Məhkəmə qərarları › İş №e-2-2(113)-733/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-733/2025

14.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-733/2025 14.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: daşıma müqaviləsi, borcun ödənilməsi, illik 5%) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2017-ci il tarixli 126/17 saylı müqavilə üzrə 940 manat əsas, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablamaqla 115,84 manat məbləğində pul vəsaitinin və 31 manat dövlət rüsumunun və 300 manat məbləğində vəkil xərcinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə ödənilmsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2017-ci il tarixli 126/17 saylı “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı İddiaçı MMC sifarişçi Cavabdeh MMCnin sifarişi əsasında xidmətlər göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib bunun müqabilində icraçıya bu müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürür. Lakin İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də Cavabdeh MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Belə ki, xx.xx.2017-ci il tarixli Müqavilə üzrə 940 manat borc ödənilməmişdir və borc məbləği iddia ərizəsinə əlavə edilmiş təhviltəslim aktları ilə təsdiq edilir. Bu əsasla iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixində 3 iş günü müddətində 940 manat borc məbləğini tələb edilməsi barədə Pretenziya məktubu göndərilməsinə baxmayaraq bu günədək qeyd edilən pul şirkətə ödənilməmişdir. Beləliklə, göründüyü kimi cavabdeh ödənişdən yayınmaq üçün müxtəlif üsullara əl atmağı səbəbindən hazırkı mübahisə məhz məhkəmə vasitəsilə həll edilməlidir. Həmçinin Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 115,84 manat pul hesablanmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.7, 448.1-ci maddələrinə istinad olunmuşdur. Cavabdeh MMC xx.xx.2024-cü il tarixində ərizə ilə məhkəmə müraciət edərək iddia tələbi ilə bağlı tərəflər arasında mübahisə olduğunu qeyd etmiş və cavabdeh tərəfindən iddia tələbinin qəbul edilmədiyini, iş üzrə araşdırma və məhkəmə tədqiqatı aparılmasının zəruri olduğunu habelə iddia tələbində qeyd edilən məbləğlə bağlı hər hansı razılaşma və üzləşmə aparılmadığını bildirmişdir Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-7881/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassız və qanunsuz olmaqla yanaşı, həm də iddia müddəti ötürüldüyündən rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, 2000-ci il sentyabrın 1-dən əvvəl yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə 1964-cü il 11 sentyabr tarixdə qəbul olunmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73-cü maddəsi, həmin dövrdən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində göstərilən iddia müddətləri tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2.-ci maddəsi ilə müqavilə tələbləri üzrə iddia müddəti üç il kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4- cü maddələrinin şərh edilməsinə dair” Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Bu mənada, hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd olunanları müdafiə edərək, əlavə olaraq bildirmişdir ki, tərəflərindən əlavə edilən hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən 2 dəfə ayrı-ayrılıqda 1700 manat və 700 manat məbləğində ödənişlər edilmişdir. 1700 manatlıq ödəniş 2 elektron qaimə üzrə edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli qaimə üzrə 540 manat, xx.xx.2023-cü il tarixli qaimə üzrə 1160 manat məbləğində pul vəsaiti ödənilmişdir. xx.xx.2017-ci il tarixli Müqavilə üzrə 940 manat borc ödənilməmişdir və borc məbləği iddia ərizəsinə əlavə edilmiş təhvil-təslim aktları ilə təsdiq edilir. Cavabdeh iddia tələbində qeyd olunan borcun mövcudluğuna etiraz etmir. O müddətin axımını tərəflər arasında müqavilənin imzalandığı tarixdən hesablamışdır. Sonuncu elektron qaimə 2023-cü ildə təqdim edilmişdir. Öhdəliklərin icra edilməməsi 2023-cü ilə təsadüf edir. Həmçinin o, suallara cavab olaraq bildirmişdir ki, yük daşıma xidmətlərinin təhvil verilməsi haqqında xx.xx.2023-cü il tarixli Aktda 14 bənd qeyd edilmişdir. 2023-cü il 01 noyabr-17 noyabr tarixlərində dəyəri 2800 manat olan 14 ədəd daşınma icra edilmişdir. Bu aktda daşınmaların tarixi, ərazisi, xidmət haqqı göstərilmişdir. Müqavilə tərəflər arasında 2017-ci ildən bağlansa da, xidmətlər 2023-cü ilədək davam etmişdir. Cavabdehin iddiaçıya 2023-cü ildə ödəniş etdiyini təsdiq edən ödəniş qəbzini elektron kabinet vasitəsilə əlavə etmişlər. Tərəflər arasında hazırda münasibətlər davam etmir. Sonuncu pretenziya məktubundan sonra heç bir ödəniş olunmadığı üçün münasibətlər dayandırılmışdır. Sonda iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar: İş materiallarına əlavə edilmiş: İcraçı İddiaçı MMC-nin Sifarişçi Cavabdeh MMC arasında 01 may 2017-ci il tarixli, 126/17 saylı yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı sifarişçinin sifarişi əsasında ona məxsus yükləri (avadanlıqları) daşımaqla yükdaşıma xidmətləri göstərməyi, sifarişçi isə bunun müqabilində icraçiya bu müqavilənin 5-ci bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən bu müqavilə hər iki tərəfin onu imzaladığı gündən qüvvəyə minir və bir (1) il müddətində qüvvədədir. Müqavilənin müddətinin bitməsinə an azı on beş (15) gün qalmış ona xitam vermək haqqında hər hansı bir tərəfin yazılı müraciəti olmadıqda, müqavilənin müddəti eyni müddətə/müddətlərə uzadılmış hesab olunur. 2.3-cü bəndinə əsasən icraçı daşıdığı yükü sifarişçinin nümayəndəsinə və ya onun göstərdiyi şəxsə təhvil verir. Hər bir daşınmadan sonra xidmətin dəyərini göstərən qaiməni sifarişçiyə göndərməlidir və həmçinin xidmətin təhvil verilməsi haqqında akt (Əlavə № 1) tərtib olunur, sifarişçinin və icraçının nümayəndələri tərəfindən imzalanır və rəhbər şəxsləri (və ya şöbə müdiri) tərəfindən təsdiq edilir. Xidmət haqqı yalnız bu aktların əsasında hesablanır. Aktın forması bu müqavilə bağlanarkən təsdiq olunur. 5.1-ci bəndinə əsasən hər bir daşımanın dəyəri daşıma məsafəsindən və daşıma obyektinin ölçülərindən asılı olaraq, bu müqavilənin tərkib hissəsi olan tərəflər arasında razılaşdırılmış qiymətlərin preyskurantı ilə (əlavə 2) müəyyən edilir. 5.2-ci bəndinə əsasən gündəlik daşınma xidmətlərinin qaiməsi göndərildikdən sonra ayda bir dəfə (hər ayın sonuncu günündə) daşımanın həcmi xidmətin təhvil verilməsi haqqında aktlara əsasən müəyyən edilir və buna müvafiq olaraq ay ərzində göstərilmiş xidmət üzrə xidmət haqqı təkrar hesablanır. Təsdiq edilmiş xidmət haqqının aylıq məbləği on beş bank günü ərzində Sifarişçi tərəfindən İcraçıya nağd və ya köçürmə yolu ilə ödənilir. Həmin akt 2 nüsxədə icraçı tərəfindən sifaişçiyə təqdim olunur və sifarişçi 10 (on) iş günü ərzində İcraçıya həmin aktı təsdiq edərək təqdim etməlidir. EBDU seriyalı, 146299 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 2800 manat, EBDR seriyalı, 950759 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 600 manat məbləğində göstərilmi xidmətlərin dəyəri İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. 08 oktyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixinə əsas borcu 940 manat və gecikdirilmiş vaxt üçün 5% hesablanmaqla borcu 115,84 manat təşkil edir. Cavabdeh MMC ilə İddiaçı MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında akta əsasən Cavabdeh MMC-nin müxtəlif sifarişləri əsasında yüklər (boru) müxtəlif daşınma əraziləri üzrə (Lökbatan qəsəbəsi, Sumqayıt şəhəri, Abşeron, E.Cabbarov, Atyalı, 10 ünvanına) İddiaçı MMC tərəfindən daşınma dəyəri cəmi 2800 manat (hər bir yol xidməti 200 manat olmaqla) məbləğə daşınmışdır. İddiaçı MMC-nin "xxxx" ASC-də olan hesabdan çıxarış məlumatlarına əsasən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən EBDU seriyalı, 146299 nömrəli və EBDR seriyalı, 950759 nömrəli elektron qaimələr üzrə xx.xx.2024-cü il tarixdə 1700 manat, xx.xx.2024-cü il tarixdə isə 700 manat olmaqla cəmi 2400 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2025-ci il tarixli ödəniş sənədindən görünür ki, İddiaçı MMC tərəfindən xx.xx.2025-ci il tarixli hüquqi yardım göstərilməsi barədə müqaviləyə əsasən 25 saylı Vəkil Bürsounun bank hesabına 300 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC 31 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380-cı maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə, iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 383-cü maddəsinə əsasən borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti keçdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 850-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında daşıma müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçı ilə cavabdeh arasında 01 may 2017-ci il tarixli, 126/17 saylı yükdaşıma müqaviləsi imzalanmışdır. Müqaviləyə və müqavilə üzrə sifarişçinin verdiyi sifarişlərə əsasən daşıyıcı sifarişçiyə daşıma xidmətləri təqdim etmiş, sifarişçi isə bu xidmətlərin müqabilində müvafiq ödənişləri ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı cavabdehin sifarişləri əsasında müvafiq daşınma xidmətlərini həyata keçirsə də, cavabdeh daşınmanın haqqını iddiaçıya tam ödəməmişdir. Cavabdehin iddiaçıya daşınmaya görə borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (akt, hesabdan çıxarış) öz təsdiqini tapır. Həmçinini bu fakt e-qaimələrlə də öz təsdiqini tapır, çünki mübahisə yaranan dövr və ondan əvvəlki müddət ərzində tərəflərin qarşılıqlı münasibətlərində bu cür işgüzar adət, praktika və ya öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu formalaşmışdır ki, əvvəllərdə iddiaçı tərəfindən satılan mallarla bağlı verilmiş e-qaimələr əsasında cavabdeh tərəfindən müxtəlif ödənişlər edilmişdir. Buna görə də iddiaçı MM-in 850-ci maddəsinə əsasən cavabdehdən müqavilə üzrə daşımanın haqqını tələb etməkdə haqlıdır. Cavabdehin iddia müddətinin tətbiqi barədə verdiyi ərizəyə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında 01 may 2017-ci il tarixli, 126/17 saylı müqavilə 1 il müddətinə bağlansa da, heç bir tərəf onun xitamı barədə müqavilə müddətinin bitməsinə 15 gün qalmış rəsmi müraciət etmədiyi üçün hər dəfə eyni müddətə müqavilə müddəti uzadılmış, tərəflər arasında müqavilə münasibətləri 2023-cü ilin dekabr ayınadək davam etmişdir. Hətta xx.xx.2023-cü il tarixli e-qaimə üzrə cavabdeh xx.xx.2024-cü il tarixdə ödəniş etmişdir. Odur ki, iddiaçının 01 may 2017-ci il tarixli, 126/17 saylı müqavilə tələbi üzrə 3 illik iddia müddəti keçmədiyindən cavabdehin ərizəsi təmin olunmamalıdır. Məhkəmə qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, qəbul etdiyi xidmətlərin dəyərini tam ödəmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, nəzərə alaraq məhkəmə hesab edir ki, 940 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas məbləğin ödənilməsinin gecikdirilməsinə görə illik beş faiz hesablanmaqla 115,84 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, borcun ödənilməsini bir ilə yaxın gecikdirdiyinə görə iddiaçının əsas borca hesablanmış illik beş faiz ödənilməsini tələb etmək hüququ vardır. Lakin məhkəmə cavabdeh tərəfindən sonuncu ödənişin 2024-cü ilin aprel ayında olduğunu və həmin vaxtdan ödəniş etmədiyini, iddiaçı tərəfindən 2024-cü ilin oktyabr ayına kimi illik 5% hesablandığını nəzərə alaraq hesab edir ki, həmin 6 ayda ödənilməmiş 940 manata görə ilik 5% ilə hesablanmış məbləğ (940 x 5% / 12ay x 6 ay=23,5) 23,5 manat məbləğində müəyyən olunmalı, həmin hissədə iddia qismən təmin edilməlidir. Bundan başqa məhkəmə iddianın qismən təmin olunduğunu, vəkilə çəkilmiş xərcin ağlabatan olduğunu nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 31 manat dövlət rüsumunun 30 manatının və 300 manat vəkil xərcinin əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2017-ci il tarixli 126/17 saylı müqaviləyə əsasən 940 (doqquz yüz qırx) manat əsas borc, ödənişin gecikdirilməsinə görə illik beş faizlə hesablanmış 23 (iyirmi üç) manat 50 (əlli) qəpik məbləğində pul vəsaiti, habelə hüquqi yardımla əlaqədar ödənilmiş 300 (üç yüz) manat vəkil xərcinin və ödənilmiş dövlət rüsumunun 30 (otuz) manatının əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar