Məhkəmə qərarları › İş №e-2-2(113)-7427/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7427/2024

02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7427/2024 02.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “əldən çıxmış faydanın və işgüzar nüfuza dəymiş zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əldən çıxmış faydanın və işgüzar nüfuza dəymiş zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmənin iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağladığı 03 may 2024-cü il tarixli AL/ML/3177 nömrəli X1 əsasən MMC-dən lizinqə götürdüyü 1 ədəd Deutz-Fahr C7206 TS markalı taxılyığan kombaynın nasaz olması, texnikada olan nasazlığın aradan qaldırılmaması səbəbindən işləyə bilmədiyi üçün zərərə düşdüyü 49000 manat məbləğində əldə çıxmış faydanın və işgüzar nüfuzuna zərər dəydiyi üçün 10000 manat məbləğində mənəvi ziyanın Cavabdehndən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “Azmaş Lizinq" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı 03 may 2024-cü il tarixli AL/ML/3177 nömrəli X1 əsasən MMC-dən 1 ədəd Deutz-Fahr C7206 TS markalı taxılyığan kombayn lizinqə götürmüşdür. Müqaviləyə əsasən texnikanın alış qiyməti 422000 manat olmuş, həmin məbləğin 168800.00 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən, cavabdeh tərəfindən 84400 manat məbləğində ilkin ödəniş ödənilmişdir. Texnika 24 may 2024-cü il tarixdə təhvil verilmişdir. Lakin texnikanı təhvil götürdüyü gündən texnikada problemlər yaşanmağa başladı. Belə ki, ilk növbədə 2023cü il buraxılışı olan həmin texnika 2024-cü il buraxılışı adı altında satılmışdır. Həmçinin istehsalçı tərəfindən təlimat kitabında kombaynın 310 at gücü olduğu qeyd edilsə də, şirkəti həmin kombaynı 366 at günü altında müştərilərinə təklif edir. Bundan əlavə təhviltəslim aktında da qeyd edildiyi kimi, kombyanın istismarı ilə bağlı zəruri olan açarlar dəsti, damkrat, yanğınsöndürən, yağ şprisi əvvəlcədən vəd olunsa da verilmədi. Bunun nəticəsi olaraq biçin məqsədilə kombaynla birlikdə sahəyə çıxan zaman böyük təkərin boltları qırıldı. İşin dayanması bir tərəfdən, servis əməkdaşlarına xəbər verməyinə baxmayaraq, onlar sadəcə texnikaya baxış keçirməklə kifayətləndilər. Texnikanın saz vəziyyətə gətirilməsi üçün bütün xərclər tərəfindən qarşılandı. Halbuki, texnikaya 1 il zəmanət verilmişdir. Təmir xərcləri servis tərəfindən qarşılanmalı idi. Təmir xərci-yəni, X2 rayonuna gətirmək, kombayna aldığı avadanlıqlar-şpris, soyuducu (litol 24), təkər açarı, dankrat, hava şlankları, və onun dəsti, təkərinşipilkaları və onun montaj olunması və sxərclər 4000 manat civarında oldu. Kombaynın təmirinə baxmayaraq nasazlıqlar yenə də davam etmiş və bu barədə dəfələrlə servis əməkdaşlarına məlumat vermişdir. Lakin nasazlıqlar aradan qaldırılmamış, həm işguzar nüfuzuna xələl gəlmiş və küllü miqdarda qazancdan məhrum olmuşdur. Belə ki, mövsüm başlayan kimi taxıl sahələrini biçmək üçün bir çox sahibkarlarla razılığa gəlmiş və bu razılıq əsasında kombaynı lizinqə götürmüşdür. Kombaynın nasaz olması və işləməməsi səbəbindən həmin sahibkarlar da ziyana düşmüş (yəni məhsul itkisinə məruz qalmış), çətinlikdə biçdiyi sahələrin də ödənişini ödəməkdən imtina etmişlər. Həm sahibkarlarla da arası dəymiş, işgüzar nüfuzuna xələl gəlmiş, həmçinin maddi ziayana düşmüşdür. Biçin mövsümü başlayanda biçməyi nəzərdə tutduğu taxıl sahəsi 700 hektar olmuşdur. 1 hektarın biçini 50-70 manat hesablansa bu əldən çıxmış fayda ortalama 35000-49000 manat təşkil edir. Kombaynın uzun müddət nasazlığı və iş görə bilməməyi, həmçinin küllü miqdarda zərərə düşməyi və servisin etinasızlığı onu kombaynı geri qaytarmağa məcbur etdi. İndiki halda həm maddi, həm də mənəvi zərər çəkmişdir. Həm əldə edəcəyi faydadan məhrum olmuş, həm də sahibkarlar arasında etibarı azalaraq işgüzar nüfuzua xələl gəlmişdir.

3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh ilə bağladığı 03 may 2024-cü il tarixli AL/ML/3177 nömrəli X1 əsasən MMC-dən lizinqə götürdüyü 1 ədəd Deutz-Fahr C7206 TS markalı taxılyığan kombaynın nasaz olması, texnikada olan nasazlığın aradan qaldırılmaması səbəbindən işləyə bilmədiyi üçün zərərə düşdüyü 49000 manat məbləğində əldə çıxmış faydanın və işgüzar nüfuzuna zərər dəydiyi üçün 10000 manat məbləğində mənəvi ziyanın Cavabdehndən alınaraq ödənilməsi və 1688 manat əksik ödənişin, 1240,68 manat bank komissiyasının, 250 manat əmlakın qiymətləndirilməsi üçün vəsaitin, 90 manat sığorta ödənişinə görə bank komissiyasının, kombaynın təmiri üçün xərclədiyi 4000 manat vəsaitin, ümumilikdə ona dəyən 7268,68 manat maddi ziyanın və 267 manat dövlət rüsumunun Cavabdehndən alınaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, kombayn üçün 84400 manat ödədiyi halda ona 82712 manat vəsait geri qaytarılmışdır. Bu da 1688 manat əksik deməkdir. Həmçinin 84400 manat vəsaiti nağd şəkildə ödədiyi halda 82712 manat vəsait VÖEN-ə bağlı bank hesabına köçürülmüş və nəticədə vəsaiti hesabından çıxaran zaman 1,5% bank komissiyası tutulmuşdur ki, bu da 1240,68 manat vəsait edir. Əmlakın qiymətləndirilməsi üçün 250 manat ödəmişdir. Həmçinin sığortadan hesabına qayıdan 6000 manat vəsaiti çıxaran zaman da 1,5% bank komissiyası tətbiq olunub ki, bu da 90 manat vəsait edir. Qısa zaman da işlətsə də, kombaynın təmiri üçün aldığı avadanlıqlar-şpris, soyuducu (litol 24), təkər açarı, dankrat, hava şlankları, və onun dəsti, təkərin şipilkaları və onun montaj olunması və s xərclər 4000 manat civarında oldu. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən iddia tələbində qeyd edilənlərdən əlavə olaraq, 1688+1240,68+250+90+4000 və əlavə olaraq məhkəməyə müraciət üçün 267 manat da dövlət rüsumu ödənilmiş ki, bütövlükdə ona dəyən maddi ziyan 7268,68 manat və 267 manat dövlət rüsumu olmuşdur.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək bildirdi ki, iddiaçının özünün ərizəsinə əsasən müqaviləyə xitam verilmişdir və iddiaçı tərəfə 82746 manat pul iddiaçıya geri ödənilmişdir. Texnikada nasazlıq olmamışdır. İddiaçı özü ərizə yazmışdır ki, texnikanı qaytarmaq istəyir. Cavabdeh lizinq verəndir. Burada işgüzar nüfusa bilərəkdən zərər dəyməyib. Qanunvericilik lizinq şərtlərini tənzimləyir. Cavabdeh lizinq verəndir və burada satıcı zavoddur. Alıcının dediyi kimi, lizinq obyektində qüsur olsa belə işgüzar nüfuza bilərəkdən ziyan vurulmamışdır. Texnikada problem olsaydı bu zaman ödənilməli məbləğin 40% AKİA cavabdehə ödəməli idi. Bu halda dövlətdə şəxsin işgüzar nüfuzuna ziyan vurmuş olur. İşgüzar nüfuza dəyən ziyan sübut olunmalıdır. Əldən çıxmış faydayla bağlı da heç bir sənəd və sübut yoxdur. Hesab edir ki, iddia əsassızdır. Xahiş edir ki, iddia tələbi rədd edilsin. III.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı ilə “Azmaş Lizinq" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 03 may 2024-cü il tarixli AL/ML/3177 nömrəli X1 əsasən iddiaçı MMC-dən 1 ədəd Deutz- Fahr C7206 TS markalı taxılyığan kombayn lizinqə götürmüşdür. Müqaviləyə əsasən texnikanın alış qiyməti 422.000 manat olmuş, həmin məbləğin 168.800.00 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır.

9. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən avans məbləği 84400 manat təşkil etmişdir.

10. İddiaçı ilə cavabdeh arasında imzalanmış təhvil-təslim aktına əsasən 1 ədəd Deutz-Fahr C7206 TS markalı taxılyığan kombayn iddiaçıya təhvil verilmişdir.

11. İddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsində xx.xx.2024cü il tarixli AL/ML/3177 saylı maliyyə lizinqi müqaviləsi ilə əldə etdiyi 1 ədəd Deutz-Fahr C7206 TS markalı taxılyığan kombayda yaranan texniki nasazlıqlar və biçin mövsümünün çox hissəsinin geridə qalmağı səbəbi ilə əlaqədar geri qaytarılması və şirkətə ödədiyi 84 400.00 (səksən dörd min dörd yüz) AZN avans məbləğindən müəyyən (2%) xərclər çıxıldıqdan sonra qalan 82712.00 (səksən iki min yeddi yüz on iki) AZN məbləğini əlavədə göstərilən bank hesabına köçürülməsinə köməklik göstərilməsini xahiş etmişdir.

12. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 13-1/Ü saylı maliyyə və alqı-satqı müqaviləsinə xitam verilməsi əmri ilə Azmaş Lizinq MMC ilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev mənzil 38 sakini İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AL/ML/3177 nömrəli maliyyə lizinq müqaviləsinə və X3 İstehsalat Birliyinin agenti qismində çıxış edən Aqrotextəchizat MMC ilə bağlanmış xx.xx.2024-pü tarixli AQT/2-S- 2554 nömrəli alqı satqı müqaviləsinə xitam verilmiş, xx.xx.2024-cü il tarixli, AL/ML/3177 nömrəli maliyyə lizinq müqaviləsi üzrə lizinqə verilmiş 1 ədəd Deutz-Fahr C7206 TS markalı kombayn (Şassi: 0000110, Mühərrik: ********) saz vəziyyətdə X3 İstehsalat Birliyinə geri qaytarılması, xx.xx.2024-cü il tarixli, AL/ML/3177 nömrəli maliyyə lizinq müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixində ödənilmiş 84 400 (səksən dörd min dörd yüz) AZN avans məbləğinpən, müəyyən (2%) xərclər çıxıldıqdan sonra, qalan 82 712 (səksən iki min yeddi yüz on iki) məbləğ İddiaçı geri qaytarılması əmr edilmişdir.

13. 01.07.2024-cü il tarixli OD2 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən 82.712 manat məbləğində pul vəsaiti “xx.xx.2024-cü il tarixli ərizəyə əsasən ödənilmiş avans məbləği geri qaytarılır” təyinatı göstərilərək İddiaçı hesabına köçürülmüşdür.

14. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında lizinq müqaviləsi bağlanmış, iddiaçı avans məbləğini ödəmiş, cavabdeh isə lizinq obyektini lizinq alana təqdim etmişdir. Daha sonra iddiaçı cavabdehə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixli AL/ML/3177 saylı maliyyə lizinqi müqaviləsi ilə əldə etdiyi 1 ədəd Deutz-Fahr C7206 TS markalı taxılyığan kombaynda yaranan texniki nasazlıqlar və biçin mövsümünün çox hissəsinin geridə qalmağı səbəbi ilə əlaqədar geri qaytarılması və şirkətə ödədiyi 84 400.00 (səksən dörd min dörd yüz) AZN avans məbləğindən müəyyən (2%) xərclər çıxıldıqdan sonra qalan 82712.00 (səksən iki min yeddi yüz on iki) AZN məbləğini bank hesabına köçürülməsinə köməklik göstərilməsini xahiş etmişdir. Lizinq verən həmin ərizəyə əsasən avans məbləğini iddiaçıya geri qaytarmış. İddiaçı isə məhkəmədə hazırki iddia ərizəsini qaldıraraq texnikada nasazlıqların olması səbəbi ilə, həm işguzar nüfuzuna xələl gəldiyini və küllü miqdarda qazancdan məhrum olduğunu bildirərək, nasazlığın aradan qaldırılmaması səbəbindən işləyə bilmədiyi üçün zərərə düşdüyü 49000 manat məbləğində əldən çıxmış faydanın və işgüzar nüfuzuna zərər dəydiyi üçün 10.000 manat məbləğində mənəvi ziyanın Cavabdehndən alınaraq ödənilməsi və 1688 manat əksik ödənişin, 1240,68 manat bank komissiyasının, 250 manat əmlakın qiymətləndirilməsi üçün vəsaitin, 90 manat sığorta ödənişinə görə bank komissiyasının, kombaynın təmiri üçün xərclədiyi 4000 manat vəsaitin, ümumilikdə ona dəyən 7268,68 manat maddi ziyanın və 267 manat dövlət rüsumunun Cavabdehndən alınaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəf isə iddiaya etiraz edərək bildirir ki, iddiaçının özünün ərizəsinə əsasən müqaviləyə xitam verilmişdir və iddiaçı tərəfə 82746 manat pul iddiaçıya geri ödənilmişdir. Texnikada nasazlıq olmamışdır. İddiaçı özü ərizə yazmışdır ki, texnikanı qaytarmaq istəyir. Cavabdeh lizinq verəndir. Burada işgüzar nüfusa bilərəkdən zərər dəyməyib. Qanunvericilik lizinq şərtlərini tənzimləyir. Cavabdeh lizinq verəndir və burada satıcı zavoddur. Alıcının dediyi kimi, lizinq obyektində qüsur olsa belə işgüzar nüfuza bilərəkdən ziyan vurulmamışdır. Texnikada problem olsaydı bu zaman ödənilməli məbləğin 40% AKİA cavabdehə ödəməli idi. Bu halda dövlətdə şəxsin işgüzar nüfuzuna ziyan vurmuş olur. İşgüzar nüfuza dəyən ziyan sübut olunmalıdır. Əldən çıxmış faydayla bağlı da heç bir sənəd və sübut yoxdur. Hesab edir ki, iddia əsassızdır.

15. Məhkəmə qeyd edir ki, dəymiş ziyanın əvəzinin ödənilməsi tələbləri barədə işlər üzrə müəyyən edilməli olan əsas məqam cavabdehin təqsirli və hüquqazidd hərəkəti törətmələri və onun tələb edilən ziyanla səbəbli əlaqəsini müəyyən etməkdir.

16. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

17. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə).

18. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2-ci maddə).

19. Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə bu əsaslar müəyyən edilmir.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.

21. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya verilmiş kombaynın nasas olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilə bilməmişdir. Əksinə cavabdeh tərəfindən iddiaçıya verilən hər iki tərəfin imzası ilə təsdiq edilmiş konbaynın təhvil-təslim aktından görünür ki, konbayn texniki cəhətdən saz və texniki şərtlərə uyğun olmuşdur.

22. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının qeyd etdiyi 49.000 manat əldən çıxmış fayda qismində və 10.000 manat mənəvi ziyanla bağlı iddiaçının ziyana düşməsi ilə cavabdeh tərəfindən ona kombaynın verməsi arasında heç bir sübut və səbəbli əlaqə mövcud deyildir.

23. İddia tələbinin ikinci hissəsinə (1688 manat əksik ödənişin, 1240,68 manat bank komissiyasının, 250 manat əmlakın qiymətləndirilməsi üçün vəsaitin, 90 manat sığorta ödənişinə görə bank komissiyasının, kombaynın təmiri üçün xərclədiyi 4000 manat vəsaitin, ümumilikdə ona dəyən 7268,68 manat maddi ziyan tələbi) dair məhkəmə qeyd edir ki, bu tələblər də əsassız olduğu və sübuta yetirilmədiyi üçün rədd edilməlidir.

24. Belə ki, 1688 manat əksik ödəniş ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının özünün cavabdehə ünvanlandığı məktubdan görünür ki, avans məbləğindən müəyyən (2%) xərclər çıxıldıqdan sonra qalan 82712 manat məbləğini bank hesabına köçürülməsini xahiş etmişdir və həmin məbləğ iddiaçının hesabına geri ödənilmişdir. 250 manat əmlakın qiymətləndirilməsi üçün vəsaitin, 90 manat sığorta ödənişinə görə bank komissiyasının, kombaynın təmiri üçün xərclədiyi 4000 manat vəsaitin tutulması ilə bağlı iddiaçı hər hansı sübutu və həmin xərclərin nəyə görə cavabdehdən tutulmalı olmasını məhkəmədə əsaslandıra bilməmişdir.

25. Məhkəmə qeyd edir ki, qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmə yalnız ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

26. Hazırki işdə, iddiaçı cavadehin hərəkətləri ilə ziyana düşdüyünü sübuta yetirə bilməmişdir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

29. Məhkəmə xərclərinə gəldikdə, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 267 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

31. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğu və təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh ilə bağladığı 03 may 2024-cü il tarixli AL/ML/3177 nömrəli X1 əsasən MMC-dən lizinqə götürdüyü 1 ədəd Deutz-Fahr C7206 TS markalı taxılyığan kombaynın nasaz olması, texnikada olan nasazlığın aradan qaldırılmaması səbəbindən işləyə bilmədiyi üçün zərərə düşdüyü 49000 manat məbləğində əldə çıxmış faydanın və işgüzar nüfuzuna zərər dəydiyi üçün 10000 manat məbləğində mənəvi ziyanın Cavabdehndən alınaraq ödənilməsi və 1688 manat əksik ödənişin, 1240,68 manat bank komissiyasının, 250 manat əmlakın qiymətləndirilməsi üçün vəsaitin, 90 manat sığorta ödənişinə görə bank komissiyasının, kombaynın təmiri üçün xərclədiyi 4000 manat vəsaitin, ümumilikdə ona dəyən 7268,68 manat maddi ziyanın və 267 manat dövlət rüsumunun Cavabdehndən alınaraq ödənilməsi barədə iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar