Məhkəmə qərarları › İş №e-2-2(113)-727/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-727/2024

08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-727/2024 08.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, öhdəliyin icrası) X14 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh QSC-nin nümayəndələri və vəkilləri Vəkil1 və Nümayəndə iştirakları ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdən 7021347,07 ABŞ Dolları borcun, 400 manat mediasiya xərcinin, 6359 manat dövlət rüsumunun tutularaq, "xxxx" MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh QSC arasında 2010-2021-ci illər ərzində polad pəstahların alqı-satqısı həyata keçirilmişdir. Tərəflər arasında alqı-satqının həyata keçirilməsinə dair alqı-satqı müqavilələri və qaimə fakturalar mövcuddur. Bundan başqa tərəflər arasında borcun müəyyən edilməsinə dair xx.xx.2020ci il tarixli akta əsasən Cavabdeh QSC-nin "xxxx" MMC-yə borcu 7021347,07 ABŞ Dolları müəyyən edilmişdir. İddiaçı tərəfindən borcun ödənilməsinə dair xx.xx.2023-cü il tarixində Cavabdeh QSC pretenziya göndərilsə də, cavabdeh tərəfindən borcun ödənilməsi həyata keçirilməmişdir. Bundan başqa, mübahisələrin məhkəmədən kənar həlli üçün mediasiyaya müraciət olunmuşdur. Lakin cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Vəkil2 iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və tələbin təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh QSC-nin nümayəndəsi Vəkil1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddia tamamilə əsassızdır. 7 milyonu təsdiq edən, subyektiv baxımdan iddiaçı tərəfin subyektiv hüququnu təsdiq edən heç bir sənəd, sübut məhkəməyə təqdim edilməmişdir. Tərəflər arasında iddianı təsdiq edən belə bir müqavilə yoxdur. İddiaçı tərəf xarici hüquqi şəxsdir. İddia etdiyi kimi ödənişlər xaricdən olunub və mallar da xaricdən gəlib. Bugün sənədlərin iddiaçıdan götürülməsi, onlarda hər hansı sənədin olmaması barədə tərəfin iddiası əsassızdır. Bütün sübutları, yəni bank çıxarışlarını, malların təhvil-təslimini sübut edən gömrük bəyənnamələrini və invoysları tərəf özü öz ölkəsindən əldə edib məhkəməyə təqdim edə bilərdi. İddiaçı tərəfindən esistemə təqdim olunan sənədlərlə əlaqədar 2 müqavilə var. Birinci müqavilə növbəti dəfə sübut edir ki, sənədlərin saxtalaşdırılması bu şirkət tərəfindən aparılmış təkrar əməliyyatdır. İddiaçı tərəf başqa xarici şirkətlə "xxxx" MMC arasındakı müqaviləni CavabdehQSC –nin blankına yerləşdirərək məhkəməyə təqdim ediblər. İkinci müqavilə Cavabdeh QSC polad pəsdaha satışı ilə bağlı "xxxx" MMC arasında bağlanılan müqavilədir. Müqavilənin də mətninə diqqət yetirdikdə malların göndərilməsi və hesablaşma tarixinin xx.xx.2018-ci il tarixində bitdiyi müəyyən olunur. Həmin müqavilədə hər iki tərəfdən imzalayan şəxslər Həsənov Çingiz və Həsənov Aydın çıxış edirlər. Tərəfin özünün də məhkəməyə təqdim etdiyi çıxarışdan da görünür ki, CavabdehQSC-nin nümayəndəsi kimi çıxış edən Həsənov Çingiz 2022-ci ilə kimi "xxxx" MMC-nin səlahiyyətli və imza edən nümayəndəsi olubdur. Bunları deməkdə məqsəd budur ki, tərəfin iddia ilə əlaqədar subyektiv hüququ sübut olunmamışdır. İddia rədd olunmalıdır. Məhkəməyə əsas sübut kimi təqdim edilən saxta sənəd barəsində də xüsusi qərardad çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə də öz növbəsində vəsatəti birinci hissəsində qeyd etdiklərin sənədin sübutlar siyahısından çıxarılmasına dair öz mövqeyini bildirərək həmin hissədə vəsatətlərini təmin etmişdir. Tərəflər arasında münasibətlər olub, bu hökmdə də öz təsdiqini tapır, sadəcə hər hansı borc məbləği olmamışdır. Ümumiyyətlə istintaq gedən dövrdə də tərəflər arasında rəsmi və qeyri-rəsmi hesablaşmalar olduğu öz təsdiqini tapır. E-sistemdə iddia müddətinin tətbiq edilməsi barədə ərizələri var, lakin o, həmin ərizədə iddianın qəbul edilməsi barədə heç bir müddəa qeyd etməmişdir. Qeyd etmişdir ki, “iddia ərizəsinin əsassız olduğu, tərəfimizdən qəbul edilmədiyi və rədd edilməli olması haqda dəlillərimizi izahatımızda bildirəcəyik, iddia müddətlərini iddiaçı ötürmüşdür”. Bu ərizədə iddianın etirafı ilə əlaqədar hər hansı söz yoxdur. İddia əsassızdır. Rərəf xarici hüquqi şəxsdir və hüquqi şəxs olaraq öz ölkəsindən hər hansı bir sübut təqdim edə bilməmişdir. Bugünkü gündə Azərbaycanın müvafiq orqanlarından hər hansı sübutun məhkəmə yolu ilə toplanması əsassızdır. Sonda iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh QSC-nin nümayəndəsi vəkil Nümayəndə izahatında iddia tələbini qəbul etməmiş və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2016-ci il tarixli 018 nömrəli müqavilədən görünür ki, satıcı "xxxx" Şirkəti alıcı "xxxx" Şirkətinə 5000 mt (+5%/-10% satıcının arzusu ilə) miqdarda fasiləsiz tökülmüş ilkin kvadrat polad pəstahları satır. Müqavilənin 9-cu bəndinə əsasən bu müqavilə üzrə təmin olunan mal ünvan 1 ünvanında yerləşən Cavabdeh Şirkətlə istehsal olunub və əsli ilə Azərbaycan Respublikasındandır. xx.xx.2017-ci il tarixli 034 nömrəli müqavilədən görünür ki, satıcı Cavabdeh MMC Şirkəti alıcı "xxxx" Şirkətinə 50000 mt (+5%/-10% satıcının arzusu ilə) miqdarda fasiləsiz tökülmüş ilkin kvadrat polad pəstahları satır. Müqavilənin 9-cu bəndinə əssaən bu müqavilə üzrə təmin olunan mal ünvan 1 ünvanında yerləşən Cavabdeh Şirkətlə istehsal olunub və əsli ilə Azərbaycan Respublikasındandır. Cavabdeh QSC tərəfindən gömrük bəyannamələri əsasında rəsmiləşdirilən ixrac əməliyyatları haqqında məlumatdan görünür ki, Cavabdeh QSC xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində müxtəlif vaxtlarda "xxxx" Şirkətinə xırda çeşidli yaymalar üçün fasiləsiz tökülmüş düzbucaqlı pəstahlar satmışdır. xx.xx.2022-ci il tarixli 1(101)-1571/2022 saylı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən görünür ki, X5 müəssisənin baş direktoru funksiyalarını yerinə yetirməklə, həmin vəzifənin nizamnamə ilə müəyyən edilmiş vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən və qulluq mövqeyindən qulluq mənafeyinə qəsdən zidd olaraq təkrar istifadə edərək, onun tərəfindən müəssisənin aidiyyəti vəzifəli şəxslərinə verilən tapşırıqlarına əsasən 01 yanvar 2011-ci ildən 28 yanvar 2021-ci ilədək olan müddət ərzində Cavabdeh MMC-dən həmin müəssisəyə məxsus olan pul vəsaitlərini talamaq məqsədilə özü və ona yaxın digər şəxslər tərəfindən xarici ölkələrin azad iqtisadi zonlarında təsis edilən “TERA General Trading” Ltd, “Cermington Enterprises” Ltd BVİ, "xxxx" LLP, “Steel İmpex SA” və “Azerpayp” şirkətlərinə eyni malların həmin vaxt digər hüquqi və fiziki şəxslərə təqdim olunma qiymətlərindən aşağı qiymətlə satışını həyata keçirmiş və bu qiymət fərqlərindən yaranan Cavabdeh MMC-nin əldə etməli olduğu vəsaitin xüsusilə külli miqdar hesab edilən 34 942 590,62 (otuz dörd milyon doqquz yüz qırx iki min beş yüz doxsan manat, altmış iki qəpik) manat məbləğində hissəsini öz qulluq mövqeyindən istifadə etməklə təkrarən mənimsəmə və israf etmə yolu ilə talamış, bununla da onun bu əməlləri müəssisənin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmaqla ağır nəticələrə səbəb olmuşdur. xx.xx.2023-cü il tarixli 1(103)-661/2023 saylı Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarından görünür ki, maraqlarına toxunulan “X17 and FOUNDRY Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X10 tərəfindən verilmiş apellyasiya şikayəti, maraqlarına toxunulan şəxslər X1, X2, X3, X4 nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti, maraqlarına toxunulan hüquqi şəxs "xxxx" LLP-nin nümayəndəsi X6 tərəfindən verilmiş apellyasiya şikayəti və əlavəsi təmin edilməmişdir. xx.xx.2023-cü il tarixli 1(102)-2101/2023 saylı Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının qərarından görünür ki, maraqlarına toxunan hüquqi şəxslər - “X17 and Foundry Company” MMC-nin və "Baumant Sales” LLP-nin və maraqlarına toxunan şəxslər X1, X2, X3, X4 nümayəndələri tərəfindən kassasiya şikayətləri təmin edilməmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İV.Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, tərəflər arasında 2010-2021-ci illər ərzində iddiaçı tərəfindən cavabdehə polad pəstəhaların satılması barədə müqavilə və cavabdehin borcu olması barədə öhdəliyi mövcud deyildir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsssız olduğundan rədd edilməlidir. Çünki iddiaçı cavabdehlə aralarında olan müqavilələrə əsasən 2010-2021-ci illər ərzində polad pəstəhalar satdığını, bu barədə müqavilələr, qaimə fakturalar olduğunu və pulun ödənilmədiyini bildirsə də, tərəflər arasında bu barədə müqavilələr olmasına, malların təhvil verilməsinə, qaimə fakturaların olmasına və ya hər hansı formada öhdəliyin olmasına dair sübut təqdim edilməmişdir. İddiaçının təqdim etdiyi xx.xx.2016-cı il tarixli müqavilə iddiaçının başqa hüquqi şəxsə satdığı mallara dair müqavilədir, xx.xx.2017-ci il tarixli müqaviləsi isə cavabdehin iddiaçıya satdığı mallara dair müqavilədir ki, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan satdığı malların dəyərini tələb edə bilər. Həmçinin xx.xx.2022-ci il tarixli 1(101)-1571/2022 saylı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cavabdehin keçmiş rəhbəri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, cavabdehə məxsus pul vəsaitlərini talamaq məqsədi ilə malların dəyərindən aşağı qiymətə iddiaçıya və digər xarici hüquqi şəxslərə satmaqla mənimsəmə və israf etmə cinayət əməlini törətdiyi müəyyən olunmuşdur. Bundan başqa iddiaçı tərəflər arasında xx.xx.2020-ci il tarixli razılaşma aktının surətini ilkin olaraq elektron məhkəmə sisteminə daxil etsə də, cavabdeh tərəf həmin sənədin saxta olduğunu, tərəflər arasında belə bir razılaşma aktı imzalanmadığını və imzaların həqiqiliyini mübahisənləndirmiş, iddiaçı tərəf isə həmin sənədin əslini təqdim etmədiyi üçün həmin aktın həqiqiliyi təsdiq olunmadığından sübutlar siyahısından xaric edilmişdir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən cavabdehin iddiaçı qarşısında alqı-satqı üzrə öhdəliyinin əmələ gəlməsi üçün tərəflər arasında müqavilə olması mütləqdir. Lakin iddiaçı cavabdehin öhəliyinin olması və öhdəliyini yerinə yetirməməsi ilə bağlı borcun yaranması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki Mülki–Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən cavabdehin 7021347,07 manat borcu olduğu bildirilmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa cavabdehin iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsinə münasibətdə məhkəmə hesab edir ki, hal-hazırda tərəflər arasında hər hansı müqavilənin olmasını və cavabdehin müqavilə üzrə üzərinə öhdəlik götürməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, öhdəliyin icrası müddətinin başa çatdığı vaxt müəyyənləşdirilmədiyi üçün iddia müddətinin tətbiq edilməsi mümkün deyil, həmçinin öhdəliyin olması sübut edilmədiyi üçün iddia müddətinin tətbiq edilməsinə zərurət yoxdur. Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsassız sayır və onun rədd edilməsi qənaətinə gəlir. Vİ.Nəticə Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar