Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7293/2025 05.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Tərəflər arasında xx.xx.2023-cü il tarixli, ELEL-738 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə görə Alıcının (cavabdehin) sifarişinə əsasən Satıcı (iddiaçı) Müqavilənin aynlmaz tərkib hissəsi olan Əlavə №1-də qeyd edilmiş beton məhsulunu (bundan sonra “Mallar” adlanacaq) Müqaviləyə müvafiq qaydada Alıcıya təqdim edir. Alıcı isə öz növbəsində Müqaviləyə müvafiq qaydada təqdim edilən Malları müəyyən edilmiş qaydada təhvil alıb Müqavilədə müəyyən olunan qiymətini Satıcıya ödəyir. Müqavilənin: 1.1. 2.2.1-ci bəndinə əsasən, Müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə Satıcıdan Müqaviləyə müvafiq qaydada təqdim edilmiş Malları qəbul edərək Müqavilədə müəyyən olunan qiymətini ödəmək alıcının vəzifəsidir. 1.2. 3.1-ci bəndinə əsasən, Müqavilə üzrə təqdim ediləcək Mallar müqabilində Alıcı tərəfindən Satıcıya ödəniləcək məbləğ Müqaviləyə Əlavə №1-də qeyd edilən qiymətlərə uyğun olaraq hesablanır. 1.3. 5.1 və 5.2-ci bəndlərinə əsasən, Malların qəbulu Tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanan qaimə əsasında həyata keçirilir. Qaiməni hər iki Tərəfin imzalanması Satıcının Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri icra etdiyini və Alıcının təqdim edilmiş Malları qəbul etdiyini təsdiq edir 1.4. 5.3-cü bəndinə əsasən, Alıcı Müqavilə üzrə çatdırılan Malların müqavilədə nəzərdə tutulan qaydada təhvil alınmasını və ödəmələrin aparılmasını öhdəsinə götürür. 1.5. 8.2-ci bəndinə əsasən, Müqavilə üzrə Ödəniş vaxtında olmadığı təqdirdə Alıcı Ödənişin hər gecikdirilmiş günü üçün Satıcıya Müqavilə qiymətinin 0,1%-i məbləğində cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği Müqavilə qiymətinin 10%-dən çox olmamalıdır.
2. xx.xx.2023-cü il tarixli, ELEL-738 saylı alqı-satqı müqaviləsinə 1 saylı Əlavə ilə tərəflər cavabdehə satılacaq beton məhsullarının markasını və vahidinin qiymətini razılaşdırmış, aktı hər iki tərəf imzalamış və möhürlə təsdiq etmişlər.
3. İddiaçı tərəfindən cavabdehə 1650 manat əsas, 297 manat ƏDV olmaqla, ümumilikdə 1947 manat məbləğində EBDR seriyalı, 867867 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə göndərilmişdir.
4. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, cavabdeh tərəfindən 297 manat məbləğində pul EBDR seriyalı, 867867 nömrəli elektron qaimə təyinatı ilə iddiaçının ƏDV hesabına köçürülmüşdür.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
5. İddiaçı cavabdeh tərəfindən 1650 manat əsas borc, 151,21 manat pul vəsaitinin ödənilməsinin gecikdirilməsi üçün beş faiz, 165 manat cərimə, cəmi 1966,21 manat məbləğində pulun, 320 manat vəkil xərcinin və 40 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, ELEL-738 nömrəli bağlanmışdır. Həmin Müqavilənin 1-ci bəndinə əsasən Alıcının şifarişinə əsasən Satıcı, Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə № 1-də qeyd edilmiş beton məhsulunu (bundan sonra “Mallar” adlanacaq) Müqaviləyə müvafiq qaydada Alıcıya təqdim edir. Alıcı isə öz növbəsində Müqaviləyə müvafiq qaydada təqdim edilən Malları müəyyən edilmiş qaydada təhvil alıb Müqavilədə müəyyən olunan qiymətini Satıcıya ödəyir. Həmin Müqavilənin 2.2.1-ci bəndinə əsasən Müqavilədə nəzərdə tutulmuş qaydada təqdim edilmiş Malları qəbul edərək Müqavilədə müəyyən olunan qiymətini ödəmək Alıcının vəzifəsidir. Həmin Müqavilənin 8.2.-ci bəndinə əsasən Müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə Alıcı ödənişin hər gecikdirilmiş günü üçün Satıcıya Müqavilə qiymətinin 0.1 %-i (sıfır tam onda bir faizi) məbləğində cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği Müqavilə qiymətinin 10%dən (on faizdən) çox olmamalıdır. Həmin Müqavilənin 10-cu maddəsinə əsasən Müqavilədən və ya onunla əlaqədar yaranan, o cümlədən Müqavilənin icrasına, pozulmasına, xitam verilməsinə və ya etibarsızlığına aid olan bütün mübahisələr, münaqişələr, fikir ayrılıqları və tələblər (bundan sonra “Mübahisələr” adlanacaq) Tərəflər arasında danışıqlar yolu ilə həll edilir. 10 (on) təqvim günü ərzində danışıqlar yolu ilə həll edilməyən Mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunlarına müvafiq olaraq Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll ediləcəkdir. Beləliklə, həmin müqaviləyə əsasən cavabdehin 1650 (bir min altı yüz əlli) manat miqdarında borcu vardır. Baş verən pozuntunun aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdalıq olmasına və münasibətlərin pozulmaması üçün dostcasına xahiş edilməsinə və bugünə qədər səbr və təmkinlə gözləməyimizə baxmayaraq, müxtəlif bəhanələr gətirərək cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməkdən qəsdən yayınmışdır.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
7. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
8. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
9. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəllə:
10. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
15. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
16. Maddə 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
17. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
21. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən əsaslıdır.
22. Mülki Məcəllənin 386.1-ci maddəsindən göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya qanunla müəyyən edilmiş əsaslardan - əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır) və ya özgəsinin işlərini tapşırıqsız aparma, ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.
23. Mülki Məcəllənin 567-ci maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.
24. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, ELEL-738 saylı alqı-satqı müqaviləsinə əsaslanan mülki hüquq münasibətləri yaranmışdır. Müqaviləyə əsasən Alıcının (cavabdehin) sifarişinə əsasən Satıcı (iddiaçı) Müqavilənin aynlmaz tərkib hissəsi olan Əlavə №1-də qeyd edilmiş beton məhsulunu Müqaviləyə müvafiq qaydada Alıcıya təqdim etməyi, Alıcı isə öz növbəsində Müqaviləyə müvafiq qaydada təqdim edilən Malları müəyyən edilmiş qaydada təhvil alıb Müqavilədə müəyyən olunan qiymətini Satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür.
25. İş materiallarında mövcud olan sübutlar iddiaçının müqavilə üzrə öz öhdəliyini yerinə yetirməsi barədə nəticəyə gəlməyə imkan verir. Belə ki, işdən görünür ki, tərəflər xx.xx.2023-cü il tarixli, ELEL-738 saylı alqı-satqı müqaviləsinə 1 saylı Əlavə ilə cavabdehə satılacaq beton məhsullarının markasını və vahidinin qiymətini razılaşdırmış, iddiaçı tərəfindən cavabdehə 1650 manat əsas, 297 manat ƏDV olmaqla, ümumilikdə 1947 manat məbləğində EBDR seriyalı, 867867 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, cavabdeh tərəfindən 297 manat məbləğində pul EBDR seriyalı, 867867 nömrəli elektron qaimə təyinatı ilə iddiaçının ƏDV hesabına köçürülmüşdür.
26. Məhkəmə qeyd edir ki, malların müqavilənin 5.1 və 5.2-ci bəndlərində müəyyən edilmiş qaydaya uyğun faktiki təhvil verilməsini təsdiq edən hər iki tərəfdən imzalanmış qaimələr iddiaçı tərəfindən məhkəməyə təqdim edilməsə də, cavabdehə göndərilmiş qaimə əsasında ödənişin qismən edilməsi, tərəflər arasında formalaşmış bu işgüzar qayda nəzərə alınmaqla, malların cavabdeh tərəfindən təhvil alınması kimi qəbul edilə bilər.
27. Beləliklə, işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı malların cavabdehə təhvil verilməsi ilə bağlı öhdəliyini yerinə yetirsə də, cavabdeh aldığı malların müqavilə ilə müəyyən edilmiş müddətdə ödənilməsi ilə bağlı öhdəliyini tam yerinə yetirməmiş, ƏDV məbləğini ödəsə də, əsas borcu ödəməmişdir. Odur ki, iddiaçı 1650 manat məbləğində əsas borcun cavabdehdən tutulmasına dair hazırkı iddia tələbini irəli sürməkdə haqlıdır.
28. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir.
29. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır.
30. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq gecikdirilmiş borc məbləğinə illik 5% məbləğində hesablanmaqla 83 manat məbləğində müəyyən edilməsini daha ağlabatan hesab edir.
31. Məhkəmə həmçinin, iddianın müqavilə üzrə ödənişin gecikdirilməsinə görə illik 5% nisbətində faizin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir.
32. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında da göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
33. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, hüquqi xidmət göstərilməsi məqsədi ilə iddiaçı tərəfindən “A.İ.M” Vəkil Bürosunun vəkili Vəkil hesabına 320 manat, işə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 40 manat (qəbz nömrəsi: **********) dövlət rüsumu ödənilmişdir.
34. Məhkəmə iddiaçının çəkdiyi məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi hüquqi xidmət xərcinin və dövlət rüsumunun cavabdehdən tutulması hissəsində əsaslıdır. Belə ki, cavabdeh müqavilə üzrə yaranmış öhdəliklərini vaxtında icra etmədiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, bununla əlavə xərc çəkmişdir. Mülki Məcəllənin 21.2-ci maddəsindən də görünür ki, zərər həm də, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri ehtiva edir. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqlarının məhkəmədə müdafiəsi ilə bağlı əlavə xərclər çəkməsinə səbəb cavabdehin öz öhdəliklərini vaxtında icra etməməsi olmuşdur. Mülki Məcəllənin 425-ci maddəsi də tələb edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməlidir.
35. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 1650 manat əsas borc və 83 manat cərimə olmaqla, cəmi 1733 (min yeddi yüz otuz üç) manat pul vəsaiti, hüquqi yardımla bağlı ödənilmiş 320 manat vəkil xərci və 40 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Pərviz Zamanlı