Məhkəmə qərarları › İş №e-2-2(113)-7287/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7287/2022

27.12.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7287/2022 27.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan ümumilikdə 6774,64 manat vergi və sosial sığorta haqları üzrə borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs (doğulduğu tarix - xx xxxxxx 1972-ci il, doğulduğu yer – Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan "xxxx" MMC (VÖEN **********) vergi və sosial sığorta haqları üzrə öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə xx.xx.2022-ci il tarixə vergilər üzrə 5166,86 manat, Dövlət Sosial Müdafiə Fonduna1,49 manat və İşsizlikdən Sığorta Fonduna 6,05 manat, "xxxx" MMC-nin (VÖEN **********) isə yuxarıda qeyd olunan tarixə Dövlət Sosial Müdafiə Fonduna 1600,24 manat olmaqla, ümumilikdə 6774,64 manat məbləğində borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğini ödəməmişlər. Reyestr məlumatlarına əsasən Maraqlı şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. dövlət büdcəsinə olan ümumilikdə 6774,64 manat vergi və sosial sığorta haqları üzrə borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Maraqlı şəxs bildirdi ki, vergi orqanı tərəfindən borc məbləği hesablanmış və həmin borc tərəfimdən mübahisələndirilmişdir. Ali Məhkəmənin qərarına əsasən borc məbləğinin bir hissəsi silinmiş, təxminən 5000 manat miqdarında borcun olması müəyyən edilmişdir. Mütəmadi olaraq vergi və digər fondlara olan borcları ödəmişdir. Fəaliyyət sahəsi istehsal etdiyi malların xaricə ixrac edilməsindən ibarətdir. Ölkədən getmək hüququmun məhdudlaşdırılması sahibkarlıq fəaliyyətinin dayanmasına səbəb olacaq. Eyni zamanda həyat yoldaşı onkoloji xəstədir. Onun müalicəsi ilə əlaqədar olaraq ölkə xaricinə səfər edir. Həmçinin şəxsi hesab vərəqəsində on min manat artıq ödəməsi vardır. Həmin məbləğin əvəzləşdirilməsi ilə bağlı vergi orqanına müraciət etmişdir. Qeyd olunanlara əsasən ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş üzrə ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, həmin hüquqi şəxsin borcu mövcuddur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, həmin hüquqi şəxsin borcu mövcuddur. Hüquqi şəxs haqqında məlumatla təsdiq edilir ki, hüquqi şəxslərin rəhbəri xx xxxxxx 1972-ci il tarixdə Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonunda doğulmuş (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) Maraqlı şəxsdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsi vergi borcunun ödənilməsinə dair xx.xx.2019-cu il tarixli **********7947600 nömrəli bildirişlə hüquqi şəxslərə və fiziki şəxsə müraciət edərək vergi borcunun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin müraciətə baxılması barədə məktubundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə vergi borcu müəyyən edilməmişdir. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması barədə ərizədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 10581,75 manat məbləğində artıq ödənilmiş vəsaiti mövcuddur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixə borcu yaranmışdır. Borcun ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən həmin hüquqi şəxsə və fiziki şəxsə borcunun ödənilməsinə dair bildiriş ünvanlanaraq 5 gün müddətində ödənilməsi tələb edilmişdir. Lakin qeyd olunan müddət ərzində həmin borc ödənilməmişdir. Bundan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsi maraqlı şəxsə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıq göndərmişdir. Borc məbləği ödənilmədiyindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüquqları vardır. 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin (VÖEN **********) Dövlət Sosial Müdafiə Fonduna 1600,24 manat məbləğində borcu olduğundan və eyni zamanda həmin MMC-nin 10581,75 manat məbləğində artıq ödəməsi mövcud olduğundan, vergi ödəyicisinin borc məbləğinin ödənilməsindən yayınma halı öz təsdiqini tapmadığından, "xxxx" MMC-nin icra orqanının rəhbərinin qeyd olunan hüququnun məhdudlaşdırılması üçün əsaslar olmadığından ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin ərizəsi vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN **********) borcunun ödənilməsi üçün maraqlı şəxsin ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması hissəsində təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə qismən təmin edilməli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin borcunun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.3-cü maddəsinə əsasən mülki məhkəmə icraatında xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizə verildikdə dövlət rüsumu ödənilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, ərizəçi dövlət rüsumunu ödəməkdən azad edildiyindən və ərizə təmin edildiyindən 100 manat dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. “Spika“ Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 5166,86 manat, Dövlət Sosial Müdafiə Fonduna 1,49 manat, İşsizlikdən Sığorta Fonduna 6,05 manat olmaqla, ümumilikdə 5174,4 manat məbləğində borcunun ödənilməsini təmin etmək məqsədilə icra orqanının rəhbəri, xx xxxxxx 1972-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonunda doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılsın. Ərizə qalan hissədə təmin edilməsin. Maraqlı şəxs 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar