Məhkəmə qərarları › İş №e-2-2(113)-7285/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7285/2024

01.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7285/2024 01.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızı, İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC, "xxxx" MMC və Cavabdeh arasında bağlanmış “Kənd təsərrüfati texnikasının lizinqə verilməsi” barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə” xx.xx.2020-ci il tarixli Göyçay-003 nömrəli üçtərəfli Sazişə əsasən xx.xx.2024-cü il tarixinə 253,37 manat gecikdirilmiş əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və Cavabdeh arasında xx.xx.2019-cu il tarixli 231 nömrəli “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə müqavilə bağlanmış və bu müqaviləyə əsasən 1 ədəd Tarimoz T-HM24 və 1 ədəd Metkarsan MK 165, 36 ay müddətinə lizinqə verilmişdir. İddiaçı "xxxx" ASC, "xxxx" MMC və Cavabdeh arasında “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2019cu il tarixli müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə”xx.xx.2020-ci il tarixli Göyçay-003 nömrəli Saziş ilə "xxxx" MMC-yə məxsus hüquq və öhdəliklər iddiaçı "xxxx" ASC-yə ötürülmüşdür. Cavabdeh müqavilə və Sazişin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir, nəticədə cavabdehin lizinq müqaviləsi üzrə "xxxx" ASC qarşısında xx.xx.2024- cü il tarixinə 253,37 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Göstərilən məbləğin ödənilməsi tələbi ilə, tərəfimizdən cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2024-cü il tarixli, PLM-24/0571 nömrəli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Beləliklə, Cavabdeh İddiaçı ASC qarşısında “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2019-cu il tarixli 231 saylı müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə” xx.xx.2020-ci il tarixli Göyçay-003 nömrəli Sazişə əsasən lizinq ödənişləri və hesablaşma qaydalarını pozduğuna görə 253,37 manat gecikdirilmiş əsas borcu yaransa da, cavabdeh həmin ödənişi icra etməkdən yayınır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə AR Mülki Məcəlləsinin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəliyin icrası günü müəyyənləşdirilibsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır.

II. Məhkəmə baxışının hədləri:

3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. "xxxx" MMC (lizinq verən) və Cavabdeh (lizinq alan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli 231 nömrəli “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə müqaviləyə əsasən 1 ədəd Tarimoz T-HM24 və 1 ədəd Metkarsan MK 165, 36 ay müddətinə lizinqə verilmişdir.

5. Müqavilənin 1.2-ci bəndinə görə lizinq alan müqavilənin 1.1-ci bəndində göstərilən 6840,20 manat dəyərindən 1910 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür.

6. “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2019-cu il tarixli müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə” xx.xx.2020-ci il tarixli Göyçay-003 nömrəli Saziş ilə "xxxx" MMC-yə məxsus hüquq və öhdəliklər iddiaçı "xxxx" ASC-yə ötürülmüşdür.

7. Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 003 nömrəli müqaviləyə əlavə 1- üzləşmə və təhvil-təslim aktına görə, 1 ədəd Tarimoz T-HM24 və 1 ədəd Metkarsan MK 165 Cavabdeh təhvil verilmişdir.

8. İddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən, cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2023-cü il tarixində edilmişdir.

9. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, PLM-24/0584 nömrəli maliyyə arayışına görə, Cavabdeh xx.xx.2024-cü il tarixə olan borcu 253,37 manat təşkil edir.

10. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

12. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. - 748-1.4-cü maddəsinə əsasən lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır. - 748-1.7-ci maddəsinə əsasən lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. - 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

13. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 231 nömrəli “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə müqavilədən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

14. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin lizinq müqaviləsinə əsasən üzərinə götürdükləri öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 253,37 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən göstərilən borc tutularaq iddiaçıya ödənilməlidir.

15. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən xx.xx.2019-cu il tarixli 231 nömrəli “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə müqavilə üzrə 253,37 manat borc tutularaq iddiaçıya ödənilməlidir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

IV. Nəticə:

18. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 253,37 manat məbləğində pul, ödənilmiş 30 manat dövlət rüsumu, ümumilikdə 283,37 (iki yüz səksən üç manat otuz yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar