Məhkəmə qərarları › İş №e-2-2(113)-7438/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-7438/2025

24.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7438/2025 24.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh “X4” MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benazir Tofiq qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “X4” MMC-yə qarşı “borcun ödənilməsi” tələbi barədə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:

1. Tərəflər arasında xx.xx.2019-cu il tarixli, 21 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə görə təchizatçı (iddiaçı) Nursery, Kosmetika vasitələri ilə (bundan sonra-“mal”) alıcını (cavabdehi) təchiz etməyə, alıcı isə müqavilədə bəyan edilmiş qaydada malı qəbul etməyə və dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilənin: 1.1. 1.2-ci bəndinə görə Mallar alıcının sifarişi əsasında malın adı, kəmiyyəti, çeşidi və qiyməti göstərilən, tərəflərin hər birinin təsdiqlədiyi və imzaladığı mal fakturası ilə müəyyən edilir. Təchiz edilən mal öz keyfiyyətinə görə dövlət standartlarına, onun istehsal edildiyi sahədə mövcud olan texniki şərtlərə uyğun gəlir; 1.2. 1.3-cü bəndinə görə Sifariş alıcı tərəfindən e-mail və ya tərəflər arasında razılaşdırılmış digər vasitə ilə göndərilir. Sifariş alıcının sifariş verdiyi tarixdən ən gec 3 gün müddətinə çatdırılmalıdır; 1.3. 2.1-ci bəndinə görə Mal təchizatçının anbarından alıcının ticarət nöqtəsinə çatdırılması məqsədilə göndərilir; 1.4. 2.2-ci bəndinə görə Mal alıcının səlahiyyətli nümayəndəsi tərəfindən kəmiyyət, keyfiyyət və çeşid üzrə faktiki təhvil alınıb müvafiq faktura imzalandıqdan sonra təchizatçı öz müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş hesab edilir. 1.5. 2.4-cü bəndinə görə Mal təhvil verilərkən təchizatçı malı müşayiət edən aşağıdakı sənədləri alıcıya təqdim edir: 1 .Qaimə; 2. Təhvil-təslim aktı; 1.6. 3.1-ci bəndinə görə alıcı çatdırılma zamanı (malın təhvil-təslimi), malın keyfiyyətini, kəmiyyətini və çeşidini yoxlayıb dərhal bu barədə təchizatçıya məlumat verməlidir. Hər hansı çatışmazlıqlar aşkar edilərsə fakturanın bütün nüsxələrində hər iki tərəf tərəfindən müvafiq qeyd aparılmalıdır; 1.7. 4.1-ci bəndinə görə Alıcı tərəfindən ödəmə təchizatçınm hesabına pul vəsaitlərinin, bank vasitəsilə köçürülməsi yolu ilə həyata keçirilir; 1.8. 4.3-cü bəndinə görə Satıcı Alıcıya malı təhvil verdikdən 1 ay müddətində Alıcı satılan məhsulun alış qiymətinin dəyərini satıcıya ödəyəcək.

2. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, cavabdeh tərəfindən cəmi 7389,66 manat məbləğində pul iddiaçının bank hesabına köçürülmüşdür.

3. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə ƏDV daxil – 26725,74 manat məbləğində elektron-qaimələr göndərilmişdir.

4. Bundan başqa, iş materiallarına tərəflər arasında aparılmış yazışmalar, sifariş sənədləri, satış fakturaları, “anbar qalığı” sənədləri və geri qaytarılan mallara dair fakturalar əlavə edilmişdir.

İDDİA ƏRİZƏSİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ:

a) İddia ərizəsinin dəlilləri

5. İddiaçı aralarında bağlanmış xx.xx.2019-cu il tarixli, 21 saylı müqavilə üzrə 8245,94 manat məbləğində pulun, iddianın verilməsi üçün ödənilmiş 103 manat dövlət rüsümunun və 320 manat vəkilə ödənilən xərcin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı iddia ərizəsində göstərmişdir ki, arasında kommersiya münasibətləri (alqısatqı müqaviləsi) mövcud olmuşdur. Tərəflər arasında xx.xx.2019-cü il tarixli 21 saylı Alqı- Satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilələrə əsasən “Təchizatçı” Nursery, Kosmetika vasitələri ilə(bundan sonra-“mal”) “Alıcı”nı təchiz etməyə, “Alıcı” isə müqavilədə bəyan edilmiş qaydada malı qəbul etməyə və dəyərini ödəməyi üzərinə götürmüşdür. Belə ki, müqavilənin predmeti üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2020-ci il tarixli 209128 nömrəli elektron qaimə üzrə ödənilməli əsas məbləğ 483,16 AZN, ƏDV məbləği üzrə 86.98 AZN olmaqla, cəmi 570,14 AZN, xx.xx.2020-ci il tarixli 209348 nömrəli elektron qaimə üzrə ödənilməli əsas məbləğ 1089,04 AZN, ƏDV məbləği üzrə 196,03 AZN olmaqla, cəmi 1285,07 AZN, xx.xx.2025-ci il tarixli 10934556 nömrəli elektron qaimə üzrə ödənilməli olan əsas məbləğ 5415,88 AZN, ƏDV məbləği üzrə 974,86 AZN olmaqla, cəmi 6390,74 AZN məbləğində vəsait ödənilməli olmuşdur. Belə olan halda cavabdehin iddiaçıya 6988,08 manat əsas, 1257,86 manat ƏDV olmaqla cəmi 8245,94 manat borcu yaranmışdır. Lakin göndərilən mallar üzrə ödənişlər və bu ödənişlərin 18 % ƏDV məbləği bu günə qədər cavabdeh MMC tərəfindən həyata keçirilməmişdir. Belə ki, Cavabdeh MMC tərəfindən alqısatqı müqaviləsinin şərtləri pozulmuş və müqavilə üzrə ödənişlər icra olunmamışdır. Tərəfimizdən ödənişlərin edilməsi tələbi ilə bağlı xx.xx.2025-ci il tarixində Dövlət Vergi Xidmətinin elektron kabineti vasitəsilə qarşı tərəfə pretenziya göndərilmiş və 2 iş günü ərzində ödəniş edilməsi tələb edilmişdir, lakin qarşı tərəf pretenziya tələbini icra etməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

7. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

8. İddiaçının nümayəndəsi və vəkili məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək işə qiyabi icraat qaydasında baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi

9. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

10. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

11. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ:

Azərbaycan Respublikası Mülki Məcəllə:

12. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Maddə 576. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

16. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

20. Maddə 241.1 Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.

MƏHKƏMƏNİN MÖVQEYİ:

21. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslıdır.

22. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

23. Yuxarıda qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.

24. Mülki Məcəllənin 576-cı maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.

25. Məhkəmə qeyd edir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli, 21 saylı alqı-satqı müqaviləsi bağlanması işin mübahisəsiz halıdır. Müqavilənin predmetinə əsasən, iddiaçı Nursery, Kosmetika vasitələri ilə cavabdehi təchiz etməyə, cavabdeh isə müqavilədə bəyan edilmiş qaydada malı qəbul etməyə və dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

26. İş materiallarına əlavə edilmiş sifariş sənədləri, satış fakturaları, habelə tərəflər arasında aparılmış yazışmalar ilə razılaşdırılmış məbləğlərdə malların iddiaçı tərəfindən cavabdehə təhvil verilməsi ehtimalı təsdiq edilir. Bundan başqa, iddiaçı tərəfindən cavabdehə ümumilikdə ƏDV daxil – 26725,74 manat məbləğində elektron-qaimələr göndərilmişdir.

27. Məhkəmə hesab edir ki,bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən malları almaq hüququna malik olduğu kimi, eyni zamanda müqavilənin 4.3-cü bəndinə əsasən, ona mal təhvil verdikdən 1 ay müddətində satılan məhsulun alış qiymətinin dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh isə göstərilən müqavilə əsasında malları almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı 8245,88 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddia irəli sürməkdə haqlıdır.

28. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 103 manat məbləğində dövlət rüsumu cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli, 21 saylı müqavilə üzrə 8245,88 manat pul, 320 manat vəkilə ödənilən xərc və ödənilmiş 103 manat dövlət rüsümu cavabdehdən tutularaq İddiaçı MMCnin xeyrinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar