Məhkəmə qərarları › İş №e-2-2(113)-737/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-737/2021

19.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-737/2021 19.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, məhkəmə iclas katibi X2, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X1” MMC-dən İddiaçı MMC-nin xeyrinə 7 622.77 manat əsas borc, ödənişin gecikdirilməsinə görə Mərkəzi Bankın müəyyən etdiyi 15% bank uçot dərəcəsi, hüquqi xidmətlərə görə ödənilmiş 300 manat və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 9096 manat məbləğində pul vəsaitinin tutularaq "İddiaçı" MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 0134 saylı “Avtonəqliyyat vasitələri və xüsusi texnikalara texniki xidmətin göstərilməsi və ehtiyat hissələri ilə təmin olunması barədə” müqaviləyə əsasən İddiaçı MMC Müqavilənin1.1-ci bəndinə əsasən müvafiq material və ehtiyat hissələri ilə “X1” MMC-ni təmin etməyi, “X1”MMC isə malı qəbul edib dəyərini pul şəklində satıcıya ödəməyi öz üzərinə götürmüşdür. Qeyd edilən müqavilə üzrə İddiaçı MMC göstərilən malları “X1” MMC-yə təhvil vermiş, sonuncu isə bu malları qəbul etmişdir. Müqavilə üzrə satılan malın cəmi dəyəri 1saylı əlavə üzrə 12012 manat təşkil etmişdir. Müqavilənin 3.4-cü bəndinə əsasən sifarişçi 30 bank günü ərzində alınan malın əvəzi olaraq 12 012 manat məbləğində pul ödəməlidir. Sifarişçi tərəfindən alınan mallara görə icraçıya 4389.63 manat ödəniş edilsə də 7622.77 manat borc bu günə kimi ödənilməmiş qalmışdır. Bununla bağlı dəfələrlə şifahi şəkildə “X1” MMC-nin rəhbərliyinə və səlahiyyətli şəxslərə müraciət edilməsinə, danışıqlar aparılmasına baxmayaraq onlar tərəfindən pulun ödənilməsi istiqamətində heç bir tədbir görülmür və hazırda həmin pullar iddiaçıya ödənilmir. Qeyd edilən borcun könüllü olaraq ödənilməsi ilə bağlı xx.xx.2020-ci tarixli Pretenziya məktubu ilə cavabdehə müraciət edilməsinə baxmayaraq, cavabdeh yaranmış borcun məhkəmədən kənar qaydada ödənilməsinə heç bir təşəbbüs göstərməmiş, pretenziyanı cavabsız qoymuşdur. Beləliklə iddiaçı müqavilə üzrə üzərlərinə götürdüyü bütün öhdəlikləri qüsursuz şəkildə yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərinin yerinə yetirilməsindən qərəzli şəkildə boyun qaçırır. Cavabdeh iddiaçıya məxsus pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmışdır. Bu pulların ödənilməsini gecikdirməklə özündə saxlayaraq həmin vəsaitlərdən faydalanmışdır. Buna görə cavabdeh həmin pul vəsaitinin məbləğindən icra edildiyi gün üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsi ilə faizlər ödəməlidir. Məhkəməyə iddia verilən günə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi bank uçot dərəcəsi 15% təşkil etdir. 7622.77 manatın 15%-i 1143 manat təşkil edir.7622.77+1143=8766. Həmçinin iddiaçı ilə Bakı şəhəri 8 Saylı Vəkil Bürosu arasında xx.xx.2020-ci il tarixdə 766 saylı “Hüquqi yardım göstərilməsi haqqında” müqavilələr bağlanılmışdır. Həmin müqaviləyə görə 8 Saylı Vəkil Bürosunun vəkili Vəkil cavabdehin iddiaçılara olan borcunun könüllü qaydada ödənilməsini və ya məhkəmə vasitəsi ilə borcun ödənilməsini təmin etməyi və bu sahədə hüquqi xidmətin göstərilməsini öz üzərinə götürmüşdür. Həmin müqaviləyə əsasən Bakı şəhəri 8 Saylı Vəkil Bürosuna İddiaçı MMC tərəfindən 300 manat məbləğində xidmət haqqı ödənilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: -“İcraçı” qismində İddiaçı ilə “sifarişçi” qismində Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 0134 saylı “Avtonəqliyyat vasitələri və xüsusi texnikalara texniki xidmətin göstərilməsi və ehtiyat hissələri ilə təmin olunması barədə” müqaviləyə əsasən İddiaçı MMC müvafiq material və ehtiyat hissələri ilə “X1” MMC-ni təmin etməyi, “X1”MMC isə xidmətlərin dəyərini qeyd olunan Əlavədə nəzərdə tutulmuş qiymətlərə uyğun satıcıya ödəməyi öz üzərinə götürmüşdür. -Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən bu müqavilədə nəzərdə tutulan ehtiyyat hissələrinin sifarişi, öncədən razılaşdırılmış təklifə əsasən, “icraçı”-nın zəruri hesab etdiyi hallarda müəyyən edilmiş məbləğ onun hesabına “sifarişçi” tərəfindən ödənildikdən sonra həyata keçirilə bilər. -Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən “sifarışçi” bu müqavilə üzrə göstərilmiş xidmətlərin dəyərini, işin nəticəsini təhvil-qəbul aktı əsasında qəbul etdikdən sonra təqdim olunmuş hesab-fakturaya əsasən 30 otuz bank günü ərzində “icraçı”-nın bank hesabına köçürmə yolu ilə ödəyir. -"İddiaçı" MMC tərəfindən Cavabdehnə təqdim edilmiş 00873 nömrəli xx.xx.2019-cu il tarixli hesab fakturadan görünür ki, MMC tərəfindən satılmış məhsul 10180,00 manat olmaqla, cəmi 1832,40 manat ƏDV daxil 12012,40 manat təşkil etmişdir. -EBAD seriyalı 273599 nömrəli xx.xx.2019-cu il tarixli elektron qaimədən məlum olur ki, “İddiaçı" MMC tərəfindən "Cavabdeh" MMC-yə 12012,40 manat dəyərində məhsul təhvil verilmişdir və elektron qaimə hər iki hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. -xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, “İddiaçı" MMC tərəfindən "Cavabdeh" MMC-yə ümumi dəyəri 12012,40 manat təşkil edən 3 adda məhsul təhvil verilmişdir. -“İddiaçı" MMC-nin təqdim etdiyi xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, "Cavabdeh" MMC-yə 22 ədəd təkər satılmış və bunun əsasında EBAD 273599 nömrəli elektron qaimə kəsilmişdir. Həmin elektron qaiməyə əsasən həmin şirkətin 120012,40 AZN borcu yaranmışdır.Bu borcdan 4389,63 AZN ödəniş edilmiş, qalıq borc məbləği 7622,77 AZN təşkil edir. -“İddiaçı" MMC tərəfindən xx.xx.2020-ci il tarixdə "Cavabdeh" MMC-yə pretenziya qaydasında məktub ünvanlanaraq 7622,77 manat məbləğində pulun ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satılmış məhsulun dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış avtonəqliyyat vasitələri və xüsusi texnikalara texniki xidmətin göstərilməsi və ehtiyat hissələri ilə təmin olunmasına dair müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya müqavilədən və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli, 0134 saylı “Avtonəqliyyat vasitələri və xüsusi texnikalara texniki xidmətin göstərilməsi və ehtiyat hissələri ilə təmin olunmasına dair müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, cavabdeh müqavilə üzrə İddiaçı MMC göstərilən malları “X1” MMC-yə təhvil vermiş, sonuncu isə bu malları qəbul etmişdir. Müqavilə üzrə satılan malın cəmi dəyəri 1saylı əlavə üzrə 12012 manat təşkil etmişdir. Müqavilə üzrə sifarişçi 30 bank günü ərzində alınan malın əvəzi olaraq 12 012 manat borc məbləğindən icraçıya 4389.63 manat ödəniş etsə də 7622.77 manat ödənilməmiş qalmışdır. İş materiallarında olan elektron qaimə, hesab fakturalar iddiaçının üzərinə düşən öhdəliyi yerinə yetirməsi faktını təsdiqləyir. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 7622,77 manat tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə iddiaçı iddia tələbində cavabdeh tərəfindən ödənişin gecikdirilməsinə görə Mərkəzi Bankının müəyyən etdiyi 15% bank uçot dərəcəsiilə cavabdehdən iddiaçıya məxsus vəsaiti qanunsuz saxlamaqla faydalanmağa görə faiz ödənilməsini tələb edir. AR Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun x xxxx 2009-cu il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 449.1-ci maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanmış olur:- qanunsuz saxlama;- qaytarmaqdan boyun qaçırma;ödənilməsini digər şəkildə gecikdirmə;- başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Qeyd edilən qərardan göründüyü kimi, pul öhdəliklərinin icra edilməməsi ilə bağlı 449.1-ci maddəsinin tələbləri baxımından bank dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən Mülki Məcəllənin 152.3-cü maddəsində qeyd edildiyi kimi faydalanması tələb olunur. Hazırkı mülki iş üzrə isə borclunun qaytarmadığı pul vəsaitindən faydalanması ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Odur ki, faiz borcuna münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh “X1” MMC-dən 7622,77 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddia tələbi rədd edilməlidir. Həmçinin iş materialılarından görünür ki, iddiaçı ilə Bakı şəhəri 8 Saylı Vəkil Bürosu arasında xx.xx.2020-ci il tarixdə 766 saylı “Hüquqi yardım göstərilməsi haqqında” müqavilələr bağlanılmışdır. Həmin müqaviləyə əsasən Bakı şəhəri 8 Saylı Vəkil Bürosuna İddiaçı MMC tərəfindən 300 manat məbləğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə hüquqi xidmətlərə görə ödənilmiş 300 manat və 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən əsas borc üzrə 7.622.77 (yeddi min altı yüz iyirmi iki) manat (yetmiş yeddi ) qəpik, hüquqi xidmətlərə görə ödənilmiş 300 manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar