Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-741/2025 24.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının cavabdeh “Solarengoasis İİ Lda” şirkətinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: mal göndərmə müqaviləsi, özgə işlərini tapşırıqsız aparma, əldən çıxmış fayda, xarici elementli) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakları ilə, iddiaçı “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının cavabdeh “Solarengoasis İİ Lda” şirkətinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı iddia və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, malın daşınma xərci 14383 manat, gömrük xərci 551 manat, əldən çıxmış fayda – 8900 manat, dövlət rüsumu 138 manat olmaqla, cəmi 23972 manat vəsaitin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı (VÖEN: **********) 2 ədəd cəmi 37000 (otuz yeddi min) Avro dəyərində Orteco markalı tırtıllı bariyer vuran texnika satmaq məqsədi ilə Portuqaliyanın “Solarengoasis İİ Lda”(VÖEN:*********) şirkəti arasında 29 aprel 2024-cü il tarixdə müqavilə bağlandı. Həmin müqaviləyə əsasən “Solarengoasis İİ Lda” şirkəti 2 ədəd Orteco markalı bariyer vuran texnikanı ödəniş etdikdən sonra Bakı şəhərində Filialdan təhvil almalı idi. Bundan başqa həmin 2 ədəd texnikanın alqısını tezləşdirmək məqsədi ilə qarşılıqlı razılaşmaya görə Filial tərəfindən borc olaraq 8400 Avro daşınma və gömrük ixrac xərci ödənilmişdir. Müqavilənin 3-cü bölməsinin 1-ci hissəsinə əsasən Alıcı qarşılıqlı razılaşdırılmış müqavilənin ümumi məbləği 37000,00 Avronu Satıcının bank hesabına ödəməlidir. Həmin müqavilənin 5-ci bölməsinin 1-ci hissəsinə əsasən satılacaq əmlakın qiymətinə əsasən pro-forma faktura tərtib etməyə və alıcıya təqdim etməyə borcludur, Alıcı tam məbləği geri qaytarılmayan, təsdiqlənmiş və görünən akkredetivlə ödəməlidir. Müqaviləyə əsasən 2 (iki) ədəd Orteco markalı bariyer vuran texnikanın dəyəri 37000 Avro və texnikaların rəsmiləşdirmə və daşınma dəyəri 8400 Avro cəmi 45400 Avro edir. Həmin vəsaitin 37000 Avro ödənilmiş, 8400 Avro isə bu günə kimi ödənilməmişdir. Bununla əlaqədar E-mail, telefon, whatsapp vasitəsilə müraciətlərinə hələ də cavab verilməmiş, bu tarixədək daşınma xərcini ödəməmişdirlər. Texnikalar Portuqaliyaya çatmış və alıcı tərəfindən texnikalar gömrük idxal rəsmiləşdirilməsi edilərək qəbul edilmişdir. Onlarla əlaqə yaratmaq üçün X1 Ticarət ataşesinə müraciət edildi. Onlar alıcı şirkətin nümayəndəsi Pedro Silva adlı şəxslə əlaqə yaratmış, Pedro Silva da texnikaları aldıqlarını və texnikaların daşınma xərclərini həqiqətən də ödəmədiklərini bildirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, iddia ərizəsində qeyd edilənləri müdafiə edir. Texnikalar qarşı tərəfə satılıb və malların dəyəri ödənilsə də daşınma və logistika xərcləri ödənilməmişdir. Hazırda iddia tələbinin əsasını bu borc məbləği təşkil edir. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, 14373 manat logistika şirkətinə daşınma xərcləri ödənilmişdir. Əldən çıxmış faydanı 449.1ci maddə ilə hesablamışlar. Hüquqi yardımın göstərilməsi ilə bağlı məbləğ iddia tələbindən çıxarılmışdır. 37000 məbləğin içərisində daşınma xərcləri yox idi. Həmin məbləğ ayrıca qeyd edilmişdir. Məhkəmə iclasında iddiaçının digər nümayəndəsi Nümayəndə1 nümayəndə iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh Portuqaliya Respublikasının hüquqi şəxsi olduğu üçün iddia ərizəsinin və sübutların çatdırılması, iddia tələbinə etirazını bildirməsi və ya öz sübutlarını təqdim etməsi, növbəti məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılması üçün aidiyyəti üzrə Portuqaliya Respublikasının səlahiyyətli məhkəməsinə məhkəmə tapşırığı göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə “Solarengoasis İİ Lda” şirkəti barəsində Bakı Kommersiya Məhkəməsinin tapşırığının icrası ilə bağlı Portuqaliya Respublikasının Ədliyyə Nazirliyindən daxil olmuş sənədlər göndərilmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı ilə “Solarengoasis İİ Lda” şirkəti arasında imzalanmış 29 aprel 2024-cü il tarixli alqısatqı müqaviləsinin 1-ci bəndinə əsasən satıcı bu müqavilədə göstərilən Satınalma Qiymətinin ödənilməsi də daxil olmaqla, alıcı bütün müqavilə öhdəliklərini yerinə yetirdikdən sonra aşağıdakı 2 işlənmiş svay vurma maşınına mülkiyyət hüququnu alıcıya verməyə razılaşır. Maşınların təsviri: 1. Hidravlik svay maşınları: Orteco BТР 820J Seriya nömrəsi: 22281 İstehsal ili: 2002 Saat: 5,271 2. Hidravlik svay maşınları: Orteco C35 Seriya nömrəsi: 22069 İstehsal ili: 2002 Saat: 4,871 (2) Satıcı Maşınları Azərbaycanda çatdırılma zamanı texniki vəziyyətində satır. 3-cü bəndə əsasən alıcı maşınların ümumi məbləği 37000 Avro olan qarşılıqlı razılaşdırılmış alış qiymətini ödəyəcəkdir. 4.1-ci bəndə əsasən maşınların çatdırılması Tərəflər tərəfindən yazılı şəkildə razılaşdırılan tarixdə həyata keçiriləcəkdir. Nəqliyyat və yükləmə xərcləri alıcı tərəfindən ödəniləcəkdir. Çatdırılma İncoterm 2020, FCA Baku, Azerbaijan-da həyata keçiriləcək. Çatdırılma yeri: FCA – Bakı (Azərbaycan). 4.3-cü bəndə əsasən maşınların haqqını tam ödəməklə, alıcı maşınları yoxlamaq imkanının olduğunu etiraf edir və onları "olduğu kimi" qəbul etməyə razılaşır. Bu qəbul o deməkdir ki, bu müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, alıcı maşınların vəziyyəti ilə bağlı hər hansı iddiadan imtina edir. Satıcı bu müqavilənin hər iki tərəf tərəfindən imzalanmasından sonra satınalma qiymətinə əsasən pro-forma faktura tərtib etməyə və onu alıcıya təqdim etməyə borcludur. Alıcı tam məbləği geri qaytarılmayan, təsdiqlənmiş və görünən akkreditivlə ödəməlidir. Akkreditiv üçün tələb olunan sənədlər: -Üç nüsxədə orijinal faktura - Qablaşdırma siyahısı üç nüsxədə. “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən “Solarengoasis İİ Lda” şirkətinə 2 ədəd maşınların dəyərinin ödənilməsi üçün xx.xx.2024-cü il tarixli, İHR202400001 nömrəli, dəyəri 37 000 Avro olan invoys göndərilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçıya daşınma xərclərinin ödənilməsi üçün EBED seriyalı, 633838 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 14383,98 manat olan elektron qaimə-faktura göndərilmiş, iddiaçı da xx.xx.2024-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına 14383,98 manat ödəmişdir. “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən “Solarengoasis İİ Lda” şirkətinə yük maşını ilə iki maşının Bakı şəhərindən Portuqaliya şəhərinə daşınma xərcinin dəyərinin ödənilməsi məqsədi ilə xx.xx.2024-cü il tarixli, İHR202400001/1 nömrəli, dəyəri 8400 Avro olan invoys göndərilmişdir. Lizbon Ticarət Müşavirliyindən Gəncə Ticaret Ataşeliyinə maşınların satışı ilə bağlı ünvanlanmış mail yazışmasının mətnində qeyd edilmişdir ki, “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialından 37000 Avro qarşılığında 2 maşın satın alınaraq ödənişi edilib. Nəqliyyat şirkətinə gömrük rüsumlarını, vergiləri ödəyirlər. 8400 avro qarşılığında nəqliyyat sifarişi verdiklərini qəbul edirlər, lakin bu yalnız avadanlıq işlədikdən, xərclər hesablandıqdan və razılaşdırılmış məbləğ çıxıldıqdan sonra həll ediləcək. xx.xx.2024-cü il tarixli, **********24 nömrəli qəbzə əsasən iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 138 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 1087.1-ci maddəsinə əsasən özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. 1090.1-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. ...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 28-ci maddəsinə əsasən əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq baxırlar. 36.1-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. 443.0.7-ci maddəsinə əsasən iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan işlərə baxmağa haqlıdır. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 15/23 saylı Qərarının: 2.2-ci bəndinə əsasən xarici elementli mübahisələr üzrə Azərbaycan Respublikasının məhkəmələri beynəlxalq müqavilələrlə və ya tərəflərin razılaşması əsasında digər qayda müəyyən edilmədiyi halda (MPM-nin 28-ci maddəsi) beynəlxalq səlahiyyətə malikdir. Ona görə də, xarici elementli kommersiya mübahisələrində məhkəmələrin MPM ilə müəyyən edilmiş beynəlxalq səlahiyyətə malik olub-olmamalarının müəyyən edilməsi üçün ilk növbədə qeyd olunan iki haldan hər hansı birinin mövcudluğu aydınlaşdırılmalıdır. 2.4-ci bəndinə əsasən əgər xarici elementli kommersiya mübahisəsinə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmasını istisna edən, bu Qərarın 2.2-ci bəndində göstərilən hallardan hər hansı biri mövcud deyilsə, MPM-in məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtlərinin təsbit olunduğu 440.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. 2.10-cu bəndinə əsasən məhkəmələrin xarici elementli mübahisə üzrə beynəlxalq səlahiyyətinin olub-olmaması müəyyən edilərkən aşağıdakı ardıcıllığa riayət edilməli və mübahisə üzrə qəbul edilən məhkəmə aktlarında müvafiq prosessual hüquq normalarına istinad edilməklə, lazımi qaydada əsaslandırılmalıdır: - tərəflər arasında Azərbaycan Respublikası məhkəməsinin və ya xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə yazılı şəkildə ifadə olunmuş ayrıca razılıq (müqavilə, saziş və s.) və ya razılaşma şərti mövcuddurmu; - əgər belə razılaşma yoxdursa, müvafiq məsələ barədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr mövcuddurmu; - əgər belə beynəlxalq müqavilə də yoxdursa, MPM-də belə beynəlxalq səlahiyyət nəzərdə tutulmuşdurmu. 5.6-cı bəndinə əsasən mübahisəli hüquq münasibətinə tətbiq edilməli dövlətin maddi hüququnun məhkəmələr tərəfindən seçilməsinin hüquqi əsasları aşağıdakılardır: 1) mübahisə tərəfləri arasında bağlanmış müqavilə (razılaşma); 2) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilələr; 3) ümumi qəbul olunmuş beynəlxalq adətlər; 4) “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu; 5) digər milli qanunvericilik aktları (“Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsi). “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir: 25.1.1. alqı-satqı müqaviləsində - satıcının; ... Məhkəmənin mövqeyi Məhkəmə ilk növbədə hazırkı iş üzrə tərəflərdən birinin xarici hüquqi şəxs olduğunu nəzərə alaraq, işə baxılması ilə əlaqədar məhkəmənin beynəlxalq səlahiyyətə malik olubolmadığını aydınlaşdırmağı zəruri hesab edir. Məhkəmə “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 15/23 saylı Qərarının 2.10-cu bəndində qeyd olunanlara uyğun olaraq hesab edir ki, tərəflər arasında olan müqavilənin icrasının qismən, malların çatdırılmasının Azərbaycan Respublikasında həyata keçirilməsi şərti müqavilənin 4.1-ci bəndində nəzərdə tutulduğundan Mülki Prosessual Məcəllənin 443.0.7-ci maddəsinə əsasən hazırkı işə baxmaq üçün Bakı Kommersiya Məhkəməsi beynəlxalq səlahiyyətlidir. Məhkəmə hazırkı mübahisənin həllində tətbiq ediləcək hüquq normalarının seçilməsi ilə bağlı qeyd edir ki, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1-ci maddəsinə əsasən müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, alqı-satqı müqaviləsinə satıcının təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir. Göründüyü kimi, hazırkı müqavilə üzrə tərəflər arasında bu barədə ayrıca razılaşma mövcud olmadığından, həmçinin cavabdehə məhkəmə tapşırığı ilə məlumat göndərilməsinə baxmayaraq heç bir münasibət bildirmədiyindən “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunun 25.1.1-ci maddəsinə əsasən satıcının, yəni iddiaçının təsis olunduğu və fəaliyyət göstərdiyi ölkənin, Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi üç hissədən ibarətdir: 1) malın daşınma xərci üzrə 14383 manat; 2) gömrük xərci üzrə 551 manat; 3) 8900 manat əldən çıxmış faydanın cavabdehdən tutulması. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri olmuşdur. Belə ki, müqaviləyə uyğun olaraq iddiaçı tərəfindən maşınlar cavabdehə təqdim edilmiş, cavabdeh də maşınların dəyərini ödəmişdir. 2 ədəd texnikanın alışını tezləşdirmək məqsədi ilə iddiaçı tərəfindən cavabdehin tapşırığı və ya digər əsas olmadan 14383,98 manat daşınma xərci ödənilmişdir. Bu hal iş materiallarına əlavə olunmuş müqavilə, invoyslar, ödəniş tapşırığı, cavabdeh tərəfin etirafedici elektron məktubu ilə sübut olunur. Halbuki, tərəflər arasında bağlanmış 29 aprel 2024-cü il tarixli müqavilənin 4-cü bəndinə əsasən nəqliyyat və yükləmə xərclərinin alıcı tərəfindən ödəniləcəyi razılaşdırılmışdır. Göründüyü kimi alıcı olaraq cavabdeh daşınma xərcinin ödənilməsi öhdəliyini öz üzərinə götürsə də, bu günə kimi onun əvəzindən satıcı, yəni iddiaçı tərəfindən ödənilmiş daşınma xərcinin əvəzini sonuncuya ödəməmişdir. Məhkəmə, alqı-satqı müqaviləsi üzrə 2 ədəd texnikanın cavabdehə təhvil verildiyini və təhvil verilməsi üçün daşınmanın həyata keçirilməli olduğunu, alqı-satqının ləngiməməsi üçün iddiaçı tərəfindən daşınma xərcinin ödənildiyini nəzərə alaraq hesab edir ki, iddiaçının daşınma xərcini ödəməsi cavabdehin mənafeyinə və ehtimal olunan istəyinə uyğundur. Buna görə də Mülki Məcəllənin 1090.1-ci maddəsinə əsasən tapşırıq və ya müqavilə əsası olmadan cavabdehin mənafeyinə və ehtimal olunan istəyinə uyğun daşınma xərcini ödəmiş iddiaçının həmin xərcin əvəzinin ödənilməsini cavabdehdən tələb etmək hüququ vardır və onun tələbi haqlıdır. Beləliklə qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin iddiaçı tərəfindən onun mənafeyinə uyğun ödənilmiş daşınma xərclərinin əvəzini qaytarmadığını, belə olan halda isə iddiaçının ödədiyi məbləği geri tələb etmək hüququna malik olmasını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə əsaslıdır, buna görə də 14383 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin ikinci hissəsi - gömrük xərci üzrə 551 manat ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı gömrük xərci üzrə 551 manat ödənilməsini xahiş etsə də, gömrük xərcinin ödənilməsinə dair sübutu məhkəməyə təqdim etməmiş, həqiqətən iddiaçının belə xərci ödəməsi təsdiq edilməmişdir. Odur ki, həmin hissədə iddia təmin olunmamalıdır. İddia tələbinin üçüncü hissəsi - 8900 manat məbləğində əldən çıxmış faydanın ödənilməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının nümayəndəsi məhkəmənin sualına cavab olaraq 8900 manat məbləği Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən tələb etdiklərini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan 09 iyul 2009-cu il tarixli qərarının məzmunundan aydın olur ki, MM-in 449-cu maddəsinə əsasən faizlərin ödənilməsi yalnız “faydalanma”, yəni, gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəldiyi hallarda tətbiq olunmalıdır. İddiaçı isə borcun ödənilməsinin gecikdirilməsi və pul məbləğini özündə saxlaması nəticəsində cavabdehin maddi gəlir əldə etməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, yəni öz tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Bu səbəbdən iddia tələbi həmin hissədə də təmin edilməməlidir. İddiaçı iddia tələbinin gömrük xərci və əldən çıxmış fayda hissələrinin əsasın təşkil edən halları sübut edə bilməmiş, həmin hissələrdə iddia tələbinin dəlillərini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmiş və hissələrdə iddianın əsaslı olmasını sübuta yetirə bilməmişdir. Bundan başqa məhkəmə, iddianın qismən təmin olunduğunu nəzərə alaraq hesab edir ki, ödənilmiş 138 manat dövlət rüsumunun 133,15 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Solarengoasis İİ Lda” şirkətindən daşınma xərci üzrə 14383 (on dörd min üç yüz səksən üç) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 133 (bir yüz otuz üç) manat 15 (on beş) qəpik tutularaq iddiaçı “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-741/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-741/2025
24.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver