Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7289/2025 08.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi üzrə borc ) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Süleymanova Ləman Çingiz oğlunun katibliyi, İddiaçının nümayəndəsi\vəkili Vəkil iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 47 851 (qırx yeddi min səkkiz əlli bir) manat malın dəyəri, 8 613,18 (səkkiz min altı yüz on üç manat 18 qəpik) manat ƏDV məbləği olmaqla cəmi 56 464,18 (əlli altı min dörd yüz altmış dörd manat 18 qəpik) manat məbləğində əsas borcun, 5 766, 88 (beş min yeddi yüz altmış altı manat, 88 qəpik) manat məbləğində pul vəsaitinin ödənilməsinin gecikdirilməsi üçün beş faizin, 5 646,37 (beş min altı yüz qırx altı manat, 37 qəpik) manat miqdarında cərimə məbləğinin, cəmi 67 877,43 (altmış yeddi min səkkiz yüz yetmiş yeddi manat, 43 qəpik) manat məbləğində vəsaitin, 320 manat miqdarında vəkil xərcinin və 294 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq “ELEL CONSTRUCTİON" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC “Satıcı” ilə cavabdeh “Alıcı” Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, ELEL-707 nömrəli Müqavilə bağlanmışdır. Həmin Müqavilənin 1-ci bəndinə əsasən Alıcının şifarişinə əsasən Satıcı, Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə № 1-də qeyd edilmiş beton məhsulunu (bundan sonra “Mallar” adlanacaq) Müqaviləyə müvafiq qaydada Alıcıya təqdim edir. Alıcı isə öz növbəsində Müqaviləyə müvafiq qaydada təqdim edilən Malları müəyyən edilmiş qaydada təhvil alıb Müqavilədə müəyyən olunan qiymətini Satıcıya ödəyir. Həmin Müqavilənin 2.2.1-ci bəndinə əsasən Müqavilədə nəzərdə tutulmuş qaydada təqdim edilmiş Malları qəbul edərək Müqavilədə müəyyən olunan qiymətini ödəmək Alıcının vəzifəsidir. Həmin Müqavilənin 8.2.-ci bəndinə əsasən Müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə Alıcı ödənişin hər gecikdirilmiş günü üçün Satıcıya Müqavilə qiymətinin 0.1 %-i (sıfır tam onda bir faizi) məbləğində cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği Müqavilə qiymətinin 10%-dən (on faizdən) çox olmamalıdır. Həmin Müqavilənin 10-cu maddəsinə əsasən Müqavilədən və ya onunla əlaqədar yaranan, o cümlədən Müqavilənin icrasına, pozulmasına, xitam verilməsinə və ya etibarsızlığına aid olan bütün mübahisələr, münaqişələr, fikir ayrılıqları və tələblər (bundan sonra “Mübahisələr” adlanacaq) Tərəflər arasında danışıqlar yolu ilə həll edilir. 10 (on) təqvim günü ərzində danışıqlar yolu ilə həll edilməyən Mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunlarına müvafiq olaraq Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll ediləcəkdir. Beləliklə, həmin müqaviləyə əsasən cavabdehin 56464,18 (əlli altı min dörd yüz altmış dörd manat 18 qəpik) manat miqdarında borcu vardır. Baş verən pozuntunun aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdalıq olmasına və münasibətlərin pozulmaması üçün dostcasına xahiş edilməsinə və bugünə qədər səbr və təmkinlə gözləməyimizə baxmayaraq, müxtəlif bəhanələr gətirərək cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməkdən qəsdən yayınmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.
5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. "xxxx" MMC ilə cavabdeh “Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ELEL-707 nömrəli müqaviləyə əsasən:
8. Müqavilənin 1-ci bəndinə əsasən alıcının sifarişinə əsasən Satıcı, Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə № 1-də qeyd edilmiş beton məhsulunu (bundan sonra “Mallar" adlanacaq) Müqaviləyə müvafiq qaydada Alıcıya təqdim edir. Alıcı isə öz növbəsində Müqaviləyə müvafiq qaydada təqdim edilən Malları müəyyən edilmiş qaydada təhvil alıb Müqavilədə müəyyən olunan qiymətini Satıcıya ödəyir.
9. Müqavilənin 2.1.1-ci bəndinə əsasən satıcıdan Malların vaxtında və üçüncü şəxslərin hüquqlarına xələl gətirilmədən, qanunvericiliyin tələblərini pozmadan, yüksək keyfiyyət və standartlara cavab verən şəkildə və razılaşdırılmış sayda, növdə və çeşiddə, Alıcının müəyyən etdiyi vaxt çərçivəsində və Alıcının müəyyən etdiyi məkanlarda təhvil verilməsini tələb etmək;
10. Müqavilənin 2.2.1-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə Satıcıdan Müqaviləyə müvafiq qaydada təqdim edilmiş Malları qəbul edərək Müqavilədə müəyyən olunan qiymətini ödəmək;
11. Müqavilənin 2.3.1-ci bəndinə əsasən müqaviləyə müvafiq qaydada təqdim etdiyi Mallar müqabilində Alıcıdan Malların qiymətinin ödənilməsini tələb etmək.
12. Müqavilənin 2.4.1-ci bəndinə əsasən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin və vəzifələrin vicdanla və vaxtında icra edilməsini təmin etmək;
13. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə təqdim ediləcək Mallar müqabilində Alıcı tərəfindən Satıcıya ödəniləcək məbləğ Müqaviləyə Əlavə № 1-də qeyd edilən qiymətlərə uyğun olaraq hesablanır.
14. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə çərçivəsində təqdim edilən Mallar bütün müvafiq keyfiyyət göstəricilərinə və standartlara uyğun gəlməlidir.
15. Müqavilənin 4.2-ci bəndinə əsasən satıcı Malların tələb olunan standartlara uyğunluğunu müvafiq sənədlərlə təsdiq etməlidir.
16. Müqavilənin 5.1-ci bəndinə əsasən malların qəbulu Tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanan qaimə əsasında heyata keçirilir.
17. Müqavilənin 5.2-ci bəndinə əsasən qaimənin hər iki Tərəfin imzalanması Satıcının Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri icra etdiyini və Alıcının təqdim edilmiş Malları qəbul eydiyini təsdiq edir.
18. Müqavilənin 8.1-ci bəndinə əsasən tərəflər Müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsinə, habelə lazımınca yerinə yetirilməməsinə görə məsuliyyət daşıyırlar.
19. Müqavilənin 8.2-ci bəndinə əsasən müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə Alıcı ödənişin hər gecikdirilmiş günü üçün Satıcıya Müqavilə qiymətinin 0,1%-i (sıfır tam onda bir faizi)mebləğində cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği Müqavilə qiymətinin 10%-dən (on faizindən) çox olmamalıdır.
20. Müqavilənin 8.3-cü bəndinə əsasən satıcı Müqavilə üzrə Malları tam və vaxtında Alıcıya təqdim edə bilmədiyi təqdirdə Malların təqdim edilməsinin hər gecikdirilmiş günü üçün Müqavilə qiymətinin 0,1 %-i (sıfır tam onda bir faizi) məbləğində cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği müqavilə qiymətinin 10 %-dən (on faizindən) çox olmamalıdır.
21. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə 1 №-li Əlavəyə əsasən 1 m3 M100 (B7.5) Şap qiyməti 140 manat, M100 (B7.5) Şap qiyməti 145 manat, M150 (B10) Şap qiyməti 148 manat, M200 (B15) Beton qiyməti 141 manat, M250 (B20) Beton qiyməti 144 manat, M300 (B22,5) Beton qiyməti 147 manat, M350 (B25) Beton qiyməti 150 manat, M400 (B30) Beton qiyməti 155 manat, M400 (B30) Beton qiyməti 155 manat, M100 (B7,5) Beton qiyməti 135 manat, M150 (B10) Beton qiyməti 138 manat, M450 (B35) Beton qiyməti 160 manat, M550 (B40) Beton qiyməti 165 manat razılaşdırımışdır.
22. İddiaçı tərəfindən malların satışına dair cavabdehə xx.xx.2023-cü il tarixli EBDK 441305 saylı 47512,70 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDN 530773 saylı 15635 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDP 675069 saylı 11016,48 manat məbləğində e-qaimələr göndərilmişdir.
23. 11.08.2023-cü il tarixli ödəniş qəbzinə əsasən Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə təyinatı EBDK441305 saylı e-qaimə göstərilməklə 15000 manat məbləğində ödəniş edilmişdir.
24. Köçürmələrin aparılması barədə bildirişə əsasən cavabdeh tərəfindən iddiaçının ədv borcu üzrə təyinatı EBDK441305 saylı e-qaimə göstərilməklə 2700 manat məbləğində ödəniş edilmişdir.
25. İddiaçı tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh MMC-nin "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixə olan borcu 67877,43 manat müəyyən edilmişdir.
26. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
28. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
29. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
30. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
31. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
32. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
33. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər
34. Göründüyü kimi tərəflər arasında xx.xx.2023-cü il tarixli, ELEL-707 nömrəli bağlanmış müqavilənin 1-ci bəndinə əsasən alıcının sifarişinə əsasən Satıcı, Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə № 1-də qeyd edilmiş beton məhsulunu Müqaviləyə müvafiq qaydada Alıcıya təqdim edir. Alıcı isə öz növbəsində Müqaviləyə müvafiq qaydada təqdim edilən Malları müəyyən edilmiş qaydada təhvil alıb Müqavilədə müəyyən olunan qiymətini Satıcıya ödəyir. İddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəlikləri icra etsə də, cavabdehin iddiaçıya müqavilə üzrə 56464,18 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehin EMİS-də e-kabineti olmasına baxmayaraq nə məhkəmə iclaslarında iştirak etməmiş, nə də ki, iddiaya dair yazılı etirazını bildirməmişdir.
35. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, e-qaimələr və qismən ödənişlər ilə təsdiqini tapdığı üçün, iddia tələbinin ədv daxil 56464,18 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.
36. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 56464,18 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən ədv daxil 56464,18 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
37. Bundan əlavə iddiaçı 5646,37 manat həcmində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş etmişdir.
38. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
39. Məhkəmə hesab edir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
40. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
41. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə (56464,18 manat) nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan azaldılmalı, tutulacaq dəbbə pulu 2823 manat manat məbləğində müəyyən edilməlidir.
42. İddia tələbinin digər hissəsi olan - əsas borcun gecidilməsinə görə gecikdirmə faizi olaraq (illik 5%) hesablanmış 5766,88 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbini məhkəmə qismən əsaslı hesab edir.
43. Belə ki, Mülki Məcəllənin:
44. 445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvvədə olmuş redaksiyasına əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
45. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
46. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
47. 466.1-ci maddəsinə görə əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir.
48. 466.2-ci maddəsinə görə qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər:
49. 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər;
50. 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər;
51. 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər.
52. 466.3-cü maddəsinə görə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məhdud məsuliyyətin müəyyənləşdirildiyi hallarda dəbbə pulu çatmayan və ya dəbbə pulundan yuxarı hissədə və ya onun əvəzinə ödənilməli olan zərər həmin məhdudiyyətlə müəyyənləşdirilmiş həddə qədər tutula bilər.
53. İddianın öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu və Mülki Məcəllənin 445.7-ci maddəsi ilə faiz tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, podrat müqaviləsi üzrə görülmüş işlərin dəyərini ödəmək öhdəliyinin ödənilməsinin gecikdirilməsinə görə iki məsuliyyət tədbirinin – müqavilədə nəzərdə tutulmuş dəbbə pulunun və illik 5% olmaqla faizlərin tutulmasını tələb edir. Bu zaman dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, dəbbə pulunun hesablanması üsuluna görə növlərindən biri olan “cərimə” öhdəliyin icra edilmədiyi və ya lazımi qaydada icra edilmədiyi hallarda birdəfəlik sabit pul məbləği olaraq tutulur, bundan fərqli olaraq dəbbə pulunun digər növü olan “penya” öhdəliyin icra edilməməsinə və ya lazımi qaydada icra edilməməsinə görə pozuntunun davam etdiyi müəyyən vaxt dövrü üçün faiz (və ya sabit məbləğ) formasında müəyyən edilir və pozuntu davam etdikcə penyanın məbləği də artır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləin şərtlərindən göründüyü kimi həmin müqavilədə nəzərdə tutulmuş dəbbə pulu, gecikdirmənin hər günü üçün əsas borc məbləğinə faiz kimi müəyyən edildiyindən hesablanma üsuluna görə dəbbə pulunun penya növünə aiddir.
54. Digər tərəfdən maddi zərərlə dəbbə pulunun nisbətini müəyyən edən Mülki Məcəllənin 466-cı maddəsində zərərlə nisbətinə görə 4 dəbbə pulu növü fərqləndirilmişdir. Belə ki, həmin maddəyə görə qanunda və müqavilədə digər qayda müəyyənləşdirilmədikdə, dəbbə pulu əvəzləşdirilən dəbbə pulu hesab edilir, yəni dəbbə pulu məbləği zərər məbləği ilə əvəzləşdirilməklə zərərin yalnız dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə dəbbə pulunun digər növləri də nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər (müstəsna dəbbə pulu);. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər (cərimə xarakterli dəbbə pulu); kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər (alternativ dəbbə pulu). Göründüyü kimi zərərlə yanaşı tutulan cərimə xarakterli dəbbə pulundan fərqli olaraq digər üç dəbbə pulu növü (əvəzləşdirilən, müstəsna və alternativ) zərər məbləğinə əlavə olaraq tutulmur. Başqa sözlə desək, cərimə xarakterli dəbbə pulu istisna olmaqla dəbbə pulunun sadalanan digər növlərinin tətbiqində məqsəd şəxsin öhdəliyin pozuntusuna görə cəzalandırmaq deyil, öhdəliyin icrasını təmin etmək və öhdəliklərin pozulması nəticəsində zərərçəkmiş şəxsin hüquqlarını bərpa etməkdən ibarətdir.
55. Hazırkı halda tərəflər arasında bağlanmış müqavilədə zərərlə dəbbə pulunun nisbətinin xüsusi qaydası müəyyən edilmədiyindən, mübahisəli müqavildə nəzərdə tutulmuş dəbbə pulu (penya) əvəzləşdirilən dəbbə pulu hesab edilməlidir. Belə olan halda isə, həmin dəbbə pulu tutulduqda zərərin yalnız dəbbə pulu ilə əhatə edilməyən hissəsi tutula bilər.
56. Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlərə münasibətdə qeyd edilməlidir ki, həmin maddədə nəzərdə tutulmuş faizlər pul öhdəliyinin icrasının gecikdirilməsinə, yəni borclu tərəfindən pul öhdəliyinin pozulmasına görə tətbiq edildiyindən sanksiya xarakterlidir. Lakin həmin faizlər də borclunu pozuntuya görə cəzalandırmaq deyil, kreditorun pozulmuş hüquqlarını bərpa etmək, yəni kreditorun borclu tərəfindən ödənilməsinin gecikdirildiyi pul vəsaitindən istifadə etdiyi halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəliri, yəni maddi zərərin formalarından biri olan əldən çıxmış faydanı kompensasiya etmək məqsədi ilə tətbiq edildiyindən bərpaedici xarakterli sanksiyadır.
57. Beləliklə, hazırkı halda həm mübahisəli müqavilədə nəzərdə tutulmuş əvəzləşdirilən dəbbə pulu, həm də Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlər bərpaedici sanksiyalar olduğundan həmin sanksiyaların birlikdə tətbiq edilməsi ikiqat məsuliyyət yaratmaqla hüququnun universal prinsipi olan non bis in idem (eyni əmələ görə iki dəfə olmaz) prinsipinə ziddir.
58. Bundan əlavə hazırkı halda gecikdirilmiş borc məbləğinə həm dəbbə pulunun, həm də faizlərin hesablanması Mülki Məcəllənin 466-cı maddəsinin tələblərinə də uyğun hesab edilə bilməz. Belə ki, yuxarıda da şərh edildiyi kimi həmin maddənin tələbləri baxımından Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən zərərin formalardan biri olan əldən çıxmış faydanın əvəzi olaraq hesablanan faizlərin yalnız dəbbə pulu məbləği ilə əhatə edilməmiş hissəsinın tutulmasına yol verilir.
59. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, cavabdeh tərəfindən müəyyən qədər ödəniş edilsə də, lakin qalıq borc iki ildən artıq müddətdir ki, ödənilməmiş qalmışdır. Beləliklə, gecikdirilmiş 56464,18 manat borca illik 5% ilə iddiaçını hesabladığı faiz borcu 5766,88 manat təşkil edir, cavabdehə tətbiq edilən dəbbə pulu məbləği isə 2823 manat təşkil edir.
60. Göründüyü kimi iddiaçının tutulmasını xahiş etdiyi 5766,88 manat məbləğində faiz məbləği hazırkı qətnamə ilə tutulmuş dəbbə pulu məbləği (2823 manat) ilə əhatə olunmadığı üçün, yuxarıda qeyd edilən nörmaların təhlilinə əsasən əlavə olaraq əldən çıxmış fayda qismində 2823 manat faiz borcunun tutulması üçün əsaslar mövcüddur.
61. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi faiz borcu qismən - 2823 manat həddində təmin edilməlidir.
62. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 320 manat məbləğində vəkil xərci və 294 manat dövlət rüsumu ödənilmişdir.
63. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
64. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
65. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün dövlət rüsumunun əvəzi olaraq 276 manat və vəkil xərcinin əvəzi olaraq 320 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
66. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən ƏDV daxil 56464,18 manat əsas borc məbləği, 2823 manat dəbbə pulu, borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanan 2823 manat faiz borcu olmaqla cəmi 62100,18 manat borc məbləği, vəkil xərcinin əvəzi olaraq 320 manat və dövlət rüsumunu əvəzi olaraq 276 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova