Məhkəmə qərarları › İş №e-2-2(113)-745/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-745/2024

30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-745/2024 30.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi, dəbbə pulu) X2 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları:

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10 noyabr 2021-ci il tarixli 29/2021 saylı alqı-satqı müqaviləsi üzrə 10728,56 manat əsas borc, 5000 manat cərimə, gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 1043 manat, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 200 manat məbləğində mediasiyaya dair xərc, cəmi 16971,56 manat məbləğində pulun tutularaq iddiaçı ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC xx.xx.2010-cu il tarixdə “X3” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmiş və onun hüquqi varisidir. “X3” MMC ilə Cavabdeh MMC arasında 10 noyabr 2021-ci il tarixli 29/2021 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilə üzrə cavabdehin mülkiyyətinə əlavə dəyər vergisi daxil olmaqla 10728,56 manat məbləğində müxtəlif markalı beton məhlulu və pompa xidməti təhvil verilmişdir. Cavabdeh aldığı malın və xidmətin dəyərini ödəməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 385.1, 425.1, 443.1, 445.1, 448.1, 445.7, 448, 567-ci maddələrinə istinad olunmuşdur.

4. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında qeyd etmişdir ki, iddia tələbini əsas borc hissəsində qəbul edir, cərimə və hesablanmış faiz məbləğini isə müəssisənin maddi vəziyyəti ilə bağlı olaraq azaldılmasını xahiş etmişdir. Sonda o, iddianın qismən təmin olunmasını xahiş etmişdir.

6. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxımasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

7. İş materiallarına əlavə edilmiş “X4 Zavodu” MMC (“satıcı”) və Cavabdeh MMC (“alıcı”) olmaqla imzalanmış 10 noyabr 2021-ci il tarixli 29/2021 saylı alqı-satqı müqaviləsinə əsasən hazırkı müqaviləyə müvafiq olaraq satıcı burada razılaşdırılmış və müqavilənin tərkib hissəsi sayılan əlavələrdə (X1) qeyd olunan qiymətdə və çeşiddə beton məhsulunu (bundan sonra “mallar” adlanacaq) tədarük etmək, alıcı isə müqavilənin icra müddətində müqavilənin müddəa və şərtlərinə əsasən razılaşdırılmış qiymətə uyğun olaraq satıcıdan malları almaq barədə razılığa gəlirlər. Həmin müqavilənin 3.3.2-ci bəndinə əsasən malların ödənişini razılaşdırılmış şərtlər çərçivəsində vaxtında və düzgün aparmaq “alıcı”nın öhdəliyidir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə üzrə malların qiyməti və çeşidi Əlavə 1-də (X1) əsasında müəyyənləşdirilir. Müqavilənin müddəti ərzində malların qiymətlərində dəyişiklik yaranarsa, bu tərəflər arasında razılaşdırılmalı və müqaviləyə əlavələr şəklində əlavə olunacaqdır. 4.2-ci bəndə əsasən hər bir ödənişin məbləği alıcıya satılmış və təhvil verilmiş malların hər partiyası üçün ayrılıqda verilən qaimə-faktuıa və ya hesab-fakturada göstərilir. 7.2-ci bəndə əsasən alıcı malların ödəniş müddətlərinin pozulmasına görə satıcının hesablaşma hesabına faktiki olaraq köçürüldüyü ana qədər ödənişin ləngidildiyi hər bir gün üçün gecikdiriİmiş məbləğin 0.5%-i miqdarında satıcıya penya ödəyəcək.

8. “X4 Zavodu” MMC və Cavabdeh MMC arasında imzalanmış 10 noyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinə Əlavə 2 olan qiymətlərin razılaşması protokolundan məlum olur ki, müxtəlif mallar üzrə qiymətlər tərəflər arasında razılaşdırılmışdır. Həmin protokolda qeyd edilmişdir ki, hər ayın 1-5 tarixlərində ötən ay üçün üzləşmə aktı tərtib edildikdən sonra həmin ayın 15-30 tarixlərində alıcı tərəfindən satıcıya ödəniş edilməlidir.

9. “X4 Zavodu” MMC və Cavabdeh MMC arasında imzalanmış 10 noyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinə Əlavə 3 olan 16 dekabr 2021-ci il tarixli qiymətlərin razılaşması protokolunda mallar üzrə məhsullar tərəflər arasında razılaşdırılmışdır. Həmin protokolda qeyd edilmişdir ki, müqavilənin 4-cü maddəsinə əsasən alıcı ödənişləri aşağıdakı qaydada və müddətdə ödəyir: Hər ayın 1-5 tarixlərində ötən ay üçün üzləşmə aktı tərtib edildikdən sonra həmin ayın 15-30 tarixlərində alıcı tərəfindən satıcıya ödəniş edilməlidir. Sifarişçi tərəfindən pompa xidməti sifariş edildikdə məhsulun hər 1 üçün 5,70 manat (beş manat yetmiş qəpik) pompa xərci hesablanır. Pompa xidməti sifarişinin həcmi 40 m3-dən az olarsa 250 manat pompa xərci hesablanır.

10. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsinin xx.xx.2022-ci il tarixli **********629400 nömrəli çıxarışında qeyd edilmişdir ki, İddiaçı MMC xx.xx.2010-cu il tarixdə ********** VÖEN ilə dövlət qeydiyyatına alınmış “X3” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmişdir və onun hüquqi varisidir.

11. 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********679800 nömrəli çıxarışından məlum olur ki, “X3” MMC-nin əvvəlki adı “X4 Zavodu” MMC-dir.

12. EBBO seriyalı, 191243 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 5137,32 manat, EBBN seriyalı, 784046 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 1869,12 manat, EBBM seriyalı, 465100 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 1302,72 manat, EBBO seriyalı, 313414 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 2419 manat ləğv prosesində olan “X3” MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir.

13. İddiaçı MMC tərəfindən tərtib edilmiş üzləşmə aktında xx.xx.2023-cü il tarixinə cəmi 10728,56 manat məbləğində borc qeyd edilmişdir. Üzləşmə aktı hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir.

14. Cavabdeh MMC-yə göndərilmiş 27 noyabr 2023-cü il tarixli 15/2023 saylı pretenziya məktubunda 10728,56 manat məbləğində borcun 10 gün müddətində ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

15. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq malları təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması elektron qaimələr və hər iki tərəfin möhürü ilə təsdiq edilmiş üzləşmə aktı ilə də təsdiq edilmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi

19. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşıdığını nəzərə alaraq hesab edir ki, iddia tələbi 10 noyabr 2021-ci il tarixli 29/2021 saylı alqı-satqı müqaviləsi üzrə 10728,56 manat qalıq borcun tutulması hissəsində əsaslıdır və təmin olunmalıdır.

20. Bundan başqa iddiaçı öz iddia tələbində müqavilə dəyərinin ödənilməsinin gecikməsinə görə illik 5%-lə hesablanmış 1043 manatın da cavabdehdən tutulmasını tələb etmişdir.

21. Məhkəmə cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirildiyi müddəti, yəni xx.xx.2021-ci il tarixdən keçən müddəti və 10728,56 manat əsas borc məbləğini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməli və illik 5% ilə hesablanmış 1043 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

22. Eləcə də, iddiaçı cavabdehdən 5000 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 500 manat müəyyən olunmalıdır.

23. Qeyd edilənlərdən əlavə məhkəmə MPM-in 119-cu maddəsinə əsasən hesab edir ki, ödənilmiş 200 manat mediasiya xərci mediasiya sessiyasında iştirak etmədiyi üçün cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Cavabdehndən 10728,56 manat əsas borc, illik 5%-lə hesablanmış 1043 manat, 500 manat cərimə məbləği olmaqla cəmi 12271 (on iki min iki yüz yetmiş bir manat) 56 (əlli altı) qəpik borc və 200 (iki yüz) manat mediasiya xərci İddiaçı Məhdud Məsuliyyəli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar