Məhkəmə qərarları › İş №e-2-2(113)-7357/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7357/2024

19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7357/2024 19.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, əsas borc, dəbbə pulu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 07 sentyabr 2018-ci il tarixli "1310-L/18" nömrəl imüqavilənin ləğv edilməsi və Cavabdeh 07 sentyabr 2018-ci il tarixli "1310-L/18" nömrəli müqavilə üzrə 2610 manat qalıq əsas borc, 3329,28 manat cərimə borcu olmaqla, ümumilikdə 5939,28 manat pul vəsaitinin iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 07 sentyabr 2018-ci il tarixli "1310-L/18" nömrəli müqaviləyə əsasən, borclu texnikanı ilkin ödəniş məbləği nəzərə alınmaqla qalıq məbləğini ödəniş qrafikinə uyğun ödəmək şərtilə lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə, cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə 07 sentyabr 2018-ci il tarixli "1310-L/18" nömrəli müqavilə üzrə 2610 manat qalıq əsas borc, 3329,28 manat cərimə borcu olmaqla, ümumilikdə 5939,28 manat maliyyə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü, 442-ci və 445.2.1- ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məcəllənin 442-ci maddələrinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır.

3. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia tələbi tamamilə qanunsuz və əsassızdır. Belə ki, iddia ərizəsinin mətninə diqqət yetirdikdə tam aydın görünür ki, tələb olunan cərimə məbləği əsas məbləğdən böyük göstərilmişdir. Yəni cərimə məbləği iddiaçının təqsiri üzündən süni surətdə şişirdilmişdir. Bu hal da hesab edir ki, məhkəmə tərəfindən nəzərə alınmaqla azaldılmalıdır. Çünki süni surətdə şişirdilşmiş cərimə məbləğini məhkəmə 10 qat azadmağa haqlıdır.

4. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 07 sentyabr 2018-ci il tarixli "1310-L/18" nömrəli müqavilə üzrə 2610 manat qalıq əsas borc, 3329,28 manat cərimə borcu olmaqla, ümumilikdə 5939,28 manat pul vəsaitinin iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

6. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.

7. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 07 sentyabr 2018-ci il tarixli "1310- L/18" nömrəli lizinq müqaviləsinə əsasən:

10. 1.1. Lizinq verən ümumi məbləği 9600 manat olan kənd təsərrüfatı texnikalarını dəyərin tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir;

11. 1.2. Lizinq alan texnikaların dəyərindən bu müqavilənin 1.1-ci vəndinə göstərilən 2880 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır.

12. 1.3. Texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur;

13. 1.4. Aşağıdakı sənədlər bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur:

14. 07.09.2018-ci il tarixli, S/8514 saylı sifariş;

15. Lizinq ödəniş qrafiki (Əlavə № 1);

16. 2.2 Lizinq alan:

17. 2.2.2. Lizinq ödənişlərini qrafik üzrə (Əlavə № 1) vaxtında və tam həcmdə ödəyir;

18. 4.1. Lizinq alan texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə № 1) uyğun olaraq ödənişləri həyata keçirir.

19. 4.2. Lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.

20. 07.09.2018-ci il tarixli “1310-L/18” nömrəli lizinq müqaviləsinin 4.1-ci bəndinin ödəniş qrafikindən görünür ki, yekun ödənilməli məbləğ 9600 manat təşkil etmişdir.

21. Texnikanın təhvili barədə xx.xx.2018-ci il tarixli 5/803 saylı akta əsasən müqavilə üzrə nəzərdə tutulmuş texnika lizinq alana təhvil verilmişdir.

22. 23 avqust 2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh gecikdirilmiş borc – 2610 manat, hesablanmış cərimə - 3329,28 manat, ümumilikdə 5939,28 manat borcun olması qeyd olunmuşdur.

23. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

24. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 07 sentyabr 2018-ci il tarixli "1310-L/18" nömrəli lizinq müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. "xxxx" ASC həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, Cavabdeh lizinq ödənişlərini ödəniş qrafiklərinə uyğun olaraq həyata keçirməməklə lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh lizinq müqaviləsi üzrə cəmi 2610 manat məbləğində gecikdirilmiş borcu yaranmışdır.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

26. 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanılmalı olduğunu müəyyən edir.

27. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

28. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

29. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

30. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh X2 mübahisəli lizinq müqaviləsinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə lizinq ödənişləri onun lizinq müqaviləsi üzrə cəmi 2709 manat məbləğində borcunun yarandığını, lizinq müqaviləsində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu, eləcə də Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən sözügedən lizinq müqavilələri üzrə "xxxx" ASC-nin bütün hüquq və öhdəliklərinin iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçdiyini nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilə üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

31. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

32. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan 3329,28 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 07 sentyabr 2018-ci il tarixli, "1310-L/18" nömrəli müqavilə üzrə 131 manat məbləğində müəyyən edilməlidir.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh lizinq müqaviləsi üzrə cəmi 2610 manat məbləğində əsas borc və 07 sentyabr 2018-ci il tarixli, "1310-L/18" nömrəli müqavilə üzrə 131 manat məbləğində dəbbə pulu (cərimə) tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir.

34. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki:

35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

36. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar.

37. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, təmin olunan məbləğə mütənasib olaraq iş üzrə ödənilməli olan 48 manat (dövlət rüsumunun hesablanması kalkulyatorun göstəricisi nəzərə alınmaqla) dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

V. Nəticə:

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh 07 sentyabr 2018-ci il tarixli “1310-L/18” nömrəli müqavilə üzrə 2610 manat əsas borc və 131 manat dəbbə pulu tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia ərizənin verilməsinə görə ödənilməli olan 48 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar