Məhkəmə qərarları › İş №e-2-2(113)-737/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-737/2025

21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-737/2025 21.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya işinə məhkəmənin açıq baxış iclasında baxıldı. İşin halları:

1. İddiaçı Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti (Holcim (Azərbaycan) ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən aldığı sement məhsullarına görə 8899,98 manat, geri qaytarmadığı taxta altlığa görə 28,32 manat, borcun gecikdirilməsinə görə 11724,4 manat cərimə məbləği və dövlət rüsumu qismində ödənilmiş 152 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə Holcim (Azərbaycan) ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********** saylı alqı-satqı müqaviləsinə (bundan sonra “Müqavilə” adlanacaq) əsasən iddiaçı cavabdehə müqavilədə qeyd edilmiş malları satmağı, cavabdeh isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə qeyd edilmiş mallar cavabdehə çatdırılmışdır, cavabdeh həmin malları yük-nəqliyyat qaimələrini imzalayaraq təhvil almışdır. Cavabdehə göndərilmiş malların satılması barədə elektron qaimələr təsdiq edilmişdir. Müqaviləyə əsasən alıcı malın dəyərini malı əldə etdiyi tarixdən 30 gün müddətində satıcıya ödəməlidir. Müqavilənin 9.2-ci bəndində qeyd olunur ki, alıcı aldığı taxta altlığı qaytarmalıdır, əks təqdirdə qiymət əlavəsində qeyd olunan pul vəsaitini ödəməlidir. Müqaviləyə edilmiş əlavələrə əsasən taxta altlığın bir ədədinin dəyəri ƏDV ilə 28,32 manat müəyyən edilmişdir. Cavabdeh ona təhvil verilmiş sement məhsullarının dəyərinin 8899,98 (səkkiz min səkkiz yüz doxsan doqquz manat doxsan səkkiz qəpik ) manat məbləğində olan hissəsini ödəməmiş, dəyəri 28,32 manat olan bir ədəd taxta altlığı şirkətə geri qaytarmamışdır. Cavabdehə dəfələrlə edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, cavabdeh təhvil aldığı malların dəyərini ödəməmişdir. Müqavilənin 9.2-ci bəndində ödənişin gecikdirildiyi hər günə görə əsas borcdan 0.1% qədər cərimənin ödənilməsi qeyd olunur. Həmin bəndə əsasən hazırkı tarixədək cavabdehə hesablanan cərimənin məbləği 11724,4 (on bir min yeddi yüziyirmi dörd manat qırx qəpik ) manat təşkil edir. Cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu göndərib borc məbləğinin xx.xx.2024-cü il tarixədək ödənilməsini, əks təqdirdə məhkəməyə müraciət etmək üçün tədbirlər görüləcəyini bildirmişik. Cavabdehə pretenziya məktubu təqdim edilmişdir. Bundan başqa, pretenziya məktubu xx.xx.2024-cü il tarixində vergi portalı vasitəsilə cavabdehə göndərilmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 385.1, 442, 443.1-ci maddələrinə və Vergi Məcəlləsinin 71-1 maddəsinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

5. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində Holcim (Azərbaycan) ASC ilə alıcı qismində Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, O000885530 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən hazırkı müqavilə əsasında satıcı 3-cü maddədə göstərilən və gələcəkdə mal adlandırılacaq sement növünü alıcıya satır, alıcı isə malı alır və dəyərini ödəyir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən ödəniş alıcı tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla, əvvəlcədən satıcının bank hesabına ödəmə yolu ilə həyata keçirilir. Həmin müqavilənin 4.3-cü maddəsinə əsasən satıcı müqavilə dövrü ərzində tətbiq etdiyi kredit siyasətinə əsaslanaraq alıcıya sonradan ödəmə şərti ilə mal buraxılışı həyata keçirə bilər. Bu barədə razılıq müqavilənin əlavəsinə daxil edilir və alıcı qəbul etdiyi malın dəyərini qaimə-fakturanı və ya elektron qaimə-fakturanı qəbul etdiyi tarixdən 30 gün ərzində ödəməlidir. Həmin müqavilənin 8.2-ci bəndinə əsasən bu müqavilədə göstərilmiş ödəniş şərtlərinə əməl olunmadığı halda borc üzrə hər bir gecikdirilmiş günə 0,1% qədər cərimənin hesablanmasını və ödənilməsini tələb etmək satıcının hüququdur. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən mal taxta altıqlarla təchiz olunarsa, aldığı hər bir taxta altlığı geri qaytarmaq, əks halda geri qaytarılmayan hər bir taxta altlığa görə "Qiymət" əlavəsində qeyd olunan məbləğdə pul vəsaitini satıcı tərəfindən təqdim edilmiş qaimə əsasında 5 (beş) gün ərzində satıcıya ödəməyi alıcı öz öhdəsinə götürmüşdür.

8. xx.xx.2021-ci il tarixli, O000885530 nömrəli alqı-satqı müqaviləsinə edilən eyni tarixli 1 saylı Əlavədən görünür ki, Əlavədə göstərilən göstərilən məhsullara, o cümlədən altıqlara dair qiymətlər razılaşdırılmışdır. Əlavənin 1.1-ci bəndinə əsasən bu əlavə yuxarıda adı çəkilən müqavilənin ayrılmaz tərkib hissəsidir və müqavilə şərtləri ilə eyni hüquqi qüvvəyə malikdir; 2.1-ci bəndində qeyd olunur ki, müqavilədə qeyd olunan 3.3.3 bəndi və ona aid olan bütün bəndlərə uyğun olaraq alıcı aldığı malın dəyərini malı əldə etdiyi tarixdən 30 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir.

9. xx.xx.2021-ci il tarixli, EBAW seriyalı, 869645 nömrəli elektron qaimədən müəyyən edilir ki, Holcim (Azərbaycan) ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4392,09 manat (ƏDV daxil) təşkil edir.

10. xx.xx.2021-ci il tarixli, EBAW seriyalı, 870978 nömrəli elektron qaimədən müəyyən edilir ki, Holcim (Azərbaycan) ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4607,89 manat (ƏDV daxil) təşkil edir.

11. xx.xx.2021-ci il tarixli, EBBL seriyalı, 103980 nömrəli elektron qaimədən müəyyən edilir ki, Holcim (Azərbaycan) ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1019,52 manat (ƏDV daxil) təşkil edir.

12. İddiaçı tərəfindən iş materiallarına yük-nəqliyyat qaimələri və altlıqların təhviltəslimi adlı sənədlər əlavə edilmişdir.

13. Holcim (Azərbaycan) ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, xx.xx.2024-cü il tarixədək ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

16. Əvvəla qeyd olunmalıdır ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etdiyi halda cavabdeh üzərinə götürdüyü öhdəliklərini pozmuş, iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu təqdim edilən müqavilə, yük-nəqliyyat qaimələri, elektron qaimələrlə öz təsdiqini tapır.

17. İddia tələbini cavabdehdən aldığı sement məhsullarına görə 8899,98 manat, geri qaytarmadığı taxta altlığa görə 28,32 manat, borcun gecikdirilməsinə görə 11724,4 manat cərimə məbləğinin tutulması təşkil edir.

18. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi sement məhsullarına görə 8899,98 manat, geri qaytarılmayan taxta altlığa görə 28,32 manat məbləğin tutulması hissəsində tam, cərimə məbləğinin tutulması hissəsində isə qismən təmin olunmalı və Cavabdeh 8899,98 manat borc, geri qaytarmadığı taxta altlığa görə 28,32 manat, borcun gecikdirilməsinə görə 450 (dörd yüz əlli) manat cərimə məbləği iddiaçı Holcim (Azərbaycan) ASC-nin xeyrinə tutulmalıdır. Belə ki, müqavilənin 9.2-ci bəndinə əsasən mal taxta altıqlarla təchiz olunarsa, aldığı hər bir taxta altlığı geri qaytarmaq, əks halda geri qaytarılmayan hər bir taxta altlığa görə "Qiymət" əlavəsində qeyd olunan məbləğdə pul vəsaitini satıcı tərəfindən təqdim edilmiş qaimə əsasında 5 (beş) gün ərzində satıcıya ödəməlidir. Ona görə də cavabdeh qaytarılmayan altlıqların dəyərini ödəmək vəzifəsi daşıyır. Bundan başqa, müqavilənin 8.2-ci bəndinə əsasən bu müqavilədə göstərilmiş ödəniş şərtlərinə əməl olunmadığı halda borc üzrə hər bir gecikdirilmiş günə 0,1% qədər cərimənin hesablanmasını və ödənilməsini tələb etmək satıcının hüququdur. Cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, cərimə məbləği azaldılaraq 450 (dörd yüz əlli) manat cərimə məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.

19. Eləcə də iddiaçı ödənilmiş 152 manat dövlət rüsumunun cavabdehdən tutulmasının xahiş etmişdir.

20. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 69 manat (altmış doqquz) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh aldığı sement məhsullarına görə 8899,98 manat (səkkiz min səkkiz yüz doxsan doqquz min manat doxsan səkkiz qəpik) əsas borc, geri qaytarmadığı taxta altlığa görə 28,32 manat (iyirmi səkkiz manat otuz iki qəpik), 450 (dörd yüz əlli) manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 69 (altmış doqquz) manat olmaqla, ümumilikdə 9447,3 manat (doqquz min dörd yüz qırx yeddi manat otuz qəpik) məbləğində pul vəsaiti iddiaçı “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar