Məhkəmə qərarları › İş №e-2-2(113)-7375/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7375/2024

12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7375/2024 12.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, dəbbə pulu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – iddiaçı) Cavabdeh qarşı (bundan sonra – cavabdeh) “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus cins damazlıq heyvanların lizinqə verilməsi barədə” "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 30 mart 2018-ci il tarixli “156-LD/18" və 15 noyabr 2018-ci il tarixli "375-LD/18"nömrəli müqavilələrin ləğv edilməsi və Cavabdeh 30 mart 2018-ci il tarixli "156-LD/18" nömrəli müqavilə üzrə 2652 (iki min altı yüz əlli iki) manat qalıq əsas borc, 3749,57 (üç min yeddi yüz qırx doqquz manat əlli yeddi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 6401,57 (altı min dörd yüz bir manat əlli yeddi qəpik) manat və 15 noyabr 2018-ci il tarixli “375-LD/18” nömrəli müqavilə üzrə 2328 (iki min üç yüz iyirmi səkkiz) manat qalıq əsas borc, 3083,08 (üç min səksən üç manat səkkiz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 5411,08 (beş min dörd yüz on bir manat səkkiz qəpik) manat pul vəsaitinin cavabehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus cins damazlıq heyvanların lizinqə verilməsi barədə” "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 30 mart 2018-ci il tarixli “156-LD/18” və 15 noyabr 2018-ci il tarixli “375-LD/18” nömrəli müqavilələrə əsasən, borclu (lizinq alan) cins damazlıq heyvanları ilkin ödəniş məbləği nəzərə alınmaqla qalıq məbləğini ödəniş qrafikinə uyğun ödəmək şərtilə lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə 30 mart 2018-ci il tarixli “156-LD/18” nömrəli müqavilə üzrə 2652 (iki min altı yüz əlli iki) manat qalıq əsas borc, 3749,57 (üç min yeddi yüz qırx doqquz manat əlli yeddi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 6 401,57 (altı min dörd yüz bir manat əlli yeddi qəpik) manat və 15 noyabr 2018-ci il tarixli "375-LD/18" nömrəli müqavilə üzrə 2 328 (ikimin üç yüz iyirmi səkkiz) manat qalıq əsas borc, 3083,08 (üç min səksən üç manat səkkiz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 5411,08 (beş min dörd yüz on bir manat səkkiz qəpik) manat maliyyə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Məcəllə) 427.3-cü, 442-ci və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məcəllənin 442-ci maddələrinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır.

3. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraicət edərək, 30 mart 2018-ci il tarixli “156-LD/18” nömrəli müqavilə üzrə 2652 (iki min altı yüz əlli iki) manat qalıq əsas borc, 3749,57 (üç min yeddi yüz qırx doqquz manat əlli yeddi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 6401,57 (altı min dörd yüz bir manat əlli yeddi qəpik) manat və 15 noyabr 2018-ci il tarixli “375-LD/18” nömrəli müqavilə üzrə 2328 (iki min üç yüz iyirmi səkkiz) manat qalıq əsas borc, 3083,08 (üç min səksən üç manat səkkiz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 5411,08 (beş min dörd yüz on bir manat səkkiz qəpik) manat pul vəsaitinin cavabehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, 30 mart 2018-ci il tarixli “156-LD/18” nömrəli və 115 noyabr 2018-ci il tarixli “375- LD/18” nömrəli müqavilələr üzrə 3749,57 manat və 3083,08 manat cərimə borcunun cavabehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi İ.Sadıqov iddia tələbini müdafiə edib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, müqavilələr üzrə cavabdehdən tələb edilən əsas borc məbləğləri tam şəkildə məhkəmə icraatı dövründə ödənilmişdir, bu səbəbdən hazırda yalnız dəbbə pulu tələb edilir.

6. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

7. Məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus cins damazlıq heyvanların lizinqə verilməsi barədə 30 mart 2018-ci il tarixli “156- LD/18” nömrəli müqaviləyə əsasən lizinq verən ümumi məbləği 11664 manat olan və açıqlaması spesifikasiyada verilən damazlıq heyvanları güzəştli satış dəyəri lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir.

10. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan damazlıq heyvanların qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür.

11. Müqavilənin 3.1-ci bəndinə əsasən damazlıq heyvanlar üzərində müstəsna mülkiyyət hüququ onun dəyəri lizinq alan tərəfindən tam ödənilənədək lizinq verənə məxsusdur.

12. Müqavilənin 4.1-ci bəndinə əsasən lizinq alan bu müqavilənin Əlavə 2-də göstərilən ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir.

13. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişi yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.

14. 30 mart 2018-ci il tarixli “156-LD/18” nömrəli lizinq müqaviləsinin spesifikasiyasından görünür ki, iddiaçı tərəfindən cavabdehə 4 baş Simmental cinsindən olan damazlıq heyvan təhvil verilmişdir. Cavabdeh damazlıq heyvanlar üzrə ümumilikdə 5832 manat ödədikdən sonrakı qalıq məbləğ 5832 manat təşkil etmişdir.

15. Müqaviləyə əlavə edilmiş 2 nömrəli Əlavə xüsusi komissiyanın xx.xx.2018-ci il tarixli protokoluna əsasən 30 mart 2018-ci il tarixli “156-LD/18” nömrəli lizinq müqaviləsinin 4.1-ci bəndinin ödəniş qrafikinə əsasən cavabdeh tərəfindən 2018-2021-ci illərin aylar üzrə ödənilməli məbləğlər əksini tapmışdır.

16. "xxxx" ASC-yə damazlıq heyvanların təhvil-qəbulu barədə 02 aprel 2018-ci il tarixli aktdan görünür ki, "xxxx" ASC-nin 1750/ü nömrəli 04 dekabr 2018-ci il tarixli əmri əsasında 4 baş Simmental cinsindən olan damazlıq heyvan cavabdehə təhvil verilmişdir.

17. "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus cins damazlıq heyvanların lizinqə verilməsi barədə 15 noyabr 2018-ci il tarixli “375-LD/18” nömrəli müqaviləyə əsasən lizinq verən ümumi məbləği 7320 manat olan və açıqlaması spesifikasiyada verilən damazlıq heyvanları güzəştli satış dəyəri lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir.

18. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan damazlıq heyvanların qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür.

19. Müqavilənin 3.1-ci bəndinə əsasən damazlıq heyvanlar üzərində müstəsna mülkiyyət hüququ onun dəyəri lizinq alan tərəfindən tam ödənilənədək lizinq verənə məxsusdur.

20. Müqavilənin 4.1-ci bəndinə əsasən lizinq alan bu müqavilənin Əlavə 2-də göstərilən ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir.

21. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişi yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.

22. 15 noyabr 2018-ci il tarixli “375-LD/18” nömrəli lizinq müqaviləsinin spesifikasiyasından görünür ki, iddiaçı tərəfindən cavabdehə 3 baş Simmental cinsindən olan damazlıq heyvan təhvil verilmişdir. Cavabdeh damazlıq heyvanlar üzrə ümumilikdə 3660 manat ödədikdən sonrakı qalıq məbləğ 3660 manat təşkil etmişdir.

23. Müqaviləyə əlavə edilmiş 2 nömrəli Əlavə xüsusi komissiyanın xx.xx.2018-ci il tarixli protokoluna əsasən 15 noyabr 2018-ci il tarixli “375-LD/18” nömrəli lizinq müqaviləsinin 4.1-ci bəndinin ödəniş qrafikinə əsasən cavabdeh tərəfindən 2018-2021-ci illərin aylar üzrə ödənilməli məbləğlər əksini tapmışdır.

24. "xxxx" ASC-yə damazlıq heyvanların təhvil-qəbulu barədə 02 aprel 2018-ci il tarixli aktdan görünür ki, "xxxx" ASC-nin 5603/ü nömrəli 15 noyabr 2018-ci il tarixli əmri əsasında 3 baş Simmental cinsindən olan damazlıq heyvan cavabdehə təhvil verilmişdir.

25. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, 30 mart 2018-ci il tarixli, “156-LD/18” nömrəli müqaviləyə əsasən cavabdehin cərimə borcu 3749,57 manat, 15 noyabr 2024-cü il tarixli, “375-LD/18” nömrəli müqaviləyə əsasən cərimə borcu 3083,08 manat təşkil edir.

26. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 30 mart 2018ci il tarixli, “156-LD/18” nömrəli və 15 noyabr 2018-ci il tarixli, “375-LD/18” nömrəli lizinq müqavilələri bağlanmış, lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektlərini müqavilənin şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri vaxtında icra etməmişdir.

27. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

28. Belə ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış 30 mart 2018-ci il tarixli, “156-LD/18” nömrəli və 15 noyabr 2024-cü il tarixli, “375-LD/18” nömrəli müqavilələr üzrə 3749,57 manat və 3083,08 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini irəli sürmüşdür.

29. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

30. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

31. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

32. Belə olan halda məhkəmə tələb olunan cərimələrin əsas borc məbləğlərinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimələr tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə - 30 mart 2018-ci il tarixli, “156-LD/18” nömrəli müqavilə üzrə 50 manat, 15 noyabr 2018-ci il tarixli, “375- LD/18” nömrəli müqavilə üzrə 50 manat məbləğində müəyyən edilməlidir.

33. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 30 mart 2018-ci il tarixli, “156-LD/18” nömrəli müqavilə üzrə 50 manat, 15 noyabr 2018-ci il tarixli, “375-LD/18” nömrəli müqavilə üzrə isə 50 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

36. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, habelə iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən 20 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

V. Nəticə:

37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 30 mart 2018-ci il tarixli, “156-LD/18” nömrəli müqavilə üzrə 50 manat, 15 noyabr 2018-ci il tarixli, “375-LD/18” nömrəli müqavilə üzrə 50 manat dəbbə pulu, ümumilikdə 100 (bir yüz) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar