Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-742/2024 28.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sığorta müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15835 manat sığorta ödənişinin və 200 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçi xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan, Neftçala şəhəri, Nizami küçəsində yerləşən və ümumi sahəsi 36.8 kv.m olan bir mərtəbəli mağaza binasında fərdi sahibkar kimi (VÖEN **********) kitab, məktəbli ləvazimatlarının və dəftərxana mallarının satışı, çap və surətçıxarma xidmətinin göstərilməsi ilə məşğuldur. Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş BB seriyalı 433088 №-li “Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi”nə əsasən mağaza binası xx.xx.2021-ci ildən 03.11.22-ci ilədək 10835 manat məbləğində və 077006 №-li “Əmlakın yanğından və digər əlavə risklərdən sığortası şəhadətnaməsi”nə əsasən xx.xx.2021-ci ildən 03.11.22-ci ilədək 5000 manat məbləğində sığorta olunmuşdur. xx.xx.2022-ci ildə mağazada yanğın baş vermiş, nəticədə mağaza binasına və oradakı əmlaklara ziyan dəymişdir. Belə ki, ədədinin qiyməti 650 manat olan 1 ədəd “Beko” markalı kondisioner; ədədinin qiyməti 1100 manat olan 1 ədəd “Epson L850” markalı 6 rəngli printer; ədədinin qiyməti 450 manat olan 2 ədəd “Canon MF4410” markalı printer; ədədinin qiyməti 650 manat olan 1 ədəd “Toshiba” markalı kompüter; ədədinin qiyməti 420 manat olan 1 ədəd “Shivaki” markalı televizor; ədədinin qiyməti 450 manat olan 1 ədəd “Orion” markalı kassa aparatı; qiyməti 310 manat olan 2 ədəd “Canon MF4410” markalı printer olmaqla, cəmi 4480 manat dəyərində elektron əşyalar; mağazada olan 22184 manat dəyərində müxtəlif adda kitab və dəftərxana ləvazimatları təyinatı üzrə istifadəyə yararsız vəziyyətə düşmüş; təmir-bərpa işlərinə 3314 manat xərc sərf olunmuşdur. Beləliklə, yanğın nəticəsində iddiaçıya 29978 manat ziyan dəymişdir. İddiaçı sığorta hadisəsi barədə sığortaçıya dərhal məlumat verib və zəruri sənədlər sığortaçının nümayəndəsinə təqdim olunub. Əvvəlcə vurulmuş ziyana görə 7000 manat ödəniləcəyi bildirilsə də, lakin bir müddət sonra 2600 manat ödəniləcəyi bildirilmiş, lakin iddiaçı bu məbləğlə razılaşmamışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.Həsənov iddia tələbi ilə qismən razılaşdığını, daşınmaz əmlaka dəymiş zərərin 889 manat, daşınar əmlaka dəymiş zərərin 3800 manat olmasını nəzərə alaraq iddianın azadolma məbləğləri çıxılmaqla qismən təmin edilməsini, qalan hissədə iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında imzalanmış daşınar əmlakın sığorta müqaviləsinin əlavəsində razılaşdırılmışdır ki, mebel və ticarət avadanlıqları 1000 manat, ticarət malları 3000 manat, digər avadanlıqlar isə 1000 manat dəyərində sığortlanır. Materiallarda isə iddiaçıya məxsus mebel və ticarət avadanlıqlarına zərər dəyməsi müəyyən edilmədiyi üçün iddia həmin hissədə təmin edilə bilməz. III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. AZ 077006 nömrəli əmlakın yanğından və digər əlavə risklərdən sığortası şəhadətnaməsindən görünür ki, Neftçala şəhəri, Nizami küçəsində yerləşən, İddiaçı məxsus qeyri-yaşayış sahəsində olan kitab və məktəbli ləvazimatları xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 5000 manat məbləğində sığortalanmışdır.
7. Qeyd olunan sığorta şəhadətnaməsinin 1 nömrəli əlavəsinə əsasən mebel və ticarət avadanlıqları 1000 manat, ticarət malları 3000 manat, digər avadanlıqlar 1000 manat olmaqla sığortalanmışdır.
8. 433088 nömrəli daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsindən görünür ki, Neftçala şəhəri, Nizami küçəsində yerləşən, İddiaçı məxsus mağaza xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədən 10835,00 manat məbləğində sığortalanmışdır.
9. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin 18 yanvar 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, 29 oktyabr 2022-ci il tarixdə, saat 06 radələrində Neftçala şəhəri, Nizami küçəsində yerləşən İddiaçı məxsus “Əlaçı kitab və dəftərxana ləvazimatları mağazası”nda baş vermiş yanğında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir.
10. “X1” MMC tərəfindən verilmiş 24 avqust 2023-cü il tarixli 114 nömrəli ekspert rəyindən görünür ki, təqdim olunmuş məlumatları və baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq, Neftçala şəhəri, Nizami küçəsində yerləşən, İddiaçı məxsus qeyri-yaşayış sahəsinin (“Əlaçı” kitab və dəftərxana ləvazimatları mağazası) mövcud istifadə vəziyyətinə uyğun olaraq, hazırkı bazar qiyməti ilə təqribi dəyəri 33250,00 (otuz üç min iki yüz əlli) manat məbləğində müəyyən edilir. Neftçala şəhəri, Nizami küçəsində yerləşən, İddiaçı məxsus qeyri-yaşayış sahəsində (“Əlaçı” kitab və dəftərxana ləvazimatları mağazası) baş vermiş yanğın nəticəsində dəymiş ziyanın hazırkı bazar qiymətləri ilə ümumi təqribi dəyəri 29978,00 (iyirmi doqquz min doqquz yüz yetmiş səkkiz) manat məbləğində müəyyən edilir. O cümlədən elektron əşyalar üzrə 4480,00 manat; kitab və dəftərxana ləvazimatları üzrə 22184,00 manat; tikinti üzrə 3314,00 manat müəyyən edilir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 07 may 2024-cü il tarixli 9/17xx-xx/1693 nömrəli ekspert rəyindən görünür ki, Neftçala şəhəri, Nizami küçəsində yerləşən, İddiaçı məxsus qeyri-yaşayış sahəsində (“Əlaçı”kitab və dəftərxana ləvazimatları mağazası) baş vermiş yanğın nəticəsində dəymiş ziyanın hazırki bazar qiymətləri ilə ümumi təqribib dəyəri 27063,00 manat məbləğində müəyyən edilir. O cümlədən elektron əşyalar üzrə 3990,00 manat; kitab və dəftərxana ləvazimatları üzrə 22184,00 manat; tikinti üzrə 889,00 manat. Qeyd olunur ki, digər 4 adda malların modeli, markası, istehsal ili və istismar müddəti və digər texniki göstəriciləri barədə məlumat olmadığından həmin avadanlıqlar üzrə tədqiqat aparılmamışdır.
12. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
14. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
15. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
16. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.
17. 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.
18. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
19. İşin araşdırılan hallarından məlum olur ki, tərəflər arasında daşınmaz və daşınar əmlakın icbari sığortası müqaviləsi bağlanıldığı üçün sığorta hadisəsinin baş veribverməməsi halı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən müəyyən edilməlidir.
20. Həmin maddənin tələblərinə görə daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: yanğın, ildırım düşməsi (36.1.1); məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı (36.1.2); elektrik naqillərində baş verən qısa qapanma (36.1.3); buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı (36.1.4); su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyriyaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma (36.1.5); hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri (36.1.6); yerüstü nəqliyyat vasitəsinin dəyməsi (36.1.7); təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi (36.1.8); üçüncü şəxslərin hərəkətləri (36.1.9).
21. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə iddiaçıya məxsus Neftçala şəhəri, Nizami küçəsində yerləşən mağazada saat 06 radələrində yanğın baş vermiş, yanğın hadisəsi ilə bağlı cinayət işinin başlanması rədd edilmişdir.
22. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəyə əsasən iddiaçıya məxsus mağazaya tikinti üzrə dəymiş zərər 889 manat, mağazada olan mallara dəymiş zərər 26174 manat təşkil edir.
23. Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixdə sığorta hadisəsinin baş verməsi işin mübahisəsiz halı olduğundan iddiaçı, cavabdehdən sığorta ödənişinin verilməsini tələb etməkdə haqlıdır. Yuxarıda göstərilən maddi hüquq normalarına görə sığorta hadisəsi baş verdiyinə görə cavabdehin iddiaçı qarşısında sığorta ödənişini vermək öhdəliyi yaranmışdır.
24. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, sığorta hadisəsi nəticəsində iddiaçıya dəymiş zərər müəyyən edilərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 07 may 2024-cü il tarixli ekspert rəyi əsas götürülməlidir.
25. Beləliklə, materiallarda olan sübutlarla iddiaçıya məxsus mağazaya və orada olan daşınar əşyalara zərər dəyməsinin təsdiq olunması, həmin zərərin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyinə əsasən 889 manat və 26174 manat müəyyən edilməsi iddianın sığorta ödənişinin tələb edilməsi hissəsində təmin edilməsi üçün əsas hesab edilməlidir. Çünki həmin zərərin məhz xx.xx.2022-ci il tarixdə və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsində göstərilən sığorta hadisəsi nəticəsində dəyməsi işin araşdırılan halları ilə sübut olunur.
26. Bununla yanaşı, iddiaçıya məxsus daşınar əşyalara sığorta hadisəsi nəticəsində 26174 manat zərər dəyməsi müəyyən edilsə də, materiallardan görünür ki, tərəflər arasında bağlanmış AZ 077006 nömrəli əmlakın yanğından və digər əlavə risklərdən sığortası şəhadətnaməsindən görünür ki, iddiaçıya məxsus mağazada olan daşınar əmlak (müqavilənin əlavəsində göstərilən) 5000 manat məbləğində sığortalanmışdır.
27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 07 may 2024-cü il tarixli ekspert rəyində iddiaçıya məxsus mağazada yerləşən və zərər dəymiş əmlak kimi elektron əşyalar, kitab və dəftərxana ləvazimatları göstərilmişdir.
28. İddiaçı tərəfindən məhkəməyə sığorta obyekti olan və cavabdeh tərəfindən 1000 manat məbləğində sığorta edilmiş mebel və ticarət avadanlıqlarına da zərər dəyməsi barədə hər hansı sübut təqdim edilməmişdir. Bu səbəbdən iddia tələbi mebel və ticarət avadanlıqlarına dəymiş zərərin əvəzinin ödənilməsi hissəsində təmin edilə bilməz.
29. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, azadolma məbləği çıxılmaqla, iddiaçıya məxsus daşınmaz əmlaka dəymiş zərərlə bağlı 779 manat (889 manat – 110 manat azadolma məbləği) və daşınar əmlaka dəymiş zərərlə bağlı 3800 manat (4000 manat – 200 manat azadolma məbləği) məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat manat dövlət rüsumu cavabdehə, qalan 100 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
32. İş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.
33. Məhkəmə hesab edir ki, ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
V. Nəticə:
56. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 4579 manat məbləğində pul, 100 manat dövlət rüsumu, ümumilikdə 4679 (dörd min altı yüz yetmiş doqquz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 100 (bir yüz) manat ekspertiza xərci cavabdehdən tutularaq Məhkəmə Ekpsertizası Mərkəzinə ödənilsin. 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova