Məhkəmə qərarları › İş №e-2-2(113)-728/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-728/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-728/2024 11.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (Alqı-satqı (təchizat) müqaviləsi, elektron qaimə) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 11040,44 manat məbləğində əsas borc, 489,19 manat faiz borcu, 6348 manat müqavilə üzrə cərimə, 200 manat mediasiya xərci olmaqla, ümumilikdə 18077,63 manat pul məbləğinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.07 mart 2024-cü il tarixdə İddiaçı “Elektron Məhkəmə” İnformasiya sistemi vasitəsi ilə “iddia tələbinin azaldılmasına dair” ərizə təqdim edərək 11040,44 manat əsas borc və 200 manat mediasiya xərci olmaqla, ümumilikdə 11240.44 manat pul məbləğinin Cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 3.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında 16 may 2022-ci il tarixli 13/22 nömrəli Müqavilə bağlanmışdır. Müqavilənin 1-ci maddəsinə əsasən, Təchizatçı Sifarişçini mallar və xidmətlərlə təchiz etməyi, Sifarişçi isə mallar və xidmətləri qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür. Qeyd edilən müqavilənin şərtlərinin birtərəfli qaydada pozulması nəticəsində "xxxx" MMC-nin İddiaçıya ümumilikdə 11040,44 manat borcu yaranmışdır. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı qarşı tərəfə dəfələrlə edilmiş şifahi və yazılı müraciətlər müsbət nəticə verməmiş, borc məbləği hazırkı vaxtadək Cavabdeh tərəfindən ödənilməmiş qalmışdır. Bu hal İddiaçının qanunla və müqavilə ilə qorunan hüquqlarını pozaraq işgüzar fəaliyyətinə mənfi təsir göstərir. İddiaçı tərəfindən yaranmış mübahisəinin mediasiya qaydasında həllinə cəhd göstərilsə də Cavabdeh Bakı 9 X4 tərəfindən təşkil edilmiş 09 oktyabr 2023-cü il tarixli ilkin mediasiya sessiyasını davam etdirməyə razılıq verməmiş, nəticə etibarı ilə, mübahisənin mediasiya qaydasında həlli baş tutmamışdır. Beləliklə, "xxxx" MMC müqavilə üzrə yaranan borcu ödəməkdən boyun qaçırır və öhdəliyinin icrasından birtərəfli qaydada imtina edir.

4. Məhkəmənin 12 mart 2024-cü il tarixli qiyabi qətnaməsinə əsasən iddia təmin edilmişdir. 5.01 may 2024-cü il tarixdə "xxxx" MMC məhkəməyə ərizə ünvanlayaraq qiyabi qətnamənin ləğv edilməsini tələb etmişdir. 6.Ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə qiyabi qətnamə çıxarılmışdır. Lakin bu qətnamədən 15 aprel 2024-cü il tarixdə məlumatları olmuşdur. Müəssisə ümumiyyətlə qeydiyyata alındığı ünvanda deyil, Bakı şəhəri Xətai rayonunda Babək Plazada fəaliyyət göstərir. Ona görə də qətnamə rəsmi qaydada onlara təqdim edilməmişdir.

II. Tərəflərin mövqeləri:

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək , iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 verdiyi izahatda bildirdi ki, yaranmış borc məbləği barədə məlumatları yoxdur. Belə ki, iddiaçı ola bilər ki, malları cavabdeh hüquqi şəxsin hansısa əməkdaşına vermişdir. Lakin cavabdehə həmin mallar təhvil verilməmişdir. İddia tələbini qəbul etmirlər.

Məhkəmə baxışının hədləri:

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9.İddiaçı MMC (Təchizatçı) və "xxxx" MMC (Sifarişçi) arasında bağlanan 16 may 2022-ci il tarixli 13/22 nömrəli alqı-satqı (təchizat) müqaviləsinin: 1.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən, Sifarişçinin sifarişi əsasında Təchizatçı adı, növü, miqdarı, icra müddəti, təhvil verilmə ünvanı və s. bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələrdə qeyd olunan mallar və xidmətlərlə Sifarişçini təchiz etməyi, Sifarişçi isə müqaviləyə uyğun qaydada və şərtlərlə təchiz olunmuş malları və xidmətləri qəbul edərək, əvəzində bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən Əlavələrdə müəyyənləşdirilmiş miqdarda və qaydada pul məbləğini Təchizatçıya ödəməyi öhdəsinə götürür. 1.3-cü bəndinə əsasən, Təchizatçı Sifarişçinin sifarişində qeyd edilən malları/xidmətləri müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən Əlavədə göstərilən müddət ərzində Sifarişçiyə Təhvil-Təslim Aktı əsasında təhvil verir. Əgər malların/xidmətlərin təhvil verilməsində gecikmələr olarsa, Təchizatçı Sifarişçiyə bununla bağlı məlumat verir. 2.1.4-cü bəndinə əsasə, Sifarişçi bu müqavilə ilə müəyyən edilmiş öhdəliklərini və ya onların bir hissəsini icra etmədiyi və ya tam şəkildə icra etmədiyi təqdirdə, bu müqaviləni birtərəfli qaydada ləğv etmək, malların təhvil verilməsindən və xidmətlərin icra edilməsindən imtina etmək, təslim edilmiş malların geri qaytarılmasını icra edilmiş xidmətlərin haqqının ödənilməsini Sifarişçidən tələb etmək, tələb Sifarişçi tərəfindən yerinə yetirilmədikdə isə AR qanunvericiliyinə müvafiq olaraq borcun qaytarılması ilə bağlı bütün lazımi hərəkətləri etmək Təchizatçının hüququdur. 2.1.7. Sifarişçinin ona təhvil verilmiş malların saxlanma və daşınmaz şəraitinə əməl etməsini yoxlamaq məqsədilə istənilən vaxt monitorinqlər həyata keçirmək hüququ vardır. 3.1.1. Sifarişçinin Təchizatçıdan bu müqavilənin şərtlərinə uyğun qaydada malların /xidmətlərin təhvil verilməsini tələb etmək hüququ vardır. 3.2.1. Sifarişçinin Təchizatçı tərəfindən təchiz edilən malları/xidmətləri bu müqavilə və onun Əlavələrində qeyd edilmiş qaydada və müddətdə qəbul etmək, malın alışı, satışı və saxlanması ilə məşğul olmaq hüququ verən bütün zəruri sənədlərə (icazə, lisenziyalar, sertifikatlar, müqavilələr və s.) malik olmaq. 3.2.2.Sifarişçi təchizatçıdan malları və xidmətlərin nəticələrini təhvil alacaq səlahiyyətli nümayəndə barədə məlumatları təchizatçıya rəsmi yazılı qaydada təqdim etməlidir. Həmin məlumatların sifarişçi tərəfindən təchizatçıya təqdim edilmədiyi təqdirdə bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavələrində qeyd edilmiş ünvanda təhvil verilmiş mallar sifarişçi tərəfindən qəbul edilmiş hesab edilir. 4.1-ci bəndinə əsasən, Sifarişçi tərəfindən sifariş edilmiş mallarln/xidmətlərin qiyməti və ödəniş qayda və şərtləri bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən Əlavələrlə müəyyən edilir. 4.5-ci bəndinə əsasən, Sifarişçi borcu haqqında məlkumat aldıqda yaranan borcu bu məlumatı aldığı gündən 5 gün ərzində ödəməlidir. 5.5. Malın-Xidmətlərin təhvil-təslimi zamanı aşkar edilmiş qüsurlu Mal və Xidmətlər üzrə tələb təhvil-təslim başa çatdığı andan etibarən ən geci 5 təqvim günü ərzində təchizatçıya göndərilməlidir.

10. İddiaçı MMC tərəfindən Zaferoğlu İnşaat” MMC-yə təqdim edilən 16 avqust 2023-cü il tarixli EBDM seriyalı 170187 nömrəli elektron qaimədən görünür ki, ödənilməli olan yekun məbləğ 11040.44 manat təşkil edir. 11.Bakı 9 X4 tərəfindən verilən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 09 oktyabr 2023-cü il tarixli Arayışdan görünür ki, ilkin mediasiya sessiyası xərcinin məbləği 200 manat təşkil etmiş və ödəniş Natura MMC tərəfindən həyata keçirilmişdir.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir, 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

13. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 16 may 2022-ci il tarixdə 13/22 nömrəli Alqı-satqı (Təchizat) müqaviləsi bağlanmışdır. İşin yuxarıda göstərilən hallarından da göründüyü kimi həmin müqavilə üzrə iddiaçı tərəfindən göstərilmiş xidmətlərin və satılmış mallara görə cavabdehin borcunun olub-olmaması işin mübahisəli halını təşkil edir. Hazırda iddiaçı malların veriməsi və xidmətlərin göstərilməsi faktını təsdiq etmək üçün məhkəməyə yalnız ƏDV məbləği 1684.13 manat olmaqla 11040 manat dəyərində EBDM seriyalı, 170187 nömrəli 1608.2023-cü il tarixli elektron qaiməni təqdim etmişdir.

14. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” nın 1.2-ci bəndinə görə elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. 15.Həmin qaydaların: 1.3-cü bəndinə görə bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. 2.5.3-ci bəndinə görə elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur; 3.1-ci bəndinə görə vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. 3.2-ci bəndinə görə elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.3-cü bəndinə görə cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4-cü bəndinə görə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. 3.5-ci bəndinə görə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri göndərildiyi ayın sonuncu gününədək qəbul edən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir. 3.6-cı bəndinə görə vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaimə-fakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır. 16.Yuxarıda göstərilən müddəaların məzmunundan da göründüyü kimi elektron qaimə-fakturalar malların (işlərin, xidmətlərin) təqdim edilməsini təsdiq edən ilkin sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında tərtib edilməlidir. 17."xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. 18.Hazırkı halda məhkəmə iddiaçının 16 may 2022-ci il tarixli müqavilə üzrə 11040.44 manat məbləğində xidmətlərin göstərilməsi və malların verilməsi faktını təsdiq etmək üçün elektron qaimədən əlavə digər sübutları məhkəməyə təqdim etmədiyini, cavabdehin isə xidmətlərin göstərilməsi faktını inkar etdiyini nəzərə alaraq hesab edir ki, iddiaçının iddia etdiyi faktlar öz təsdiqini tapmadığından cavabdehdən 11040.44 manat məbləğində pulun tutulması ilə bağlı iddia tələbi əsassızdır.

19. Eyni zamanda İddiaçı tələbində 200 manat məbləğində mediasiya xərcinin də cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb edir. “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür.

20. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan ödənilmiş mediasiya xərci də iddiaçının özünə aid edilməlidir.

IV. Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. . Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar