Məhkəmə qərarları › İş №e-2-2(113)-726/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-726/2025

07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-726/2025 07.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, dəbbə pulunun azaldılması, sübutetmə) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 07 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 3897,68 manat əsas borcun, 9941,16 manat cərimə məbləğinin və ödənilmiş 132 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 51/23 saylı 07 fevral 2023-cü il tarixli 5 (beş) il müddətinə alqı-satqı müqaviləsi bağlanmışdır. Bağlanmış müqaviləyə əsasən iddiaçı cavabdehə dəyərini malın qəbul edilməsindən sonra 30 təqvim günündən gec olmayaraq ödənilməsi şərtilə mal vermişdir. Cavabdehin xx.xx.2024-cü il tarixə ƏDV daxil əsas borcu 3897,68 manat təşkil edir. İddiaçı ilə cavabdeh arasında borcların qarşılıqlı üzləşdirilməsinə dair 27 mart 2023-cü il tarixli akt tərtib edilmiş və cavabdeh borcu etiraf edərək, həmin akta imza etmişdir. Müqavilənin 3.2ci bəndinə əsasən cavabdeh ödənişləri malın qəbul edilməsindən sonra 30 təqvim günündən gec olmayaraq bank ödənişi və ya nağd ödəniş yolu ilə həyata keçirilməlidir. Lakin cavabdeh müqavilənin 3.2-ci bəndinin tələblərini pozaraq aldığı malın dəyərini bu günə kimi ödəməmişdir. Tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinin 6.2-ci maddəsinə əsasən müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə cavabdeh gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0,5% həcmində dəbbə pulu ödəyir. Gecikdirmənin müddəti 15 gündən çox olduqda, iddiaçı öhdəliklərin məcburi qaydada icrası və dəbbə pulunun ödənilməsi üçün məhkəməyə müraciət edə bilər. Cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə 9941,16 manat dəbbə pulu hesablanmışdır.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 448, 449-cu və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahlar verdi və 27 mart 2023-cü il tarixdə üzləşmə aktı tərtib edildikdən sonra hər hansı ödənişin edilmədiyini qeyd etdi.

6. Məhkəmənin baxış iclasında iddiaçının nümayəndəsi iştirak etməmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.

7. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, işin ərazi aidiyyəti üzrə göndərilməsini və vəsatət təmin edilməyəcəyi təqdirdə qərardaddan şikayət verilməsinə şərait yaradılmasını xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli e-2-2(113)-7862/2024 nömrəli qərardadı ilə vəsatət rədd edilmiş, lakin cavabdeh həmin qərardaddan şikayət verməmiş, məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İddia ərizəsinə əlavə edilən iddiaçı (satıcı qismində) ilə cavabdeh (alıcı qismində) arasında 07 fevral 2023-cü il tarixdə bağlanmış 51/23 nömrəli alqı-satqı müqaviləsinin şərtlərindən görünür ki, «Satıcı» bu müqavilənin 1.2-ci yanmbəndində göstərilən malları «Alıcı»ya satmağı, «Alıcı» isə həmin malları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürür (1.1). Müqavilənin predmeti olan məhsulun növləri, çeşidi, kəmiyyəti və qiyməti Razılaşma Protokolunda və ya Qaimə-Fakturada öz əksini tapır (1.2). «Alıcı» və «Satıcı» arasında yaranmış borc qalıqları mütəmadi olaraq tərəflər arasında imzalanaraq bağlanan “Öhdəliklərin qarşılıqlı tanınması aktı” və ya qaimə və ödənişə dair sənədlər ilə müəyyən edilir (1.3). Malların çatdırılması müddətləri və digər şərtləri hər bir konkret partiya üçün razılaşdırılır (2.1). Mallar «Satıcı» tərəfindən «Alıcı»ya və ya «Alıcı»nm nümayəndələrinə təhvil verilir (2.2). Çatdırılmaya görə xərclər «Satıcı» tərəfindən müstəqil şəkildə ödənilir. Çətin relyefli və paytaxtdan 300 km uzaq məsafədə yerləşən məntəqələrə çatdırılma zamanı yaranan əlavə çatdırılma xərcləri «Alıcı» tərəfindən qarşılanır (2.3). Malların qiymətləri bu müqaviləyə əlavə edilən və onun ayrılmaz tərkib hissəsi olan «Razılaşma Protokoluna» və ya Qaimə-Fakturaya uyğun olaraq müəyyən edilir (3.1). «Alıcı» ödənişləri malın qəbul edilməsindən sonra 30 (otuz) təqvim günündən gec olmayaraq bank ödənişi və ya nağd ödəniş yolu ilə həyata keçirməlidir (3.2). Malların dəyəri 3.2-ci bəndində göstərilən 30 (otuz) təqvim günü müddətində ödənilmədikdə «Satıcı» malları geri götürmək, çatışmayan malların dəyərini və çəkilmiş xərcləri «Alıcı»dan tələb etmək hüququna malikdir (3.3).

12. Məhkəməyə təqdim edilən hər iki hüquqi şəxsin möhürü və direktorlarının imzası ilə təsdiq edilən 27 mart 2023-cü il tarixli borcların qarşılıqlı üzləşdirilməsimə dair akta əsasən, cavabdehin iddiaçıya 594,56 manat ƏDV daxil olmaqla 3897,68 manat məbləğində borcunun olduğu, borcun aktın imzalandığı tarixdən 1 aydan gec olmayaraq ödənilməsi şərtləşdirilmişdir.

13. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 07 fevral 2023-cü il tarixli 51/23 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı növləri, çeşidi, kəmiyyəti və qiyməti razılaşma protokolunda və ya qaimə-fakturada öz əksini tapan malları cavabdehə satmağı, cavabdeh isə həmin malları almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında imzalanmış 27 mart 2023-cü il tarixdə borcların qarşılıqlı üzləşdirilməsinə dair akt ilə cavabdehin iddiaçıya olan borcu ƏDV daxil olmaqla 3897,68 manat olaraq müəyyən edilmiş, borc məbləğinin həmin tarixdən 1 aydan gec olmayaraq ödənilməsi şərtləşdirilmişdir.

14. İddiaçı 07 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə malların dəyəri olan 3897,68 manat borcun tutulmasını tələb edir.

15. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

16. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

17. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

18. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

19. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

20. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

21. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub (müqavilənin 3.2-ci bəndi və 27 mart 2023-cü il tarixli aktın şərtləri nəzərə alındığında), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

22. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

23. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.

24. Məhkəmə qeyd edir ki, cavabdeh və qanuni təmsilçisi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim edilmiş bütün sübutlarla tanış olmaq imkanına malik olmuş, məhkəməyə ərizə ünvanlayaraq sübutlarının təqdim ediləcəyini bildirmiş, lakin işin ərazi aidiyyəti üzrə göndərilməsinə dair vəsatət vermiş, mübahisə ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarından irəli gələrək məhkəmə göstərir ki, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir.

25. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

26. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

27. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

28. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

29. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

30. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borca münasibətdə təmin olunmalı, 07 fevral 2023-cü il tarixli 51/23 nömrəli alqı-satqı müqaviləsi üzrə ƏDV daxil olmaqla 3897,68 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı

31. İddia ərizəsində iddiaçı həmçinin 9941,16 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş edir.

32. 07 fevral 2023-cü il tarixli 51/23 nömrəli alqı-satqı müqaviləsinin 6.2-ci bəndinə əsasən, bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə «Alıcı» gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0,5%-i həcmində dəbbə pulu ödəyir. Gecikdirmənin müddəti 15 gündən çox olduqda, «Satıcı» öhdəliklərin məcburi qaydada icrası və dəbbə pulunun ödənilməsi üçün məhkəməyə müraciət edə bilər.

33. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

34. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

35. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

36. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin borcların qarşılıqlı üzləşməsinin xx.xx.2023cü il tarixdə aparılması və borc məbləğinin həmin tarixdən bir ay müddətində ödənilməli olmasına baxmayaraq, iddiaçı da uzun müddət sonra – xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.

37. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 190 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

38. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində qismən təmin edilməli, 190 manat məbləğində cərimə Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

39. İddiaçı eyni zamanda ödənilmiş 132 manat dövlət rüsumunun da tutulmasını tələb edir.

40. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, **********97 nömrəli mədaxil qəbzi ilə 132 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

41. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

42. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

43. Beləliklə, iddia tələbinin qismən təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 39 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

44. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 3897,68 manat əsas borc və 190 manat dəbbə pulu olmaqla ümumilikdə 4087,68 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 39 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar