Məhkəmə qərarları › İş №e-2-2(113)-736/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-736/2021

10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-736/2021 10.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 Cavabdehin nümayəndəsi Yaşar Demirin iştirakı ilə, “Holcim (Azərbaycan)” ASC-nin Cavabdeh MTK-ya qarşı müqavilə üzrə pul tələbi barədə iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Holcim (Azərbaycan)” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan 17.03.2020-ci il tarixində bağlanmış O000734200 saylı alqı-satqı müqaviləsi üzrə 46226.5 (qırx altımin iki yüz iyirmi altı manat əlli qəpik) AZN məbləğində əsas borcun, 4570.4 (dörd min beş yüz yetmiş manat qırx qəpik) AZN cərimə məbləğinin, cəmi 50796.9 (əlli min yeddi yüz doxsan altı manat doxsan qəpik) AZN məbləğində borcun və köçürülmüş dövlət rüsumuna görə 30 (otuz) manat pulun tutularaq iddiaçı “Holcim (Azərbaycan)” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK ilə “Holcim (Azərbaycan)” ASC arasında 17.03.2020-ci il tarixində bağlanmış O000734200 saylı alqı satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə müqavilədə qeyd edilmiş məhsulları satmağı, cavabdeh isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə qeyd edilən məhsulları cavabdehə göndərilib. Lakin, cavabdeh göndərilmiş məhsulların dəyərini tam olaraq ödəməmişdir. 46226.5 (qırx altımin iki yüz iyirmi altı manat əlli qəpik) AZN indiyədək ödənilməmiş qalmışdır. 25.11.2020-ci il tarixdə cavabdehə pretenziya məktubu ünvanlayaraq, borc məbləğinin 27.11.2019-cu il tarixədək ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Pretenziya məktubu cavabdehə 26.11.2020-ci il tarixində çatdırılmışdır. Cavabdehlə 17.03.2020-ci il tarixində bağlanmış O000734200 saylı alqı-satqı müqaviləsinin 7.2-ci maddəsinə əsasən, satıcı həmin müqavilədə göstərilmiş ödəniş şərtlərinə əməl olunmadığı hallarda hər bir gecikdirilmiş günə 0.1% cərimə və bundan yarana biləcək administrativ xərclər tətbiq və tələb etmək hüququna malikdir. Cavabdehin həmin alqı-satqı müqaviləsi üzrə ödənişi gecikdirməsinə görə indiki tarixədək yaranmış cərimə məbləği 4570.4 (dörd min beş yüz yetmiş manat qırx qəpik) AZN təşkil edir. Cavabehə göndərilmiş yük-nəqliyyat qaimələri, elektron qaimə-fakturalar, həmçinin üzləşmə aktı təsdiq edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Yaşar Demir iddia tələbində əsas borc hissəsini qəbul etdiyini bildirərək, iddianın qalan hissədə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş O000734200 saylı 17.03.2020-ci il tarixli, alqı satqı müqaviləsinə əsasən: -“satıcı” (“Holcim (Azərbaycan)” ASC) müqavilə əsasında “malları” (sement) “alıcı”-ya (Cavabdeh MTK) satmağı, “alıcı” isə malları alıb dəyərini ödəməyi öhdəsinə götürmüşdür. -3.1-ci bəndinə əsasən mal və qiymətlər (çatdırılma daxil, ƏDV xaric), müqaviləyə edilən əlavələrdə göstərilir. -3.3.1-ci bəndinə əsasən ödəniş “alıcı” tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla əvvəlcədən “satıcının” bank hesabına ödəmə yolu ilə həyata keçirilir. -3.3.3-cü bəndinə əsasən “satıcı” müqavilə dövrü ərzində tətbiq etdiyi kredit siyasətinə əsaslanaraq “alıcı”-ya sonradan ödəmə şərti ilə mal buraxılışı həyata keçirə bilər. Bu halda “alıcı” qəbul etdiyi malın dəyərini qaimə-fakturanı və ya elektron qaimə-fakturanı qəbul etdiyi tarixdən 30 gün ərzində ödəməlidir. Tərəflər fərqli ödəniş müddətini bu müqaviləyə edilən əlavələrdə tənzimləyirlər. -8.2-ci bəndinə əsasən ödəniş bu müqavilədə və ya onun əlavəsində göstərilən müddətdən gecikdirildiyi hər bir günə görə əsas borcdan 0,1% qədər cərimə və bundan yarana biləcək administrativ xərcləri ödəmək “alıcının” öhdəliyi kimi müəyyənləşdirilmişdir. İş materiallarında olan 17.03.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əlavədən müəyyən olunur ki, 17 mart 2020-ci il tarixindən 31 dekabr 2020-ci il tarixinə kimi məhsullara qiymətlər tərəflər arasında razılaşdırılmışdır. Məhkəməyə təqdim olunmuş, tərəflər arasında imzalanaraq təsdiq edilmiş, 30 sentyabr 2020-ci il tarixli üzləşmə aktından məlum olur ki, Cavabdeh MTK-nın “Holcim (Azərbaycan)” ASC-yə 30 sentyabr 2020-ci il tarixə olan ümumi borc məbləği 46.226,46 manat təşkil edib. İş materiallarında olan 23.11.2020-ci il tarixli pretenziya məktubundan məlum olur ki, “Holcim (Azərbaycan)” ASC tərəfindən, “Cavabdeh“MTK-ya müraciət edilərək, 17.03.2020ci il tarixli O000734200 saylı alqı-satıq müqaviləsi əsasında göndərilmiş sement məhsullarının dəyərini tam ödənmədiyi bildirilmiş, 46.226,5 manat məbləğində əsas borc, eləcə də, tərəflər arasında imzalanmış müqailənin 7.2-ci bəndi üzrə 4.570,4 manat cərimə məbləği olduğu, qeyd olunan məbləğlərin 27 noyabr 2020-ci il tarixinədək ödənilməməsi halında məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “Holcim (Azərbaycan)” ASC ilə Cavabdeh MTK arasında 17.03.2020-ci il tarixli O000734200 saylı alqı-satıq müqaviləsinə əsasən, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, cavabdeh isə müqavilə üzrə öhdəliyini pozaraq, göndərilən məhsulların qarşılığını ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsas borc məbləği hissəsində təmin olunmalıdır. İddiaçı iddia ərizəsində tərəflər arasında imzalanmış müqavilənin 7.2-ci bəndi üzrə də, 0.1% həcmində 4.570.4 manat məbləğində cərimə tələb etmişdir. Məhkəmə qeyd edir ki, iddia qeyd olunan hissədə qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə 450 manat məbləğində təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, cabadeh Cavabdeh MTK-dan 17.03.2020-ci il tarixli O000734200 saylı müqavilə üzrə 46.226,5 (qırx altı min iki yüz iyirmi altı manat, əlli qəpik) manat əsas borc, 450 manat məbləğində cərimə pulu olmaqla, cəmi 46.676,5 (qırx altı min altı yüz yetmiş altı manat, əlli qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat tutularaq “Holcim (Azərbaycan)” ASC-yə ödənilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin.““““““““““““““““““““““““““““““““““““““““““““““ Cavabdeh MTK-dan 17.03.2020-ci il tarixli O000734200 saylı müqaviləyə görə ödənilməli olan 46.226,5 (qırx altı min iki yüz iyirmi altı manat, əlli qəpik) manat əsas borc, 450 manat məbləğində cərimə məbləği və dövlət rüsumunun əvəzi qismində 30 manat olmaqla, ümumilikdə 46.706,5 (qırx altı min yeddi yüz altı manat, əlli qəpik) manat “Holcim (Azərbaycan)” ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar