Məhkəmə qərarları › İş №e-2-2(113)-7293/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7293/2024

18.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7293/2024 18.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh “X1” MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh “X1” MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC cavabdeh “X1” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək ƏDV daxil 32.171,52 manat məbləğində əsas borc və gecikdirilməyə görə 11.903,45 manat dəbbə pulunun, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə ödənilmiş 320 manatın və 225 manat dövlət rüsumunun ödənilməsinə görə “X1” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2023-cü il tarixli 29 nömrəli xidmət müqaviləsi imzalanmışdır. Həmin müqavilə üzrə İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə müəyyən olunmuş xidmətləri göstərməyi, öz növbəsində “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti isə İddiaçınə müqavilə üzrə razılaşdırılmış xidmətlərin dəyərini ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixli 29 nömrəli xidmət müqavilənin 1.1-ci bəndində əsasən həmin müqavilənin Cədvəl №1 də əks olunan Texnikaları sifarişçiyə xidmət göstərməyə verir, sifarşçi isə texnikaları təyinatı üzrə istifadə edib icraçıya xidmət haqqı ödəyir. Bu xidmətlərin müqabilində 1. xx.xx.2023-cü il tarixli EBDQ 342204 nömrəli elektron faktura-qaiməyə əsasən 2690.40 manat; 2. xx.xx.2023-cü il tarixli EBDQ 340751 nömrəli elektron faktura-qaiməyə əsasən 22274.86 manat; 3. xx.xx.2023-cü il tarixli EBDS 824707 nömrəli elektron faktura-qaiməyə əsasən 19950.26 manat olmaqla cəmi 44915.12 manat məbləğində kreditor borcu yaranmışdır. Yuxarıda qeyd olunan borca münasibətdə cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sonuncu dəfə xx.xx.2023-cü il tarixində 10800 ( on min səkkiz yüz ) manat məbləğində əsas borc və xx.xx.2023-cü il tarixində 1944 (bir min doqquz yüz qırx dörd) manat məbləğində ƏDV ödənişi olmaqla cəmi 12744 manat borcun ödənilməsi həyata keçirilmişdir. İddiaçı tərəfindən müqavilələr üzrə öhdəliklər tam şəkildə yerinə yetirilmiş, lakin cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müəyyənləşdirilmiş ədv daxil 32.171,52 (otuz iki min yüz yetmiş bir manat əlli iki qəpik) manat məbləğində ödənilməmiş borcu vardır.

II. Tərəflərin mövqeləri:

3. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, lakin iddiaçı tərəf elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etməməsi barədə məhkəməyə məlumat verməmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC (icraçı) “X1” MMC (sifarişçi) arasında 29 nömrəli xx.xx.2023-cü il tarixli xidmət müqaviləsi bağlanmışdır.

10. Müqavilənin 2.1-ci bəndinə əsasən icraçı ona məxsus olan texnikaları sifarişçiyə xidmət göstərməyə verir, sifarişçi isə texnikaları təyinatı üzrə istifadə edib, icraçıya xidmət haqqı ödəyir.

11. Müqavilənin 3.1-ci bəndinə əsasən icraçı texnika üçün ayrıca gündəlik xidmət cədvəli tərtib edir. Cədvəllər əsasında tərəflər arasında xidmətlərin təhvil-təslim aktı tərtib olunur, imzalanır, möhürlənir.

12. Müqavilənin 6.1-ci bəndinə əsasən hesablama cədvəlində xidmət göstərən hər bir texnikanın dövlət nömrə nişanı, markası, modeli göstərilməklə, xidmət günlərinin sayı, xidmətin məbləği və yekun xidmət məbləği göstərilməlidir.

13. Müqavilə hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq edilmişdir.

14. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin məzmununa və tərəflər arasında formalaşmış olan işgüzar münasibətlərə nəzər yetirildiyində aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.

15. Ona görə də məhkəmə hesab edir ki, Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

16. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırkı mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.

17. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam, müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə xidmət göstərilibgöstərilməməsidir.

18. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli müqavilə əsasında adları göstərilən texnikaların “X1” MMC-nin tikinti obyektində işləməsi barədə cədvəllərdən görünür ki, icraçı İddiaçı MMC tərəfindən sifarişçiyə xidmətlər göstərilmiş, “X1” MMC də həmin cədvəlləri imza və möhürü ilə təsdiq etməklə icraçı tərəfindən xidmət göstərildiyini qəbul etmişdir.

19. Eyni zamanda göstərilmiş xidmətlərə görə iddiaçı tərəfindən cavabdehə EBDS seriyalı 824707 nömrəli xx.xx.2023-cü il tarixli dəyəri 19.950,26 manat, EBDQ seriyalı, 340751 nömrəli, xx.xx.2023-cü il tarixli dəyəri 22.274,86 manat, EBDQ seriyalı, 342204 nömrəli, xx.xx.2023-cü il tarixli dəyəri 2.690,40 manat olan elektron qaimələr göndərilmişdir.

20. Yuxarıda sadalanmış elektron qaimələrin sadə riyazi hesablama ilə ümumi məbləği 44.915,52 manat təşkil edir.

21. Hazırda iddiaçı cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 10.800 manat, xx.xx.2023-cü il tarixdə 1.944 manat ödəniş edildiyini və cavabdehin nəticədə 32.171,52 (44.915,52-(10.800+1.944)) manat borcunun qaldığını bildirərək, cavabdehdən tutulmasını xahiş edir.

22. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müvafiq xidmətlər cavabdehə göstərilmiş, cavabdehin isə göstərilmiş xidmətlərin dəyərini ödəmək vəzifəsi yaranmışdır.

23. Məhkəmə xüsusi ilə, qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəf heç bir məhkəmə hazırlıq və baxış iclaslarına gəlməmiş, iddiaya etiraz etməmiş, tələb edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir.

24. Ona görə də, Məhkəmə hesab edir ki, iddia əsas borc üzrə 32.141,52 manat məbləğində pulun tələb edilməsi hissəsində əsaslıdır və “X1” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməlidir.

25. Məhkəmə həmçinin hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır.

26. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 8.2-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən sifarişçi öz öhdəliyinin icrasını gecikdirdi təqdirdə hər gecikdirilən gün üçün aylıq xidmət haqqının 0,1 faizi həcmində məsuliyyət daşıyır.

27. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

28. Hazırki işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 1.600 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

29. Bundan başqa, məhkəmə dövlət rüsumunun əvəzi olaraq 225 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

30. İşdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq xx.xx.2024cü il tarixdə 225 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

31. Məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 191,31 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

32. Bundan başqa Məhkəmə hesab edir ki, hüquqi yardıma görə vəkilə çəkilmiş xərcin əvəzi olaraq 320 manat məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya verilməldir.

33. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

34. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 32.171 (otuz iki min yüz yetmiş bir) manat 52 (əlli iki) qəpik, cərimə borcu üzrə 1.600 (bir min altı yüz) manat olmaqla, cəmi 33.771 (otuz üç min yeddi yüz yetmiş bir) manat 52 (əlli iki) qəpik məbləğində pul “X1” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 320 (üç yüz iyirmi) manat məbləğində pul “X1” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 191 (bir yüz doxsan bir) manat, 31 (otuz bir) qəpik məbləğində pul “X1” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar