Məhkəmə qərarları › İş №e-2-2(113)-7462/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7462/2025

28.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7462/2025 28.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "X1” MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, malları göndərmə müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 6.532,18 manat məbləğində pulun, habelə hüquqi yardıma görə ödənilmiş 500 manat məbləğində pulun və 85 manat dövlət rüsumunun cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X1 “MMC ilə Cavabdeh MMC arasında xx.xx.2025-ci il tarixində bağlanmış A13 saylı müqaviləyə əsasən iddiaçı cavabdeh tərəfindən sifariş edilmiş kənd təsərrüfatı malları (meyvə-tərəvəz) xx.xx.2025 tarixindən etibarən tam və rəsmi qaydada cavabdehə təhvil verilmişdir. Müqavilənin şərtlərinə əsasən, malın dəyəri 10 (on) iş günü ərzində ödənilməli idi. Cavabdeh bu günə qədər öhdəliyini yerinə yetirməmiş, borcu tam şəkildə ödəməmişdir. Bununla bağlı, qarşı tərəfə pretenziya məktubu göndərilmişdir. Müqavilənin “mübahisələrin həlli” bəndinə uyğun olaraq, qarşı tərəf bu məktubun ona məlum olduğu gündən etibarən 10 (on) təqvim günü müddətində yazılı cavab verməli və borcu ödəməlidir. xx.xx.2025-ci il tarixli üzləşmə aktına əsasən satılan məhsullara görə cavabdehin 14.431,10 manat məbləğində borcu olması təsdiqlənmişdir. Lakin, cavabdeh həmin borcun bir qismini sonradan ödəmiş, hal-hazırda cavabdehin 6.482,17 manat məbləğində borcu qalmışdır. Dəfələrlə, cavabdehdən həmin məbləğin ödənilməsi tələb edilsə də bunun heç bir xeyri olmamış, cavabdeh həmin məbləği ödəməkdən boyun qaçırmışdır. İddia tələbinin həcminin artırılması barədə ərizəsində qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixli üzləşmə aktına əsasən satılan məhsullara görə cavabdehin 14.431,10 manat məbləğində borcu olması təsdiqlənmişdir. Lakin, cavabdeh həmin borcun bir qismini ödəmiş, yəni, xx.xx.2025-ci il tarixli kassa mədaxil orderi ilə 2.000 manat, xx.xx.2025-ci il tarixli kassa mədaxil orderi ilə 3.900 manat, 1.998,92 manat pulu isə xx.xx.2025-ci ildə bank vasitəsilə, cəmi 7.898,92 manatı ödəmişdir. Hal-hazırda, cavabdeh “Zahranur" MMCnin "X1" ММС-уǝ 6.532,18 manat məbləğində borcu qalmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.4, 428.4, 443.1, 567-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizələrində qeyd olunanları müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: "X1” MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli, A13 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı müxtəlif kənd təsərrüfatı məhsulları ilə alıcını təchiz etməyə, alıcı isə müqavilədə bəyan edilmiş qaydada malı qəbul etməyə və dəyərini ödəməyə borcludur. 2.1-ci bəndə əsasən mal Satıcının anbarından alıcının ticarət nöqtəsinə çatdırılması məqsədilə göndərilir. 2.4-cü bəndə əsasən mal təhvil verilərkən satıcı malı müşayiət edən aşağıdakı sənədləri alıcıya təqdim edir: 2.4.1-ci bəndə əsasən elektoron qaimə; 2.4.2-ci bəndə əsasən kağız hesab faktura. 2.6-cı bəndə əsasən elektron qaimənin hansı tarixdən təqdim edilməsindən asılı olayaraq satış tarixi olaraq kağız hesab-faktura əsas götürülür. 4.2-ci bəndə əsasən satıcı tərəfindən malların satışı həyata keçirildikdən və kağız hesab-faktura yazıldıqdan sonra alıcı tərəfindən 10 iş günü ərzində ödənilməlidir. MT2505 seriyalı, 10199482 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 876.44 manat, MT2505 seriyalı, 11127235 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 2097.55 manat, MT2505 seriyalı, 10196462 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 2315.13 manat, MT2505 seriyalı, 10199517 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 1784.06 manat, MT2505 seriyalı, 11449844 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 236.91 manat, MT2505 seriyalı, 10199492 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 1400.50 manat, MT2505 seriyalı, 11122355 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 1995.28 manat, MT2505 seriyalı, 10199500 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 1625.26 manat, MT2505 seriyalı, 11444602 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 456.21 manat, MT2505 seriyalı, 10199477 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 1008.79 manat, MT2505 seriyalı, 10199497 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 634.95 manat olan elektron qaimə-fakturalar ödəniş edilməsi üçün iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. Göndərilən qaimələrin siyahısından görünür ki, 11 sayda elektron qaimə-fakturalar “təsdiqlənmiş” statusundadır. Hər iki hüquqi şəxsin direktorunun imzaları və möhürləri ilə təsdiq olunmuş üzləşmə aktından görünür ki, xx.xx.2025 tarixinə Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli, A13 saylı alqı-satqı müqaviləsi üzrə qalıq borcu 14431,10 manat təşkil edir. xx.xx.2025-ci il tarixli, 000İPX********** nömrəli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən müqavilə üzrə 304.92 manat, xx.xx.2025-ci il tarixli, 000İPX125149841C nömrəli ödəniş tapşırığına əsasən 1694 manat məbləğinə ödənişlər edilmişdir. Həmçinin, cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli, ƏXZ/3 seriyalı, 636102 nömrəli kassa-mədaxil orderinə əsasən 3900 manat, xx.xx.2025-ci il tarixli, ƏXZ/3 seriyalı, 636101 nömrəli kassa-mədaxil orderinə əsasən 2000 manat ödənişlər edilmişdir. xx.xx.2025-ci il tarixli arayışda qeyd olunmuşdur ki, “X1 "MMC ilə Cavabdeh MMC arasında xx.xx.2025 tarixində bağlanmış A13 saylı müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehin sifarişinə əsasən kənd təsərrüfatı malları (meyvə-tərəvəz) xx.xx.2025 tarixindən etibarən tam və rəsmi qaydada cavabdehə təhvil verilmişdir. Cavabdeh bu günə qədər öhdəliyini yerinə yetirməmiş, borcunu tam şəkildə ödəməmişdir. xx.xx.2025-ci il tarixli üzləşmə aktına əsasən satılan məhsullara görə cavabdehin 14.431,10 manat məbləğində borcu olması təsdiqlənmişdir. Lakin, cavabdeh həmin borcun bir qismini ödəmiş, yəni, xx.xx.2025-ci il tarixli kassa mədaxil orderi ilə 2.000 manat, xx.xx.2025-ci il tarixli kassa mədaxil orderi ilə 3.900 manat, 1.998,92 manat pulu isə xx.xx.2025-ci ildə bank vasitəsilə, cəmi 7.898,92 manatı “X1" MMС-yǝ ödəmişdir. Hal-hazırda, cavabdeh "xxxx" MMC-nin "X1" ММС-уǝ 6.532,18 manat məbləğində borcu qalmışdır. "X1” MMC ilə vəkil Qədirov llqar Hümmət oğlu arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 124 nömrəli “hüquqi yardımın göstərilməsi haqqında müqavilə”nin 2.1-ci bəndinə əsasən hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 500 sözlə manat müəyyən olunur və başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən hüquqi yardım üzrə vəkil xərcinin əvəzi olaraq 500 manat məbləğində pul iddiaçı tərəfindən 7 saylı Vəkil Bürosunun hesabına ödənmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, "X1” MMC tərəfindən 85,60 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malları təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək aldığı malların dəyərini müəyyən olunmuş müddətdə ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (elektron qaimələr, üzləşmə aktı, ödəniş tapşırıqları) öz təsdiqini tapmışdır. Cavabdeh iddiaya qarşı heç bir etiraz etməmiş, tələb edilən borcun ödənilməsinə dair hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Buna görə də, iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə üzrə öhdəliklərini tam icra etmədiyini, yəni təhvil verilmiş malların dəyərindən 6532,18 manat pul məbləğini ödəmədiyini, belə olan halda isə iddiaçının öhdəliyin icrasını, satdığı malların qalan dəyərini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, 6532,18 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 85 manat dövlət rüsumu və hüquqi yardıma görə vəkilə ödənilmiş 500 manatın əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 6532 (altı min beş yüz otuz iki) manat 18 (on səkkiz) qəpik pul vəsaiti, ödənilmiş 85 (səksən beş) manat dövlət rüsumu və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 500 (beş yüz) manatın əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar