Məhkəmə qərarları › İş №e-2-2(113)-7342/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-7342/2024

31.10.2024 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Müəlliflik hüququ ilə əlaqədar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7342/2024 31.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə iştirakı ilə İddiaçı “Azərbaycan Müəllifləri” İctimai Birliyinin Cavabdeh qarşı “pulun tutulması və s.” tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Azərbaycan Müəllifləri” İctimai Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehə “Sərin” şadlıq sarayında mətnli yaxud mətnsiz musiqili əsərlərin kütləvi nümayişinin qadağan edilməsi, ödənilməmiş müəllif qonorarı olaraq 36550 manat, kompensasiya olaraq 35000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, “X2 Əmlak Hüquqlarının İdarəçiliyi” İctimai Birliyi 31 mart 2004-cü il tarixindən müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyi sahəsində fəaliyyət göstərir. 30 dekabr 2008-ci il tarixində İB-in nizamnaməsində dəyişiklik edilmiş və “Azərbaycan Müəllifləri” adı altında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin qeyri-kommersiya qurumlarının dövlət reyestrində yenidən qeydiyyata alınmışdır. İddiaçı Ümumdünya Bəstəkar və X1 Konfederasiyasının (SİZAK) dinləyicisidir. Müəllif-hüquq qanunvericiliyinin beynəlxalq pozulmasının qarşısının alınması ilə əlaqədar iddiaçı xarici dövlətlərdə fəaliyyət göstərən ictimai birliklərlə ikitərəfli müqavilələr imzalamışdır, o cümlədən Rusiya Federasiyasının “Rusiya Müəlliflər Cəmiyyəti” (RAO), Türkiyənin “MESAM” Cəmiyyəti, Belorus, Latviya, Litva, Estoniya və s. dövlətlərin müəllif təşkilatları ilə müqavilələr bağlamışdır. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bir çox iaşə obyektləri, konsert müəssisələri, televiziya və radio yayım müəssisələri iddiaçı ilə müqavilə bağlayaraq lisenziya ödənişləri ödəyir, ictimai birlik isə öz növbəsində müəlliflərə ödənişlər edir. Müəlliflərin əmlak hüquqlarının təmin edilməsi məqsədilə iddiaçı tərəfindən cavabdeh “Sərin” restoran, şadlıq sarayı rəhbərliyinə rəsmi olaraq xx.xx.2023-cü il tarixli məktubla müraciət təqdim olunmasına baxmayaraq, bu günə qədər cavab verilməmişdir. Dəfələrlə telefon əlaqələrində isə qonorar ödənişlərindən imtina edilmişdir. Nəticə etibarilə, cavabdeh hal-hazırda müəllif hüququ və əlaqəli hüquqlar haqqında qanunvericiliyin müddəalarını pozmaqla musiqi əsərlərindən qanunsuz istifadə etməklə fəaliyyət göstərir. Bu fəaliyyəti nəticəsində müəllif cəmiyyətinə, pandemiyadan sonrakı keçən 42 ay ərzində toy şənliklərində istifadə olunan musiqilər üçün 25800 manat, restoran fəaliyyətində isə 10750 manat (vergi və sosial ödənişlər daxil olmaqla) ziyan dəymişdir. Yuxarıda göstərilənlərə əlavə olaraq, iddiaçı əsərlərdən istifadəyə görə qonorar yığılması və müəlliflərə çatdırılması sahəsində kollektiv idarəetmə təşkilatı olaraq müəlliflərin əmlak hüquqlarının təmin edilməsinə xidmət edir. Cavabdeh və eyni zamanda cavabdehin timsalında digər müəllif qonorar ödəyiciləri tərəfindən musiqi əsərlərindən icazəsiz (lisenziyasız) istifadə, müəlliflərin qanunla onlara çatası qonorarlardan məhrumiyyətinə, dövlət və sosial ödənişlərin ödənilməməsinə səbəbiyyət verməklə, əqli mülkiyyət hüquq sahəsinin inkişafını ləngidir. Bu sahədəki hüquqpozmaların qarşısının alınmasında və müəlliflərin maraqlarının daha etibarlı təmin olunması, onların pozulmuş əmlak hüquqlarının bərpası məqsədilə qanuni və ədalətli məhkəmə qərarlarına ehtiyac vardır. İddia ərizəsində hüquqi əsas kimi “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 15, 42, 43-cü və s. maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 may 1997-ci il tarixli 38 saylı Qərarı göstərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etiraz etmədi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, məhkəmə cavabdehin iştirakı olmadan hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. - 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. - 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. - 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 11-ci bəndinə əsasən, MPMin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Qeyd olunan normaların müqayisəli təhlilindən və Ali Məhkəmə Plenumunun qərarından belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. Adıçəkilən Qərarın 21-ci bəndlərində həmçinin göstərilmişdir ki, subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi zamanı məhkəmələr əlavə olaraq nəzərə almalıdır ki, qeyri-hökumət təşkilatlarının və publik hüquqi şəxslərin fəaliyyətini tənzimləyən qanunlarla (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Publik hüquqi şəxslər haqqında” Qanunlar) onların ikili, yəni həm qeyri-sahibkarlıq, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanları nəzərdə tutulmuşdur. Məhz bu fərqləndirici xüsusiyyət mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərə münasibətdə fərqli yanaşmanın sərgilənməsini tələb edir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılması mübahisənin bilavasitə iddiaçı “Azərbaycan Müəllifləri” İctimai Birliyinin sahibkarlıq fəaliyyətindən irəli gəldiyi halda mümkün olacaqdır. İş materiallarında olan iddiaçı “Azərbaycan Müəllifləri” İctimai Birliyinin nizamnaməsindən (2-ci redaksiya) görünür ki, Birlik ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyri- hökumət təşkilatıdır və fəaliyyəti bütün ölkə ərazisini əhatə edir (1.1). Birliyin əsas məqsədi musiqili əsər müəlliflərinin əmlak hüquqlarının təmin edilməsi məqsədilə bu hüquqların kollektiv əsasda idarə edilməsidir (2.1). Birlik məqsədlərə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir (2.2): yığılmış qonorarı müəlliflik hüququnun sahibləri arasında bölmək və qanuni sahiblərinə ödəmək (bununla birlikdə təşkilatın yığılmış qonorardan qonorarın yığılmasına, bölünməsinə və ödənilməsinə çəkdiyi xərcləri ödəmək üçün lazım olan məbləği, həmçinin müəlliflərin razılığı və maraqları əsasında bu təşkilat tərəfindən yaradılan xüsusi fondlara yönəldilən məbləği çıxmaq hüququ vardır); yığılan qonorarı bu bəndin l-ci yarımbəndində göstərilən məbləği çıxarmaqla, əsərlərin laktik istifadəsinə uygun şəkildə bölmək və müntəzəm olaraq ödəmək; qonorarı ödəməklə birlikdə müəlliflik hüququnun sahiblərinə onların hüquqlarından istifadə barədə məlumat vermək; Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin müəyyən etdiyi məbləğdə onun hesabına illik haqq ödəmək. Birliyin kommersiya fəaliyyəti ilə məşğul olmaq və kollektiv əsasdan idarəetmə üçün alınan əsərlərdən həmin məqsədlə istifadə etmək hüququ yoxdur (2.6). Göründüyü kimi, iddiaçının ictimai birlik kimi əsas məqsədi musiqili əsər müəlliflərinin əmlak hüquqlarının təmin edilməsi məqsədilə bu hüquqların kollektiv əsasda idarə edilməsidir və Birliyin nizamnaməsinə əsasən onun sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdur. Hazırkı iddia isə bilavasitə ictimai birliyin nizamnamə məqsədinin realizəsi ilə bağlıdır. Belə olan halda, hazırkı mübahisəyə kommersiya məhkəmələrində baxılması istisna edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 22-ci bəndinə əsasən, qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir. Qeyd olunan Qərarda əks olunmuş hüquqi mövqedən çıxış edərək məhkəmə qeyd edir ki, hazırkı mübahisə tərəflərdən birinin qeyri-kommersiya hüquqi şəxsi, digərinin isə sahibkarlıq fəaliyyəti subyekti olduğu əqli mülkiyyət hüquqlarından irəli gələn tələblə bağlı yaranmışdır və belə olan halda mübahisənin kommersiya mübahisəsi olması üçün iddiaçının – qeyri-kommersiya hüquqi şəxsinin də sahibklarlıq fəaliyyətindən irəli gəlməsi mütləq şərtdir. Lakin hazırkı mübahisə iddiaçının nizamnamə ilə üzərinə qoyulmuş vəzifələrlə bağlı olub sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlmir. Digər tərəfdən, məhkəmə qeyd edir ki, yuxarıda adıçəkilən Qərarın 18-ci bəndinə əsasən, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Belə ki, həmin Qərarın icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvəldən görünür ki, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq, müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi üzrə tələblərə (müəllif, addan, şöhrətdən istifadə etmək hüququ) ümumi məhkəmələr, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, coğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı tələblərə (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla) kommersiya məhkəmələri baxır. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 15 və 16-cı maddələrinə əsasən: – əsərin müəllifinin aşağıdakı şəxsi (qeyri-əmlak) hüquqları vardır: əsərin müəllifi kimi tanınmaq hüququ (müəlliflik hüququ); əsərdən öz adı ilə, təxəllüslə, yaxud adsız (anonim) istifadə etmək və ya bu cür istifadəyə icazə vermək hüququ (ad hüququ); əsərinin mənasının dəyişilməsinə, təhrif olunmasına və müəllifin şərəf və ləyaqətinə xələl gətirən hər hansı başqa hərəkətlərə qarşı çıxmaq hüququ (şöhrətinə hörmət edilməsi hüququ); istifadədən götürmək də daxil olmaqla, əsərinin istənilən formada açıqlamaq və ya açıqlanmasına icazə vermək hüququ (açıqlama hüququ). – Əmlak hüququ isə müəllifin və ya əsərə müəlliflik hüququnun digər sahibinin isə əsərdən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququdur və müstəsna hüquqlar aşağıdakıları həyata keçirməyi, həyata keçirilməsinə icazə verməyi, yaxud qadağa qoymağı bildirir: əsərin birbaşa və ya dolayısı yolla surətini çıxarmaq (surətçıxarma hüququ); əsərin orijinalını və ya nüsxələrini satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə yaymaq (yaymaq hüququ); əsərin orijinalını və ya nüsxələrini kirayəyə vermək (kirayə hüququ); əsərin nüsxələrini (o cümlədən müəllifin, yaxud əsərə müstəsna müəlliflik hüquqlarının sahibinin razılığı əsasında istehsal edilmiş nüsxələri) yaymaq məqsədi ilə idxal etmək (idxal hüququ); əsəri kütləvi nümayiş etdirmək (kütləvi nümayiş hüququ); əsəri kütləvi ifa etmək (kütləvi ifa hüququ); kütləyə çatdırılması məqsədi ilə əsərin kütləvi bildirişi (verilişin efirlə və ya kabellə kütləvi bildirişi daxil olmaqla) (kütləvi bildiriş hüququ); əsərin kütləyə çatdırılması üçün onun ilk və ya sonrakı bildirişləri də daxil olmaqla efirlə kütləvi bildirişi (efirlə kütləvi bildiriş hüququ); kütləyə çatdırmaq üçün ilk və sonrakı bildirişlər də daxil olmaqla əsərin kabellə (kabel, naqil və ya digər oxşar vasitələrlə) bildirişi (kabellə kütləvi bildiriş hüququ); əsəri tərcümə etmək (tərcümə hüququ); əsəri interaktiv istifadə üçün kütləyə çatdırma (interaktiv kütləvi bildiriş hüququ); dəyişdirmək, aranjeman etmək, yaxud başqa formada yenidən işləmək (yenidən işləmək hüququ). Göründüyü kimi, hazırkı mübahisə nə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, nə də sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, coğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı tələblərə aiddir. Başqa sözlə, iddiaçının tələbi qeyri-əmlak hüququnun realizəsi ilə bağlı olmadığından birinci kateqoriyaya aid tələb kimi müstəsna olaraq ümumi məhkəməyə, sənəye mülkiyyəti obyektinin istifadəsi və müdafiəsi ilə bağlı olmadığından ikinci kateqoriyaya aid tələb kimi müstəsna olaraq kommersiya məhkəməsinə aid deyildir. Bu isə hazırkı işin aidiyyətinin müstəsna məhkəmə aidiyyəti qaydasında deyil, ümumi məhkəmə aidiyyəti qaydasında müəyyən edilməli olduğunu, bu halda isə işin ümumi məhkəməyə aid olduğunu göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) aid olmadığından və qanunvericiliyin tələbinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmalı olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün ümumi məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş vergi məlumatlarından görünür ki, cavabdehin rəsmi qeydə alındığı yer Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Məmmədquluzadə küçəsi, ev 23-dür. Məhkəmə şərh olunanlara əsasən hesab edir ki, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24-26, 32, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “Azərbaycan Müəllifləri” İctimai Birliyinin Cavabdeh qarşı “pulun tutulması və s.” tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar