Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7263/2024 23.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı X1 Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı X3 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Avvindo MMC-dən xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə əsas borc 7.042,23 manat, vəkilə hüquqi yardım üçün ödənilmiş 500 manat, dövlət rüsumu olaraq ödənilmiş 91 manat olmaqla, ümumilikdə, 7.633,23 manat pulun tutularaq X2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 3.2-ci bəndinə əsasən, alıcı 3.1-ci bəndin şərtlərinə uyğun olaraq malı qəbul etməkdən imtina barədə bildiriş vermədikdə, bu, malın lazımi formada və keyfiyyətdə qəbulu hesab ediləcək. Müqavilənin 4.3-cü bəndinə əsasən, hesab-fakturanın ödənilməsi 3 iş günü ərzində həyata keçirilir. Həmin müqavilə üzrə MT2407 seriyalı, 11237008 saylı, xx.xx.2024-cü il tarixli elektron qaimə-faktura təqdim edilmiş və mallar təhvil verilmişdir. Lakin 7.042,23 manat ödənilməmiş borc məbləği hələ də qalmaqdadır.
II. Tərəflərin mövqeləri:
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
III. Məhkəmə baxışının hədləri:
4. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2-ci maddəsinə əsasən Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən rizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. - 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər.
IV. Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
6. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
7. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, X3 (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2024-cü il tarixli 011 nömrəli malların alqı-satqısına dair müqavilə bağlanmışdır.
8. Müqavilənin 1.1-ci bəndinə əsasn satıcı pəncərə və qapı konstruksiyaların hazırlanması üçün malların çeşidini təşkil edən VEKA sistemlərinin PVC profilini, habelə onun üçün komponentləri ayrı-ayrı partiyalarla malın çatdırılmaları həyata keçirməyi və alıcıya təhvil verməyi, alııc isə bu müqavilənin şərtlərinə uyğun olaraq malı qəbul etməyi və onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürür.
9. Müqavilənin 2.5-ci maddəsinə əsasən 2.4-cü maddəsinə əsasən mallara mülkiyyət hüququ və malların itirilməsi və saxlanması ilə bağlı bütün risklər malların faktiki təhvil verildiyi və tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən mal qaiməsinin və ya EQFin (X5) imzalanması anından Satıcıdan Alıcıya keçir.
10. Müqavilə hər iki tərəfin imzası və hüquq şəxsin möhürü ilə təsdiq edilmişdir.
11. Məhkəmə qeyd edir ki, ilk növbədə alqı-satqı münasibətləri üzrə malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan X1 üzərinə düşür.
12. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə MT2407 seriyalı, 11237008 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 7.042,23 manat olan elektron qaimə göndərilmişdir.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
14. Hazırda iddiaçı tərəf 7.042,23 manat məbləğində pulun tutulmasını xahiş edir.
15. Məhkəmə hesab edir ki, elektron qaimədə əks olunmuş sayda mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
16. Cavabdeh tərəf də, iddiaya münasibət (etiraz) bildirməmiş, malların dəyərinin ödənildiyini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.
17. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia 7.042,23 manat borcun tələb edilməsi hissəsində əsaslıdır.
18. Məhkəmə həmçinin hesab edir ki, iddianın 500 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində də, iddia təmin edilməlidir.
19. Belə ki, iş materiallarına əlavə edilmiş “Rifaq Həsənov və partnyorları” Vəkil Bürosu ilə X3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin 2.1-ci bəndinə əsasən hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 500 (beş yüz) manat müəyyən olunur.
20. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş sənədindən görünür ki, iddiaçı Axundova X3 tərəfindən ona hüquqi yardım göstərilməsi üçün “Rifaq Həsənov və partnyorları” vəkil bürosunun hesabına 500 manat məbləğində ödəniş edilmişdir.
21. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, vəkilə çəkilmiş xərcin əvəzi olaraq 500 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
22. Bundan başqa, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 91 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
23. İş materiallarına əlavə olunmuş iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzə əsasən iddiaçı tərəfindən 91 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
24. Beləliklə, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. 7.042 (yeddi min qırx iki manat) manat, 23 (iyirmi üç) qəpik məbləğində pul Cavabdehndən tutularaq X2 ödənilsin. Hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul Cavabdehndən tutularaq X2 ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 91 (doxsan bir) manat məbləğində pul Cavabdehndən tutularaq X2 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov