Məhkəmə qərarları › İş №e-2-2(113)-7273/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7273/2025

23.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7273/2025 23.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 611 (on üç min altı yüz on bir) manat malın dəyəri, 2449,98 (iki min dörd yüz qırx doqquz manat 98 qəpik) manat ƏDV məbləği olmaqla cəmi 16060,98 (on altı min altmış manat, 98 qəpik) manat məbləğində əsas borcun, 1572,84 ( bir min beş yüz yetmiş iki manat 84 qəpik) manat məbləğində pul vəsaitinin ödənilməsinin gecikdirilməsi üçün beş faizin, 1606,10 (bir min altı yüz altı manat, 10 qəpik) manat miqdarında cərimə məbləğinin, cəmi 19239,92 (on doqquz min iki yüz otuz doqquz manat, 92 qəpik) manat məbləğində vəsaitin, 320 manat miqdarında vəkil xərcinin və 148 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, ELEL-355 nömrəli bağlanmışdır. Həmin Müqavilənin 1-ci bəndinə əsasən Alıcının şifarişinə əsasən Satıcı, Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə № 1-də qeyd edilmiş beton məhsulunu (bundan sonra “Mallar” adlanacaq) Müqaviləyə müvafiq qaydada Alıcıya təqdim edir. Alıcı isə öz növbəsində Müqaviləyə müvafiq qaydada təqdim edilən Malları müəyyən edilmiş qaydada təhvil alıb Müqavilədə müəyyən olunan qiymətini Satıcıya ödəyir. Həmin Müqavilənin 2.2.1-ci bəndinə əsasən Müqavilədə nəzərdə tutulmuş qaydada təqdim edilmiş Malları qəbul edərək Müqavilədə müəyyən olunan qiymətini ödəmək Alıcının vəzifəsidir. Həmin Müqavilənin 8.2.-ci bəndinə əsasən Müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə Alıcı ödənişin hər gecikdirilmiş günü üçün Satıcıya Müqavilə qiymətinin 0.1 %-i (sıfır tam onda bir faizi) məbləğində cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği Müqavilə qiymətinin 10%-dən (on faizdən) çox olmamalıdır. Həmin Müqavilənin 10-cu maddəsinə əsasən Müqavilədən və ya onunla əlaqədar yaranan, o cümlədən Müqavilənin icrasına, pozulmasına, xitam verilməsinə və ya etibarsızlığına aid olan bütün mübahisələr, münaqişələr, fikir ayrılıqları və tələblər (bundan sonra “Mübahisələr” adlanacaq) Tərəflər arasında danışıqlar yolu ilə həll edilir. 10 (on) təqvim günü ərzində danışıqlar yolu ilə həll edilməyən Mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunlarına müvafiq olaraq Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll ediləcəkdir. Beləliklə, həmin müqaviləyə əsasən cavabdehin 16060,98 (on altı min altmış manat, 98 qəpik) manat miqdarında borcu vardır. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Baş verən pozuntunun aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdalıq olmasına və münasibətlərin pozulmaması üçün dostcasına xahiş edilməsinə və bugünə qədər səbr və təmkinlə gözləməyimizə baxmayaraq, müxtəlif bəhanələr gətirərək cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməkdən qəsdən yayınmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ELEL-355 saylı müqaviləyə əsasən alıcının sifarişinə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə № 1-də qeyd edilmiş beton məhsulunu müqaviləyə müvafiq qaydada alıcıya təqdim edir. Alıcı isə öz növbəsində müqaviləyə müvafiq qaydada təqdim edilən malları müəyyən edilmiş qaydada təhvil alıb müqavilədə müəyyən olunan qiymətini satıcıya ödəyir.

8. Müqavilənin 2.2.1-ci bəndinə əsasən Müqavilədə nəzərdə tutulmuş qaydada təqdim edilmiş Malları qəbul edərək Müqavilədə müəyyən olunan qiymətini ödəmək Alıcının vəzifəsidir.

9. Müqavilənin 8.2-ci bəndinə əsasən Müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə Alıcı ödənişin hər gecikdirilmiş günü üçün Satıcıya Müqavilə qiymətinin 0.1 %-i (sıfır tam onda bir faizi) məbləğində cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği Müqavilə qiymətinin 10%-dən (on faizdən) çox olmamalıdır.

10. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli,355 nömrəli alqısatqı müqaviləsinə 01 nömrəli əlavəyə əsasən satılacaq beton məhsulunun dəyəri tərəflər arasında razılaşdırılmışdır.

11. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli, EBDL 318450 nömrəli 12336,90 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDN 542348 nömrəli 14160,00 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDP 692936 nömrəli 7264,08 manat məbləğində elektron qaimə-fakturalar göndərilmişdir.

12. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçıya 5000 manat ödəniş olunmuşdur.

13. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçıya 5000 manat ödəniş olunmuşdur.

14. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçıya 2500 manat ödəniş olunmuşdur.

15. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçıya 2500 manat ödəniş olunmuşdur.

16. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən cavabdeh tərəfindən iddiaçıya 900 manat ödəniş olunmuşdur.

17. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən cavabdeh tərəfindən iddiaçıya 900 manat ödəniş olunmuşdur.

18. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən cavabdeh tərəfindən iddiaçıya 450 manat ödəniş olunmuşdur.

19. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən cavabdeh tərəfindən iddiaçıya 450 manat ödəniş olunmuşdur.

20. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışına əsasən cavabdehin xx.xx.2025-ci il tarixinə əsas borcu 16060,98 manat, illik beş faizlə hesablanmış faiz borcu 1572,84 manat, cərimə borcu 1606,10 manat olmaqla ümumilikdə borcu 19239,92 manat təşkil edir.

21. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.

22. Belə ki, iddia 3 hissədən ibarətdir: 1. əsas borcun ödənilməsi; 2. dəbbə pulunun ödənilməsi; 3. illik 5 faizlə hesablanmış zərərin ödənilməsi.

23. Məhkəmə iddia ərizəsini birinci hissədə əsaslı hesab edir.

24. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, ümumi dəyəri 28611 manat olan (ƏDV daxil olmadan) malı cavabdehə təhvil vermiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmiş, cəmi 15000 manat (ƏDV daxil olmadan) ödəniş edilmiş, qalıq 13611 manat əsas borc ödənilməmiş, ödənilməli olan 5149,98 manat ƏDV borcundan cəmi 2700 manat ödənilmiş, qalıq 2449,98 manat ƏDV üzrə borc ödənilməmişdir.

25. Cavabdehin göstərilən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

28. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

29. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

30. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

31. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

32. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

33. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

34. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

35. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

36. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi ƏDV daxil olmaqla 16060,98 manat əsas borcun tutulması hissəsində əsaslıdır və həmin hissədə təmin edilməlidir.

37. Məhkəmə iddia ərizəsini ikinci hissədə qismən əsaslı hesab edir.

38. Materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 8.2-ci bəndinə əsasən hesablanmış 1606,10 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

39. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

40. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

41. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

42. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 800 manat məbləğində müəyyən edilməlidir.

43. Məhkəmə iddianı üçüncü hissədə qismən əsaslı hesab edir.

44. Belə ki, iddiaçı iddia ərizəsində borclunun icranın gecikdirməsi nəticəsində əsas borc üzrə ona vurulmuş zərər qismində 1572,84 manat (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) pulun ödənilməsi tələbini də irəli sürmüşdür.

45. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

46. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

47. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

48. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

49. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...

50. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”

51. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

52. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

53. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”

54. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.

55. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz iddiaçının əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması iddiaçının gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.

56. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır.

57. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

58. 466.1-ci maddəsinə görə əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir.

59. 466.2-ci maddəsinə görə qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər:

60. 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər;

61. 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər;

62. 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər.

63. 466.3-cü maddəsinə görə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məhdud məsuliyyətin müəyyənləşdirildiyi hallarda dəbbə pulu çatmayan və ya dəbbə pulundan yuxarı hissədə və ya onun əvəzinə ödənilməli olan zərər həmin məhdudiyyətlə müəyyənləşdirilmiş həddə qədər tutula bilər.

64. Hazırkı halda alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəbbə pulu, həm də Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlər bərpaedici sanksiyalar olduğundan həmin sanksiyaların birlikdə tətbiq edilməsi ikiqat məsuliyyət yaratmaqla hüququn universal prinsipi olan non bis in idem (eyni əmələ görə iki dəfə olmaz) prinsipinə ziddir.

65. Bundan əlavə hazırkı halda gecikdirilmiş borc məbləğinə həm dəbbə pulunun, həm də faizlərin hesablanması Mülki Məcəllənin 466-cı maddəsinin tələblərinə də uyğun hesab edilə bilməz.

66. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən zərərin formalardan biri olan əldən çıxmış faydanın əvəzi olaraq hesablanan faizlərin yalnız dəbbə pulu məbləği ilə əhatə edilməmiş hissəsinin tutulmasına yol verilir.

67. Odur ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əldən çıxmış faydanın əvəzi olaraq tutulmasını xahiş etdiyi 1572,84 manat məbləğində faizlərin cavabdehdən tutulmalı olan 800 manat ilə əhatə edilməmiş, yəni 772,84 (1572,84 manat – 800 manat) manat hissəsinin tutulmasını tələb etməkdə haqlıdır.

68. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, cavabdehdən 772,84 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.

69. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 13611 manat əsas borc, 2449,98 manat ƏDV, 800 manat dəbbə pulu, 772,84 manat illik beş faizlə hesablanmış faiz borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

70. Bundan başqa iddia ərizəsində 320 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən həmin xərc cavabehdən tutularaq iddiaçıya ödənilməlidir.

71. Belə ki, xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən “A.İ.M.” Vəkil Bürosunun hesabına 320 manat hüquqi xidmət haqqı köçürülmüşdür.

72. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

73. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

74. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 140 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 8 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

75. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 13611 manat əsas borc, 2449,98 manat ƏDV, 800 manat dəbbə pulu, 772,84 manat illik beş faizlə hesablanmış faiz borcu, 320 manat hüquqi yardıma görə xərc, 140 manat dövlət rüsumu, ümumilikdə 18093,82 (on səkkiz min doxsan üç manat səksən iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 8 (səkkiz) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar