Məhkəmə qərarları › İş №e-2-2(113)-7304/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7304/2024

04.11.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7304/2024 04.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə (açar sözlər: ölkədən getmək hüququnun məhdudlaşdırılması) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, Maraqlı şəxs nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Ərizənin mahiyyəti

1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 491.927,79 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZEAA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 491927,79 manat məbləğində (o cümlədən, vergilər üzrə 294378,38 manat, faizlər üzrə 197449,41 manat, maliyyə sanksiyası üzrə 100 manat) olmaqla, ümumilikdə 491927,79 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********559900 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X2, ərizəyə etiraz edərək ərizənin rədd edilməsini xahiş etdi.

III. Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Konstitusiyanın 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır.Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: - 355-5. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. - Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. - 355-7. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. - Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. - İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir.

IV. Məhkəmənin mövqeyi:

7. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən rədd edilməlidir.

8. İş materiallarına əlavə olunmuş ərizədən görünür ki, ərizəçi xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 491.927,79 manat (vergilər üzrə 294.378,38 manat, faizlər üzrə 194.449,41 manat, maliyə sanksiyası üzrə 100 manat) məbləğində borcuna görə həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir.

9. İş materiallarına əlavə edilmiş vergi ödəyiciləri məlumatına əsasən Maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəridir.

10. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi vergi borcunun əsassız olaraq hesablandığını, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 4-cü şöbəsinin 22 iyul 2024-cü il tarixli iş üzrə icraata xitam verilməsi barədə qərarına əsasən borc məbləğinin 299.701,44 manat azalmalı olduğunu bildirmiş, ərizənin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

11. İş materiallarına əlavə edilmiş Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 4-cü şöbəsinin 22 iyul 2024-cü il tarixli cinayət işinin tövsif edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərarına əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli (AVİS **********342100) rəyinə əsasən, "xxxx" MMC-yə məxsus şəxsi hesab vərəqədə 299.701,44 manat (280.100+19.601) binan tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi məbləğinə azalma verilməklə müvafiq düzəlişlər aparılması üçün hazırki qərarın surəti Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə göndərilməsi qərara alınmışdır.

12. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə xx.xx.2024-cü il tarixli elektron qaydada sorğu göndərilmiş və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 4-cü şöbəsinin 22 iyul 2024-cü il tarixli cinayət işinin tövsif edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərarına əsasən silinməli olan vergi borcunun silinib-silinməməsi barədə məlumatın Məhkəməyə təqdim edilməsi xahiş edilsə də, sorğuya laqeyd yanaşılmış və ümumiyyətlə hər hansı bir cavab verilməmişdir.

13. Məhkəmə qeyd edir ki, şəxsi hesab vərəqinə nəzər yetirildikdə aydın olur ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 22 iyul 2024-cü il tarixli qərarı ilə azalmaya verilmiş 299.701,44 manat manat pul icra edilməmişdir və hazırda da, ərizəçi tərəf qeyd edilmiş qərarda azalmağa verilmiş pul və ona hesablanmış faiz üzrə şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasını xahiş edir.

14. Məhkəmə bu xüsusda qeyd edir ki, qeyd edilmiş qərarda Vergi orqanının özü tərəfindən verilmiş 299.701,44 manat azalma, Vergi qurumunun digər idarəsi tərəfindən icra edilməmiş, əksinə faiz hesablanmasını davam etdirmişdir.

15. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, ərizə rədd edilməlidir.

16. Beləliklə, ərizəçinin irəli sürdüyü faktiki hallar onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi ərizəçinin tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

17. Bundan başqa məhkəmə qeyd edir ki, Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

18. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X4 (X5) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 26 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqelərə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır... Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə işə baxarkən hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.

19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məsələn, Battista İtaliyaya qarşı, № 43978/09, 2014-cü il 2 dekabr tarixli qərarı; Xlyustov Rusiyaya qarşı, № 28975/05, 2013-cü il 11 iyul tarixli qərarı)

20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olubolmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır.

21. Bu baxımdan məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir.

V. Nəticə:

22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrinİ rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş ərizə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar