Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-743/2023 10.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı QSC-nin cavabdeh “Qarabulaq+7” MMC-yə qarşı xx.xx.2019-cu il tarixli 624/MA-1027 saylı müqaviləyə əsasən borcun və dəbbə pulunun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı QSC cavabdeh “Qarabulaq+7” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qarabulaq+7“ Məhdud Məsuliyyətli Cəmiyyətindən 12.145,39 manat məbləğində əsas borcun, 1.214,53 manat məbləğində qanun üzrə dəbbə pulunun və məhkəmə xərcləri üçün ödənilmiş 200 manat mediasiya rüsumunun, cəmi 13.559,92 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (ASCO) ilə Cavabdeh MMC arasında 27 iyun 2019-cu il tarixdə 624/MA-1027 saylı müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən Cavabdeh MMC tərəfindən ASCO-nu müxtəlif mal-materiallarla təhciz edilməsi nəzərdə tutulmuşdur. Tərəflərindən aparılmış araşdırmalar zamanı müəyyən olunmuşdur ki, ASCO tərəfindən müqavilənin şərtlərinə uyğun olaraq “Qarabulaq+7” MMC-yə malların tam olaraq dəyəri ödənilmişdir, lakin tərəflərindən müqavilə üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməməsi səbəbindən ASCO-ya 12.145,39 manat məbləğində olan borcları yaranmışdır. “Qarabulaq+7” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hal-hazıra kimi müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində Cəmiyyət maliyyə çətinlikləri ilə üzləşmiş və digər qurumlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh “Qarabulaq+7” MMC iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və müddətin ötürülməsi səbəbindən icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İddia müddətinin tətbiqinə dair ərizə onunla əsaslandırılmışdır ki, “Qarabulaq+7” MMC ilə İddiaçı QSC-nin “diyircək yastıqların” bir illik tələbata uyğun olaraq elan etdiyi tender müsabiqəsində böyük qiymət fərqi ilə 60.968,80 manat məbləğində 624/MA-1027 saylı xx.xx.2019-cu il tarixli müqavilə bağlanmışdır. Bağlanmış müqaviləyə uyğun olaraq istehsalçı Çin Xalq Respublikasında X2 yerləşdiyi üçün istehsalçıya 30% qiymətini ödəyərək “KYM” markalı yastıqların sifarişinə başlanmış və karqo vasitəsi ilə “Çin karqo” şirkəti Bakıya çatdırılmasını həyata keçirmişdir. Onu da qeyd etmək istərdilər ki, bu çatdırılma müəyyən vaxt tələb etdiyindən QSC-nin Təchizat İdarəsi tərəfindən ünvanlarına daxil olan mütəmadi sifarişlər tərəflərindən yerinə yetirilmiş və həmin vaxt anbarda olan Avropa istehsalı olan “SKF” markalı yastıqlarla təmin olunmuşdur (elektron qaimələr işə elektron qaydada əlavə edilmişdir). Malların bir illik tələbata uyğun olması və sifariş olduqda 15 gün müddətində çatdırılması müqavilənin 3-cü bəndinin 3.1-ci hissəsinə uyğun olduğu üçün bu məsələyə həmişə tərəflərindən ciddi əməl olunmuşdur. Bütün bunlara baxmayaraq Çin Xalq Respublikasından sifariş edilən mallar Azərbaycan Respublikasının Gömrük zonasına daxil olduqdan sonra tərəflərindən 21 oktyabr 2019-cu il tarixli 181 nömrəli məktubla tenderdə elan olunmuş KYM markalı diyircəkli yastıqların Çin Xalq Respublikasından ölkəyə gətirildiyini və təhvil vermək niyyətlərini bildirsələr də cavabdeh QSC-dən cavab olaraq xx.xx.2019-cu il GU xx/xx-1382 saylı məktubla xx.xx.2019-cu il tarixli müqaviləyə birtərəfli qaydada xitam verildiyi bildirilmişdir. Bundan sonra iddiaçı hər hansısa bir addım atmamış və müqavilə üzrə əldə edilən məhsulları tələb etmədiyi üçün alınan mallar dəyərindən aşağı qiymətə satılmışdır. Qeyd etməyi zəruri hesab edirlər ki, iş materiallarına iddiaçı tərəfindən əlavə edilən xx.xx.2020-ci il tarixli pretenziya məktubundan da göründüyü kimi, iddiaçı, tərəflərindən öhdəliklərin icrasından 10 ay sonra, müqavilə üzrə öhdəliklərini xatırlamış və tələb etmək niyyətini bəyan etmişdir. Maraqlıdır ki, qeyd edilən pretenziya məktubu da onlara təqdim edilməmiş, iddiaçı pretenziya məktubundan iki ilə yaxın müddət keçdikdən sonra məhkəməyə iddia ilə müraciət etmişdir. Bu isə iddiaçının qanunvericiliklə nəzərdə tutulan müddəti ötürdüyünü göstərən haldır. İddiaçı QSC iddia müddətinin tətbiqinə dair ərizəyə mülahizə təqdim edərək, ərizənin əsassız və qanunsuz, cavabdeh tərəfindən təqdim edilən müddətin tətbiqi ilə bağlı ərizənin məhkəmə tərəfindən yekun qərar qəbul ediləndə nəzərə alınmamalı və rədd edilməli olduğunu hesab edirlər. Belə ki, cavabdeh ərizədə “ASCO tərəfindən xx.xx.2019-cu il tarixdə müqaviləyə xitam verildiyini bildirdiyini, bundan sonra bir addım atmadığını və pul vəsaitini tələb etmədiyini göstərmişdir. Qeyd etməyi zəruri hesab edirlər ki, iş materiallarına iddiaçı tərəfindən əlavə edilən xx.xx.2022-ci il tarixli pretenziya məktubundan da göründüyü kimi, iddiaçı 10 ay sonra, müqavilə üzrə öhdəliklərini xatırlamış və tələb etmək niyyətini bəyan etmişdir. Maraqlıdır ki, qeyd edilən pretenziya məktubu da onlara təqdim edilməmiş, iddiaçı pretenziya məktubundan iki ilə yaxın müddət keçdikdən sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Bu isə qanunvericiliklə nəzərdə tutulan müddəti ötürdüyünü göstərən haldır”. Daha sonra cavabdeh qanunvericiliyin müddəalarına istinad edərək tərəflərindən iddia müddətinin ötürüldüyünü bildirmişdir. Qeyd olunanlarla bağlı bildirirlər ki, xx.xx.2022-ci il tarixdə CF 02/02-285 saylı məktubla cavabdehin hüquqi ünvanında müraciət edilmiş və borcun ödənilməsinin təmin edilməsi bildirilmişdir. Lakin cavabdeh tərəfindən həmin məktubun qəbulundan imtina edilmiş və “Qarabulaq+7” MMC-nin hüquqi ünvanında belə bir şirkətin olmadığı bildirilmişdir. xx.xx.2022-ci il tarixdə tərəflərindən cavabdehin hüquqi ünvanına CF02/02- 401 saylı pretenziya ilə müraciət edilmiş və borcun ödənilməsi tələb edilmişdir. Lakin bu halda da məktubun qəbulundan qərəzli şəkildə imtina edilmişdir. Nəzərə çatdırmaq istərdilər ki, 624MA-1027 saylı xx.xx.2019-cu il müqavilədə cavabdehin hüquqi ünvanı ünvan 1in Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarından müəyyən olunur ki cavabdehin hüquqi ünvanı ünvan 2eh isə ASCO tərəfindən göndərilən məktubları qəbul etməkdən qərəzli şəkildə yayınmışdır. Bu xüsusatlar təqdim edilmiş pretenziyanın çatdırılması barədə qəbzdən də müəyyən olunur. ASCO tərəfindən məhkəməyədək borcun ödənilməsinin təmin edilməsi məqsədilə cavabdehə xx.xx.2022-ci il tarixdə MC02/02-697 saylı təklif göndərilmiş, lakin yenidən hüquqi ünvanda bu təklifində qəbulundan imtina edilmişdir. ASCO tərəfindən isə 16 saylı Mediasiya təşkilatına müraciət edildikdən sonra cavabdehə eyni ünvana təşkilat tərəfindən göndərilmiş məktub qəbul edilmiş və cavabdeh mediasiya prosesində iştirak etmişdir. Qeyd olunanlardan məüyyən olunur ki, cavabdeh tərəfindən ASCO tərəfindən göndərilən bütün rəsmi sənədlərin qəbulundan qərəzli bə məqsədli şəkildə imtina edilmişdir. Həmçinin qeyd etmək istərdilər ki, 16 saylı mediasiya təşkilatına cavabdehin ünvanı tərəflərindən təqdim olunmuşdur. Həmçinin qeyd etmək istərdilər ki, cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış müddətin tətbiqi ilə baqlı ərizədə 10 ay sonra öhdəliklərin icrasını» tələb etmələri qəbul olunmuş və bu hal cavabdehə məlum olmuşdur. Azərabaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 noyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380-cı maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: - müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; - borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; - əsas borc üzrə faizin köçürülməsi; - kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; - öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Məhkəmənin nəzərinə çatdırmaq istərdilər ki, tərəflərindən iddia müddəti buraxılmamışdır, belə ki, dəfələrlə tərəflərindən müəyyənləşdirilmiş qaydada iddialar irəli sürülərək borcun ödənilməsi tələb edilmişdir ki, iddia müddətinin axımı bu hərəkətlərlə kəsilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Nümayəndə ona verilmiş suallara cavab olaraq bildirdi ki, cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə təqdim edilmiş mallar aşağı keyfiyyətli olmuş, istifadəsi mümkün olmamış, göstərilən əsasla müqaviləyə tərəflərindən birtərəfli qaydada xitam verilmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: “Qarabulaq+7” MMC (satıcı) ilə İddiaçı QSC (alıcı) arasında xx.xx.2019-cu il tarixli 624/MA-1027 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satıcı bu Müqavilənin 1 saylı Əlavəsində göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun əşyaları (bundan sonra "Mal" və ya "Mallar" adlanacaq) bu Müqavilənin 3.3-cü bəndində göstərilmiş alıcının ünvanına çatdırır. Alıcı isa müqavilə əsasında malların qiymətini ödəyir. 1.2-ci bəndinə əsasən mallar yeni olmalıdır və satıcı malları alıcıya verməklə bir vaxtda onun ləvazimatları, habelə mallara aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və digər sənədləri) alıcıya təqdim etməlidir. 2.1-ci bəndinə əsasən müqavilənin qiyməti 71.905,42 manat + ƏDV ilə birlikdə (sonradan "Müqavilənin Qiyməti" adlanacaq) təşkil edir. 3.1-ci bəndinə görə satıcı malları alıcının ünvanında və ya bu müqavilə ilə müəyyən edilən digər ünvanda alıcıya təhvil verməlidir. 3.2-ci bəndinə əsasən mallar satıcı tərəfindən bu Müqavilənin 3.3-cü maddəsində göstərilmiş alıcının ünvanına alıcının rəsmi sifarişi əsasında belə sifariş daxil olduqdan sonra 15 gün ərzində çatdırılacaqdır. 3.3-cü bəndinə əsasən alıcının ünvanı aşağıdakı kimidir: Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1029 (indeks) Heydər Əliyev pr. 152 "Çinar Plaza" 24-cü mərtəbə. 4.1-ci bəndinə görə alıcı, hazırkı Müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş X1 "Malı" və ya "Mallar" Alıcının ünvanına çaldırmasından, boşaltmasından və malın təhviltəslimindən sonra 30 bank günü ərzində Satıcının hesabına tam həcmdə ödəmək öhdəliyi götürür. 5.2-ci bəndinə əsasən satıcı müqavilənin 1 saylı əlavəsində müəyyən edilən spesifikasiyalara və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş standartlara uyğun olan malları təqdim etməlidir. 5.3-cü bəndinə əsasən satıcı malların keyfiyyətinə və kəmiyyətinə görə məsuliyyət daşıyır və malların istehsalçının keyfiyyət sertifikatı və/və yaxud pasportunda göstərilmiş texniki şərtlərə uyğun olacağına qarantiya verir və təmin etməlidir. Satıcı mallara aid ləvazimatları və va sənədləri göstərilmiş müddətdə vermədikdə, alıcı mallardan imtina etmək hüququ var. 6.1-ci bəndinə əsasən satıcı alıcıya müqavilədə müəyyən edilmiş növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən tərəflərin razılaşdırdıqları çeşiddə Malları təqdim etməlidir. 6.2-ci bəndinə əsasən satıcı müqavilədə nəzərdə tutulan malları müqaviləyə uyğun gəlməyən çeşiddə verdikdə alıcı onları qəbul etməkdən və müqavilə qiymətini ödəməkdən imtina edə bilər, ödəniş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. 5.2-ci bəndinə əsasən müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə alıcı hər bir gecikdirilmiş gün üçün satıcıya ödənilməmiş məbləğin 3%-i olmaqla cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği müqavilə dəyərinin 30%-dən çox olmamalıdır. 8.11-ci bəndinə görə malların keyfiyyətinə dair tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırılıa bilməyən qüsurla aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 8.11.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 8.11.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 10.1-ci bəndinə görə qarantiya müddəti ərzində təchiz olunmuş mallarda qüsurlar aşkar edildikdə, yaxud malların keyfiyyəti müqavilənin texniki şərtlərinə uyğun gəlmədikdə alıcının qüsuru aşkar etdiyi tarixdən ən gec otuz (30) təqvim günü ərzində satıcıya etiraz göndərmək hüququ vardır. Etiraz yazılı şəkildə təqdim edilməlidir. 11.1-ci bəndinə görə malların çatdırılması müəyyən edildiyi müddətdən çox gecikdirildiyi hallarda Satıcı hər ləngidilmiş tam həftə üçün aşağıdakı qaydada Alıcıya cərimə ödəməlidir: 11.1.1. ilk 4 (dörd) həftə ərzində — gecikdirilmiş Malların dəyərinin 0,5%-i miqdarında; 11.1.2. daha sonrakı müddətdə — gecikdirilmiş Malların dəyərinin 1,5%-i miqdarında. 11.2-ci bəndinə əsasən müqavilənin digər maddələrində başqa cür müəyyən edilmədiyi halda cərimələrin ümumi məbləği vaxtında çatdırılmamış Malların dəyərinin 10%-dən çox ola bilməz. Cərimələrin məbləği 10%-ə çatdıqda, Tərəflər görüşüb 4 (dörd) həftə ərzində Malların təchiz şərtlərinə yenidən baxmalı və yeni təchiz şərtlərini razılaşdırmalıdırlar Tərəflər həmin 4 (dörd) həftə ərzində razılığa gələ bilmədikdə, Alıcı 4 həftə müddətdə daxil olmaqla 10.1-ci maddədə qeyd olunan faizlərə əlavə olaraq ikiqat cərimələr tətbiq etmək və/və ya bu Müqaviləni xitam etmək hüququnu özündə saxlayır. 14.1-ci bəndinə görə alıcının bu Müqavilənin digər müddəalarında və qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarına əlavə olaraq, alıcı satıcıya müvafiq bildiriş göndərməklə, malların çatdırılmasından əvvəl bu Müqaviləni tam və ya qismən xitam etmək hüququ vardır. 14.2-ci bəndinə görə müqavilənin 14.1-ci maddəsinə əlavə olaraq, Alıcı Müqavilənin digər müddəalarında və qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarına əlavə olaraq aşağıdakı hallarda, Satıcıya müvafiq bildiriş verməklə, Müqaviləni xitam edə bilər: 14.2.1 Alıcı öz mülahizəsinə əsasən istənilən vaxt bu Müqaviləyə xitam verə bilər; 14.2.2. Satıcı Müqaviləni pozduqda və müvafiq olaraq icra etmədikdə; 14.2.3. Satıcı bu Müqaviləni əsaslı şəkildə pozduqda; 14.2.3..................... 18.8-ci bəndinə əsasən, bu müqavilə tərəflər onu imzaladığı tarixindən qüvvəyə minir və tərəflər bu müqaviləyə müvafiq olaraq öz öhdəliklərini tam icra edənə qədər qüvvədədir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixli 624/MA-1027 saylı alqı-satqı müqaviləsinə 1 saylı qoşmaya (malların təşviqi və qiyməti) əsasən Çin KYM markalı müxtəlif ölçüdə, miqdarda, dəyərdə malların (yastıqların) ümumi dəyəri (ƏDV daxil) 71.905,42 manat (60.936,80+10.968,62 manat ƏDV) olması müəyyən edilmişdir. 1 saylı qoşma hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixli 120OPXO192071569 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 856,8 manat məbləğində pul vəsaiti İddiaçı QSC tərəfindən “Qarabulaq+7” MMC-nin "xxxx" ASC-də (Şərq filialı) olan hesabına ödənilmişdir. xx.xx.2019-cu il tarixli 120OPXO192270160 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 6.059,7 manat məbləğində pul vəsaiti İddiaçı QSC tərəfindən “Qarabulaq+7” MMC-nin "xxxx" ASC-də (Şərq filialı) olan hesabına ödənilmişdir. xx.xx.2019-cu il tarixli 120OPXO192390566 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 4.761 manat məbləğində pul vəsaiti İddiaçı QSC tərəfindən “Qarabulaq+7” MMC-nin "xxxx" ASC-də (Şərq filialı) olan hesabına ödənilmişdir. xx.xx.2019-cu il tarixli 120OPXO192562004 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 12.000 manat məbləğində pul vəsaiti İddiaçı QSC tərəfindən “Qarabulaq+7” MMC-nin "xxxx" ASC-də (Şərq filialı) olan hesabına ödənilmişdir. xx.xx.2019-cu il tarixli 120OPXO192701193 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 3.827 manat məbləğində pul vəsaiti İddiaçı QSC tərəfindən “Qarabulaq+7” MMC-nin "xxxx" ASC-də (Şərq filialı) olan hesabına ödənilmişdir. İddiaçı QSC xx.xx.2019-cu il tarixli xx.xx.2019-cu il tarixli 624/MA-1027 saylı diyircəkli yastıqların alqı-satqı müqaviləsinə xitam verilməsi barədə xitam bildirişi ilə (məktubla) “Qarabulaq+7” MMC-yə müraciət edərək qeyd etmişdir ki, bununla QSC və “Qarabulaq+7'' MMC arasında imzalanmış 27 iyun 2019-cu il tarixli 624/MA-1027 saylı alqı-satqı müqaviləsinə həmin müqavilənin 14.1 və 14.2.2-ci bəndinin tələblərinə əsasən xx.xx.2019cu il tarixindən xitam veriləcəyi bildirilmişdir. Eyni zamanda bildirilmişdir ki, alqı-satqı müqaviləsinə xitam verilməsi qanunvericiliyə və müqavilənin şərtlərinə əsasən satıcını xitam tarixinədək icra etməli olduğu öhdəliklərdən, eləcə də Müqavilənin 14.4-cü bəndində göstərilən digər öhdəliklərin icrasından azad etmir. İddiaçı QSC xx.xx.2019-cu il tarixli müraciətin cavablandırılması haqqında məktubla “Qarabulaq+7” MMC-yə müraciət edərək qeyd etmişdir ki, MMC-nin xx.xx.2019-cu il tarixli 181 saylı məktubları ilə əlaqədar bildirirlər ki, xx.xx.2019-cu il tarixli 624/MA-1027 saylı alqı-satqı müqaviləsinə cari ilin 01 oktyabr tarixindən birtərəfli qaydada xitam verilmişdir. İddiaçı QSC tərəfindən xx.xx.2020-ci il tarixli pretenziya məktubu ilə “Qarabulaq+7” MMC-yə müraciət edilərək, 12.145,39 manat borcun 14 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı QSC tərəfindən xx.xx.2022-ci il tarixli pretenziya məktubu ilə “Qarabulaq+7” MMC-yə müraciət edilərək, 12.145,39 manat borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı QSC (alıcı) ilə cavabdeh “Qarabulaq+7” MMC (satıcı) arasında xx.xx.2019-cu il tarixli 624/MA-1027 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən mübahisəli hüquq münasibətində alıcı olan İddiaçı QSC tərəfindən satıcı olan “Qarabulaq+7” MMC-yə 27 504,5 manat məbləğində pul vəsaiti ödənilmişdir. xx.xx.2019-cu il tarixdə İddiaçı QSC “Qarabulaq+7” MMC-yə xitam bildirişi göndərməklə müqaviləyə sonuncunun müqavilə üzrə öhdəliklərini pozması ilə əlaqədar xx.xx.2019-cu il tarixdən birtərəfli qaydada xitam vermişdir. Hazırda iddiaçı mübahisəli müqaviləyə əsasən ödədiyi 12.145,39 manat məbləğində pul vəsaitinin müqabilində cavabdeh tərəfindən malların təqdim edilmədiyini əsas göstərərək sözügedən məbləğdə pulun geri qaytarılmasını və qanun üzrə dəbbə pulunun tutulmasını tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən mübahisəli alqı-satqı müqaviləsi üzrə cavabdehə pul ödənilməsi iş materialları ilə öz təsdiqini tapsa da, cavabdeh iddiaçı tərəfindən ödənilmiş 12.145,39 manat məbləğində pul vəsaitinin müqabilində mal təqdim etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir, bundan əlavə göstərilən fakt (pulun müqabilində malların verilməməsi faktı) cavabdeh tərəfindən məhkəməyə göndərilmiş iddia müddətinin tətbiqi barədə ərizədə də mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində təqdim ediləcək mallara görə qabaqcadan ödənişin (avansın) edilməsi nəzərdə tutulmasa da, müqavilə üzrə qabaqcadan ödənişin edilməsi faktı cavabdeh tərəfindən mübahisələndirilməmiş, əksinə cavabdeh yuxarıda göstərilən ərizəsində mallar Çin Xalq Respublikasından gətirilməli olduğundan dəyərlərinin bir hissəsinin (30%-nin) qabaqcadan ödənildiyini təsdiq etmişdir. Mülki Məcəllənin: 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.3-cü maddəsinə görə qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 587.2-ci maddəsinə görə əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Məhkəmə həmçinin qeyd edir ki, hüquq ədəbiyyatına görə avans gələcəkdə alınacaq mal və ya göstəriləcək xidmətlərin dəyərinin əvvəlcədən qismən pul şəklində ödənilmiş məbləğidir. MM-in “Öhdəliklərin icrasının təmin edilməsi” adlanan XXİV fəslində yer alan 491-ci maddəsinə görə müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Behdən fərqli olaraq avans (qabaqcadan ödəniş) ödənilmiş öhdəliyin icra edilmədiyi bütün hallarda geri qaytarılır. Beləliklə, hazırkı halda cavabdeh “Qarabulaq+7” MMC 12.145,39 manat məbləğində qabaqcadan ödənişin (avansın) müqabilində sifariş edilmiş malları İddiaçı QSC-yə təqdim etmədiyindən İddiaçı QSC-nin mallara görə qabaqcadan ödənilmiş məbləğin qaytarılması tələbinə dair iddiası əsaslıdır. Bununla yanaşı malların təqdim edilməsi müddətlərinə riayət etmələrinə baxmayaraq iddiaçı tərəfindən müqaviləyə xitam verilməsi, bu səbəbdən Çin Xalq Respublikasından gətirdikləri malları sonradan başqa şəxsə daha aşağı qiymətə satmağa məcbur olmaları barədə cavabdehin ərizəsində istinad etdiyi dəlillərinə gəldikdə məhkəmə qeyd edir ki, əvvəla, cavabdeh göstərilən halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İkincisi, mübahisəli alqı-satqı müqaviləsinə xx.xx.2019-cu il tarixdə cavabdehin müqaviləyə üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi əsası ilə iddiaçı tərəfindən xitam verildiyi halda cavabdeh hal-hazıradək müqaviləyə iddiaçı tərəfindən birtərəfli qaydada xitam verilməsinin əsaslılığını mübahisələndirməmiş, malların alıcı tərəfindən təhvil alınmasını tələb etməmiş və ya başqa bir formada iddiaçıya müqavilənin xitam verilməsi ilə bağlı etirazını bildirməmiş, yəni faktiki olaraq müqaviləyə onun tərəfindən öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə xitam verilməsi ilə razılaşmışdır. Üçüncüsü, cavabdehin istinad etdiyi hallar, yəni iddiaçı tərəfindən mübahisəli müqaviləyə əsassız olaraq birtərəfli qaydada xitam verilməsi öz təsdiqini tapsa belə, yuxarıda da qeyd edildiyi kimi avans ödənilmiş öhdəliyin icra edilmədiyi bütün hallarda, öhdəliyin icra edilməməsində borclunun təqsirinin olub-olmamasından asılı olmayaraq qaytarılmalı olduğundan həmin hallar məhkəmənin hazırkı iş üzrə gəldiyi nəticə üçün əhəmiyyət kəsb etmir. Digər tərəfdən iş materiallarından görünür ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək mübahisəyə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Göstərilən ərizəyə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.2, 377.3-cü, 375.2-ci, 378, 379.1.6, 379.4-1 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Mülki Məcəllənin 1095-ci maddəsinə görə isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. “Mediasiya haqqında” AR Qanununun: 35.1-ci maddəsinə görə mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2-ci maddəsinə görə Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. 32.4.2-ci maddəsinə görə mediasiya prosesinə bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Hazırkı halda məhkəmə mübahisəyə tətbiq edilməli olan iddia müddətinə münasibətdə qeyd edir ki, iddianın qaytarılmasını tələb etdiyi pul iddiaçı tərəfindən mübahisəli alqı-satqı müqaviləsi üzrə ödənilmiş, iddiaçının həmin məbləğin qaytarılmasını tələb etmək hüququ müqaviləyə ödənilmiş öhdəlik cavabdeh tərəfindən icra edilmədən xitam verilməsi (iddiaçının müqavilədən imtina etməsi) ilə bağlı yaranmış, eləcə də məhkəmə tərəfindən iddia tələbinin qanuni əsası kimi alqı-satqı müqaviləsindən irəli gələn münasibətləri tənzimləyən normalara (Mülki Məcəllənin 599.3-cü və 587.2-ci maddələri) istinad edilmişdir. Bundan əlavə satıcının öhdəliklərini lazımi qaydada icra etmədiyi hallarda cavabdehin müqavilədən imtina etmək və mallara görə ödədiyi pulu geri tələb etmək hüququ mübahisəli müqavilədə də nəzərdə tutulmuşdur. Bu baxımından məhkəmə hesab edir ki, hazırkı tələb müqavilədən irəli gələn tələb olmaqla mübahisəyə müqavilə tələbləri üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti tətbiq edilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, hazırkı tələb müqavilə tələbi kimi qəbul edilmədiyi halda mübahisəyə əsassız varlanmadan irəli gələn daha qısa - iki illik iddia müddəti tətbiq edilməli idi. Hazırkı halda iddiaçının qabaqcadan ödənilmiş məbləğin qaytarılmasını tələb etmək hüququ ən geci iddiaçının mübahisəli müqavilədən imtina etməklə mübahisəli müqavilə üzrə öhdəliklərə xitam verdiyi tarixdən, yəni müqavilə üzrə malların artıq təqdim edilməyəcəyinin iddiaçıya məlum olduğu tarixdən yaranmış, belə olan halda isə iddia müddətinin axımı da Mülki Məcəllənin 377.3-ci maddəsinə əsasən həmin tarixdən başlamalıdır. Digər tərəfdən həmin tarixdən sonra müddətin kəsilməsinə səbəb olan halların baş verməsi, o cümlədən həmin öhdəlikdən iddiaçı tərəfindən ödəniş edilməsi iş materiallarına əsasən müəyyən edilmir. Dəfələrlə cavabdehə pretenziya məktublarının göndərilməsi, lakin cavabdehin həmin məktubları qəbul etməkdən yayınması barədə iddiaçının dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli CF 02/02-285 saylı məktubun, eləcə də xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli pretenziyaların cavabdehə təqdim edilməsini ehtimal etsək belə göstərilən hal iddiaçı tərəfindən cavabdehə qarşı iddia irəli sürülməsi anlamına gəlmir, iddia müddətinin axımı kəsilməsinə səbəb olmur. xx.xx.2019-cu il tarixdə hadisənin baş verməsi ilə bağlı başlamış iddia müddətinin axımı hadisənin baş verdiyi tarixdən növbəti gündən – xx.xx.2019-cu il tarixdən hesablanmaqla müddətin sonuncu günü xx.xx.2022-ci il tarixə (xx.xx.2022 və xx.xx.2022ci il tarixləri qeyri-iş günü olduğu üçünü) təsadüf edir. Bu baxımdan iddiaçı tərəfindən cavabdehə 2022-ci ilin oktyabr ayının 5-də (İddiaçının nümayəndəsi məhkəmə göndərdiyi mülahizədə təklifin məhz həmin tarixdə göndərildiyini göstərmişdir) mediasiya prosesinin tətbiqi barədə təklif göndərilərkən iddia müddəti artıq buraxılmışdır. Beləliklə, işin yuxarıda göstərilən hallarından da göründüyü kimi tərəflərin mediasiya prosesində olduğu və iddia müddətinin axımının dayandığı bir aylıq müddət nəzərə alındığı halda belə, iddiaçının hazırkı iddianı xx.xx.2023-cü ildə qaldırmaqla iddia müddətini buraxması açıq-aşkardır. Odur ki, iddia tələbi rədd edilməlidir. İddianın 1.214,53 manat məbləğində qanun üzrə dəbbə pulunun cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin: 462-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 464.1-ci maddəsinə görə kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər. Göstərilən normaların məzmunundan da göründüyü kimi dəbbə pulu öhdəliyin icra edilmədiyinə və ya lazımınca icra edilmədiyinə görə tətbiq edilən maliyyə sanksiyasıdır. Həmin sanksiyanın tətbiq edilməsi qanunda nəzərdə tutula bilər və ya müqavilə ilə müəyyənləşdirilə bilər. Hazırkı halda iddiaçı cavabdehdən müqavilə öhdəliyinin icra edilməməsinə görə dəbbə pulunun ödənilməsini tələb etsə də, tərəflər arasında bağlanmış müqavilədə avansın qaytarılmamasının gecikdirilməsinə dəbbə pulunun tutulması barədə şərt nəzərdə tutulmamışdır, eləcə də iddiaçı qanun üzrə dəbbə pulunun tutulması üçün əsas verən hər hansı qanunvericilik normasına istinad etməmişdir. Odur ki, dəbbə pulunun tutulması hissəsində iddia rədd edilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı QSC-nin cavabdeh “Qarabulaq+7” MMC-yə qarşı xx.xx.2019-cu il tarixli 624/MA-1027 saylı müqaviləyə əsasən borcun və dəbbə pulunun tutulması tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-743/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-743/2023
10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver