Məhkəmə qərarları › İş №e-2-2(113)-7352/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7352/2024

12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7352/2024 12.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – iddiaçı) Cavabdeh qarşı (bundan sonra – cavabdeh) “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus cins damazlıq heyvanların lizinqə verilməsi barədə” "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 04 dekabr 2018-ci il tarixli "385-LD/18" nömrəli müqavilənin ləğv edilməsi və dekabr 2018-ci il tarixli “385-LD/18” nömrəli müqavilə üzrə 6955 (altı min doqquz yüz əlli beş) manat qalıq borc, 8902,18 (səkkiz min doqquz yüz iki manat on səkiz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 15857,18 (on beş min səkkiz yüz əlli yeddi manat on səkkiz qəpik) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus cins damazlıq heyvanların lizinqə verilməsi barədə” "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 04 dekabr 2018-ci il tarixli “385-LD/18” nömrəli müqaviləyə əsasən, borclu (lizinq alan) cins damazlıq heyvanları ilkin ödəniş məbləği nəzərə alınmaqla qalıq məbləğini ödəniş qrafikinə uyğun ödəmək şərtilə lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə 04 dekabr 2018-ci il tarixli “385-LD/18” nömrəli müqavilə üzrə 6955 (altı min doqquz yüz əlli beş) manat qalıq borc, 8902,18 (səkkiz min doqquz yüz iki manat on səkkiz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 15857,18 (on beş min səkkiz yüz əlli yeddi manat on səkkiz qəpik) manat maliyyə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü, 442-ci və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məcəllənin 442-ci maddələrinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır.

3. İddiaçı xx.xx.2024-cü il tarixində iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, məhkəmədən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus cins damazlıq heyvanların lizinqə verilməsi barədə” "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 04 dekabr 2018-ci il tarixli "385-LD/18" nömrəli müqavilə üzrə dekabr 2018-ci il tarixli “385- LD/18” nömrəli müqavilə üzrə 6955 (altı min doqquz yüz əlli beş) manat qalıq borc, 8902,18 (səkkiz min doqquz yüz iki manat on səkiz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 15857,18 (on beş min səkkiz yüz əlli yeddi manat on səkkiz qəpik) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı xx.xx.2024-cü il tarixində iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, məhkəmədən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus cins damazlıq heyvanların lizinqə verilməsi barədə” "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 04 dekabr 2018-ci il tarixli "385-LD/18" nömrəli müqavilə üzrə dekabr 2018-ci il tarixli “385- LD/18” nömrəli müqavilə üzrə 6455 (altı min dörd yüz əlli beş) manat qalıq borc, 8902,18 (səkkiz min doqquz yüz iki manat on səkiz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 15357,18 (on beş min səkkiz yüz əlli yeddi manat on səkkiz qəpik) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi İ.Sadıqov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəmə icraatı dövründə cavabdeh tərəfindən 500 manat ödənilmiş, həmin vəsait əsas borcdan silinmiş, bu səbəbdən iddia tələbinin həcmi azaldılmışdır.

6. Əvvəlki məhkəmə iclasında cavabdeh iddia tələbi ilə əsas borc hissəsində razılaşdığını bildirib iddianın qalan hissədə rədd edilməsini xahiş etdi.

7. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə də məlumat verməmişdir.

8. Sonuncu məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus cins damazlıq heyvanların lizinqə verilməsi barədə 04 dekabr 2018-ci il tarixli “385-LD/18” nömrəli müqaviləyə əsasən lizinq verən ümumi məbləği 25000 manat olan və açıqlaması spesifikasiyada verilən damazlıq heyvanları güzəştli satış dəyəri lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir.

11. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan damazlıq heyvanların qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür.

12. Müqavilənin 3.1-ci bəndinə əsasən damazlıq heyvanlar üzərində müstəsna mülkiyyət hüququ onun dəyəri lizinq alan tərəfindən tam ödənilənədək lizinq verənə məxsusdur.

13. Müqavilənin 4.1-ci bəndinə əsasən lizinq alan bu müqavilənin Əlavə 2-də göstərilən ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir.

14. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişi yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.

15. 04 dekabr 2018-ci il tarixli “385-LD/18” nömrəli lizinq müqaviləsinin spesifikasiyasından görünür ki, iddiaçı tərəfindən cavabdehə 12 baş Holştin-Friz cinsindən olan damazlıq heyvan təhvil verilmişdir. Cavabdeh damazlıq heyvanlar üzrə ümumilikdə 12750 manat ödədikdən sonrakı qalıq məbləğ 12750 manat təşkil edir.

16. Müqaviləyə əlavə edilmiş 2 nömrəli Əlavə xüsusi komissiyanın xx.xx.2018-ci il tarixli protokoluna əsasən 04 dekabr 2018-ci il tarixli “385-LD/18” nömrəli lizinq müqaviləsinin 4.1-ci bəndinin ödəniş qrafikinə əsasən cavabdeh tərəfindən 2018-2021-ci illərin aylar üzrə ödənilməli məbləğlər əksini tapmışdır.

17. "xxxx" ASC-yə damazlıq heyvanların təhvil-qəbulu barədə 05 dekabr 2018-ci il tarixli aktdan görünür ki, "xxxx" ASC-nin 5942/ü nömrəli 04 dekabr 2018-ci il tarixli əmri əsasında 12 baş Holştin-Friz cinsindən olan damazlıq heyvan cavabdehə təhvil verilmişdir.

18. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, 04 dekabr 2018-ci il tarixli “385-LD/18” nömrəli müqaviləyə əsasən cavabdehin gecikdirilmiş əsas borcu 6455 manat, cərimə borcu 8902,18 manat, cəmi 15257,18 manat təşkil edir.

19. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 04 dekabr 2018-ci il tarixli “385-LD/18” lizinq müqaviləsi bağlanmış, lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektini müqavilənin şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmişdir.

20. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

23. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

24. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

26. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.

27. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının gecikdirilmiş borcun ödənilməsi ilə bağlı tələbi tərəflər arasında bağlanmış 04 dekabr 2018-ci il tarixli “385-LD/18” nömrəli lizinq müqaviləsindən irəli gəlir. Cavabdehin öz öhdəliyini lazımınca icra etməməsi iddiaçıya lizinq müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

28. Bu səbəbdən iddia tələbi əsas borcun (6455 manat) tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.

29. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış 8902,18 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

30. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

31. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

32. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

33. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 150 manat məbləğində müəyyən edilməlidir.

34. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 6455 manat gecikdirilmiş əsas borc və 150 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

37. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, habelə iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən 86,05 manat (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

V. Nəticə:

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6455 manat əsas borc, 150 manat dəbbə pulu, ümumilikdə 6605 (altı min altı yüz beş) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 86,05 (səksən altı manat beş qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar