Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7301/2025 24.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: distributor müqaviləsi, borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:
1. Tərəflər arasında xx.xx.2024-cü il tarixli, 19/2024 saylı distributor müqaviləsi imzalanmışdır. Müqavilənin predmetini İddiaçı MMC-nin (bundan sonra – Sika) satış üzrə təşkilat strukturuna daxil olan inşaat sistemləri qrupunda distributorluğun verilməsi təşkil edir. Müqavilənin: 1.1. 2.3-cü bəndinə əsasən, Sikanın inşaat sistemləri, beton və sənaye qrupu qeydə alınmış müştəri qruplarına birbaşa və ya digər vasitəçilərin köməyi ilə satış işlərini həyata keçirmək hüququna malikdir. 1.2. 5.1.1-ci bəndinə əsasən, Sika məhsullarının Distributora (cavabdehə) satışı zamanı Sikanın müəyyən etdiyi qiymət siyahısı əsas götürülür. Bu qiymət siyahısı müntəzəm olaraq dəyişə bilər. Sika tərəfindən təqdim olunan qiymət siyahısı bu müqavilənin ayrılmaz bir hissəsidir. 1.3. 5.2.3-cü bəndinə əsasən, Distributor sifariş etdiyi məhsulların xərclərini Sikanın hesab fakturalarında müəyyən etdiyi ödəniş şərtlərinə uyğun olaraq ödəməlidir. Ödənişlər Sikanın təqdim etdiyi bank hesabına ediləcəkdir. 1.4. 5.2.4-cü bəndinə əsasən, Satılan malın hər bir vahidinin və ƏDV-ni nəzərə almaqla malın satış qiyməti X1 ilə müəyyən edilir. 1.5. 5.2.5-ci və 5.2.6-cı bəndlərinə əsasən, Distributor qaimə-faktura üzrə ödəniş əsasında çalışacaqdır. Hər bir qaimənin ödəniş müddəti maksimum 30 gün olaraq qəbul edilir. Distributor ödəniş etmədiyi halda mal təminatı dayandırılacaqdır. 1.6. 5.3.1-ci bəndinə əsasən, Bu müqavilə qüvvəyə mindikdən sonra Sika Distributorun tələbatını və bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla satdığı malı Distributorun yazılı (elektron poçt ünanı, fax, sosial şəbəkələr vasitəsi ilə olan yazışmalar da daxil olmaqla) və ya şifahi (telefon danışığı və ya hər hansı şifahi formada olan danışıq əsasında) sifarişi Sika logistik xidmətinin dəstəyi ilə həyata keçirilir. 1.7. 5.3.2-ci bəndinə əsasən, Məhsulların təhvil alınmasına dair Diler tərəfindən təsdiqlənmiş sənəd-təhvil aktı (rəsmi və ya qeyri-rəsmi nümayəndəsi vasitəsi ilə) Distributor və Sika arasında məhsulun çatdırılmasına dair əsas sənəd hesab olunacaqdır.
2. İş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən imza və möhürlə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli təminat məktubundan görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixə iddiaçıya 100756,74 manat (ƏDV daxil) məbləğində borcu olduğunu təsdiq edir. O cümlədən borc 2025-ci il sentyabr ayının sonunadək ödənilməyəcəyi təqdirdə əsas borcdan əlavə 10075,67 manat məbləğində gecikdirmə faizini ödəməyi öz öhdəsinə götürür.
3. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə ƏDV daxil – 87814,63 manat məbləğində elektron-qaimə göndərilmişdir.
İDDİA ƏRİZƏSİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı cavabdehdən 89119 manat əsas borc, 4455 manat əldən çıxmış fayda, dövlət rüsumuna görə ödənən 372 manat və vəkilə ödənilmiş 320 manat pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı ərizəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixində İddiaçı MMC (Satıcı) ilə Cavabdeh MMC (Alıcı) arasında 19/2024 saylı distrubutor alqı-satqı müqaviləsi bağlanmışdır. Bağlanmış müqavilə şərtlərinə əsasən CavabdehMMC tərəfindən İddiaçı MMC-yə aldığı malların pulunu 30 gün ərzində ödəməli idi. Lakin, cavabdeh hal-hazırki dövərə qədər aldığı malın pulu ödəməmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli təminat məktubunda mövcud borcun təsdiqi və ödəmə şərtləri qeyd edilmişdir. Lakin, cavabdeh təminat məktubunda qeyd etidiyi ödədmə qrafikinə uyğun borcu ödəməmişdir. Halhazırda CavabdehMMC-nin İddiaçı MMC-yə olan borcu ƏDV daxil 89.119 manat təşkiledir. Cavabdeh ödənişi 1 ildən çox müddətə gecikdirdiyinə ümumi məbləğin 5% miqdarında əldən çıxmış faydanın əvəzı olaraq 4455 manat gecikmə faizi ödəməlidir. İddiaçı tərəfindən cavabdehə dəfələrlə borcun ödənməsi və alqı-satqı müqaviləsinin şərtlərini kobut şəkildə pozduğuna görə şifahi və yazılı xəbərdarlıq etmişdır. Lakin,edilən xəbərdarlıqlara məhəl qoymayan cavadeh bu günə qədər aldığımalın dəyərini ödəmir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh məhkəməyə yazılı etiraz təqdim etməmişdir. MƏHKƏMƏ İCLASİNDA VERİLƏN İZAHATLAR:
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmn edilməsini xahiş etdi.
8. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ:
Azərbaycan Respublikası Mülki Məcəllə:
9. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
10. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
11. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
12. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
13. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
14. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
15. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
16. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
17. Maddə 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
18. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi:
23. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslıdır.
24. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
25. MM-nin 386.1-ci maddəindən də göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.
26. Mülki Məcəllənin 567-ci maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.
27. İşin mübahisəsiz hallarından da görünür ki, Tərəflər arasında xx.xx.2024-cü il tarixli, 19/2024 saylı distributor müqaviləsi imzalanmışdır. Müqavilənin predmetini İddiaçı MMC-nin (bundan sonra – Sika) satış üzrə təşkilat strukturuna daxil olan inşaat sistemləri qrupunda distributorluğun verilməsi təşkil etmişdir.
28. Tərəflər arasında bağlanmış müqavilənin 5.3.2-ci bəndinə əsasən, Məhsulların təhvil alınmasına dair Diler tərəfindən təsdiqlənmiş sənəd-təhvil aktı (rəsmi və ya qeyri-rəsmi nümayəndəsi vasitəsi ilə) Distributor və Sika arasında məhsulun çatdırılmasına dair əsas sənəd hesab olunacaqdır. İddiaçı tərəfindən razılaşdırılmış malların cavabdehə təhvil verilməsini təsdiq edən belə təhvil aktları iş materiallarına əlavə olunmasa da, cavabdeh tərəfindən imza və möhürlə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli təminat məktubundan görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixə iddiaçıya 100756,74 manat (ƏDV daxil) məbləğində borcu olduğunu təsdiq etmiş, o cümlədən borc 2025-ci il sentyabr ayının sonunadək ödənilməyəcəyi təqdirdə əsas borcdan əlavə 10075,67 manat məbləğində gecikdirmə faizini ödəməyi öz öhdəsinə götürmüşdür.
29. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh yazılı qaydada borcu etiraf etdiyindən və bununla bağlı üzərinə öhdəlik götürdüyündən tərəflər arasında razılaşdırılmış mallar iddiaçı tərəfindən cavabdehə çatdırılmış hesab edilməlidir.
30. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə ƏDV daxil – 87814,63 manat məbləğində elektron-qaimə göndərilmişdir.
31. Beləliklə, iddiaçı müqavilə ilə üzərinə götürdüyü malların təhvil verilməsinə dair öhdəliyini lazımınca icra etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən malı almaq hüququna malik olduğu kimi, eyni zamanda müqavilənin 5.2.5-ci və 5.2.6-cı bəndlərinə əsasən, qaimə-faktura üzrə ödənişləri həyata keçirməklə bağlı üzərinə öhdəlik götürmüşdür (hər bir qaimənin ödəniş müddəti maksimum 30 gün olaraq qəbul edilməklə). Cavabdeh isə göstərilən müqavilə əsasında malı almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini tam ödəməyərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Odur ki iddiaçı əsas borcun cavabdeh tərəfindən ödənilməsinə dair hazırkı iddia tələbini irəli sürməkdə haqlıdır.
32. Məhkəmə hesab edir ki, iddia əldə çıxmış faydanın tutulması hissəsində əsassızdır. İddiaçının həmin tələbinin qanuni əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir. Normanın dispozitiv şərtinə görə kreditorun həmin maddədə nəzərdə tutulmuş faizləri tələb etməsi üçün hüquqi əsaslar o halda yaranır ki, borclu pul vəsaitini özündə saxlamaqla və digər üsulla qaytarmamaqla ondan faydalanmış olsun. “Faydalanmaq” sözünün leksik mənası fayda götürmək, xeyir götürmək, istifadə etmək, bəhrə götürmək deməkdir. Əşyadan faydalanmağın hüquqi baxımdan müəyyən mənada izahı Mülki Məcəllənin 135.12-ci maddəsində göstərilmişdir. Həmin müddəaya əsasən əşyanın verdiyi gəlir, artım və (və ya) üstünlük əşyanın bəhəridir.
33. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli Plenum Qərarında qeyd olunur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Eyni zamanda, MM-in 445.7ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.
34. Şərh edilənlər və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi yanaşma o nəticəyə gəlməyə əsas verir ki, kreditor Mülki Məcəllənin 449.1-ci maddəsində nəzərdə tutulmuş pul vəsaitini qaytarmamağa görə əldən çıxmış fayda formasında pul tələb etməsi o zaman əsaslı ola bilər ki, borclunun həmin pul vəsaitindən faydalandığını sübuta yetirilmiş olsun. İddiaçı isə həmin tələbinin əsaslılığına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.
35. Məhkəmə iddiaçının çəkdiyi məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi dövlət rüsumunun cavabdehdən tutulması hissəsində də əsaslıdır.
36. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 89119 manat əsas borc, hüquqi yardım üçün ödənilmiş 320 manat vəkil xərci və ödənilmiş 372 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Pərviz Zamanlı