Məhkəmə qərarları › İş №e-2-2(113)-7466/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7466/2025

05.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7466/2025 05.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “Norm" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 5.578 manat borcun, 1.004 manat cərimənin, ümumilikdə 6.582 manat pul vəsaitinin, ödənilmiş 85,82 manat dövlət rüsumunun və 325 manat vəkil xərcinin tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC və Cavabdeh MMC arasında sementin alqı-satqısına dair 04 iyul 2024-cü il tarixli, 2024/ASM/164 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən Satıcı istehsal etdiyi Norm Klass C500sementini Alıcıya satılmasına, Alıcı isə həmin məhsulların qəbul edib onların əvəzinin ödənilməsinə görə öhdəlik daşıyır. Müqavilənin “Qiymət və Ödəniş şərtləri”nə əsasən, göndərilən məhsulların dəyərinin sonradan ödənilməsiAlıcıya məhsulların təhvil verildiyi tarixdən 15 təqvim günü ərzində həyata keçirilir. Hər bir halda, Alıcının (cavabdehin) Satıcıya (iddiaçıya) olan borcları hər ilin 25 dekabr tarixinə qədər ödənilməlidir. Ödəniş gecikdiyi halda, Satıcı (iddiaçı), gecikdirilən hər gün üçün gecikdirilmiş ödənişin 0.1%-i miqdarında cərimənin və bununla bağlı yaranan inzibati xərclərin ödənilməsini Alıcıdan (cavabdehdən) tələb edə bilər. İddiaçı öz üzərinə düşən öhdəlikləri tam və müvafiq qaydada yerinə yetirmiş, uyğun keyfiyyətdə və razılaşdırılmış qaydada malları cavabdehə təslim etmişdir. Buna baxmayaraq, cavabdeh öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmiş, yəni təhvil alınmış malların dəyərini tam ödəməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Tərəflərə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2024-cü il tarixli 2024/ASM/164 saylı müqavilə bağlanmışdır.

10. Müqavilənin 1-ci bəndinə əsasən satıcı məhsulu alıcıya satır və çatdırır. Alıcı isə həmin malı qəbul edib onun dəyərini satıcıya ödəyir.

11. Müqavilənin 2-ci bəndində 1 saylı Cədvəldə “Norm Klass C500” sementinin qiyməti ƏDV xaric 140 manat, ƏDV daxil 165,20 manat məbləğində razılaşdırılmışdır.

12. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

13. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

14. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə düşür.

15. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə MT2410 seriyalı, 10429699 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 14.088,91 manat, MT2411 seriyalı, 12252351 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 4.207,78 manat məbləğində olan elektron qaimələr göndərilmişdir.

16. Hazırda iddiaçı cavabdeh tərəfindən müəyyən ödənişlər edildikdən sonra, 5.578 manat məbləğində əsas borcunun qaldığını bildirərək cavabdehdən tutulmasını xahiş edir.

17. İş materiallarından məlum olur ki, tərəflər arasında elektron qaimələr əsasında mal mübadiləsi olmuş, iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələrə dair cavabdeh tərəfindən iddiaçıya hər hansı bir etiraz edilməmişdir, əksinə qeyd edilmiş elektron qaimələrə istinad etməklə müvafiq olaraq ödənişlər edilmişdir.

18. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.

19. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə müvafiq mallar verilmiş, cavabdehin də, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.

20. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf Məhkəmə iclaslarına gəlməmiş, iddiaya etiraz etməmiş, borcun ödənilməsinə dair sənədi təqdim etməmişdir.

21. Ona görə də, Məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin olunmalı, əsas borc üzrə 5.578 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

22. Məhkəmə 1.004 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

23. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

24. Hazırkı işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 250 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

25. Məhkəmə hesab edir ki, iddianın 325 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində iddia təmin edilməlidir.

26. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ona hüquqi yardımın göstərilməsi ilə bağlı İsmayılbəyli və Partnyorları Vəkil Bürosunun vəkili Vəkil xx.xx.2025-ci il tarixli order verilmiş, xx.xx.2025-ci il tarixli ödəniş sənədinə əsasən 325 manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən İsmayılbəyli və Partnyorları Vəkil Bürosuna ödənilmişdir.

27. Bundan başqa məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 78,28 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

28. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

29. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 04 iyul 2024-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 5.578 (beş min beş yüz yetmiş səkkiz) manat, cərimə borcu üzrə 250 (iki yüz əlli) manat, ümumilikdə 5.828 (beş min səkkiz yüz iyirmi səkkiz) manat məbləğində pul Cavabdehndən tutularaq "Norm” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 325 (üç yüz iyirmi beş) manat məbləğində pul Cavabdehndən tutularaq "Norm” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 78 (yetmiş səkkiz) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində pul Cavabdehndən tutularaq "Norm” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar