Məhkəmə qərarları › İş №e-2-2(113)-745/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-745/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-745/2025 05.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh2 (bundan sonra – cavabdeh) qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 may 2022-ci il tarixli, 138-22 saylı Daxili Lizinqi müqaviləsinə və İddiaçı ASC, "xxxx" MMC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2023- cü il tarixli, CL/M 138-2/22 saylı “Öhdəliklərin verilməsi haqqında müqavilə”yə xitam verilməsi, lizinq alandan Lizinq predmetinin təhvil verildiyi tarixə-xx.xx.2024-cü il tarixinə Daxili lizinq müqaviləsi üzrə 8537,26 manat əsas, 6955,33 manat lizinq mükafatı, 2189,46 manat cərimə borcu, 15300 manat dəymiş zərər olmaqla, cəmi 33518,05 manat borcun, vəkil xidmətlərinə görə ödənilmiş 500 xidmət haqqı, 191 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə X1 arasında imzalanmış 31 may 2022-ci il tarixli, 138-22 saylı Daxili Lizinq müqaviləsinə əsasən, “X2” markalı, ** JD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cəmi 89250 (səksən doqquz min iyi yüz əlli) manata 36 aylıq müddətinə illik 23 %-lə lizinq alanın istifadəsinə verilmişdir. İddiaçı QSC, X1 və "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-cİ il tarixli, CL/M 138-1/22 saylı “Öhdəliklərin verilməsi haqqında müqavilə”yə əsasən, lizinq alan yuxarıda qeyd edilən müqavilə üzrə öhdəliklərini "xxxx" MMC-yə ötürür, o isə bunu qəbul edir, lizinq verən isə bunu təsdiq etmişdir. Eyni zamanda lizinq predmeti olan nəqliyyat vasitəsi də sonuncunun müvəqqəti istifadəsinə verilmişdir. İddiaçı QSC, "xxxx" MMC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, CL/M 138-2/22 saylı “Öhdəliklərin verilməsi haqqında müqavilə”yə əsasən, lizinq alan yuxarıda qeyd edilən müqavilə üzrə öhdəliklərini Cavabdeh2 ötürür, o isə bunu qəbul edir, Lizinq verən isə bunu təsdiq etmişdir. Eyni zamanda lizinq predmeti olan nəqliyyat vasitəsi də sonuncunun müvəqqəti istifadəsinə verilmişdir Sözügedən “Öhdəliklərin verilməsi haqqında müqavilə”yə əsasən yeni lizinq alan Cavabdeh2 bu öhdəlikləri qəbul etmişdir. Lakin bir müddət sonra Cavabdeh2 müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina etmişdir. Bununla bağlı lizinq verən onu dəfələrlə həm yazılı, həm şifahi, həm də elektron qaydada xəbərdar etmişdir. Artıq lizinq alan öhdəliklərini vaxtında və lazımınca icra etmədiyindən, tərəfə müqavilənin xitamına dair bildiriş həm poçt vasitəsi ilə, həm də elektron mühasibatçılıq kabineti vasitəsi ilə göndərilmişdir. xx.xx.2023-cü il tarixində lizinq alan Cavabdeh2 könüllü olaraq lizinq verənə ərizə ilə müraciət edərək isə lizinq predmetini lizinq verənə təhvil vermişdir. Eyni zamandan həmin tarixdən lizinq müqaviləsinə də xitam verilmişdir. Lakin lizinq predmeti olan nəqliyyat vasitəsi ondan təhvil alınan zaman ona 15300 manat maddi zərər dəydiyi də müəyyən edilmişdir. Həmçinin həmin tarixə lizinq alanın 23.01.23-cü il tarixli, CL/M 138- 2/23 saylı müqavilə üzrə lizinq verənə 8537,26 manat əsas, 6955,33 manat lizinq mükafatı, 2189, 46 manat cərimə borcu olmuşdur. Eyni zamanda artıq mübahisəni danışıqlar yolu ilə həll edə bilmədiyimiz üçün tərəfimizdən bu məsələnin məhkəmə qaydasında həll edilməsi, iddia ərizəsinin hazırlnması, məhkəmədə iddianın müdafiə edilməsi üçün Arbitrium Vəkil Bürosunun üzvü Vəkil ilə də 500 (beş yüz) manat məbləğində vəkil xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəmə icraatı dövründə cavabdeh tərəfindən heç bir ödəniş edilməmiş, tərəflər arasında mübahisəni məhkəmədən kənar həll etmək mümkün olmamışdır.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 1 ədəd “X4” markalı (ban: SALRA2BN6JA054139) avtomobil iddiaçının xüsusi mülkiyyətindədir.

8. İddiaçı (lizinq verən) ilə X1 (lizinq alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 138-22 nömrəli X3i müqaviləsinə görə lizinq verən lizinq alan tərəfindən seçilmiş və bu müqaviləyə əlavə 2-də qeyd olunmuş, ətralı təsviri verilmiş əmlakı mülkiyyət hüququ ilə əldə etməyi və lizinq alanın xahişi əsasında lizinq vasitəsi ilə lizinq haqqı müqabilində Azərbayca Respublikasının qanunvericiliyi, habelə bu lizinq müqaviləsinin müddəalarına uyğun olaraq lizinq alanın istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürür.

9. Müqavilənin 2.1-ci bəndinə görə əmlak lizinq alana lizinq verən tərəfindən 36 (otuz altı) ay müddətinə lizinqə verilir.

10. Müqavilənin 3.1-ci bəndinə görə qiymətin 24650 manat hissəsi avtomaşının sənədləri alıcıya verildikdən sonra avans şəklində satıcıya ödənilir. Qalan məbləğin 89250 manat hissəsi tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra alıcı tərəfindən ödənilir.

11. xx.xx.2022-ci il tarixli, 138-22 nömrəli X3i müqaviləsinə əlavə 2-də lizinq obyektinin xüsusiyyətləri göstərilmişdir.

12. İddiaçı ASC, X1 və "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CL/M 138-1/22 saylı “Öhdəliklərin verilməsi haqqında müqavilə”yə əsasən, lizinq alan xx.xx.2022-ci il tarixli, 138-22 nömrəli müqavilə üzrə öhdəliklərini "xxxx" MMC-yə ötürür, o isə bunu qəbul edir.

13. İddiaçı ASC, "xxxx" MMC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, CL/M 138-2/22 saylı “Öhdəliklərin verilməsi haqqında müqavilə”yə əsasən, lizinq alan 09.2022-cİ il tarixli, CL/M 138-1/22 saylı müqavilə üzrə öhdəliklərini Cavabdeh2 ötürür, o isə bunu qəbul edir.

14. xx.xx.2023-cü il tarixli, CL/M-138-2/23 nömrəli təhvil təslim aktına görə 1 ədəd “X4” markalı (ban: SALRA2BN6JA054139) avtomobil iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

15. Cavabdeh ərizə ilə xx.xx.2023-cü il tarixdə iddiaçıya müraciət edərək ödənişləri edə bilmədiyi üçün müqaviləyə xitam verilməsini, lizinq obyektinin ondan təhvil alınmasını iddiaçıdan xahiş etmişdir.

16. Müstəqil ekspert Əhməd Talıblı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyinə görə İddiaçı ASC-yə məxsus “X4” markalı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 15300 manat təşkil edir.

17. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, CVN/M 41-134/25 saylı rəyin nəticə hissəsinə görə İddiaçı ASC-nin mülkiyyətində olan 2018-ci il buraxılışlı, “X4” markalı, 4JGED7FB5GA007263 ban nömrəli, ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilə materiallarda olan xx.xx.2023-cü il tarixli rəydə (i.v45-47) göstərilmiş zərərin dəydiyi müəyyən edilir. Bununla belə monitorinq zamanı müəyyən edilmişdir ki, hesablanmış ehtiyat hissələrinin dəyəri 2023-cü il qiymətləri ilə uyğunluq təşkil etmir. X5” ASC-nin mülkiyyətində olan 2018-ci il buraxılışlı, “X4” markalı, 4JGED7FB5GA007263 ban nömrəli, ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün tələb edilən təmir-bərpa işlərinin (material və usta haqqı daxil olmaqla) 2023-cü il üçün orta bazar dəyəri 13195 manat təşkil edir.

18. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.

19. Məhkəmə iddianı lizinq müqaviləsi üzrə yaranmış borcların (əsas borc və mükafat borcu) tələb edilməsi hissəsində əsaslı hesab edir.

20. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

22. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.

23. 748-1.4-cü maddəsinə əsasən lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır.

24. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

25. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı (lizinq verən) ilə X1 (lizinq alan) arasında xx.xx.2022-ci il tarixli, 138-22 nömrəli X3i müqaviləsi bağlanmış, daha sonra İddiaçı ASC, X1 və "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CL/M 138-1/22 saylı “Öhdəliklərin verilməsi haqqında müqavilə”yə əsasən, lizinq alan xx.xx.2022-ci il tarixli, 138-22 nömrəli müqavilə üzrə öhdəliklərini "xxxx" MMC-yə ötürmüş, bundan sonra isə İddiaçı ASC, "xxxx" MMC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, CL/M 138-2/22 saylı “Öhdəliklərin verilməsi haqqında müqavilə”yə əsasən, lizinq alan 09.2022-cİ il tarixli, CL/M 138-1/22 saylı müqavilə üzrə öhdəliklərini Cavabdeh2 ötürmüşdür. Lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektini müqavilənin şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmiş, 8537,26 manat əsas borc, 6955,33 manat mükafat borcu hazırkı günədək iddiaçıya ödənilməmişdir.

26. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir.

27. İddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əsasən hesablanmış 2189,46 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

28. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

29. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

30. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

31. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 420 manat müəyyən edilməlidir.

32. Məhkəmə iddia tələbinin xx.xx.2022-ci il tarixli, 138-22 nömrəli lizinq müqaviləsinin və xx.xx.2023-cü il tarixli, CL/M 138-2/22 saylı “Öhdəliklərin verilməsi haqqında müqavilə”nin ləğv edilməsi hissəsi ilə də razılaşır və belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir.

33. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

34. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

35. Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

36. Materiallardan görünür ki, lizinq müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklər lazımınca icra edilməmiş, cavabdeh özü müqavilənin ləğv edilməsini iddiaçıdan xahiş etmişdir.

37. Məhkəmə araşdırması zamanı cavabdehin lizinq müqaviləsi üzrə öz öhdəliklərini lazımınca icra etməməsi müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, xx.xx.2022-ci il tarixli, 138-22 nömrəli lizinq müqaviləsi və xx.xx.2023-cü il tarixli, CL/M 138-2/22 saylı “Öhdəliklərin verilməsi haqqında müqavilə” ləğv edilməlidir.

38. Bundan əlavə, iddiaçı lizinq obyektinə vurulmuş zərərin əvəzi qismində 15300 manat pulun tutulmasını da xahiş etmişdir.

39. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

40. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

41. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.

42. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.

43. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.

44. Bundan əlavə, məlum olduğu kimi, MM zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).

45. MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.

46. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

47. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

48. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.

49. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.

50. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).

51. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.

52. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan 2018-ci il buraxılışlı, “X4” markalı avtomobil xx.xx.2022-ci il tarixli, 138-22 nömrəli lizinq müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdə cavabdehin sahiblik və istifadəsinə tam işlək və saz vəziyyətdə verilmiş, nəqliyyat vasitəsinin cavabdehin sahiblik və istifadəsində olduğu müddət ərzində avtomobilə zərər dəymiş, həmin zərərin mövcudluğunu cavabdeh əvvəlki məhkəmə iclasındakı izahatında təsdiq etmiş, zərərin mövcudluğu iş üzrə aparılmış məhkəmə-qiymətləndirici ekspertizası ilə də öz təsdiqini tapmış və zərərin aradan qaldırılması üçün iddiaçı tərəfindən çəkilməli olan xərcin məbləğinin 13195 manat olması müstəqil qiymətləndirici tərəfindən müəyyən edilmişdir.

53. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır, cavabdehdən lizinq predmetinə dəymiş zərərin əvəzi qismində 13195 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

54. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 31 may 2022-ci il tarixli, 138-22 saylı Daxili Lizinqi müqaviləsi və xx.xx.2023-cü il tarixli, CL/M 138-2/22 saylı “Öhdəliklərin verilməsi haqqında müqavilə ləğv edilməli, cavabdehdən 8537,26 manat əsas borc, 6955,33 manat lizinq mükafatı, 420 manat cərimə, dəymiş zərərin əvəzi qismində 13195 manat pul tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

55. Bundan başqa iddia ərizəsində 500 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən həmin xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

56. Belə ki, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən Arbitrium Vəkil Bürosunun hesabına 500 manat hüquqi xidmət haqqı köçürülmüşdür.

57. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

59. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 177,32 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 13,68 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

60. İş üzrə keçirilmiş məhkəmə-qiymətləndirici ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir.

61. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ekspertiza xərci cavabdehdən tutularaq "xxxx" MMC-yə ödənilməlidir.

V. Nəticə:

62. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. 31 may 2022-ci il tarixli, 138-22 saylı X3 müqaviləsi və İddiaçı ASC, "xxxx" MMC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, CL/M 138-2/22 saylı “Öhdəliklərin verilməsi haqqında müqavilə” ləğv edilsin. Cavabdeh2 8537,26 manat əsas borc, 6955,33 manat lizinq mükafatı, 420 manat cərimə, dəymiş zərərin əvəzi qismində 13195 manat pul, 500 manat hüquqi yardıma görə xərc, 177,32 manat dövlət rüsumu, ümumilikdə 29784,91 (iyirmi doqquz min yeddi yüz səksən dörd manat doxsan bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 13,68 (on üç manat altmış səkkiz qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Cavabdeh2 aparılmış ekspertiza tədqiqatı ilə bağlı 200 (iki yüz) manat ekspertiza xərci tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar