Məhkəmə qərarları › İş №e-2-2(113)-7419/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7419/2024

24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7419/2024 24.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" MMC-nin xeyrinə 5039.01 manat əsas borcun, 3124,19 manat dəbbə pulunun və 102 manat dövlət rüsumunun, ümumilikdə isə 8265,20 manat məbləğin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında “Malların alqı-satqı qaydaları haqqında” 17 fevral 2024-cü il tarixli, 43-A/24 nömrəli müqavilə bağlanmışdır. Bağlanmış müqavilənin 1.2.2-ci maddəsinə əsasən, “Alıcı” təhvil aldığı malların elektron qaimə üzrə dəyərini 30 təqvim günü müddətində nağdsız qaydada, qeyri şərtsiz və tam şəkildə “Satıcı”-nın xeyrinə ödəyir. Cavabdeh şəxs Cavabdeh sözügedən müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş EBDZ seriyalı, 074517 nömrəli elektron qaimədən də görünür ki, cavabadeh şəxsin faktiki olaraq cəmiyyətimizə 5039.01 (beş min otuz doqquz manat sıfır bir qəpik) manat borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə cavabdeh şəxs Cavabdeh tərəfimizdən pretenziya məktubu göndərilmiş lakin cavabdeh şəxs göndərilmiş pretenziya məktubunu xx.xx.2024-cü il tarixində alsa da, edilmiş xəbərdarlığa heç bir məhəl qoymamışdır. Cavabdeh şəxslə aramızda bağlanmış 17 fevral 2024-cü il tarixli 43-A/24 nömrəli müqavilənin 2.2-ci maddəsinə əsasən “müqavilənin 1.2.2-ci bəndinin tələbləri pozulduqda, ödənişlərin gecikdirildiyi hər gün üçün elektron qaimənin(lərin) ümumi dəyərinin(lərinin) ödənilməmiş qalığından 0,5 % (sıfır tam onda beş faiz) həcmində peniya məbləği (bundan sonra “Peniya” adlandırılacaq) hesablanır. Nəzərinizə çatdırım ki, cavabdeh şəxsin EBDZ seriyalı 074517 nömrəli elektron qaimə üzrə xx.xx.2024-cü il tarixdən 124 gün üçün ödənilməli dəbbə pulu 3124,19 (üç min yüz iyirmi dörd manat on doqquz qəpik) manat təşkil edir. Yuxarıda qeyd olunan qaimə üzrə əsas borcunu və dəbbə pulunu nəzərə alsaq, hazırda Cavabdeh "xxxx" MMC-yə 8163,20 (səkkiz min yüz altmış üç manat iyirmi qəpik) manat borcu vardır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.

5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 43-A/24 saylı alqı-satqı müqaviləsinə əsasən:

8. Müqavilənin 1.1-ci bəndinə əsasən “Müqavilə” “Tərəflər” arasında imzalanaraq təsdiqləndiyi, hüquqi şəxs olduqda eyni zamanda möhürləndiyi (bundan sonraq “Təsdiqləndiyi” adlandırılacaq) andan etibarən qüvvəyə minir.

9. Müqavilənin 1.2-ci bəndinə əsasən “Müqavilə” “Təsdiqləndiyi” andan etibarən:

10. Müqavilənin 1.2.1-ci bəndinə əsaəsn “Satıcı” idxal etdiyi suları, meyvə şirələrini, kampotları, çaxırları, pivələri, araqları və s., (bundan sonra “Mallar” adlandırılacaq) “Mallar”ı realizə edilməsi və / və ya satılması üçün “Alıcı”-nın verdiyi sifarişlər üzrə Alıcı”-ya təhvil verməyi öz üzərinə götürür.

11. Müqavilənin 1.2.2-ci bəndinə əsasən “Alıcı” təhvil aldığı “Mallar”-ın elektron qaimə üzrə dəyərini 30 (otuz) təqvim günü müddətində nağdsız qaydada, qeyri şərtsiz və tam şəkildə “Satıcı”-nın xeyrinə ödəyir.

12. Müqavilənin 1.2.3-cü bəndinə əsasən “Alıcı” təhvil aldığı “Mallar”-ı yalnız Azərbaycan Respublikasının ərazi hüdudlarında satmağa və / və ya realizə etməyə səlahiyyətlidir.

13. Müqavilənin 1.3-cü bəndinə əsasən “Müqavilə” üzrə tərtib olunmuş qaiməfakturalar, elektron-qaimələr, qiymət razılaşma protokolları və əlavələr (bundan sonra “Əlavələr” adlandırılacaq) “Müqavilə”-nin ayrılmaz tərkib hissəsini təşkil edir.

14. Müqavilənin 1.4-cü bəndinə əsasən “Tərəflər” “Müqavilə”-nin “Əlavələr”-ində göstərilmiş “Mallar”-ı, onların saylarını, bir vahidi üçün qiymətlərini, ümumi dəyərlərini, çeşidlərini, göstəriləcək xidmətləri, nəzərdə tutulmuş endirimləri, hesablanmış ƏDV-ni (bundan sonra “Satış şərtləri” adlandırılacaq) və onların müddətlərini öz aralarında öncədən razılaşdıraraq təhvil- qəbul prosedurunu həyata keçirməyə razıdırlar.

15. Müqavilənin 2.2-ci bəndinə əsasən “Müqavilə”-nin 1.2.2-ci bəndinin tələbləri pozulduqda, ödənişin(lərin) gecikdirildiyı hər günü üçün elektron-qaimənin(lərin) ümumi dəyərinin(lərinin) ödənilməmiş qalığından 0,5% faiz həcmində peniya məbləği (bundan sonra “Peniya” adlandırılacaq) hesablanır.

16. Müqavilənin 3.1-ci bəndinə əsasən “Satıcı” tərəfindən təchiz olunacaq “Mallar”-ın “Satış şərtləri” “Alıcı” ilə razılaşdırılır və “Müqavilə”-nin müvafiq “Əlavələr”-i ilə müəyyən edilir.

17. Müqavilənin 4.2-ci bəndinə əsasən alıcının vəzifələri aşağıdakı kimidir:

18. Müqavilənin 4.2.3-cü bəndinə əsasən müqavilənin 1.2-ci bəndində nəzərdə tutulan ödənişləri etmək;

19. xx.xx.2024-cü il tarixli, STF-8747 saylı satış fakturasına əsasən 5039,04 manatlıq mal satışı həyata keçirilmiş və hər iki tərəfin imzası ilə təsdiqənmişdir.

20. xx.xx.2024-cü il tarixli, EBDZ074517 saylı e-qaiməyə əsasən "xxxx" MMC tərəfindən 5039,01 manat mal satışı üzrə e-qaimə tərtib edilmişdir.

21. 10.05.2024-cü il tarixli, 016-F/25 saylı maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2024-cü il tarixinə borcu 5039,01 manat əsasə və 3124,19 manat müqavilə üzrə hesablanmış peniya olmaqla, cəmi 8163,20 manat təşkil edir.

22. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

23. Belə ki, iş materialları və tərəflərin izahatı ilə müəyyən olunur ki, tərəflər arasında mübahisə alqı-satqı münasibətlərindən irəli gəlmişdir.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

25. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

26. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

27. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

28. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

29. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

30. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

31. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 43-A/24 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən “Müqavilə” “Tərəflər” arasında imzalanaraq təsdiqləndiyi, hüquqi şəxs olduqda eyni zamanda möhürləndiyi (bundan sonraq “Təsdiqləndiyi” adlandırılacaq) andan etibarən qüvvəyə minir. Müqavilənin 1.2-ci bəndinə əsasən “Müqavilə” “Təsdiqləndiyi” andan etibarən: Müqavilənin 1.2.1-ci bəndinə əsaəsn “Satıcı” idxal etdiyi suları, meyvə şirələrini, kampotları, çaxırları, pivələri, araqları və s., (bundan sonra “Mallar” adlandırılacaq) “Mallar”-ı realizə edilməsi və / və ya satılması üçün “Alıcı”-nın verdiyi sifarişlər üzrə Alıcı”-ya təhvil verməyi öz üzərinə götürür. Müqavilənin 1.2.2-ci bəndinə əsasən “Alıcı” təhvil aldığı “Mallar”-ın elektron qaimə üzrə dəyərini 30 (otuz) təqvim günü müddətində nağdsız qaydada, qeyri şərtsiz və tam şəkildə “Satıcı”-nın xeyrinə ödəyir.

32. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla (müqavilə, e-qaimələr, satış fakturası) təsdiqini tapdığı üçün iddia tələbinin 5039,01 manat pul tələbi hissədə təmin olunması üçün əsaslar mövcuddur.

33. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 2.2-ci bəndinə əsasən hesablanmış 3124,19 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

34. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

35. Məhkəmə hesab edir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

36. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

37. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə (5039,01 manat) nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 252 manat məbləğində müəyyən edilməlidir.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Materiallardan da göründüyü kimi iddiaçı tərəfindən 103 manat dövlət rüsumu ödənilmişdir.

40. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün təmin olunan iddia məbləğinə mütənasib olaraq iş üzrə ödənilmiş 73 manat dövlət rüsumu xərci cavabdehə aid edilməlidir.

V. Nəticə:

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 5039,01 manat borc məbləği, 252 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 73 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar