Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7312/2025 03.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC (bundan sonra-iddiaçı) Cavabdeh MMC-yə (bundan sonracavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən alqı-satqı müqaviləsinə əsasən yaranmış və ödənilməmiş əsas borc üzrə 25 070,50 manat, dövlət rüsumuna görə 165,21 manat məbləğində, ümumilikdə 25 235,71 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 21 aprel 2025-ci il tarixində İddiaçı MMC (Satıcı) ilə Cavabdeh MMC (Alıcı) arasında 73/2025 nömrəli müqavilə bağlanılmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, “Satıcı” “Alıcıya” tikinti materiallarını satır, “Alıcı” isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini “Satıcı”ya ödəyir. Müqavilənin 1.2-ci bəndinə əsasən, malın miqdarı, qiyməti, digər əlamətləri və xarakterik xüsusiyyətləri qaimə-fakturalar ilə müəyyən olunur. Müqavilənin 2.1-ci bəndinə əsasən, malın qiyməti və miqdarı müqavilənin ayrılmaz tərkib hissəsi olan qaimə-fakturalar ilə müəyyənləşdirilir. Müqavilənin 4.1-ci bəndinə əsasən, “Satıcı” müqaviləyə uyğun olaraq “Alıcı” tərəfindən ilkin ödəniş həyata keçirildikdən sonra malı “Alıcı”ya təhvil verməyi öhdəsinə götürür. Müqavilənin 6.1-ci bəndinə əsasən, tərəflər müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri və fikir ayrılıqlarını mümkün olduğu təqdirdə danışıqlar yolu ilə həll edirlər. Müqavilənin 6.2-ci bəndinə əsasən, tərəflər müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilir. Müqavilənin şərtlərinə əsasən qiymət razılaşdırılmış və mallar təhvil verilmişdir. Qaimə üzrə borc 25 070,50 manat təşkil edir. Lakin, 25 070,50 manat məbləğində borc bugünə qədər ödənilməmişdir. Müqavilə 1 (bir) illik müddətə bağlanmışdır və xx.xx.2026-cı il tarixinə qədər qüvvədədir. Cavabdeh MMC tərəfindən müqavilənin 1.1, 1.2, 2.1, 4.1, 6.1 və 6.2-ci bəndlərinin tələbləri pozulmuşdur. Hazırda 25 070,50 manat ödənilməmiş borc qalmışdır. Göründüyü kimi Cavabdeh MMC alqı-satqı müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Bu borcun ödənilməsi üçün dəfələrlə edilmiş müraciətlərə baxmayaraq borc məbləğinin ödənilməsindən cavabdeh müxtəlif bəhanələrlə yayınmışdır. Borcun qaytarılması ilə bağlı İddiaçı MMC tərəfindən Cavabdeh MMC1-1yəavqust 2025-ci il tarixdə elektron vergi sistemi vasitəsi ilə pretenziya məktubu göndərilməsinə baxmayaraq, qeyd olunan borc məbləği ödənilməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 73/2025 saylı alqısatqı müqaviləsinin 1.1-ci bəndinə görə satıcı (iddiaçı) alıcıya (cavabdeh) tikinti materiallarını satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir.
8. Müqavilənin 5.1-ci bəndinə əsasən alıcı malın dəyərini satıcının təqdim etdiyi qaimə fakturanı aldıqda köçürmə yolu ilə həyata keçirir.
9. Tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli təhvil aktına əsasən ümumi dəyəri 25070,50 manat olan mallar (boya məhsulları) iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
10. İddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli, MT2505 saylı (25070,50 manat) elektron qaimə təqdim edilmişdir.
11. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 73/2025 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
12. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
13. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
14. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
15. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
16. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
17. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
18. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra edərək ümumi dəyəri 25070,50 manat dəyərində malları cavabdehə təhvil vermiş, lakin cavabdeh tərəfindən öhdəliklər icra edilməmiş, satın alınmış malların dəyəri ödənilməmişdir.
19. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 25070,50 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 165,21 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
22. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 25070,50 manat əsas borc, 165,21 manat dövlət rüsumu, ümumilikdə 25235,71 (iyirmi beş min iki yüz otuz beş manat yetmiş bir qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova