullar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh tərəf də aktı imzalamaqla malları qəbul etmişdir. İddiaçı tərəfindən tərtib olunmuş “Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin borcu haqqında” xx.xx.2025-ci il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanılmış PMZ208010-066 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, hazırda "xxxx" QSC-nin "xxxx" MMC-yə cəmi ƏDV daxil 102.008,64 Azərbaycan manatı məbləğində ödənilməmiş borcu qalmışdır. MT2410 seriyalı, 10576559 nömrəli, ƏDV daxil dəyəri 14160 manat, MT2410 seriyalı, 11019221 nömrəli, dəyəri 28603.2 manat, MT2410 seriyalı, 11529614 nömrəli, dəyəri 8496 manat, MT2410 seriyalı, 11824999 nömrəli, dəyəri 8496 manat, MT2411 seriyalı, ******* nömrəli, dəyəri 14025.48 manat, MT2412 seriyalı, 10505617 nömrəli, dəyəri 6775.56 manat, MT2412 seriyalı, 10544074 nömrəli, dəyəri 7292.4 manat, MT2501 seriyalı, 11491822 nömrəli, dəyəri 14160 manat olan elektron qaimələr ödənişlərin edilməsi üçün iddiaçı tərəfindən cavabdehə göndərilmiş, 08 sayda elektron qaiməfakturadan 1-i cavabdeh, qalan 7-si sistem tərəfindən təsdiqlənmişdir. İddiaçı tərəfindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə göndərilmiş xx.xx.2025ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçınə olan 102 008,64 manat borcun 03 təqvim günü ərzində ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 392,01 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixli, EM-1602VK-52366/25 saylı hüquqi yardımın göstərilməsi haqqında müqavilənin 2.1-ci bəndinə əsasən hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 500 manat müəyyən olunur və başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir. xx.xx.2025-ci il tarixli, 005XOH********** nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfin hüquqi yardım üzrə vəkil xərcinin əvəzi olaraq 500 manat məbləğində pul Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malları təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək aldığı malların dəyərini müəyyən olunmuş müddətdə ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (təhvil-təslim aktları və elektron qaimələr) öz təsdiqini tapmışdır. Cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya qarşı heç bir etiraz bildirməmiş, həmçinin borcun ödənilməsinə dair hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Buna görə də, iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilələr üzrə öhdəliklərini icra etmədiyini, yəni aldığı malların cəmi dəyəri olan 102 008,64 manat pul məbləğini ödəmədiyini, belə olan halda isə iddiaçının öhdəliyin icrasını, satdığı malların dəyərini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, 102 008,64 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 392,01 manat dövlət rüsumunun, həmçinin 500 manat hüquqi yardım xərcinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən ƏDV daxil 102008 (bir yüz iki min səkkiz) manat 64 (altmış dörd) qəpik məbləğində borcun, ödənilmiş 392 (üç yüz doxsan iki) manat 01 (bir) qəpik dövlət rüsumunun, 500 (beş yüz) manat hüquqi yardım xərcinin əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar